Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Məqalələr » Gələcəyə dogru və ya bir daha Ortaq Türk dili haqqında
29.03.12 14:38

Ey bu günün Türk gənci! Bütün bu işlərin görülməsi yüzillərdən bəri səni gözləyir. Ziya Göyalp Bilindiyi kimi ölkəmiz VII yüzilin ortalarında ərəblər tərəfindən işğal edilmişdir. Ərəb dilinin dövlət dili olması, “Qurani-kərim”in ərəb dilində nazil olması və digər bu kimi səbəblər Azərbaycanda ərəb dilinin dövlət dili səviyyəsinə qədər yüksəlməsini təmin etdi. Amma dilimizin belə tezliklə aradan çıxıb önəmini itirməsi təəssüf doğurur. Sual olunur, necə olur ki, gürcülər və ermənilər öz dillərini qoruyub saxladılar? Bilirəm, bunun səbəbini xalqımızın islamı qəbul etməsi və ərəblərin uzun müddət ölkəmizdə qalmaları, ölkəmizi işğal altında saxlamaları ilə bağlayanlar tapılacaq. Lakin IX-XI yüzillərdə Xilafətin zəifləməsi sonucunda ölkəmizdə dövlətçiliyin bərpası da durumu dəyişdirə bilmədi. Çünki, bu dönəmdə və sonralar monqolların gəlişi dövründə belə Azərbaycan kəndində ərəb feodallarının mövqeyi olduqca möhkəm idi. Səlcuq işğalı dövrünə fikir verək. Tanınmış “Siyasətnamə” müəllifi Nizamülmülk vurğulayır ki, “Sultan Alparslan və Məlikşahın sarayında yalnız türk dilində yazıb yaradılırdı, onlar yalnız bu dildə yazan alim və şairləri mükafatlandırırdılar”. Bu belədirsə onda sonrakı dövrlərdə türk dili bütün sahələrə dərindən yol tapmalı idi. Bəs niyə Nizamiyə qədərki şairlər və Nizaminin özü fars dilində yazıb-yaradırdı? Əlbəttə deyərsiniz ki bu dildə yazmaq şahların tələbi idi. Nizamiyə “Leyli və Məcnun”-u sifariş edən Şirvanşah Əbülmüzəffər Axsitandan başqa şairə sifariş verən digər hökmdarlar üçün də bu əsərlərin farsca yazılmalı idi. Tutaq ki, yazılmalı idi. Bəs bu əsərləri öz xalqı üçün türk dilinə çevirmək Böyük Nizami üçün nə ağır bir iş idi? Bəlkə Fars dilinin türk dilinə nisbətən yüksək şeir və poeziya dili olmasını qəbul edək? Xeyr, şeir dilimizdə dünya poeziyasına əruz kimi ünlü bir vəzn yaradan Ərəb dilindən belə yüksək səslənir. Ə.Firdovsinin “Şahnamə” əsərini istisna etsək demək olar ki, Fars ədəbiyyatı əsasən sevgidən, gözəllərin təsvirindən ibarətdir. Türk ədəbiyyatı isə türklərin qeyrət və rəşadətilə doludur. İstər “Qutadğu Bilig”-ə qədər, istərsə də ondan sonrakı ədəbiyyatda. Professor Nizami Cəfərovun belə bir fikri ilə razılaşmamaq mümkün deyildir ki, “İnanmıram ki, Səlcuqlar dövründə kimsə fars dilində yazmağa məcbur edilsin”. Bu məsələnin kökünü tamamilə başqa şeydə axtarmaq lazımdır. Çünki bu zaman ərəblər və farslar xalqımızda həmrəylik hissinin çox güclü olduğunu artıq yetərli qədər anlamışdılar və Azərbaycanın az qala hər kəndində bir təriqət, bir məzhəb yaratmışdılar. Belə təriqət və məzhəblər sonrakı əsrlərdə özünü daha qabarıq göstərmişdir. Hər bir xalqın ruhunu, ifadəsini yalnız onun öz dilində vermək olar. Şairlər üçün “Şair öz xalqının dilidir” demişlər. Şair xalqının içərisində doğulmalı, yaşamalı, onun hər bir sətri öz xalqının arzu və istəklərini ifadə etməlidir. N.Gəncəvi fars dilində yazıb-yaratsa da bütün bu özəlliklərə malik idi. Onu bizə sevdirən də məhz bu özəllikləridir. XII yüzilin üzərində belə çox dayanmağım təsadüfi deyildir. Çünki yaranmış tarixi durum Azərbaycan dilinin yüksək şeir və mədəniyyət dilinə çevrilməsi üçün məhz bu dövrdə əlverişli şərait mövcud idi. Kökən türk olan Azərbaycan Atabəylərinin də sarayında türk dili hakim mövqeyə malik idi. Bütün bunlar məndə belə bir qənaət yaradır ki, bütün ziddiyyətlərin kökünü əslən ərəb olan və sonralar farslaşmış Şirvan şahlarında axtarmaq lazımdır. Məhz onlar uzun müddət Azərbaycanın böyük bir hissəsində türk ədəbi dilinin yayılmasına sipər çəkmiş, Azərbaycan dövlətçiliyini parçaladıqları kimi dilini də parçalamışlar. Tarixə fikir versək görərik ki, hətta Ərəb xəlifələri belə bu dövlətin üzdə tabe ediməsinə etiraz etməsə də, onun işğalını hər hansı dövlətə, hətta Eldənizlərə belə yasaq etmişdilər. Niyə? Çünki xəlifələr yaxşı bilirdilər ki, bir xalqı yox etmək üçün onun dilini, şeirini, musiqisini əlindən almaq, onu birləşməyə qoymamaq, bölgələrə ayırmaq lazımdır. Mədəniyyətimizin uzun zaman ərəblərin hakimliyi altında olması dilimizə də təsir etdi. Ərəbcədən dilimizə daxil olan və əsasən isimlərdən ibarət olan bu sözlər dilimizdə hələ də qalmaqdadır. Türkçülüyün öncüllərindən olan Ziya Göyalp XX yüzilin başlarında ərəb sözlərinin türk sözləri ilə əvəz olunmasını bir qədər çözməyə nail oldu. O daha çox dildə olan fel köklərindən adların yaradılmasını, başqa türk dillərindən söz almaları öndə görürdü. Lakin Z.Göyalp türk ağızlarında işlənən sözlərin dirildilməsinə, dilə gətirilməsinə qarşı idi. Z.Göyalpın irəli sürdüyü dilin təmizlənməsi proqramı gerçəkləşdikdən sonra anadolu türkcəsi xeyli təmizləndi. Hazırda bu dildə türk sözləri hakim mövqedədir. XX yüzilliyin ilk illərində Azərbaycan dilinin özü də osmanlı dilinə dərindən nüfuz etmiş ərəb və fars dillərinin ciddi təsiri altında idi. Bilindiyi kimi Çarın 1905-ci il 17 oktyabr manifestindən sonra Əli bəy Hüseynzadə, Əhməd Kamal, Səbribəyzadə Xalid Xürrəm Bakıya gəlmiş, burada “Füyuzat”, “Şəlalə” dərgilərini nəşr etmiş, ədəbi dilimiz müəyyən qədər əski osmanlı sözlərinin təsiri altına düşmüşdü. Sonralar türklər osmanlı ağızlarında olan ərəb və fars sözlərini təmiz türk sözləri ilə əvəz etmək üçün mübarizəyə başladılar və buna müəyyən qədər nail oldular. Bu anlamda C.Məmmədquluzadənin başçılığı ilə “Molla Nəsrəddin”çilərin dilimizin saflığı uğrunda apardıqları dirəniş olduqca təqdirəlayiq bir hal idi. Bu günün özündə bu əvəzlənməni biz də dilimizə tətbiq edə bilərik. Bu gün dilimizdə olan çoxlu ərəb köklü sözün Anadolu türkcəsində qarşılığı var. Son dövrlərdə Anadolu türkcəsindən (suç, özəllik, ayrıntı, ilişgi, ortam, bilgi, bilgisayar, bilim və b.) sözlər dilimizə axın etməkdədir. Bu çox sevindirici haldır. Çünki, bu sözlər dilimizə daxil olaraq dilimizdəki ərəb-fars sözlərinin müəyyən bir qismini dildən təmizləyir. Doğrudur, klassik irsimizin böyük hissəsinin ərəb və fars dilləri ilə bağlı olması bu dilləri ciddi surətdə öyrənmək zərurəti doğur. Amma ayrıca dil kimi. Milli tərkibimizi təmizləyib türkləşdiyimiz kimi dilimizi də təmizləməliyik.Lakin müəyyən zaman kəsiyində bu işi tam olmasa da xeyli dərəcədə gerçəkləşdirməyin mümkünlüyünə inanıram. Bilindiyi kimi xalqımız zaman-zaman bir çox xalqların işğalı altında olmuşdur. Bu xalqlar ölkəmizi təkcə işğal etməklə kifayətlənməmiş öz mədəniyyətlərini, dillərini, gələnək-görənəklərini, hətta əlifbalarını da bizə zorla qəbul etdirmişlər. Bunları ərəblərin, rusların timsalında göstərmək olar. Ancaq biz bilirik ki, hələ eramızdan bir neçə əsr öncə Orta Asiya ərazilərində Orxon-Yenisey abidələrinin tapılmasını təkcə türk alimləri deyil, avropalı alimlər də təsdiq edirlər. Orxon-Yenisey əlifbası göstərir ki, türklər qədim olduqları qədər əlifbaları da qədimdir. Bu bir yana. Tarixin başlanğıcı hesab edilən şumerlərin də türk olması ilə bağlı araşdırmalar gedir. Hər halda şumer dili ilə türk dil(lər)i arasında çoxlu miqdarda ortaq sözlər var. Türk xalqlarının birdəfəlik Orxon-Yenisey əlifbasına keçməsi daha yaxşı olardı. Bu əlifabanın hər hansı bir türk dövləti tərəfindən qəbul edilməsi həmin əlifabanın başqa türk dövtələrinin də qəbul etməsinə imkan verərdi. BMT-də altı dil rəsmi dil (İngilis, rus, fransız, ərəb, çin, ispan) funksiyasını icra edir. Görəsən türk dili niyə bu siyahıda deyil?. Burada əsas bir səbəb var. Ortaq türk dili məsələsi. Bu gün bütün türk ölkələrində ortaq türk dilinin yaradılması üzərində işləmlər gedir. Türkiyə türkcəsinin əsas götürülməsini alimlərin böyük çoxluğu dəstəkləyir. Bu isə Türkiyənin ən aparıcı türk dövləti olması, digər türk respublikalarına nisbətən daha öndə olması, dünyada söz sahibi olması kimi amillərlə bağlıdır. Bunun bir səbəbi də Anandolu türkcəsinin alınma sözlərdən tam olmasa da xeyli dərəcə təmiz olmasıdır. Bu dildəki alınma sözləri isə digər türk dillərində olan sözlərlə doldurmaq olar. Ancaq hər türk dilinin özünün ayrıca ləhcəsi olması bu işin əngəllənməsinə səbəb olur. Ortaq türk dilinin yaradılması bizə nə verəcək? · Türk ölkələri arasında birliyin möhkəmlənməsinə, gəlişməsinə imkan yaradacaq; · Vahid türk mədəniyyətinin formalaşmasına zəmin yaradacaq; · Dünyada əsas güclərdən biri olmaq kimi vacib prioritet yönü tezləşdirəcək; · Biz artıq bir-birimizi çevirmə maşınları ilə deyil, adi qaydada anlaya biləcəyik. Bir neçə söz də cəhət adları ilə bağlı. Dörd istiqaməti bildirən cəhətlərin dilimizdə ərəb variantları işlədilir-Cənub, şimal, qərb, şərq. Bu sözlərin dördü də ərəb kökənlidir. Bu cəhət adlarını müvafiq olaraq güney, quzey, batı, doğu sözləri ilə əvəzləmək tamamilə doğru olardı. Mahmud Kaşğarlı demişdir: “Türklərin dilini öyrənin, onların hakimiyyəti uzun sürəcək”. Onun bu uzaqgörənliyi özünü zaman-zaman doğrultmuş, bu gün də doğrultmaqdadır. İnanıram ki, biz türklər tezliklə özümüzün öncəki əzəmətimizi bərpa edəcək, dünyaya hakim kəsiləcəyik. Biz gələcəyə doğru gedirik. Birləşməyə doğru gedirik. Bu yolda qarşımıza əngəllər də çıxır və çıxmaqda davam edəcək. Ancaq biz bütün bu əngəlləri aşaraq irəli addımlamalıyıq. Biz artıq vahid bir ad altında-türk adı altında birləşəcəyik. O gün uzaqda deyil. Tanrı türkü qorusun! Yeqzar CƏFƏRLİ Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü
URL / WWW
http://atxem.az/news/a-15136.html