Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Elmi-analitik
»
Azərbaycan tarixi
» Dumanis tarixi mənbələrdə
29.03.12 14:20
Dumanis (Başkeçid) uzun zaman tarixi Borçalı mahalının tərkibində olmuşdur. Ümumi sahəsi 25 hektara yaxın olan, 300 ildən çox Dumanis əmirliyinin paytaxtı olmuş qədim Dumanis qala-şəhərində ilk arxeoloji qazıntılara 1936-1937-ci illərdə məşhur gürcü arxeloqu L.V.Musxeleşvili başlamışdır. Dumanis ərazisindən tapılmış qədim insan qalıqları bölgənin antropogenez zonasına daxil olduğunu sübut edir.Borçalıda antropoloji araşdırmalar aparmış gürcü alimi M.Q.Abduşelişvili bölgə əhalisinin bütün Azərbaycan türkləri kimi Oğuz (Kaspi) tipinə aid olduqları qənaətinə gəlmişdir. Başkeçid (Dmanis) rayonunun Qomaret kəndindən morfoloji quruluşuna görə uzunbaşlı, ortoqnat və kəskin burun çıxıntılı Oğuz antropoloji tipinə aid olunan insan qalıqları aşkar olunmuşdur. Bölgənin tarixi ilə bağlı maddi mədəniyyət abidələri içərisində ən maraqlısı Anadoludan Koreya yarımadasına qədər uzanan ərazilərə yayılmış daş qoç heykəlləridir. Tarixçilərin əksəriyyəti bu qəbirüstü abidələri birbaşa qədim türklərlə bağlayırlar. L.V.Musxelişvilinin tədqiqatları 1940-cı ildə və II Dünya müharibəsindən sonra «sovet arxeologiyası» jurnalında nəşr olunmuşdur. L.Musxelişvili belə qənaətə gəlmişdir: «Dmanis, müsəlmanların əksəriyyət təşkil etdikləri, orta əsrlərdə Cənubi Qafqazın ən böyük şəhərlərindən biri olmuşdur». Qazıntılar zamanı məscidlərlə yanaşı, müsəlman müqəddəslərinə mənsub türbələr də aşkar edilmişdir. L.Musxelişvili, 1703 - cü ildə Dumanisdə inşa edilmiş kilsəninin divarlarını tədqiq edərkən onların bu məbəddən daha qədim olan müsəlman qəbirlərinin baş daşlarından inşa olunduğunu qeyd etmişdir. Arxeoloq buradan Bizans imperatoru II Yustinianın (527-565) zərb etdirdiyi sikkəyə əsasən şəhərin VI əsrdə salındığını güman edir. Gürcü mənbləri içərisində öz mötəbərliliyi ilə seçilən «Kartlis sxovreba»da Dumanis haqqında birbaşa məlumat verilməsə də, indiki Dmanis rayonu ərazisində yerləşən Sarkinetinin ən qədim əhalisi kimi buntürklərin adlarını çəkir. Buntürklərin Dmanis rayonu ərazisindəki Sarkinetdə (mənbədə Sarkine) yaşamaları bəzi mənbələrdə Navuxodonossorun «yəhudiləri Yer üzünə dağıtması» ilə, bəzi mənbələrdə isə Əhəmənilər sülaləsinin qurucusu Kirin hakimiyyətə gəlməsi ilə əlaqələndirilir. Hər iki hadisə miladdan əvvəl VI əsrə aid olunur. «Moksevay Kartlisay»dan (Kartlinin dinə gəlməsi) fərqli olaraq, «Kartlis sxovreba» əcdadlarımızı «Buntürk» deyil, sadəcə «Türk» adlandırır. Mənbəyə görə «Keyxosrov (Kir) tərəfindən sıxışdırılan Türklər Gürgan dənizini keçərək, Kür çayı boyu yuxarı hərəkət etdilər.. Farslardan qorxan kartalinlər onlarla ümumi düşmənə qarşı birləşdilər». Daha sonra isə mənbə bu hadisəni başqa cür təsvir edir: «Türklərin çoxu … qərbdə, sıldırım qayalıqda özlərinə məskən seçdilər, onu istehkama çevirərək, Sarkine adlandırdılar… Ermənilər və kartalinlər farsların qorxusundan öz qalalarına sığındıqları vaxt… Türklər farsların başçılarını öldürərək …. İran üzərinə yeridilər». Daha sonra buntürklərin adı miladdan öncə IV əsrdə Makedoniyalı İskəndərin yürüşü ilə bağlı çəkilir. «İskəndər Lot törəmələrini yarımqaranlıq diyara sıxışdırarkən ilk dəfə Kür çayı boyunca dörd şəhərdə - Sarkine, Kaspi, Urbnisi və Odzraxe şəhərlərində yaşayan çılğın buntürk tayfalarını gördü. Onların ən böyük qalası Sarkine idi». Mənbə burada buntürkləri, gürcü mənbələrində «ievusey» adlandırılan, miladdan əvvəl VII əsrdə Ön Asiyaya yürüş etmiş işquzların (İç Oğuzların) törəmələri hesab edir. «Buntürklərə dov gələ bilməyən hökmdar uzaqlaşıb getdi». Sonralar bu hadisə uzun müddət unudulmamış və İskəndərlə bağlı belə bir rəvayətin yaranmasına səbəb olmuşdur: «Yunanıstandan Misrə qədər heç bir yerdə məğlubiyyət görməyən İskəndər Türklərlə döyüşdə geri oturdulduqdan sonra, onlar haqqında demişdi : «Tərəkə mə (yəni, onları tərk et)». «Bu zaman haldeylərdən ayrılan döyüşkən hunlar gəldilər və buntürk başbuğundan xerki adlanan vergi ödəmək qarşılığında məskunlaşmağa yer istədilər. Başbuğ onlara Zanavada yurd salmağa icazə verdi. Xeyli vaxtdan sonra geri qayıdan İskəndər buntürklərin üç şəhərini tutub dağıtdı, Sarkineni isə yalnız üç aylıq mühasirədən sonra çətinliklə ələ keçirdi… Buntürklər qayalarda açdıqları lağımla mühasirədən çıxıb Şərqə çəkildilər… İskəndər Sarkineni özü ilə gəzdirdiyi Arian - Kartli şahzadəsi Azoya bağışladı… Azo isə öz atasının yanına gedərək Arian-Kartlidən öz nəslindən olan 18 ailə ilə qayıtdı… Bundan sonra Tiflis qalası tərəqqi etməyə başladı». «Buntürk» etnoniminin S.Əliyarov «ayrı düşmüş, bunalmış türklər», M.Seyidov «Türk tayfası», E.S.Takayşvili «nizəli türklər», İ.V.Abuladze «oturaq türklər», M.Brosse «əsl, yerli türklər» mənası verdiyini yazmışlar. Dumanis şəhərinin adı Azərbaycan tarixinin «çağlayan bulağı» (ifadə tarixçi-alim, akademik Yaqub Mahmudluya məxsusdur - müəllif) sayılan «Kitabi - Dədəd Qorqud ala lisani taifeyi-Oğuzan» dastanlarında da çəkilir. Gürcü salnaməsində 843-cü ildə Xilafətin Türk mənşəli sərkərdəsi Buğanın «Dərbənd qapılarının o biri üzündən Şəmkir və Dumanisdə 300 min xəzər ailəsi yerləşdiyini» və Buğanın Dumanisi abadlaşdırması qeyd edilir. Buğa Türkün əsas məqsədi Bizansın köməyilə buranın müsəlman-türk əhalisinə divan tutmuş Abxaz hökmdarı Feodisini cəzalandırmaq idi. İlk döyüşdəcə darmadağın edilən Feodisi (bəzi tarixçilər onun II Demetre olduğunu bildirirlər) Dvalet yolu ilə qaçıb canını qurtara bildi. Xilafətin zəifləməsindən sonra Cənubi Qafqazda yaranmış Türk-müsəlman əmirliklərindən biri də Dumanis əmirliyi olmuşdur. Dumanis müsəlman əmirliyinin də Tiflis müsəlman əmirliyini idarə etmiş Cəfərilər nəslindən olan hakimlər tərəfindən idarə olunduğu güman edilir. XII yüzilliyin ortalarında Böyük Səlcuq imperatorluğunun tərkibinə qatılsa da, Dumanis əmirliyi daxili müstəqiliyini qoruyub saxlayırdı. 1123-cü ildə Dumanis əmrliyi IV David tərəfindən ləğv olunsa da şəhərdə yenə müsəlmanlar üstünlük təşkil edirdilər. 1127-ci ildə üsyan qaldıran şəhər əhalisi IV Davidin saxladığı qarnizonu vurub çıxartmışdılar. Monqolların yürüşlərinə qədər Dumanis Azərbaycan Atabəylər dövlətinin nüfuz dairəsinə daxil olmuşdu. Sonralar iki monqol ulusu - Hülakülərlə Qızıl Orda arasında gedən müharibələr dövründə Hülakülər Dmanisdə Qızıl Orda xanı Bərkədən qaçan monqol əyanlarını yerləşdirdilər. XIII əsrin sonlarından başlayaraq Dumanis yenidən tərəqqi etməyə başladı. Bunu şəhərin ərazisindən tapılan çoxsaylı müsəlman epiqrafik abidələri sübut edir. Bu abidələr V.Akraçkovski, M.Bartolomey, E.S.Takayşvili, L.V.Musxelişvili, Ç.Kaxiani tərəfindən tədqiq olunmuşdur. Təəssüflə qeyd etmək lazımdır ki, bu abidələrin əksəriyyətindən 1703 - cü ildə inşa edilmiş xristian kilsəsində istifadə olunduğundan onları oxumaq mümkün olmamışdır. Bu dövrdə Dumanisdə ayrıca zərbxana da fəaliyyət göstərmişdir. Dumanisdə zərb olunmuş sikkələr dövrümüzə qədər gəlib çıxmışdır. XV əsrdə Qaraqoyunlu və Ağqoyunlu Azərbaycan dövlətlərinin nüfuz dairəsinə daxil olan Dumanis, XVI-XVII əsrlərdə Qızılbaş-Osmanlı müharibələrinin döyüş meydanına çevrildi. 1583-cü ildə Dumanis yaxınlığındakı döyüşdə Osmanlı ordusu qızılbaşlar tərəfindən məğlub edildi. Osmanlı ordusu 20 min döyüşçü itirdi. Osmanlı ordusunun sərkərdələrindən olan Qeysəriyyəli Mustafa bəy öldürüldü və onun bayrağı qızılbaşların əlinə keçdi. Mənbənin yazdığına görə «Adamlarından çox ləyaqətinin itirilməsindən təhqir olunmuş Həsən paşa (Osmanlı ordusunun sərəsgəri - müəllif) özünü elə göstərdi ki, guya qızılbaşların qəfil hücumundan tam darmadağın olub geri çəkilir. Bunu görən Əliqulu xan Osmanlı ordusunu sona qədər əzmək məqsədilə möhkəmləndirilmiş mövqelərini tərk edərək, düzəngəha çıxdı. Azsaylı qızılbaş dəstəsi pusquda dayanmış Osmanlı ordusunun mühasirəsinə düşdü. Əliqulu xan Qacara kömək etmək istəyən Simonun da dəstəsi darmadağın edildi. Simon əsir düşməkdən yaxa qurtarsa da, Əliqulu xan Qacar Osmanlı ordusu tərəfindən tutuldu. Bu qələbəsindən məmnun olan Həsən paşa 12 gün dincəldikdən sonra Tiflisdəki Osmanlı qarnizonuna köməyə gəldi. Tiflisdəki qarnizona başçılıq etmiş Məhəmməd paşanı Əhməd paşa Hacıbəyoğlu ilə əvəz edən Həsən paşa burada 3000 nəfərlik dəstə saxlayaraq Ərzuruma döndü. Tiflis qalasının güclü müdafiə olunmasından arxayın düşmədiyinə görə o, şəhəri tərk edərkən hərbi sursat və ordu xəzinəsini də özü ilə götürdü. Əliquqlu xan Qacarın əsir düşməsindən təəssüflənən Simon onu hər cür vasitə ilə azad etməyə çalışırdı. Bu məqsədlə o, Həsən paşanı döyüşə sövq etmək üçün Başkeçidə (Dumanisə) gedən yolu tutdu. Səfəvi dövlətindən Osmanlıya yeganə təhlükəsiz keçid olan Başkeçidin Simon tərəfindən tutulması Həsən paşanı çıxılmaz vəziyyətə saldı. O, Simona məktub yazaraq, Osmanlı ordusuna Ərzuruma keçid verəcəyi təqdirdə Əliqulu xanı azadlığa buraxacağına söz verdi. Həsən paşanın vədinə inanan Simon Osmanlı ordusuna Başkeçiddən maneəsiz keçməyə şərait yaratdı. Lakin verdiyi sözə əməl etməyən Həsən paşa Əliqulu xan Qacarı Osmanlı ordusunun öndə (avanqardda) gedən hissəsinə qatdı. Aldandığını başa düşən Simon bütün qüvvəsini Osmanlı ordusunun arxa hissəsinə (aryeqardına) yönəltdi və Tiflisdən aparılan ordu xəzinəsinin bir hissəsini ələ keçirdi. Həsən paşa isə ordunun ön hissəsi ilə Ərzuruma yetişdi və ordu xəzinəsinin bir hissəsini, habelə Əliqulu xan Qacarı Mustafa paşaya təhvil verdi. Ərzurum qalasında dustaq saxlanan Əliqulu xan Qacar Osmanlıların əlinə keçən Dumanis qalasına köçürüldü. Mənbənin yazdığına görə «Fərhad paşanın birbaşa nəzarəti altında Dumanis qalası möhkəmləndirildi və genişləndirildi; dağlıq yerlər qazılaraq düzəldildi, hündür divarlı möhtəşəm qala inşa olundu. Qalanın bürclərinə 200 top yerləşdirildi. İndi burada 12 minlik qarnizon da yerləşdirmək mümkün idi. Daha sonra Dumanisdən çıxan 20 minlik Osmanlı ordusu Tiflisdəki qarnizona ərzaq və pul çatdırdı. Tiflis qarnizonuna başçılıq Bığlı paşaya həvalə olundu. Fərhad paşa, Həsən paşanı Dumanisə qalabəyi təyin edərək Ərzuruma döndü. Dumanis qalasından qaçan Əliqulu xan Qacar keçmiş dostu Simonla birləşərək yenidən Borçalıda Osmanlı ordusuna zərbələr vurmağa başladı». 1587-ci il İstanbul müqaviləsinə əsasən Dmanis müvəqətti olaraq Osmanlı tabeliyinə düşsə də XVII yüzilliyin I rübündə Şah Abbasın apardığı hərbi əməliyyatlar nəticəsində yenidən Azərbaycan torpaqlarına birləşdirildi. XIX yüzilliyin əvvəllərində Dumanis şəhəri Şərqi Gürcüstan çarlığının tərkibində Rusiyaya qatıdı.
URL / WWW
http://atxem.az/news/a-15141.html