Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Fəaliyyət
»
KİV-arxivi
» "Qarabağı bütün türklərin probleminə çevirmək istəyiriksə..."
29.03.12 19:10
İlqar İlkin: "Öncə həmin türk xalqları ilə eyni milli kimliyi daşıdığımızı onlara təlqin etməliyik"
Müsahibimiz Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi, "Birlik" jurnalının baş redaktoru, şair İlqar İlkindir.
- İlqar bəy, bu yaxınlarda 40 yaşınız tamam oldu. Öncə təbrik edirik. "40 yaş sindiromu"ndan necə çıxdınız?
- Bütün hallarda 40 yaş sindromu hər zaman mövcud olub. Bu tam olaraq psixoloji bir məsələdir kişilər üçün. Adətən 40 yaşa baxarkən insanda hər şeyin qaydasında olması gərəkir. Ən azından səni əhatə edən cəmiyyət 40 yaşında səndə olmalı olan şeylərə bir nəzər yetirir və cəmiyyətin qavramına görə olacaq şeylər səndə yoxdursa, adamı bir az da "əfəl" kimi düşünürlər. Bizdə cəmiyyət əldə olunacaq şeylərin (bu daha çox sosial anlamda nəzərdə tutulur) necə və hansı yolla əldə edildiyini deyil, sadəcə nəticəyə baxaraq qiymət verirlər. Bu anlamdan yanaşsaq, 40 yaşında heç bir şeyi tam olaraq əldə edə bilmədik, yəni her şeydə bir az yarımçıqlıq oldu. Təbii ki, bütün bunların günahlarını mənim özümdə axtarmaq da olar. Bilirsiniz, xarakter insanın taleyidi. Bütün məqamlarda, bütün anlarda hər zaman atılacaq addımlarda xarakterimi zədələyəcək bir nöqtəyə rast gəlirdim və mən son anda bəzən atılacaq son addımı bu üzdən türklər demiş "iptal" etməli oldum. Yenə də nəticədən narazı deyiləm. Mən yaxşı bilirəm ki, çox zaman son nəticədə addım atmağa mənə şans verilmədi, bir çox hallarda isə son addımı atacağım məqamda özüm-özümə şans vermədim.
- Milli düşüncə həm də insanın öz milli kimliyinə münasibəti, milli dəyərlərə olan yanaşmalarını mühafizə etməsi ilə bağlıdır. Nədənsə bizdə hər zaman milli kimliyin dərki problemi qalmaqdadır.
- Dünyada milli kimlik problemi yaşayan xalqların tam olaraq assimilyasiya olunması, öz milli mədəniyyətlərindən uzaqlaşması üçün "qloballaşma" və ya "mədəniyyətlərarası əlaqələr" kimi müxtəlif nəzəriyyələr uydurublar. Təəssüflər olsun ki, bizim kimi xalqlar məhz bu nəzəriyyələrdə "yem" olaraq düşünülür. Biz dünyada baş verən inteqrasiya proseslərində texniki, iqtisadi, sosial məsələlərdə bir addım da geridə qalmadan dünyayla ayaqlaşmağa çalışmalıyıq. Amma bütün bunlar bizim milli kimliyimizin aşınması, milli dəyərlərimizdən vaz keçmək hesabına baş verməməlidir. Biz böyük bir coğrafi məkana hakim olan, dünya sivilzasiyasına böyük mədəniyyətlər bəxş etmiş ortaq bir türk kimliyi üzərində oturmuşuq. Bu mənada qloballaşma əslində bizim işimizə daha çox yararlı ola bilər. Əvvəl-axır dünyanın yeni hakimləri, dünyada söz sahibi olacaq millətlər tarixin müəyyən məqamlarında söz haqqı olmuş xalqlar olacaqlar. Türk millətinin bütün tarixi keçmişinə, yaratmış olduğu mədəniyyətlərə nəzər salsaq, görərik ki, yeni dünya düzənində söz sahibliyi etməyə bütün parametrlərdə, həm mənəvi, həm də bütün imkanlar baxımından hər cür haqqa sahibdirlər. Sadəcə olaraq tarixin müəyyən vaxtlarında bir-birindən qopmuş, düşünülərək ayrılmalarına nail olunmuş türk xalqlarının yenidən yapılanmasına, ortaq tarix, dil və mədəniyyət birliklərinin var olmasına inanmaq və bunları yenidən bərpa etməyə çalışmaq lazımdır. Ancaq bu halda biz türklər tarix boyu söz sahibi olduğumuz üç qitədə öz varlığımızı daha rahat və təhlükəsiz şəkildə davam etdirə bilərik.
- Bu gün təmsil olunduğunuz təşkilat da, baş redaktoru olduğunuz "Birlik" jurnalı da türksoylu xalqlar arasında əlaqələrin inkişaf etdirilməsi, eləcə də, bu xalqların ictimai birlikləri və onların diaspor təşkilatları arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fəaliyyət göstərir. Necə bilirsiniz, türksoylu xalqların ictimai və diaspor təşkilatları arasında mövcud olan əlaqələri necə qiymətləndirmək olar?
- İndiki məqamda Azərbaycan və Türkiyə ictimai və diaspora təşkilatları ilə qismən də olsa əlaqələrin qurulmasına nail ola bilmişik. Amma bu əlaqələrin özünü də tam olaraq qənaətbəxş hesab etmək olmaz. Orta Asiya Respublikaları, digər postsovet ölkələrinin subyekti olan türk muxtar vilayətlərində, eyni zamanda, xarici ölkələrdə fəaliyyət göstərən Türkdilli xalqların diaspora təşkilatları və ictimai birlikləri ilə də əlaqələrin hərtərəfli inkişafı üçün lazımi addımları atmalıyıq. Bu gün bu addımları atmaq üçün Türkdilli ölkələrin böyük əksəriyyətində həm siyasi iradə, həm də xalqların təbii birləşmək istəklərinin olması çox önəmlidir. Son illər Türkdilli dövlət rəhbərlərinin Türk Birliyi istiqamətində atdıqları müsbət addımları bizi daha çox ruhlandırır. Xüsusilə, biz bu proseslərdə Azərbaycanın türkdilli xalqların əməkdaşlıq və beyin mərkəzinə çevrildiyini və ən çox fəallıq göstərən ölkə olduğunu müşahidə edirik. Bu da səbəbsiz deyil təbii ki. Azərbaycanın bütün Türk xalqlarının ictimai və diaspora təşkilatlarının əlaqələndirilməsi və birliyinə nail olunması üçün həm siyasi, həm də iqtisadi potensialı olduqca yüksəkdir.
- Amma biz nədənsə Azərbaycanın Dağlıq Qarabağ probleminin həllində Türkiyə istisna olmaqla, digər Türk xalqlarının ictimai təşkilatlarının fəallığını müşahidə etmirik.
- Bu gün Türk dövlətlərinin Azərbaycanla siyasi, iqtisadi münasibətlərinə fikir versək görərik ki, bu münasibətlər hər keçən gün daha da inkişaf edir, demək olar ki, ölkələr arasında bizi narahat edəcək elə bir problem mövcud deyildir. Amma ictimai əlaqələrin də qurulmasına və qarşılıqlı olaraq davam etdirilməsinə ehtiyac vardır. Fikir verirsinizsə, Azərbaycanla Türkiyə ictimai təşkilatları arasında əlaqələr nə qədər geniş olsa da, biz Xocalı soyqırımında yalnız bu il möhtəşəm birlik nümayş etdirə bildik. Biz Orta Asiyada və Rusiya sərhədləri içərisində olan digər türk xalqlarının subyektləri ilə hələ ki, qarşılıqlı əlaqələrin qurulduğu bir dönəmdəyik. İlk öncə bu ölkələrdə ortaq milli kimlik, ortaq tarix və ortaq mədəniyyəti paylaşdığımızla bağlı geniş bilgiləndirmə işləri aparmalıyıq. Bütün türk xalqları ilə qarşılıqlı inteqrasiya proseslərini sürətləndirməliyik. İnanıram ki, belə olarsa yaxın bir neçə ilə biz İstanbulda Xocalıya verilmiş dəstək aksiyalarından bütün türkdilli ölkələrdə müşahidə edə bilərik. Dağlıq Qarabağ problemini bütün Türk xalqlarının problemi olaraq gündəmə gətirmək istəyiriksə, öncə həmin türk xalqları ilə eyni milli kimliyi daşıdığımızı onlara təlqin etməliyik.
http://www.ekspress.az/2012/03/31/get=63681
31.03.2012
URL / WWW
http://atxem.az/news/a-15167.html