Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Məqalələr
» Ortaq türkcənin təməlləri
04.04.12 04:53
Doç. dr. Ertuğrul YAMAN
Dil(lər)in önəmi millətlərin həyatında hər gün daha da güclənməkdədir.Qloballaşan dünyada bir çox millətlərin öz varlıqlarını, dillərini davam etdirməsi də artıq sual altındadır. Dil millətlərin öz varlığını sürdürməsi üçün çox mühüm bir amildir. Bu baxımdan Türk dünyası və bütün Türk xalqları üçün “ortaq əlaqə dili”nə ehtiyac duyulmaqdadır. Bu gün Türk xalqlarının öz varlığını sürdürməsi üçün ən önəmli şərtlərdən biri və bəlkə də birincisi Ortaq türkcənin olmasıdır. Türk dünyası üçün olduqca gərəkli, eyni zamanda çox çətinliklərlə başa gələcək “ortaq əlaqə dili”nin formalaşması üçün bir çox təməllər atılmalıdır.
1.Ortaq Türkcəyə ehtiyac olmalıdır
Dünyada qədimliyi ilə tanınan və ən çox danışılan dillərdən olan türk dili təəssüflər olsun ki, layiq olduğu gerçək yerini almamışdır. Müxtəlif vaxtlarda türk dilləri xarici dillərin təsirinə məruz qalmış, öz gücünü yetərincə göstərə bilməmişdir. Bu gün isə artıq yeni dünya düzənində yep-yeni bir imkanla qarşı qarşıyayıq. Bu fürsəti isə çox yaxşı dəyərləndirməliyik.
Bu gün dünya düzənində ortaya çıxan yeni şərtlər bütün dünya türklərini “dildə, fikirdə, işdə birlik” formuluna məcbur etməkdədir. Bu birliyin təməlində isə bir-birimizi anlamaq dayanır ki, bunun da əsas şərti kimi dil faktoru önə çıxmaqdadır. Bu düşüncədən yanaşsaq, Ortaq Türkcə bir zərurət kimi ortaya çıxmaqdadır. Bu zərurət ilk növbədə bütün türk dünyası ictimayyətinə anladılmalıdır. Bunun üçün ilk növbədə ortaq yazıda birliyin təmin olunması lazımdır. Eyni kökdən olan Türk dilinin qolları yenidən birləşib öz gücünü geri qaytarmalıdır. Əks təqdirdə qloballaşan dünyada türk dilləri başqa dillər qarşısında yox olmaq təhlükəsi ilə üzləşəcəkdir.
2.Ortaq Türkcə indiki türk ləhcələrinin təbiiliyini pozmamalıdır
Ortaq türkcə deyəndə nə başa düşülməlidir? Bəzi elm adamları ortaq türkcə, ortaq dil, ortaq yazı, ortaq əlifba və s. kimi çoxlu sayda ifadələr işlətməkdədir. Bizə görə ən arzu edilən anlaşma dili üçün uyğun olanı əlaqə dilidir. Ortaq əlaqə dili türk ləhcələrinin öz təbiiliyini saxlamaqla, zaman keçdikcə sonda tək bir dilə çevrilməsidir. Bəs ortaq əlaqə dili necə formalaşacaqdır? Bunun üçün ilk növbədə elmi araşdırmalar aparılmalı, türk ləhcələri arasında lüğətlər, qrammatik qaydalar hazırlanmalıdır.Heç bir türk ləhcəsinin təbii inkişafına müdaxilə edilməməlidir. Hər Türk boyunun ədəbi əsərləri qarşılıqlı olaraq geniş oxucu kütləsinə qazandırılmalıdır.
3. Ortaq Türkcə süni dil olmamalıdır
Bütün türk xalqları öz ləhcələrində danışmaqla, digər tərəfdən bütün iş sahələrində qarşılıqlı sözlərdən istifadə etməklə ortaq əlaqə dili yaratmış olacaqlar. Ortaq həyat ortaq dili də formalaşdıracaq. Ortaq türkcənin formalaşdırılmasında qarşılıqlı evliliklərin də müstəsna rolu ola bilər. Təbii bunun üçün zamana ehtiyac vardır.
Ortaq əlaqə dili üçün türk ləhcələrindən hər hansı birinə üstünlük verilməməlidir. Bütün türk ləhcələrinin eyni kökdən gəldiyini nəzərə almaqla, yenidən birliyə nail olunmasına çalışmaq lazımdır. Türk ləhcələri bütün türk yurdlarında öyrədilməlidir.
4. Ortaq türkcə üçün şəxsi təşəbbüslər göstərilməlidir
Ortaq türk dilinin formalaşması üçün türk xalqlarına istiqamətlənmiş fəaliyyətlərlə yanaşı, xüsusilə sovetlər birliyindən ayrılmış Türk dövlət və cəmiyyətləri diqqətə alınmalı, dövlət adamları arasında daha sıx və isti əlaqələrin qurulmasının yolları aranmalıdır. Çünki dövlət rəhbərlərinin münasibəti cəmiyyət üzərində daha təsirlidir. Dil və yazı birliyi üçün bu məsələnin diqqətə alınması şərtdir. Bu məsələni dövlət başçılarının ələ alması zərurəti vardır.
Son bir neçə ildə Ortaq Türkcə daha çox gündəmə gələn məsələ olmuşdur. Azərbaycanda bu istiqamətdə işlər daha fəal olmuşdur. Xüsusilə, akademik Ağamusa Axundov və prof. Nizami Xudiyevin çalışmaları diqqətəlayiqdir. Lakin bu istiqamətdə görülən işlərin ən önəmlisi Özbəkstanda gerçəkləşmişdir. Belə ki, 1993-cü ildə Özbəkstanda “Ortaq Türkcəni yaratma məsələləri” adlı simpozyum düzənlənmişdir.
5. Ortaq türkcənin formalaşması üçün ən uyğun yol sənət, mədəniyyət və idman fəaliyyətləridir
İlk öncə Türk dünyası toplumlarını bir araya gətirmək üçün sənət əlaqələrini gücləndirmək lazımdır. Kino, teatr, ədəbiyyat, xalq oyunları, sərgilər və s. kimi sənət fəaliyyətləri kütlələrin qaynayıb qarışmasına və ortaq dilin formalaşması üçün gərəkli zəmin ola bilər. Eyni zamanda sənət, turizm, idman, tələbə mübadilələrinə üstünlük verilməsi ortaq dilin inkişafında əvəzsiz rol oynaya bilər.
6. Ortaq türkcə başlanğıcda ziyalılara yönəlik planmalıdır
Ortaq türkcə ilk növbədə ziyalılar arasında əlaqə dili olaraq istifadə olunmalıdır. Müvəqqəti olaraq bu məsələdə Türkiyə türkcəsinə üstünlük vermək olar. Bu əlaqə dili müvəqqəti olacaq, əsla, qondarma ünsürlərə dayanmayacaq, yalnız mövcud olanların birləşdirilməsinə çalışılacaqdır. Hər şeydən öncə məqsəd bütün Dünya türklərinin bir-birini rahat bir şəkildə başa düşməsi olmalıdır. Bundan sonra Ortaq Türkcə ilə müştərək TV, radio, kitab, qəzet və jurnalların yayımını rahatlıqla həyata keçirmək olar.
7. Türk dünyasında əlifba birliyi olmalıdır
Türk dünyasında dil birliyinin yaranmasındakı ən böyük əngəl müxtəlif əlifbaların mövcud olmasıdır. Bu gün Türk dünyasının vahid əlifba sisteminə keçməsi olduqca vacib məsələlərdəndir. 1992-ci ildə İstanbul Mərmərə Universitetində düzənlənən “Əlifba Simpozyumu”nda bütün Türk dövlətlərində 35 hərflik eyni bir latın əlifbasının istifadə olunması təklif olunmuşdur. Lakin bu gün Türkiyə, KKTC və Azərbaycan latın əlifbasından istifadə etsədə, Türkmənstan, Özbəkstan, eləcə də, Qaqauzlar, Krım tatarları kimi digər türk topluluqları latın əlifbasına tam olaraq keçməmişlər. Bu istiqamətdə səylərimizi artırmalıyıq.
8. Ortaq türkcə üçün keçmiş təcrübələrə baxılmalıdır
Türk dillərinin tarixi dönəmlərdəki qarşılıqlı ədəbi əlaqələri diqqətlə incələnməlidir. Sovetlər sistemindəki təzyiqlərə görə Türk xalqlarının dil və yazı birliyi uzun illər gündəmə gəlməmişdir. Lakin 1980-ci illərdən sonra ana dili məsələsi türk dünyasında qabarıq olaraq yenidən gündəmə gətirilmişdir. Biz bu məsələdə dünyadakı digər ortaq dillərə - slavyan, ərəb kimi xalqların bu məsələni necə həll etdiyini araşdırmalıyıq.
9. Ortaq Türkcə ilə bağlı daimi bir Komissiya qurulmalıdır
Ortaq Türkcənin formalaşdırılması üçün Türkiyədə xüsusi dil komissiyasına ehtiyac vardır. Türk dünyasının hər yerindən elm adamlarının iştirak edəcəyi bu komissiyada mövcud işlər diqqətə alınmalı, yeni layihələr işlənməlidir. Bu layihələr TİKA, TDK, AKM və TÜRKSOY kimi təşkilatlar tərəfindən gerçəkləşdirilməlidir.
10. Ortaq Türkcənin məqsədi Türk dilini dünya dilinə çevirmək olmalıdır
Ortaq Türkcə BMT, ATƏT kimi beynəlxalq təşkilatlarda danışıq dili olaraq qəbul ediləcəkdir. Eyni zamanda ortaq türk dili bilgisayar proqramlarında dəstəklənməklə, geniş bir coğrafiyanı əhatə edəcəkdir.
11. Ortaq türkcə Türkiyə türkcəsinin təməlində şəkilləndirilməlidir
Ortaq Türkcə təbii ki, bugünkü türk yazı dillərindən hər hansı birinin üzərində qurula bilməz. Orta bir mövqe tutmaq üçün bir az qədimliyə getmək olar. Ləhcələrdəki mövcud ortaqlıqlar gün işığına çıxarılmalı, fərqliliklər isə qaydaya salınmalıdır. Bununla da Türkiyə türkcəsi əsasında yeni bir üst danışıq dili formalaşdırıla bilər. Bunun üçün isə fonetik və morfoloji qanunlar deyil, söz düzümü əsas götürülməlidir.
12. Ortaq Türkcə türk dili üçün birləşdirici rolu üstələnməlidir
Ortaq Türkcənin formalaşması Türk Birliyinin mədəni əlaqələrinin daha qısa vaxt ərzində genişlənməsinə səbəb olacaqdır. Ortaq dil bizim qlobal güclər qarşısında ən yaxşı müdafiəmiz olacaqdır. Ortaq Türkcə Türk millətinin varlıq yoxluq məsələsidir. Son olaraq onu deyə bilərəm ki, Türk ləhcələri ya birləşib gerçək gücünə qovuşacaq, ya da ki, qlobal dillər qarşısında tək-tək yox olacaqlar.
URL / WWW
http://atxem.az/news/a-15201.html