Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Diaspora təşkilatlarımızın parçalanmasından yox, onların birliyindən danışmalıyıq
27.11.12 08:50

İlham İsmayılov: “İstənilən halda diaspora təşkilatlarımız Azərbaycanın iç siyasətinə qarışmaqdansa, Azərbaycan xalqının maraqlarını yaşadıqları ölkələrdə daha yaxşı bir şəkildə təmsil etməlidirlər”

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovun “OLAYLAR”-a müsahibəsi


-İlham müəllim, cari ilin sonlarında ATXƏM-in fəaliyyətə başlamasının 5 ili tamam olur. Rəhbərlik etdiyiniz təşkilatın 5 illik fəaliyyətini necə qiymətləndirirsiniz?

-Azərbaycan türk dünyasının inkişafında, türkdilli xalqların inteqrasiyasında mühüm rolu olan bir ölkədir. Son vaxtlar bu istiqamətdə türk dövlət başçılarının atdığı mühüm addımlar ictimaiyyət nümayəndələrinin də aktivləşməsinə təkan verib. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi də bu istiqamətdə mühüm addımlar ataraq, türkdilli dövlətlərlə əlaqələr yaratmaq, türk xalqları arasında inteqrasiyanı sürətləndirmək, onları bir amal ətrafında birləşdirməyi öz qarşısına məqsəd qoyub. Biz fəaliyyətimizi əsasən bu istiqamətdə qursaq da, fəaliyyət prinsiplərimizdən biri də Dağlıq Qarabağ həqiqətlərini türkdilli xalqlar və onların diaspora təşkilatları vasitəsilə bütün dünyaya çatdırmaq və bu işdə onların da Azərbaycana dəstək verməsinə nail olmaqdan ibarətdir. Bu istiqamətdə təşkilatımız bir çox beynəlxalq layihələr həyata keçirib və bu həyata keçirilən layihələrdə Dağlıq Qarabağ problemi bütün türk dünyasının ortaq problemi olaraq təqdim olunub. Belə ki, 2010-cu ildə Türkiyənin Ankara şəhərində Türkiyə Strateji Araşdırmalar Mərkəzi ilə birgə “Dağlıq Qarabağ probleminə türkdilli dövlətlərin dəstəyinin artırılması” ilə bağlı beynəlxalq tədbir keçirmişik. Türkiyədə fəaliyyət göstərən 150-dən çox beyin mərkəzləri, millət vəkilləri, QHT və siyasi partiya nümayəndələrinin iştirak etdiyi tədbirdə əsas məqsəd Dağlıq Qarabağ həqiqətlərinin çatdırılması və bu problemin həllinə həmin mərkəzlərin dəstəyinin artırılması olub. Biz bu tədbirdə bir təşkilat olaraq Dağlıq Qarabağ probleminin yalnız Azərbaycanın deyil, bütün türk dünyasının ortaq problemi olduğunu önə çəkmişik. Mərkəzimiz Dağlıq Qarabağ problemininin türk dünyasında tanıdılması işinə sistemli olaraq yanaşmaqdadır. Biz 2010-cu ildə türk dünyası ilə bağlı daha bir beynəlxalq tədbiri Naxçıvanda həyata keçirdik. Türk dünyasının akademik tibb və tarix konfransı adı altında keçirilən dörd günlük konfransda da ortaya qoyulan mövzularla yanaşı, Dağlıq Qarabağ problemi də ən geniş şəkildə müzakirə olundu. Bu konfransın Naxçıvanda keçirilməsində əsas məqsədlərimizdən biri də məhz Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olmasını və tarix boyu bu torpaqların yalnız Azərbaycana məxsus olduğunu bir daha türkdilli dövlətlərin diqqətinə çatdırmaq olub. ATXƏM Dağlıq Qarabağ həqiqətlərini yalnız türkdilli dövlətlərdə deyil, eyni zamanda türkdilli xalqların diaspora təşkilatları ilə birgə əməkdaşlıq şəraitində qabaqcıl Avropa dövlətlərində tanıdılması işində də mühüm addımlar atmaqdadır. Mərkəzimiz bu istiqamətdə Avropanın siyası paytaxtlarından hesab olunan Avropa Şurasının yerləşdiyi Fransanın Strasburq şəhərinə və Avropa Birliyinin yerləşdiyi Belçikanın Brüssel şəhərinə xüsusilə əhəmiyyət verməkdədir. Biz artıq dörd ildir ki, ənənəvi olaraq Strasburq şəhərinin mərkəzində hər il fevralın 26-da Xocalı faciəsinin tanıdılması ilə bağlı geniş mitinqlər təşkil edirik. Bu mitinqlər Avropada fəaliyyət göstərən Azərbaycan və türk diaspora təşkilatlarının böyük dəstəyilə hər il daha da möhtəşəm keçirilməkdədir. Mərkəzimizin beş illik fəaliyyəti dönəmində ən mühüm hesab etdiyim layihələrdən biri də 2011-ci ildə təşkilatımız tərəfindən Brüsseldə Avropa Parlamentinin binasında Dağlıq Qarabağ problemi ilə bağlı təşkil etdiyimiz beynəlxalq konfrans olub. Bu konfransın əhəmiyyəti ondan ibarət idi ki, ilk dəfə Azərbaycandan bir QHT Avropa Parlamentində belə bir səviyyədə tədbir təşkil etmiş, bu tədbirə dörd nəfər Avropa Parlamentarisi və onlarla Avropada fəaliyyət göstərən beyin mərkəzləri rəhbərləri qatılmışdır. Konfransda Azərbaycanın bugünkü inkişafı, Cənubi Qafqazdakı önəmi qeyd edilərək, Avropa dövlətlərinin bir çox hallarda Azərbaycana ikili standartlı yanaşmaları da qeyd edildi. Bundan başqa təşkilatımız türk dünyası ilə bağlı bir çox beynəlxalq konfranslarda iştirak edib. Dünyanın bir çox yerində keçirilən belə konfranslarda da Dağlıq Qarabağ probleminin gündəmə gətirilməsinə və konfransların yekun bəyannamələrində Dağlıq Qarabağla bağlı məsələlərin ayrıca bənd olaraq salınmasına nail olmuşuq. Ümumiyyətlə, beş illik fəaliyyətimiz dönəmində çalışmışıq ki, mərkəzimizin əsas prinsipi olan türkdilli xalqların əməkdaşlığını genişləndirək, Qarabağ həqiqətlərini bu dövlətlərin ictimaiyyətinin diqqətinə çatdıraq və bu problemin həllində həmin dövlətlərin də dəstək olmasını təmin edək. Təbii ki, beş illik fəaliyyətimizdə Qarabağ problemi ilə yanaşı, müxtəlif mövzuları əhatə edən onlarla beynəlxalq layihələr də həyata keçirmişik. Qısaca olaraq bildirim ki, həyata keçirdiyimiz bu layihələrin böyük bir qismi məhz türk dünyası üçün vacib olan gələcək strateji hədəflərin müəyyənləşdirilməsi ilə bağlı olub.

-ATXƏM ötən 5 il ərzində türkdilli xalqlar arasında birlik və bərabərliyin daha da inkişaf etdirilməsi prosesinə hansı töhfələri verdi? Təşkilat rəhbəri olaraq bu gün türkdilli respublikalar arasında mövcud olan əməkdaşlıq, inteqrasiya meyilləri Sizi qane edirmi?

-Son beş ilə nəzər salsaq görərik ki, bu ötən illər ərzində Türk dünyası ilə bağlı dövlət başçıları səviyyəsində siyasi iradə ortaya qoyulub, türk birliyinin əldə olunması üçün mühüm işlər görülüb. Xüsusilə, 2009-cu ildə Naxçıvanda keçirilən Türkdilli dövlət başçılarının IX zirvə görüşündə qəbul olunan qərarlar olduqca əhəmiyyətli idi. Məhz bu zirvə görüşündə qəbul olunmuş qərarlar doğrultusunda Türkdilli Dövlətlərin Parlament Assambleyası və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaranmış, əməkdaşlıqda real addımlar atılmışdır. Bir neçə ay öncə bu Şuranın ortaq bayrağının qəbul olunması isə artıq bu birliyin tam olaraq ciddiyətini göstərməkdədir. Hazırda türk birliyinin qurulması üçün bütün sahələrdə işlər sürətlə davam etməkdədir. Təbii ki, bu birliyin qurulmasında ən vacib olan məsələlərdən biri də türk dövlətləri ictimayyət nümayəndələrinin könüllü olaraq bu prosseslərdə çox fəal şəkildə iştirak etmələridir. Hesab edirəm ki, ötən beş il ərzində mərkəzimiz türk dövlətləri ilə əlaqələrdə özünün Azərbaycanda sağlam bir tərəfdaş olduğunu göstərə bildi. Çünki ötən illər ərzində türk dünyası ilə bağlı ortaq layihələr həyata keçirmişik və bu gün də bizimlə türk dünyasında və Avropa məkanında ortaq layihələr gerçəkləşdirmək təklifi ilə bağlı ciddi qurumlar danışıqlar aparmaqdadır. Burada bir məsələni xüsusilə qeyd etmək istəyirəm ki, bu ötən illər ərzində türk xalqları diaspora təşkilatları ilə əməkdaşlıq bizim fəaliyyət sahəmizə daxil olduğundan bu sahədə də müsbət nəticələrə sahib olmuşuq. Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Bir millət-iki dövlət” prinsipini davam etdirərək, 2007-ci ildə söylədiyi “Bir millətin iki diasporası olmaz” fikirləri bu prossesin daha da sürətlənməsinə təkan verib. Biz artıq Azərbaycanla bağlı xarici ölkələrdə, xüsusən Avropa dövlətlərində keçirilən bütün tədbirlərdə bu iki qardaş xalqların diaspora təşkilatlarını bir arada görə bilərik. Lakin hesab edirəm ki, biz bununla qane olmamalıyıq və bütün türk xalqlarının diaspora təşkilatlarının birliyinə nail olmaq üçün gələcəkdə bütün gücümüzü səfərbər etməliyik.

-Təşkilatınızın qarşısında duran yeni vəzifə və hədəflər nədən ibarətdir?

-Biz ötən beş illik fəaliyyətimizlə kifayətlənməyərək türkdilli xalqların əməkdaşlığının genişləndirilməsi və Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağın işğal altında olduğunu, Ermənistanın Azərbaycana təcavüzünü bütün türk dünyasına çatdırılması istiqamətində fəaliyyətimizi davam etdirəcəyik. Bu il Xocalı soyqırımının və Qarabağ həqiqətlərinin təkcə türk dünyasında deyil, Avropada da geniş şəkildə gündəmə gətirilməsi fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Artıq “Xocalıya ədalət” kampaniyası çərçivəsində hər il Avropada möhtəşəm mitinqlər təşkil edirik. Düşünürəm ki, Xocalı faciəsinin yaxınlaşdığını nəzərə alaraq üzümüzə gələn ildə də Xocalı ilə bağlı Avropada silsilə tədbirlər və mitinqlər keçirəcəyik. Eyni zamanda gələn il ərzində Avropa Parlamentində Azərbaycan dövlətinin inkişafında əsas maneələrdən biri kimi Dağlıq Qarabağ problemini gündəmə gətirməyi hədəfləmişik. Bunlar Mərkəzimizin qarşısında duran, yaxın gələcəkdə həyata keçirmək istədiyimiz işlərdir. Qarşıda yeni layihələrimiz də olacaq. İnanırıq ki, türkdilli xalqların bir araya gəlməsinə və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasına nail olacağıq.

-Son vaxtlar Azərbaycanda etnik separatizmə növbəti cəhdlər göstərilir. Hətta bu yaxınlarda Azərbaycan Dövlətçiliyi Naminə Talış Birliyi adlı qurum yaradılıb. Siz bir ictimai təşkilat olaraq etnik sepratizmə yönəlik cəhdləri necə dəyərləndirirsiniz?

-Bu gün Azərbaycan bütün dünyada dini və etnik dözümlülük baxımından nümunəvi bir ölkədir. Ölkədə aparılan bütün islahatlar demokratiyanın bərqərar olunmasına hesablanır. 1990-cı illərdə ölkəmizdə hansısa xarici qüvvələrin təsiri altında etnik separatiz yaratmağa cəhdlər oldu. Hesab edirəm ki, bu məsələlər Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən birdəfəlik həll olunub. Ola bilsin ki, hansısa qüvvələr o ağır illərin təcrübəsinə qayıtmağa, Azərbaycanda etnik və milli qarşıdurma yaratmağa yenidən səy göstərsin. Təbii ki, Azərbaycanın bu günkü inkişafını həzm etməyən, ölkəmizin sürətlə inkişaf edən iqtisadiyyatından narahat olan qüvvələr bu cür cəhdlər etmək istəyəcəklər. Lakin Azərbaycanda yaşayan bütün azsaylı xalqlar respublikamızın Cənubi Qafqazda artıq lider olduğunu və bu inkişafda özünün də payı olduğunu çox yaxşı dərk edir. Biz bu ölkədə uzun illərdir bir yerdə yaşayırıq, eyni tarixi paylaşırıq və zaman-zaman eyni faciələri yaşamışıq. Ona görə də heç bir etnik qrup özünü bu ölkədə yad kimi apara bilməz. Azərbaycanın torpaq bütövlüyü üçün şəhid olan yüzlərlə etnik kimliyə sahib olan oğullarımız var və bu vətən hamımızındır.

-Azərbaycanda yaşayan talışlardan daima İran bir vasitə kimi istifadə etməyə çalışıb. Sizcə, bu məsələdə də İranın əli ola bilərmi?

- Bu gün İranın region dövlətləri, eləcə də bütün dünya üçün bir təhlükə rolu oynadığı artıq hamıya bəllidir. İranın Dağlıq Qarabağ probleminin həllində tutduğu mövqeyə fikir versək, görərik ki, bu gün İran işğalçı Ermənistan üçün bir “ilham mənbəyi” rolunu oynamaqdadır. Həmçinin bu ölkə bütün qüvvəsi ilə Ermənistanı dəstəkləməkdədir. Üstəlik, İranda yaşayan 40 milyona yaxın Azərbaycan türklərinin taleyi də bizi narahat etməkdədir. Lakin İranın bu gün tutduğu yolda, apardığı siyasətdə də bölgənin taleyi həmişə narahatçılıq doğurmaqdadır. İran bu gün bölgədə özünü islam dəyərləri ilə idarə olunan bir dövlət sayır, lakin Dağlıq Qarabağda qətlə yetirilən minlərlə müsəlmanın qətlinə göz yumaraq, işğalçı Ermənistanla siyasi, iqtisadi əlaqələrini daha da genişləndirir. Yaxud, İranda yaşayan 40 milyonluq müsəlman türklərini bütün hüquqlardan məhrum etməklə, ermənilərin bu ölkədə bütün azadlıqlarını artıqlaması ilə tanımaqdadır. Bütün bunlar və İranın uzun illər Azərbaycana qarşı apardığı əks-təbliğatı göstərir ki, bu ölkə Azərbaycanın günü-gündən inkişaf etməsindən daima narahatçılıq keçirir. Ona görə də Azərbaycanda hansısa etnik qrupların seperatçılıq meyli olarsa İran bu məsələdə maraqlı tərəf kimi çıxış etməyə tam hazır olar.

-Bu günlərdə Moskvada Azərbaycan və erməni diaspor nümayəndələrinin yenidən bir araya gəlməsi və saziş imzalamalarını necə dəyərləndirirsiniz? Ümumiyyətlə, Rusiyada təsis edilən və milyaderlər ittifaqı kimi tanınan Rusiyanın Azərbaycan Təşkilatları İttifaqı diaspor daxilində hansısa parçalanmalara gətirib çıxara bilərmi?

-Ümumiyyətlə, diaspora və lobbiçilik işi elə bir sahədir ki, bu məsələdə böyük maliyyə qaynaqlarının olması əsas şərtdir. Bu baxımdan yanaşsaq, ölkə xaricində yaşayan istənilən imkanlı soydaşımızın diaspora və lobbiçilik işinə cəlb olunması olduqca vacibdir. Torpaqlarımızın erməni işğalı altında olduğunu və Dağlıq Qarabağ həqiqətlərinin təbliğ olunmasında diasporamızın hansı işləri görə biləcəyinə nəzər salsaq görərik ki, bu məsələdə biz həm də kordinasiya olunmuş şəkildə hərəkət etməliyik. Bilirsiniz ki, ötən il Bakıda keçirilən Dünya Azərbaycanlılarının üçüncü qurultayında prezident İlham Əliyev də bu məsələlərə xüsusi olaraq toxundu və diasporamız üçün əsl hədəfləri göstərdi. İstənilən halda hansısa bir ölkədə diaspora təşkilatı yaranırsa buna ancaq sevinmək lazımdır. Sadəcə bir qədər zaman lazımdır ki, biz yaranan həmin təşkilatların kimlərə və nəyə xidmət etdiklərini də görə bilək. Əgər bir təşkilat milli maraqlarımıza xidmət etməyəcəksə onun uzun müddət yaşaması da sual altında olacaqdır. Mən hesab edirəm ki, istənilən halda diaspora təşkilatlarımız Azərbaycanın iç siyasətinə qarışmaqdansa, Azərbaycan xalqının maraqlarını yaşadıqları ölkələrdə daha yaxşı bir şəkildə təmsil etməlidirlər. Və biz artıq diaspora təşkilatlarımızın parçalanmasından yox, onların birliyindən danışmalıyıq. Çünki qarşımızda təşkilatlanmış və olduqca hiyləgər bir erməni lobbisi və diasporası ilə qarşı-qarşıyayıq.

www.olaylar.az
URL / WWW
http://atxem.az/news/a-15349.html