Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » "Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda... " - MÜSAHİBƏ
28.02.13 10:21



İlham İsmayılov: “hansısa sülhdən danışmaq sadəcə absurddur”

“Əks halda heç bir sülh müqaviləsi Azərbaycanın lehinə deyil

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovun “OLAYLAR”-a müsahibəsi

-İlham müəllim, bu günlərdə Azərbaycan xalqı Xocalı faciəsinin növbəti ildönümünü qeyd etdi. Necə düşünürsünüz, Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində apardığımız fəaliyyət yetərlidirmi?

-Keçən 21 il ərzində artıq dünyanın əksər dövlətlərində bu faciə hər il gündəmə gətirilir, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diplomatik nümayəndəliklərimiz, diaspor təşkilatlarımız müxtəlif tədbirlər, sərgilər, aksiyalar və mitinq-yürüşlər keçirməklə faciənin miqyasını dünya ictimayyətinə anlatmağa çalışırlar. Hesab edirəm ki, Xocalı soyqırımının mahiyyəti, ermənilərin törətdikləri faciələrin nə qədər dəhşətli olduğu artıq dünyanın aparıcı nüfuzlu qurumlarına, insan hüquqları təşkilatlarına da bəllidir. Biz bir neçə ilə qədər Xocalıda baş verənləri dünyaya çatdırmaq istiqamətində mübarizə aparırdıqsa, artıq bu gün soyqırımın aparıcı dünya dövlətləri tərəfindən tanınması və konkret siyasi-hüquqi qiymət verilməsini tələb etməkdəyik. Təbii ki, Xocalı soyqırımına hüquqi qiymətin verilməsi, aparıcı dünya dövlətləri tərəfindən tanınması daha çox bu hadisəyə siyasi qiymətin verilməsilə bağlıdır. İnanıram ki, biz ictimayyət nümayəndələri olaraq dünyada fəaliyyət göstərən təşkilatlarla əməkdaşlığımızı artırmaqla dünyanın siyasi güclərini ermənilərin Xocalıda soyqırım aktını törətdiklərini etiraf etməyə məcbur edəcəyik. Bizim təşkilat artıq bir neçə ildir ki, Strasburqda Xocalı ilə bağlı mitinqlər təşkil edir. Biz bu cür tədbirləri Avropanın siyasi mərkəzlərində keçirməklə daha çox təsir imkanlarına malik oluruq. Artıq deyə bilərəm ki, Avropa ictimayyəti Xocalı ilə bağlı kifayət qədər məlumatlıdır.

-Bir neçə gün əvvəl 100-dən artıq qeyri hökumət təşkilatı Xocalı soyqırımının tanınması məqsədilə beynəlxalq təşkilat və qurumlara müraciət ünvanladı. Sizcə, bu müraciətin müsbət effekti olacaqmı və beynəlxalq təşkilatlar Azərbaycanın haqq səsinə səs verəcəklərmi?

-Fevralın 25-də Beynəlxalq Mətbuat Mərkəzində Milli QHT Forumu və ATXƏM-in birgə təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən 100-dən artıq QHT bir araya gələrək, Xocalı şəhərində erməni millətçiləri tərəfindən dinc əhaliyə qarşı törədilmiş soyqırıma öz münasibətini bildirdilər. Bu tədbirdə Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, ATƏT, eyni zamanda, dünyada və Ermənistanda fəaliyyət göstərən insan hüquqları təşkilatlarına da QHT-lər adından müraciət etdik. Hesab edirəm ki, QHT-lər Xocalı soyqırımının dünyaya çatdırılması prosesində fəal iştirak etməlidirlər. Çünki məqsədyönlü fəaliyyət olduğu halda nəticə də əldə etmək mümkündür.

-Ağ Evə Xocalı soyqırımı və Dağlıq Qarabağ problemi ilə bağlı göndərilən petisiyalarla bağlı prezident Barak Obamanın çıxış etməməsi və münasibət sərgiləməməsi onu deməyə əsas verirmi ki, hələ də dünyada ikili standartlar qalmaqdadır.

- Bu petisiya yanvar ayında Ağ Evin rəsmi səhifəsində Barak Obama administrasiyasının diqqətini Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində erməni silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin işğalı məsələsinə yönəltmək məqsədilə yerləşdirilmişdi. Doğrudur, bu petisiyada Ağ Ev tərəfindən Dağlıq Qarabağ məsələsi və Xocalı soyqırımının müzakirəyə çıxarılması üçün nəzərdə tutulan 100 min imza da toplandı. Bu müraciətlərin əsas məqsədlərindən biri də Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinin diqqətini 1992-ci il fevralın 26-da azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırım faktına yönəltmək, bu həqiqətlərin beynəlxalq aləmdə tanıdılmasına yönəlmişdir. Lakin Ağ Ev azərbaycanlıların Xocalı ilə bağlı müraciətinə Azərbaycan və Ermənistan arasındakı müharibə zamanı insanların faciəli ölümünə təəssüfləndiyini bildirməklə kifayətləndi. Əslində, ABŞ rəsmilərinin bu cür münasibət bildirməsi gözlənilən idi. Çünki biz 20 il ərzində ABŞ-ın Minsk qrupundakı fəaliyyətinə nəzər salarkən müşahidə edirik ki, ABŞ digər Minsk qrupu ölkələri olan – Fransa və Rusiyanın münaqişə ilə bağlı tutduğu mövqeyə yaxın mövqe nümayiş etdirir. Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupu üçlüsü olan dövlətlər konkret mövqe nümayiş etdirmək əvəzinə, hər zaman Ermənistana loyal münasibət göstərib, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından çıxması üçün kəskin qərar qəbul etməyiblər. Lakin bu mövqe bizi əsla tutduğumuz haqlı mövqeyimizdən geri çəkilməyə məcbur edə bilməz, əksinə biz bu mübarizəmizi davam etdirməliyik. Ağ Evin rəsmi saytında yerləşdirilən petisiya bu il ilk dəfə yerləşdirildi. Gələcəkdə belə məsələrdə daha da aktiv rol oynamaqla bu cür müraciətləri milyonlara çatdırmalıyıq. Biz bu mübarizəmizi hər il həndəsi silsilə ilə artıraraq, sonda gözlədiyimiz nəticəni ala bilərik.

-Bu amil QHT-lərin müraciətinin də cavabsız qalacağından xəbər verirmi?

-Təxminən bir il əvvəl Fransa Senatında qondarma erməni soyqırımı məsələsi gündəmə gələndə biz QHT-lər olaraq Fransanın rəsmi dairələri, eləcə də Fransa Senatı üzvlərinə müraciət ünvanladıq. Həmin müraciətə əksər dairələr tərəfindən cavab verildi və bizə göndərilən cavab məktublarında qeyd olunurdu ki, həmin müraciətdən sonra bir çox insanlar yenidən tarixə nəzər salaraq 1915-ci ildə əslində hansı hadisələrin baş verdiyini öyrəniblər. Nəticə etibarilə qondarma soyqırımla bağlı məsələ müzakirədən çıxarılıb. Mən demirəm ki, bu sırf bizim fəaliyyətimiz nəticəsində baş verib. Ancaq o da danılmaz bir faktdır ki, fəaliyyət, iş olan yerdə müəyyən nəticə də əldə etmək mümkündür.

-Son vaxtlar bir mənfi tendensiya müşahidə edilməyə başlayıb. Söyün Sadıqovun timsalında Rusiyada fəaliyyət göstərən bəzi iş adamları, eləcə də Azərbaycanda yaşayan bir sıra ziyalılar, konkret olaraq Əkrəm Əylisli hesab edir ki, Azərbaycan və erməni cəmiyyəti arasında bir barış yaranmalıdır. Hətta bu məqsədlə görüşlərin keçirilməsi də təklif olunur. Sizcə, Azərbaycan torpaqları işğal altında qaldığı təqdirdə barışdan danışmaq nə dərəcədə məqbuldur?

-Tarixə nəzər salsaq görərik ki, bütün münaqişələr, müharibələr gec-tez sülhün əldə olunması ilə nəticələnib. Lakin Ermənistanın tutduğu aqressiv mövqe, Azərbaycan torpaqlarını işğal altında saxladığı bir vaxtda hansısa sülhdən danışmaq sadəcə absurddur. Ermənistanla sülh danışıqlarını yalnız Xocalı soyqırımının tanınması və bu cinayətləri törədən günahkarların layiqincə cəzalandırılması, eləcə də Azərbaycanın işğal altındakı ərazilərdən öz silahlı qüvvələrini geri çəkdikdən sonra danışmaq mümkündür. Əks halda heç bir sülh müqaviləsi Azərbaycanın lehinə deyildir. Bu cür sülhə bizi kimlərsə məcbur etsələr belə bu regionda heç vaxt gərginliyin azalmasına səbəb olmayacaq. Əkrəm Əylisli və Söyün Sadıqov kimi adamların isə Azərbaycan xalqının gələcək taleyində hansısa rol oynamaq istəkləri heç vaxt baş tutmayacaq. Onlar sadəcə olaraq, erməni dəyirmanına su tökməklə, xarici havadarlarının sifarişlərini yerinə yetirirlər. Xalq və tarix isə belə adamları hər zaman lənətlə yad etmişdir.

-ATXƏM-in qarşıdakı tədbirlər planı nədən ibarətdir? Xüsusilə, 31 mart Azərbaycanlıların soyqırıım Günü ilə bağlı tədbirlər nəzərdə tutulurmu?

-ATXƏM fəaliyyət göstərdiyi beş il ərzində onlarla yerli və beynəlxalq layihələr həyata keçirib ki, bu layihələrdə Azərbaycan həqiqətlərinin Türkdilli ölkələrlə əməkdaşlıq şəraitində, eləcə də Avropada fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatları vasitəsi ilə bütün dünyaya çatdırılmasına nail olunmuşdur. Həyata keçirdiyimiz layihələrin böyük əksəriyyətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin, eləcə də ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş deportasiya və soyqırımların dünya ictimayyətinə çatdırılması əsas prioritet istiqamət olmuşdur. Neçə illərdir ki, Avropanın siyasi mərkəzlərindən olan Fransanın Strasburq şəhərində ermənilərin ciddi şəkildə mane olmaq cəhdlərinə baxmayaraq, keçirdiyimiz möhtəşəm Xocalı mitinqləri, Ankarada “Dağlıq Qarabağ münaqişəsinin həllində Türkdilli Dövlətlərin diaspor və ictimai təşkilatlarının dəstəyinin artırılması” layihəsi, Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentində həyata keçirdiyimiz “Dağlıq Qarabağ problemi Avropa gündəmində: Brüssel Konfrans” layihəsi təşkilatımızın bu istiqamətdə həyata keçirdiyi layihələrdəndir. Bundan əlavə təşkilatımız Azərbaycan xalqının son 250 ildə üzləşdiyi faciələrlə bağlı mütamadi tədbirlər keçirir, bu faciələrin unudulmaması üçün təbliğat işlərini hər il daha da artırır. 31 mart azərbaycanlıların soyqırıma məruz qaldıqları müxtəlif tarixi günlərin ümumiləşdirilmiş bir təqvim günüdür. Biz bu tarixdə baş verən faciələrimizi gənc nəsillərə çatdırmaq üçün müxtəlif tədbirlər keçiririk və bu tədbirlər bizim təşkilatın fəaliyyəti dönəmində hər zaman qeyd olunacaqdır.

-Məlum olduğu kimi bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 ili tamam olur və bu istiqamətdə ölkədə çoxsaylı tədbirlərin keçirilməsi nəzərdə tutulub. Artıq bu barədə prezident sərəncamı da imzalanıb. Yəqin ki, ATXƏM-in bununla bağlı müəyyən tədbirləri olacaq?

- Ümummilli lider Heydər Əliyevin dövlət xadimi kimi fəaliyyətində türkdilli xalqların qədim tarixi keçmişinin, milli-mənəvi dəyərlərinin müdafiəsində dayanması ölkəmizin bu gün bütövlükdə türkdilli xalqlara məxsus ortaq dəyərlərin, müsbət ənənələrin daşıyıcısı olaraq, onların vahid məqsəd və ideyalar ətrafında birləşməsini şərtləndirmişdir. Məhz onun ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini əsas və mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan türk dövlətləri ilə yaxınlaşmada əsas təşəbbüskar ölkə rolunu oynayır. Təşkilatımız məhz bu xəttin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərdiyindən ümummilli lider Heydər Əliyevin ideyalarının davam etdirilməsinə çalışmaqdadır. Odur ki, təşkilatımız hər il Heydər Əliyevin anadan olduğu günü, eləcə də 15 iyun Milli Qurtuluş gününü bir bayram əhval-ruhiyyəsində qeyd etməkdədir. Bu il ümummilli lider Heydər Əliyevin 90 illik yubileyini nəzərə alaraq, təşkilatımız hər il keçirdiyimiz bu tədbirləri daha sanballı və təmtəraqlı şəkildə keçirməyi qarşısına məqsəd qoyub.

Süleyman İsmayılbəyli

Olaylar qəzeti, 01 mart 2013
URL / WWW
http://atxem.az/news/a-15352.html