Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Media nümayəndələri Salyanda olublar
05.12.13 09:51



Salyan Rayon İcra Hakimiyyətində keçirilən görüş Şuranın media-məmur dialoqu layihəsi çərçivəsində baş tutub


ATXƏM-in sədri, MŞ İdarə Heyətinin üzvü İlham İsmayılov: «Salyan Azərbaycan tarixinə misilsiz dühalar bəxş etmiş rayondur. Onların hər birinin irsi ictimai fikir, məfkurə qaynağıdır və həmin şəxslər öz baxışlarını mətbuat vasitəsilə ifadə ediblər”.


Dekabrın 4-də Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə media nümayəndələrinin SalyanRayon İcra Hakimiyyətində görüşü keçirilib. Görüş ümummilli lider Heydər Əliyevin rayonun mərkəzindəki abidəsini ziyarətlə başlayıb. Səfər çərçivəsində qonaqlar Heydər Əliyev mərkəzi, uşaq yaradıcılıq dərnəkləri, habelə Salyandakı bayraq meydanı, quruculuq və abadlıq işlərinin gedişi ilə tanış olublar. Görüş çərçivəsində həmçinin Azərbaycanın fəxri sayılan Salyandan olan görkəmli ziyalıların - Əli bəy Hüseynzadənin və Xəlil Rza Ulutürkün abidələri ziyarət olunub.

{img3}{img4}Şuranın media-məmur dialoqu layihə çəiçivəsində baş tutmuş görüşünü Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov açaraq Azərbaycan dövlətinin mediaya diqqət və qayğıya əsaslanan siyasətinin yerlərdəki məmurlar tərəfindən də gerçəkləşdirilməsinin vacibliyini vurğulayıb. Medianın demokratik dövlət quruculuğu prosesindəki önəmindən söz açan T.Kərimov prezident İlham Əliyevin noyabrın 24-də kütləvi informasiya vasitələri nümayəndələri ilə görüşündə səsləndirdiyi hər bir fikrin bu baxımdan önəmli olduğundan söz açıb.

T.Kərimov çıxışında həmçinin rəhbərlik etdiyi rayonda aparılan abadlıq və quruculuq işləri barədə də geniş məlumat verib. Həyata keçirilməkdə olan tədbirlərdə ilk növbədə insan amilinə diqqət yetirildiyini önə çəkən T.Kərimov hər bir vətəndaşın yerli məmurlardan olan narazılığının dolayısıyla dövlətdan narazılıq doğura bilmə ehtimalı üzərində dayanıb. «Bu amili mütləq nəzərə almaq lazımdır. Ona görə də media nümayəndələrini rayona dəvət edirəm. Gəlsinlər, vətəndaşlarla sorğular aparsınlar, onların düşüncələrini öyrənsinlər. Əlbəttə, iş olan yerdə problemlər də olur. Həmin problemləri obyektiv şəkildə işıqlandırsınlar. Belə olduqda tutduqları mövqe ümumi işmizə fayda verəcək. Amma bəzən əks proseslərlə üzləşirik. Bu bizi təəssüfləndirir. Elə bilirəm ki, həqiqi media nümayəndələrinin özləri təəssüf doğuracaq məqamların aradan qaldırılmasına daha çox səy göstərməlidirlər», - deyən T.Kərimov rəhbərlik etdiyi icra hakimiyyətinn KİV-lərlə əməkdaşlığa hər zaman hazır olduğunu vurğulayıb.

MŞ sədri Əflatun Amaşov çıxışında media nümayəndələrinin prezident İlham Əliyevlə noyabrın 24-də keçirilmiş görüşü üzərində dayanıb. O bildirib ki, səmimi şəraitdə baş tutmuş toplantıda dövlət başçısı jurnalistikaya dair dəyərli baxışlarını, o cümlədən prioritetləri bir daha səsləndirdi. «Dövlət başçısının fikirləri jurnalistlərlə yanaşı, cəmiyyətə informasiya verilməsinə məsul şəxslər üçün də mesajdır. Çünki informasiya mübadiləsində iki tərəf var. Bunlardan hansısa üzərinə düşən işi doğru yerinə yetirmirsə, ümumən prosesə ziyan gəlir. Bu günkü görüşümüzdə də məqsəd mövcud müstəvidəki çətinlikləri müzakirə etməkdir. Mətbuat Şurası bu sayaq tədbirləri digər dövlət qurumları ilə də keçirəcək və belə görüşlərin faydası hər zaman olur», - deyən Ə.Amaşov ziyalılar yurdu kimi tanınan Salyanın ölkənin ictimai-siyasi həyatında önəmli rol oynadığını vurğulayıb. O, səmimi qəbula görə Salyan Rayon İcra Hakimiyyəti rəhbərliyinə təşəkkürünü bildirib.

MŞ İdarə Heyətinin üzvü, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, rayonlardan KİV-lərə olunan şikayətlərin araşdırılması prosesində rəsmi mövqenin əldə olunması ilə bağlı problemlər mövcuddur. O, həmçinin vətəndaşların hansısa məsələ ilə əlaqədar narazılığının ictimaiyyətə açıqlanmasının ümumən dövlətə xeyirli tərəflərindən söz açıb. Məmurların öz işlərində həssas olmalarının vacibliyini bu baxımdan əsaslandırıb. Baş redaktor eyni zamanda icra başçısının media nümayəndələrini rayona dəvət etməsini, əhali ilə görüşlər aparmalarına təşviq edən çağırışını cəsarətli addım kimi dəyərləndirib.

Keçirilən görüşün media-məmur münasibətləri nöqteyi-nəzərdən faydalılığına konkret misallarla aydınlıq gətirən MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Mətbuat Şurası tərəfindən əsası qoyulmuş bu ənənənin hazırda media mühitində nəzərə çarpan müsbət tendensiyalarda böyük pay sahibi olduğunu vurğulayıb. V.Rəhimzadə eyni zamanda bildirib ki, yeni şəraitdən asılı olaraq qarşılıqlı əməkdaşlığın ən səmərəli tərəflərinə müraciət edilməli, bunun formalaşması istiqamətində əməli iş görülməlidir: «Elə bilirəm ki, tədbirimiz bu baxımdan əhəmiyyətli nəticələrin əldə olunmasına, əməkdaşlığın daha səmərəli formada qurulmasına kömək göstərəcəkdir».

«Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu da çıxışında eyni fikri bölüşüb. O, həmçinin qeyri-obyektiv tənqidin ziyanlı tərəflərinə diqqət çəkib: «Əlbəttə, qeyri-obyektiv tərif də faydalı ola bilməz. Hər hansı hadisə ilə bağlı bilgiləri cəmiyyətə çatdırarkən peşəkar yanaşma vacibdir. Hesab edirəm ki, bu yanaşma varsa, cəmiyyət daha çox fayda götürəcək».

{img2}{img1}MŞ İdarə Heyətinin üzvü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin rəhbəri İlham İsmayılov təmsil olunduğu Salyan rayonunda sözə, sözün qüdrətinə hər zaman böyük önəm verildiyini vurğulayıb və bildirib ki, mövcud amil bölgənin spesifik xüsusiyyəti kimi daim nəzərə alınır. «Salyan Azərbaycan tarixinə misilsiz dühalar bəxş etmiş rayondur. Onların hər birinin irsi ictimai fikir, məfkurə qaynağıdır və həmin şəxslər öz baxışlarını mətbuat vasitəsilə ifadə ediblər. Buna görə də bölgədə söz sənətinə daim qiymət verilir. Bu qiymət idarəçilikdə də özünü göstərir. Rayonda aparılan quruculuq və abadlıq işləri, tədbirlərin insan amilini nəzərə alaraq reallaşdırılması daim nikbin ovqat yaradır», - deyə o vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavanşir Feyziyev qeyd edib ki, medianın paytaxtla yanaşı, hansısa bölgədə baş verən hadisə və prosesə həssas yanaşması müsbət haldır. Burada nöqsanların mövcudluğunu da təbii qarşılayan C.Feyziyev onu da bildirib ki, media ilə məmurların qarşılıqlı əməkdaşlığı məhz obyektiv həqiqətlərin üzə çıxarılmasına xidmət göstərməlidir və bu xidmət eyni zamanda ictimai missiya kimi hər iki qütb tərəfindən düzgün qarşılanmalıdır.

MŞ İdarə Heyətinin üzvü, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev məmur-jurnalist münasibətlərində son zamanlar müsbət irəliləyişlərə nail olunduğunu müxtəlif misallarla əsaslandırıb. «Əvvəllər məmurlar hansısa məsələ ilə bağlı jurnalistlərin ümumən yazmamalı olduqlarını deyirdilər. Müsbət haldır ki, hazırda bu tendensiya müşahidə olunmur və daha çox obyektiv tənqid üzərində dayanılır. Ancaq hər hansı məsələyə obyektiv yanaşılması üçün məmurlar da öz üzərinə düşən vəzifəni doğru şəkildə yerinə yetirməlidirlər. Hesab edirəm ki, bu kimi görüşlər qarşılıqlı vəzifələrin müəyyənləşdirilməsi və ondan irəli gələn işlərin görülməsi baxımından böyük önəm daşıyır», - deyə o vurğulayıb.

Yaşadığımız dövrdə medianın dinamik inkişaf xətti götürdüyündən bəhs edən «Xalq cəbhəsi» qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, mövcud xəttin mahiyyətinin dövlət və hökumət qurumları tərəfindən anlayışla qarşılanması zəruridir. Çünki bu, informasiya cəmiyyətinin müasir standartları nöqteyi-nəzərdən önəmlidir: «İnformasiya resurslarının sayının durmadan artması qaçılmaz reallığa çevrilib. Buna görə də hesab edirəm ki, dövlət qurumları onların tələbatını ödəmək üçün daha çevik şəkildə fəaliyyət göstərməlidirlər».

MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinn jurnalistika fakultəsinin dekanı Şamil Vəliyev çıxışında deyib ki, dahi Üzeyir Hacıbəyovun bir vaxtlar «Azərbaycan» qəzetində yazdığı «Vətən abadlığı, millət salamatlığı, camaat tərəqqisi, dövlət intizamı» deyimi bu gün üçün də aktualdır və məmur-jurnalist münasibətlərində başlıca fəaliyyət devizinə çevrilməlidir.

MŞ İdarə Heyətinin üzvü, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı jurnalistlərə informasiya verilməsinin yerlərdə görülən işlərin təbliği baxımından da vacibliyini vurğulayıb. Bildirib ki, məhz buna görə də icra hakimiyyətləri cəmiyyətə məlumat ötürülməsində maraqlı olmalı, mövcud prosesin müxtəlif vasitələrindən yararlanmalıdırlar: «Hesab edirəm ki, belə fəaliyyət göstərildiyi təqdirdə cəmiyyətdə çaşqınlıq yarada biləcək xəbərlər də dövriyyəyə girməyəcək».

A.Aşırlı eyni zamanda dahi Əli bəy Hüseynzadənin 150 illiyinin yaxınlaşdığını diqqətə çatdırıb. O, bütövlükdə türk dünyasında misilsiz rol oynamış bu şəxsiyyətin Salyanla bağlılığını dünyaya tanıtdırmaq üçün rayonda xüsusi elmi-tədqiqat mərkəzinin yaradılmasını təklif edib. Toplantıda təklifin əməli iş müstəvisində dəyərləndirilməsi üçün digər təşəbbüslər də qaldırılıb, müvafiq göstərişlər verilib.

Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib


Dekabrın 4-də Salyan rayonunun Qaraçala qəsəbəsində Mətbuat Şurası İdarə Heyətinin səyyar iclası keçirilib. Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin yerli ofisində baş tutmuş iclasda iki məsələyə baxılıb.
MŞ sədri Əflatun Amaşov bildirib ki, il başa çatmaqdadır və buna görə də Şura 2013-cü ildə gördüyü işlər barədə hesabat hazırlayıb cəmiyyətə təqdim etməlidir. Eyni zamanda 2014-cü ilin iş planı da hazırlanmalıdır.
MŞ İdarə Heyətinin üzvləri çıxışlarında cari ildə görülmüş işlərə nəzər saldılar və hesabatın müxtəlif detallarını müəyyənləşdirilməsi üçün təkliflərini səsləndirdilər. Qərara alındı ki, Şuranın Katibliyi bununla bağlı müvafiq işləri həyata keçirsin. Hesabatın və 2014-cü il üçün iş planının İdarə Heyətinin dekabr ayının sonlarında keçiriləcək iclasında müzakirəyə çıxarılması məqsədəmüvafiq sayıldı.

İclasda həmçinin Şuranın Şikayətlər üzrə Komissiyasının 28 noyabr 2013-cü il tarixli iclasında qəbul olunmuş rəyləri əsasında qərarlar çıxarılıb. Qərarın birində «Azadlıq» qəzetinin plagiata yol verdiyi, tarixçi-jurnalist Təranə Cəbiyevanın müəlliflik hüququnu pozduğu müəyyənləşdirilib. Digər məsələdə Sabunçu və Xəzər Telefon Qovşaqlarının «Yüksələn Azərbaycan» qəzeti ilə bağlı şikayəti əsas götürülərək mətbu nəşrə MŞ-nin xəbərdarlığının elan olunması barədə qərar verilib. Göyçay Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Mətanət Rəsulovanın «Zaman press» qəzetinə, Laçın Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin «azerinfo.az» saytına qarşı müraciətləri nəzərə alınaraq bu kütləvi informasiya vasitələrinə də xəbərdarlıq olunması zəruri sayılıb.
URL / WWW
http://atxem.az/news/a-15381.html