Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» “Azərbaycan və Türk diaspor təşkilatlarının daim birgə fəaliyyət göstərməsini zəruri sayırıq”
29.12.14 14:42
İlham İsmayılov: “Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının gördüyü işləri müsbət mənada qiymətləndiririk”
Artıq neçə illərdir ki, 31 dekabr-Dünya Azəbaycanlılarının Həmrəylik Günü həm ölkəmizdə, həm də ondan kənarda geniş şəkildə qeyd edilir. Hər ilin bu günü dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar bir araya gələrək həmrəylik, birlik nümayiş etdirirlər. Bəs görəsən xaricdə yaşayan soydaşlarımız doğrudanmı sözün həqiqi mənasında həmrəydirlər? Bu və ya digər suallarla bağlı Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovla söhbətləşdik.
-İlham müəllim, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin təsis edilmə tarixi 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününə təsadüf edir. Bu mənada ATXƏM sədri olaraq necə düşünürsünüz, bu gün dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, diaspor təşkilatlarımız sözün həqiq mənasında həmrəylik nümayiş etdirirlərmi?
-Bu suala cavab vermək üçün ilk növbədə 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyəti, o dövrün ictimai-siyasi həyatına qısa nəzər salmaq lazımdır. Əvvəla onu qeyd edim ki, 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan millətinin ümumdünya birlik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir.
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın əksəriyyət ölkəsində azərbaycanlılar tərəfindən yüksək səviyyədə qeyd olunur. Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycanəsilli diaspor nümayəndələri də qeyd edirlər. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Bu vaxt İstanbulda türkdilli xalqların konfransı keçirilirdi. Konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verildi.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir. Azərbaycanlılar bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.
O ki, qaldı diasporumuzun, dünyada yaşayan soydaşlarımızın həmrəy, birlik şəkilində fəaliyyətinə, əslində bu gün diasporumuza fərqli baxışlar mövcuddur. Diaspor təşkilatları ilə yaxşı ünsiyyət qurub onlarla yaxından əməkdaşlıq edən, işləyən insanların çoxu bəzən “diasporumuz işləmir” deyimi ilə razılaşmırlar. Çünki onlar müəyyən bir işin içərisindədirlər və diaspor təşkilatlarının gördüyü işlərin əyani şahidləridir. Biz ATXƏM olaraq dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının gördüyü işləri müsbət mənada qiymətləndiririk. Ola bilsin ki, bu gün onların bir qisminin fəaliyyəti zəif, dağınıq görünə bilir. Yaxud diaspor təşkilatları arasında tam olaraq birlik əldə edilməyib. Bunlar problem olaraq qalır. Ancaq hesab edirəm ki, həmin birlik formalaşdırıldıqdan sonra ayrı-ayrılıqda zəif görünən diaspor təşkilatlarının da əslində çox böyük gücə malik olduğunun bir daha şahidi olacağıq.
-Bəs siz təşkilat olaraq bu prosesə hansı formada təkan verirsiniz?
-Bir çox hallarda vurğulanır ki, biz birləşməli və birgə mübarizə aparmalıyıq. Ancaq bu birləşmə modeli nədən ibarət olmalıdır, məlum deyil. Hesab edirəm ki, ortaya konkret bu məsələ qoyulmalıdır. Bunun üçün ATXƏM dörd əsas məsələyə diqqət yetirir. Birincisi, beynəlxalq hüquq səviyyəsində Ermənistanın işğalçılıq faktını təsdiqləyən BMT-nin dörd əsas qətnaməsinin icra edilməsi və ya onun daim gümdəmdə saxlanması üçün birgə fəaliyyətimiz olmalıdır. İkincisi, qondarma erməni soyqırımı iddialarının qarşısına tutarlı bir fakt qoyulmalıdır ki, bu da ermənilər tərəfindən Xocalıda törədilən soyqırım ola bilər. Biz bununla ermənilərin soyqırıma məruz qalan deyil, məhz soyqırım törədən bir xalq olduğunu dünyaya göstərməliyiik. Qondarma dediyimiz “erməni soyqırımı”nın həqiqətən uydurma olduğunu tarixi mənbələrdən bilirik. Çünki tarixi mənbələrdə soyqırım faktını təsdiqləyən hər hansı bir dəlil yoxdur. Məhz bunu nəzərə alaraq biz üçüncü önəmli addım kimi tarixi mənbələrin açılmasını vacib hesab edirik. Əslində Türkiyə dövləti hər zaman tarixi mənbələrin, arxivlərin açılmasına tərəfdar olduğunu bəyan edir. Biz də vətəndaş cəmiyyəti institutları, diaspor təşkilatları olaraq tarixi arxivlərin açılması təşəbbüsünü reallaşdırmaq üçün ermənilərin üzərinə getməliyik. Təbii ki, ermənilər və Ermənistan dövləti “soyqırım” iddiasının uydurma olduğunun üzə çıxacağından ehtiyatlanaraq hər zaman bu məsələdən yayınır. Biz beynəlxalq miqyasda fəaliyyətimizi daha aktivləşdirib tarixi arxivlərin açılmasına çalışmalıyıq. Nəhayət, dördüncü istiqamət olaraq Azərbaycan və Türk diaspor təşkilatlarının daim birgə fəaliyyət göstərməsini zəruri sayırıq. Məlum olduğu kimi bir müddət əvvəl Türkiyədə yenidən Ermənistanla sərhədlərin açılması ilə bağlı yeni təşəbbüslər ortaya çıxdı və bununla bağlı geniş bir konfrans keçirildi. Hesab edirəm ki, Türkiyə ilə Ermənistan arasındakı sərhəddin açılmasına çalışan qüvvələr daim hərəkətdədirlər. Düşünürəm ki, bütün diaspor təşkilatları hər zaman Türkiyəyə sərhəddin bağlanmasına səbəb olan üç əsas amili xatırlatmalıdır. Bu günə qədər Ermənistan həmin üç əsas səbəbi nəinki aradan qaldırmayıb, hətta o istiqamətə doğru yaxınlaşmaq belə istəməyib. Həmin səbəblər aradan qaldırılmayana qədər Ermənistanla sərhəddin açılması məsələsi gündəmə gəlməməlidir. Hesab edirəm ki, Azərbaycan və Türk diasporlarının birliyi yalnız tədbirlərdə səslənən şüarlarla olmamalıdır. Eyni zamanda əməli işdə də birliyimizi tam formalaşdırmalıyıq.
-Bəs qondarma soyqırımın bundan sonra daha geniş aspektdə tanınmaması üçün biz fəaliyyətimizi necə qurmalıyıq?
-Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin nizamnaməsində türk xalqları, o cümlədən bütün türk diasporları ilə əməkdaşlığın qurulması məsələsi əsas yer alır. Məlum olduğu kimi 2015-ci il, aprelin 24-də ermənilər uydurduqları soyqırımın 100 illiyinə hazırlaşırlar. Ermənilər qondarma soyqırımın 100 illiyinə aylarla, illərlə hazırlaşdığı bir halda biz yalnız 3-4 ay qalmış aktivləşir, müəyyən qabaqlayıcı tədbirlər görməyə çalışırıq. Hesab edirəm ki, bu istiqamətdə biz də davamlı fəaliyyət göstərməliyik. 3-4 ay qalmış müəyyən tədbirlər keçirib sonra sakitləşməməli, fəaliyyətimizdə passivlik yaranmamalıdır. Çünki sonradan bu qondarma soyqırımın 150, 200 illliyi qeyd olunacaq. Ona görə də maksimum dərəcədə qüvvələrimizi səfərbər edib erməni yalanlarını ifşa etməliyik. Biz hər ötən ilə nəzər yetirdikdə görürük ki, tarixi reallıqlardan uzaqlaşdıqca, aktiv fəaliyyət göstərmədikcə ermənilər daha çox təsir etməyə çalışırlar. Bütün bunları nəzərə alaraq Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin fəaliyyətində 4 əsas istiqamət müəyyən edilib.
-Moldovalı ombudsman Aureliya Qriqoriya ilə ATXƏM-in gələcək əməkdaşlığı hansı formada müəyyənləşəcək?
-Moldovalı ombudsman Aureliya Qriqoriya keçən il Azərbaycana səfər etdikdən sonra ATXƏM onunla əməkdaşlığını rəsmiləşdirdi və əməkdaşlıq protokolu imzalandı. Həmin əməkdaşlıq protokoluna uyğun olaraq Aureliya Qriqoriyaya ATXƏM-in xarici ölkələrdə keçirilən bütün konfranslarına ekspert kimi qatılmaq hüququ vermişik. Məlum olduğu kimi moldovalı ombudsmanın Ermənistandakı çıxışından sonra erməni diasporu hər zaman ona təzyiq etməyə çalışır. Ona qarşı olan bu kimi təzyiq və təsirlərin qarşısının alınması üçün bütün dünyada fəaliyyət göstərən Azərbaycan və Türk diasporlarının moldovalı ombudsmanı müdafiə etməsi məsələsini də ATXƏM öz üzərinə götürüb. Yəni Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi bu məsələdə hər zaman moldovalı ombudsmana dəstək olacaq. Məlumat üçün qeyd edim ki, cari il ərzində Aureliya Qriqoriya bir neçə dəfə Azərbaycana səfərə gəlib və ortaq layihələrimizdə iştirak edib.
Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
"Olaylar"
URL / WWW
http://atxem.az/news/a-15422.html