Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » «Azərbaycanlıların soyqırımı: XX əsrin insanlığa qarşı cinayətidir» mövzusunda konfrans keçirilib
03.02.15 00:56



Fevralın 2-də Beynəlxalq Mətbuat Mərkəzində «Azərbaycanlıların soyqırımı: XX əsrin insanlığa qarşı cinayətidir» mövzusunda konfrans keçirilib. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM), Azərbaycan Mətbuat Şurasının və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə baş tutmuş toplantını giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açıb.


{img2}{img1}Ə.Amaşov çıxışında ermənilərin zaman-zaman azərbaycanlılara və bütövlükdə türklərə qarşı etnik təmizləmə siyasəti həyata keçirdiklərini vurğulayıb. O bildirib ki, mövcud siyasətin XX əsrdəki ən böyük təzahür forması Xocalı soyqırımıdır. «Azərbaycan dövləti Xocalı faciəsinin məhz soyqırımı aktı kimi tanıdılması istiqamətində xeyli məhsuldar işlər həyata keçirib. Bu işlərə ictimai sektordan, o cümlədən mediadan da dəstək hər zaman olmalıdır. Azərbaycan Mətbuat Şurası, ATXƏM və Milli QHT Forumu bu zərurəti dəyərləndirərək belə bir konfrans düzənləməyi qərara alıb», - deyən Ə.Amaşov məlumat verib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı”nı təsdiq edib. Plana əsasən görüləcək işlərdən söz açan Şura sədri qarşıdakı müddətdə mövcud istiqamətdə digər toplantıların da gerəkləşdiriləcəyini diqqətə çatdırıb.

{img4}{img3}MŞ İdarə Heyətinin üzvü, ATXƏM sədri İlham İsmayılov rəhbərlik etdiyi qurumun Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı istər ölkə daxilində, istərsə də xaricdə geniş tədbirlər həyata keçirəcəyini vurğulayıb. Bu baxımdan Belçikanın paytaxtı Brüsseldə aksiyaların təşkil olunacağını qeyd edən İ.İsmayılov görüləcək işlərin həmçinin ermənilərin qondarma «erməni soyqırımı» iddiasının 100-cü ildönümü ilə bağlı fəaliyyətinə qarşı ideoloji cəbhə yaratmaq mahiyyəti daşıdığını bildirib. O, hazırkı zaman kəsiyində dünyada baş verən proseslərin Azərbaycanın xeyrinə işlədiyini qabardıb, bundan lazımınca faydalanmanın milli maraqlarımız baxımından əhəmiyyətli cəhətlərinə nəzər salıb, Azərbaycanın diaspor təşkilatları ilə işin daha səmərəli şəkildə qurulmasına ehtiyacın duyulduğunu söyləyib.

{img6}{img5}Milli QHT Forumunun rəhbəri Rauf Zeyni Ermənistan rəhbərliyində təmsil olunan şəxslərin cinayətkar əməllərinin isbatı üçün imza toplanıldığını deyib. Bunun üçün ölkə ictimaiyyətinin dəstəyinin zəruriliyini əsaslandırıb. R.Zeyni eyni zamanda müxtəlif qeyri-hökumət təşkilatlarının Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması istiqamətindəki fəaliyyətində də söz açıb. Görülən işlərin daha da intensivləşdirilməsinin vacibliyini qeyd edib.

Tədbirdə iştirak edən nüfuzlu insan haqları müdafiəçisi, Moldova ombudsmanı Aureliya Qriqoriu Azərbaycan xalqının başına gətirilmiş faciələrin dünya ictimaiyyətinə çatdırılmasının bütövlükdə bəşəri dəyərlərə qarşı yönəlmiş cinayətlərin qarşısının alınması baxımından əhəmiyyətinə toxunub. O bu mənada Xocalı faciəsinə xüsusi diqqət yetirilməli olduğunu deyib, faciənin soyqırımı aktı olaraq qəbulunun önəmindən danışıb. Xocalı ilə bağlı Moldova parlamentində müzakirələrin keçirildiyini deyən A.Qriqoriu ölkəsində 20 Yanvar faciəsinin ildönümü ilə əladəqar müvafiq təbliğat işlərinin gerçəkləşdirildiyini, aksiyaların düzənləndiyini də diqqətə çatdırıb.

{img8}{img7}Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxışına ermənilərin öz ata-baba yurdlarını ziyarət etməyə gedən Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı qurduqları məhkəmə prosesinin qondarma mahiyyətini qabartmaqla başlayıb. Dünyada mövcud olan ikili standartlar siyasətinə toxunan B.Səfərov onu da bildirib ki, beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycan həqiqətlərinə çəkmək üçün daha sistemli şəkildə fəaliyyət göstərilməlidir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin böyük məsləhətçisi Məhsəti Əliyeva Azərbaycan dövlətinin Xocalı faciəsinin dünya birliyinə tanıdılması istiqamətində gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıb. O, dünyanın bir sıra ölkələrində Xocalı soyqırımının tanınmasını konkret uğur kimi dəyərləndirib. M.Əliyeva eyni zamanda Heydər Əliyev Fondunun mövcud istiqamətdəki fəaliyyətinin effektivliyini əsaslandırıb.

{img10}{img9}Dünya Azərbaycanlıları Konqresinin sədri Cavad Derəxti İsveçdə yaşayan soydaşlarımızın Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı sistemli tədbirlər reallaşdıracaqlarını diqqətə çatdırıb. O, İsveç parlamentinin binası qarşısında mitinqlərin təşkil olunacağını, habelə parlamentdə müzakirələrin keçiriləcəyini diqqətə çatdırıb.

MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə azərbaycanlıların üzləşdikləri faciələr haqqında dünya birliyinin məlumatlandırılmasında medianın rolundan söz açıb. Bu rolun qeyri-hökumət təşkilatları ilə qarşılıqlı fəaliyyət müstəvisində daha da artırılmasının vacibliyini vurğulayan V.Rəhimzadə bildirib ki, mövcud istiqamətdə elektron informasiya resurslarından, o cümlədən sosial şəbəkələrdən səmərəli istifadə son dərəcə önəmlidir.

{img12}{img11}Ombudsman aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli təmsil olunduğu qurumun Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə tanıdılmasına yönələn fəaliyyətindən söz açıb. Görülən işlər nəticəsində ABŞ-ın 16 ştatının Xocalı faciəsini insanlığa qarşı bəşəri cinayət - soyqırımı kimi tanıdığını vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev Xocalı həqiqətlərini dünyaya tanıtmaq istiqamətindəki addımlardan biri olaraq dəhşətli faciəni törədənlərə qarşı məhkəmə prosesinin qurulmasının vacibliyindən bəhs edib. Araşdırmaçı Jurnalistlər Liqasının sədri Qafar Çaxmaqlı çıxışında bu fikri dəstəkləyib və bildirib ki, Xocalı faciəsi ilə əlaqədar istintaq materiallarının cinayət əməli törətmiş şəxslər üzərində mühakimənin başlanmasına kifayət qədər dolğun əsaslar verir.

{img13}Çıxış edənlərdən əməkdar jurnalist, MŞ-nin Ahıl Jurnalistlər Məclisinin rəhbəri Yusif Kərimov, MŞ-nin sədr müavini Umud Rəhimoğlu, MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas və başqaları qeyd ediblər ki, Xocalı faciəsinin beynəlxalq aləmə tanıdılması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli baxımından son dərəcə mühüm mərhələdir.

Konfransın sonunda qeyri-hökumət təşkilatlarının və media qurumlarının təmsilçilərinin Xocalı faciəsi ilə bağlı beynəlxalq ictimaiyyətə ünvanladıqları bəyanat səsləndirilib.

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və media qurumlarının

BƏYANATI


Biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və media qurumları 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlıları tərəfindən törədilmiş soyqırımın 23-cü ilində Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, ümumən dünyanın mütərəqqi ictimaiyyətinə müraciət edir, təkcə Azərbaycan xalqına deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş soyqırımı cinayətinə biganə qalmamağa, dünyada analoji faciələrin bir daha təkrarlanmaması üçün cinayətkarların cəzalandırılmasında qətiyyətli mövqe nümayişinə çağırırıq.

1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə azğınlaşmış erməni quldur birləşmələri keçmiş sovet imperiyasının 366-cı motoatıcı alayının bilavasitə dəstəyi ilə mühasirəyə aldıqları Xocalıda əvvəlcədən hazırladıqları məkrli planı həyata keçirdilər. Nəticədə 63-ü uşaq, 106-ı qadın, 70-i qoca olmaqla 613 nəfər dinc azərbaycanlı amansızlıqla qətlə yetirildi, 487 nəfər yaralandı, 1275 nəfər girov götürüldü.

Tarixi faktlar təsdiq edir ki, ermənilər zaman-zaman azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırımı, etnik təmizləmə siyasəti həyata keçirmişlər. Bu siyasətin ağır nəticələrini iki milyondan artıq azərbaycanlı, türk və digər müsəlman xalqları müxtəlif vaxtlarda öz üzərilərində hiss etmişlər. Xüsusilə XX əsrdə azərbaycanlılara qarşı törətdikləri cinayətlərin cəzasız qalması onları daha da ruhlandırmışdır. Bütün bunlara rəğmən daim özlərini məzlum və soyqırıma məruz qalan xalq kimi təqdim etmişlər. Mövcud mənada erməni lobbi və diaspor təşkilatlarının 100 illiyini qeyd etməyə hazırlaşdıqları “erməni soyqırımı” iddiasının qondarma və cəfəng mahiyyətinə nəzər salmaq kifayətdir.

Biz Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və media qurumları hesab edirik ki, Xocalıda dinc əhaliyə, ahıllara və uşaqlara qarşı törədilmiş amansız qətliamlar bəşəri dəyərlərə, müasir dünya düzəninin dinc və birgəyaşam qaydalarına kökündən vurulmuş zərbədir. Bu cür dəhşətli faciəni həyata keçirənlərin hələ də məsuliyyətə cəlb olunmamaları insanlıq adına utanverici haldır.

Xocalı faciəsinin miqyası BMT-nin 9 dekabr 1948-ci ildə qəbul etdiyi və 12 yanvar 1951-ci ildə qüvvəyə minmiş “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” konvensiyada təsbit olunmuş müvafiq prinsiplərlə uyğunluq təşkil edir. Bu faciə beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhvinə yönələn cinayətlərdən biridir və bütün dünyada soyqırımı kimi qəbul olunmalıdır. Azərbaycan ictimaiyyətinin dünya birliyindən gözlədiyi məhz budur. Xocalıya ədalət tələb edirik!

Biz, Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və media qurumlarının nümayəndələri dünyada milli, etnik, dini, irqi ayrıseçkiliyə qarşı olduğumuzu bəyan etməklə, bu cür halları törədən şəxslərin və qrupların layiqli cəzalarını almaları üçün dünya birliyini təkidlə mübarizəyə, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı faktına biganə qalmamağa, Xocalı soyqırımına obyektiv hüquqi-siyasi qiymət verməyə çağırırıq. Əmin olun ki, bu qiymət təkcə Azərbaycan xalqının haqq işinə dəstək yox, eyni zamanda böyük insanlıq borcudur.

Bakı şəhəri, 2 fevral 2015-ci il.
URL / WWW
http://atxem.az/news/a-15426.html