Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Keçmiş səfir Arif Məmmədovun ermənilərlə işbirliyi
18.08.15 08:00



Artıq bir neçə aydır ki, İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı missiyasının keçmiş rəhbəri Arif Məmmədov sosial medianın gündəmindədir.

Keçmiş səfir Azərbaycanın diplomatiya tarixində ilk dəfə olaraq, Bakıda yaşayış binasında baş verən yanğından sonra sosial mediada paylaşdığı tənqidi statusu ilə gündəmə gəldi. Bir diplomatın təmsil olunduğu hakim qüvvəyə bu cür reaksiyası nə qədər gözlənilən olmasa da, ilk əvvəl bunu sadəcə bir vətəndaş mövqeyi kimi izah etmək olardı. Lakin sonrakı proseslər göstərdi ki, Arif Məmmədov sadəcə bu məlum reaksiyası ilə yetinmədi, daha da irəli gedərək, hakimiyyət xülyasının olduğunu, özünü müxalif qüvvələrin yeni lideri timsalında təqdim etməyə başladı. Hətta nə qədər qəribə görünsə də, onun bu avantürasına inananlar, müxalif düşərgənin yeni lideri kimi görənlər də oldu.

"Üsyankar səfir" olaraq Azərbaycan ictimai fikrinə sırınan Arif Məmmədovun fəaliyyətindən (əslində antimilli fəaliyyət) məlumatsız olan bir çox insanlar isə bəzən onun təbliğatçısına çevrilir, hətta onun Azərbaycan prezidenti postuna namizədliyini irəli sürdüyünü və özünün “Azərbaycan-2025” adlı siyasi proqramını da açıqladığını bildirirlər.

Bir təşkilat rəhbəri olaraq, Avropanın siyasi mərkəzləri hesab olunan Strasburq və Brüssel şəhərində Xocalı soyqırımı ilə bağlı keçirdiyimiz layihələr bu şəhərlərdə Azərbaycan səfiri olan Arif Məmmədovun diplomat kimi fəaliyyətinə şahid olmağa mənə də fürsət verdi. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) 2010-2013-cü illərdə Strasburq şəhərində Strasburq "Azərbaycan Evi" ilə birgə keçirdiyi Xocalı soyqırımı yürüş-mitinqinə Azərbaycan səfirliyinin dəstək verəcəyini gözlədiyimiz halda, yazılı müraciətimizə baxmayaraq, səfirlik tərəfindən bizə heç bir dəstək verilmədi. Strasburqda yaşayan və təhsil alan azərbaycanlı tələbələr Strasburqun "Kliber" meydanında təşkil olunmuş və rəsmi icazə alınmış mitinqə mobil şəkildə səfərbər olunub toplanmadı. Mən səfirin bu tədbirlərin keçirilməsindən heç də məmnun olmadığını müşahidə etdim.

2010-cu il fevral ayında mənimlə birlikdə Prezident Adminstrasiyasının sektor müdiri Qafar Əliyev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Dağlıq Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvü Cavid Əliyev, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin, Strasburq "Azərbaycan Evi"nin rəhbəri Mustafa Əlincə və türk diaspora nümayəndələrinin daxil olduğu Azərbaycan nümayəndə heyəti ilə görüş zamanı səfir Arif Məmmədov bizə bildirirdi ki, o səfir olaraq Ermənistanın Strasburqdakı səfiri ilə anlaşma aparıb ki, bu ölkədə hər iki səfir neytral mövqe nümayiş etdirəcək, bir-birlərinə qarşı fəaliyyətdə olmayacaqlar. Təbii ki, səfirin bu fikirləri bizim üçün gözlənilməz olduğundan sərt reaksiya verməli olduq. Necə ola bilərdi ki, Azərbaycanın 20 faiz torpaqlarını işğal edən bir ölkənin səfiri ilə Azərbaycanın səfiri anlaşma aparsın ki, onlar bir-birinin əleyhinə fəaliyyət göstərməyəcəklər. Lakin bir neçə il ərzində Strasburqda təşkil etdiyimiz Xocalı soyqırımı yürüş-mitinqində səfir Arif Məmmədovun laqeyd münasibətinin, dəstək əvəzinə maneə törətdiyinin əyani şahidinə çevrildik. Keçmiş Azərbaycan səfiri mitinqlərə dəstək verməməyinin səbəbini həm də diplomatik korpusun bu məsələlərə neytral münasibətilə izah edirdi. Lakin Türkiyənin Strasburqdakı baş konsulu Sibel xanım Alqan Xocalı soyqırımına həsr olunmuş bu mitinqlərdə şəxsən iştirak etdiyi halda, Azərbaycan diplomatının bu ümummilli faciəyə belə laqeyd yanaşması çox təəccüb doğururdu.

Avropanın siyasi mərkəzi hesab olunan Strasburqda "Azərbaycan Evi"nin fəaliyyət göstərməsi, milli maraqlarımız uğrunda apardığı mücadilə dəstəklənmək əvəzinə, səfir Arif Məmmədov tərəfindən laqeydliklə qarşılanır, hətta bu diaspora təşkilatının fəaliyyət göstərməsi səfir tərəfindən arzu olunmurdu. Məhz bu istəyin nəticəsi olaraq, Strasburqdakı "Azərbaycan Evi"nin rəhbəri Mustafa Əlincənin təbirincə desək, səfir Arif Məmmədovun günahı ucbatından bu təşkilat öz fəaliyyətini dayandırmalı oldu. Mustafa Əlincə Strasburqda fəaliyyət göstərən bu diaspor təşkilatımızın bağlanmasının əsl səbəbini belə açıqladı bizə: "Səfir Arif Məmmədov Strasburqdakı “Azərbaycan Evi"nə gedib-gələn insanlardan yalançı, saxta donoslar yazırdı. Eyni zamanda “Azərbaycan evi”nin saxlanması üçün toplanan pulları mənimsəyirdi". Təbii ki, iki il bundan əvvəl fəaliyyətini dayandıran Strasburq "Azərbaycan Evi"nin bağlanmasına yalnız səfir Arif Məmmədov deyil, həm də bu şəhərdə yaşayan erməni lobbisinin nümayəndələri sevinirdilər.

Arif Məmmədovun 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyinin rəhbəri olduğu vaxtlarda bu qurumun saxlanılmasına ayrılan büdcə vəsaitlərinin qanunsuz istifadəsi, rəsmi sənədlərə yalan məlumatların daxil edilməsi və bir sıra ciddi maliyyə pozuntularına yol verilməklə dövlətə külli miqdarda zərər vurulması ehtimalı nəzərə alınaraq yoxlama materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış araşdırmalarla həmin faktlar öz təsdiqini tapıb və o artıq vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə küllü miqdarda dövlət vəsaitini mənimsəməkdə təqsirli bilinir. Arif Məmmədov bu cinayətlərini gizləmək üçün özünü siyasi disident kimi göstərməyə cəhd edir. Özünü Azərbaycanda yeni siyasi lider kimi təqdim etməklə xalqı, xüsusən gəncləri dövlətə itaətsizliyə çağırır. Sirr deyil ki, Azərbaycana qarşı aparılan beynəlxalq anti-kompanyada erməni lobbisi və diaspora təşkilatlarının payı yetərincədir. Fikrimcə, Arif Məmmədovun erməni lobbisi və diaspor təşkilatları ilə təmasları və əlaqələri də ciddi araşdırılmalıdır. Hərhalda keçmiş səfirin ermənilərlə anlaşma alışqanlığı mövcuddur.

İlham İsmayılov
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri
URL / WWW
http://atxem.az/news/a-15441.html