Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» Qərbin ikili standartları, təcavüzkarlara bəslənən fərqli münasibət
17.09.15 14:07
Avropanın gözündə Rusiya pis, Ermənistan isə yaxşı təcavüzkardır
Azərbaycan hər zaman beynəlxalq aləm tərəfindən ikili standartlarla qarşılaşıb, ölkəmizə qarşı ədalətsiz yanaşma, qeyri-obyektiv münasibət özünü göstərib. Xüsusilə, mühüm əhəmiyyətli siyasi, mədəni-kütləvi tədbirlər ərəfəsində bu münasibət özünü büruzə verib. Hazırda da eyni situasiya müşahidə edilməkdədir. Ölkənin siyasi həyatı üçün mühüm əhəmiyyət daşıyan parlament seçkiləri ərəfəsində yenidən Azərbaycan ikili standartlar, ədalətsiz mövqe ilə üzləşib. Bir neçə gün əvvəl qəbul edilmiş Avropa Parlamentinin məlum qətnaməsi deyilənləri təsdiqləyir. Başdan-ayağa şər, böhtan, obyektivlikdən tamamilə uzaq fikirlərlə dolu olan qətnamənin siyasi sifariş, Azərbaycana qarşı təzyiq vasitəsi olduğu açıq-aşkar görünür. Belə ki, qətnamədə yalnız Avropanın arzu etdiyi məsələlər, detallar əksini tapıb. Sənəddə bir kəlmə belə Dağlıq Qarabağ problemindən söhbət açılmaması, bu problem nəticəsində bir milyona yaxın azərbaycanlının hüquq və azadlıqlarının pozulmasına toxunulmaması ikili standartların bariz nümunəsi sayıla bilər.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov deyib ki, Dağlıq Qarabağ problemi meydana gələn gündən Azərbaycana qarşı ədalətsiz mövqe, ikili standartlar nümayiş etdirilib, bizim hüquqlarımız tanınmayıb: “İşğalçı və işğala məruz qalan tərəf ortada olduğu halda Azərbaycandan kompromis tələb edilib. Hər vasitə ilə çalışılıb ki, Azərbaycan müəyyən güzəştlərə getsin. Əgər Qərbin, Avropanın belə bir istəyi olmasaydı, o halda ötən illər ərzinə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Qarabağ probleminin həlli ilə bağlı qəbul etdiyi 4 qətnamə, həmçinin ATƏT və Avropa Şurasının müvafiq qərar və qətnamələrinin icrası istiqamətində müəyyən addımlar atılardı. Təəssüflər olsun ki, biz bütün bunların heç birini görmürük. Bu da beynəlxalq təşkilatlar, Qərb və Avropanın Azərbaycana qarşı ikili standartlardan yanaşdığının göstəricisidir”. İctimai Birlik sədri hesab edir ki, bir neçə günlük Rusiya-Gürcüstan hərbi qarşıdurması zamanı demək olar ki, bütün Avropanın Moksvaya qarşı ayaqlanması, bir neçə Avropa liderinin Tbilisiyə gələrək o vaxtkı Gürcüstan rəhbərliyinə dəstək nümayiş etdirməsi, Krımın Rusiya tərəfindən ilhaqı zamanı Avropanın Moskvaya ciddi sanksiyalar tətbiq etməsi baş verdiyi halda, Azərbaycanın 20 faiz ərazilərini işğala məruz qoyan Ermənistana qarşı heç bir ölçü götürülməməsi Qərbin, Avropanın iç üzünü, ermənipərəsət mövqeyini ortaya qoymuş olur. Buradan belə nəticəyə gəlmək olar ki, Avropanın gözündə Rusiya pis, Ermənistan isə yaxşı təcavüzkardır. Ona görə də bundan sonra Qərbdən, Avropadan hansısa ədalət, Dağlıq Qarabağ probleminin həllində obyektiv yanaşma gözləmək yersizdir”.
***
ATXƏM sədrinin sözlərinə görə, bu gün Avropa və Qərbdəki müəyyən dairələr, xüsusilə Ermənistanın maraqlarına xidmət edən çevrələri ən ciddi narahat edən məsələ Azərbaycanın hərbi qüdrətinin getdikcə artması və ölkəmizin işğal altında olan əraziləri azad etməyə tam hazır olmasıdır: “Azərbaycan 20 ildən artıq müddət ərzində problemin sülh yolu ilə həllinə çalışsa da, lakin təssüflər olsun ki, bu missiyanı üzərinə götürən beynəlxalq təşkilatlar məsələnin həlli istiqamətində heç bir addım atmayıblar. Dağlıq Qarabağ probleminin həlli istiqamətində vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupu yalnız erməni maraqlarına xidmət edən təşəbbüs və təkliflər səsləndirir, işğalçı Ermənistana qarşı heç bir təzyiq göstərmir. Yaxud Yerevandan beynəlxalq təşkilatların tələb və qətnamələrinə əməl etməsi istənilmir. Buna qarşılıq olaraq isə işğalçı ölkə Qərbdən, Avropanın müəyyən qurum və quruluşlarından siyasi və iqtisadi dəstək alır. Azərbaycanın işal olunmuş ərazilərində Ermənistanın hərbi təlimlər keçirməsinə seyriçi qalan Avropa, ATƏT-in Minsk Qrupu Azərbaycanın hərbi qüdrətini artırmasından isə qəribə də olsa narahatçılıq keçirir. Dağlıq Qarabağda yaradılmış separatçı rejim rəhbərliyinin Avropaya səfərlərinə göz yumulduğu, hətta ona müəyyən siyasi və maliyyə dəstəyi verildiyi halda Krım probleminə görə Rusiyanın bir sıra rəsmi şəxslərinin Avropa səfərlərinə qadağa qoyulur. Məgər işğalçının, separatçının da yaxşı və ya pisi olur? Budurmu ədalət prinsipi və dövlətləriun ərazi bütövlüyünə hörmət”..
ATXƏM sədri hesab edir ki, Azərbaycanın uğurunu istəməyən Avropadakı bəzi dairələr müntəzəm olaraq ölkəmizlə bağlı qərəzli mövqe ortaya qoyur, şər-böhtan atırlar. Onun sözlərinə görə, Avropa Parlamentinin bir neçə gün əvvəl Azərbaycanla bağlı qəbul etdiyi qətnamə də bunlardan biridir: “Azərbaycanda insan hüquq və azadlıqlarının pozulduğunu iddia edən Avropa Parlamenti prezident İlham Əliyevin qeyd etdiyi kimi güzgüdə özünə baxsa daha yaxşı olar. Əgər Avropa Parlamenti doğurdan da insan hüquq və azadlıqlarına hörmətlə yanaşırsa onda ilk növbədə üzv dövlətlərinin miqrantlara qarşı qeyri-insani hərəkətlərinə diqqət yetirsin. Əgər bu gün ölkələrindəki ağır sosial-siyasi durumdan canını qurtarıb Avropaya üz tutan miqrantlara qarşı fiziki təzyiqlər göstərilir, onlar alçaldılırsa, o halda Avropa Parlamenti hansı insan hüquq və azadlıqlardan bəhs edir? Baxmayaraq ki, bu gün Avropaya üz tutan miqrantlar məhz Avropanın həmin ölkələrdə yaratdığı xaos, anarxiyanın qurbanına çevrilənlərdir. Sual oluna bilər ki, insan hüquq və azadlıqları sənə pənah gətirmiş insana badalaq vurmaqdır? Yaxud miqrantı öz ölkənə buraxmamaq üçün ondan məcburən öz dilini öyrənməyi tələb etmək insan hüquqlarıdırmı? ”.
İlham İsmayılov deyir ki, Avropanın bəlli çevrələrinin əsas hədəfi Azərbaycanın imicinə zərbə vurmaq, ölkəmiz barədə beynəlxalq aləmdə mənfi rəy formalaşdırmaqdır: “Azərbaycan hər dəfə beynəlxalq əhəmiyyətli tədbirlərə evsahibliyi edən ərəfədə Avropadakı antiAzərbaycan şəbəkə hərəkətə keçir. Biz istər “Evrovision” musiqi yarışması, istər Birinci Avropa Oyunları, istərsə də ölkəmizin siyasi həyatı üçün əhəmiyyət kəsb edən digər hadisələr zamanı bunun şahidi olmuşuq. Ancaq hesab edirəm ki, Azərbaycana qarşı təzyiqlərin heç bir mənası yoxdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi Avropa Parlamentinin qətnaməsi kağız parçasıdır və onun heç bir əhəmiyyəti yoxdur. Bu kimi vasitələrlə Azərbaycanı öz yolundan döndərmək mümkün deyil. Azərbaycan bundan sonra da müstəqil siyasət kursunu davam etdirəcək. Kim bizimlə əməkdaşlıq etmək istəyirsə bizim siyasi kursumuzu da qəbul etməlidir”. İlham İsmayılov bildirib ki, bu gün Azərbaycanın Avropaya deyil, Avropanın Azərbaycana daha çox ehtiyacı var.
Süleyman
"Olaylar", 17.09.2015
URL / WWW
http://atxem.az/news/a-15443.html