Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Dostluq və qardaşlığın nümunəsi
16.03.16 07:18



lham İsmayılov: “Cənab Prezidentin bu jesti bütün dünya, xüsusilə, Türk dünyası üçün bir nümunədir”

Bu günlərdə Azərbaycan və Türkiyə bir daha bütün dünyaya, türk coğrafiyasına dostluq və qardaşlığın nə demək olduğunu və necə olduğunu sübuta yetirdi. Qardaş ölkənin paytaxtı Ankarada baş verən qanlı terror aksiyasından dolayı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının V iclasına gələ bilməməsi rəsmi Bakını hərəkətə keçirdi. Beləliklə, Türkiyəli həmkarının Azərbaycana gələ bilməməsindən dolayı Prezident İlham Əliyev geniştərkibli nümayəndə heyəti ilə qardaş ölkəyə səfər etdi. Və, Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının V iclası Ankarada reallaşdı.

Azərbaycan dövlət başçısının Türkiyəyə səfərlə bağlı qəbul etmiş olduğu ani qərar təbii ki, həm Türkiyə rəsmiləri, həm də bu ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi. Hər halda Azərbaycan Prezidenti və onu müşayət edən nümayəndə heyətinə göstərilən diqqət, istər qarşılanma, istərsə də yolasalma mərasimi zamanı edilən jestlər belə deməyə əsas verir. Xəbərlərdən də aydın olduğu kimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan azərbaycanlı həmkarını yola salmaq üçün Esenboğa Hava Limanına qədər gəlib. Hətta iki ölkə rəhbəri təyyarədə çay süfrəsi ətrafında da fikir mübadiləsi aparıblar. Bu da öz-özlüyündə Azərbaycan Prezidenti İlham Əliyevin dar gündə qardaş ölkəyə səfəri və ona dəstək olmasının qarşı tərəfdən olduqca məmnun qarşılandığının göstəricisidir. Məlumat üçün qeyd edək ki, Türkiyədə protokol qaydalarına əsasən dövlət başçıları Prezidentin rezidensiyasında qarşılanır. Nə qarşılanma, nə də yolasalma mərasimi zamanı Türkiyə dövlət başçısı hava limanına getmir. Hətta bir neçə il əvvəl Birləşmiş Ştatlar prezidenti Barak Obama da Türkiyəyə səfər edəndə bu qaydaya riayət edildi. Ancaq göründüyü kimi Azərbaycan Prezidentinin belə bir ağır gündə qardaş ölkəyə göstərdiyi münasibət, jest qarşı tərəfi hətta protokol qaydasını pozmaqdan belə yayındırmayıb. Və Rəcəb Tayyib Ərdoğan İlham Əliyevin jestinə qarşılıq olaraq onu hava limanına qədər yola salıb.

İstər Azərbaycan Prezidenti İlham Əliyevin jesti və qardaş ölkədə səsləndirdiyi Türkiyəyə dəstək mesajları, istərsə də qarşı tərəfdən sərgilənən mövqe hər iki ölkənin ictimaiyyət, siyasi dairələri, vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən təqdir olunub Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədir İlham İsmayılov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə səfər etməklə dostluq, qardaşlıq, strateji tərəfdaşlıq münasibətlərinin necə olduğunu ortaya qoydu: “Cənab Prezidentin bu jesti bütün dünya, xüsusilə Türk dünyası üçün bir nümunədir. Bu həmçinin Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, eləcə də ümummilli lider Heydər Əliyevin söyləmiş olduğu “Biz bir millət, iki dövlətik” kəlamlarının bir daha əməldə təsdiqidir. Azərbaycan Respublikasının Prezidenti Ankaraya səfər etməklə onu təsdiqləmiş oldu ki, Türkiyənin də sevinci sevincimiz, kədəri isə kədərimizdir. Kimliyindən asılı olmayaraq bir millət, iki dövlət olan Azərbaycanla Türkiyəni heç bir qüvvə bir-birindən ayıra, münasibətləriməzə kölgə sala bilməz”. İlham İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il aprel ayında Çexiyanın paytaxtı Praqada keçirilmiş “Şərq tərəfdaşlığı” sammitindəki fikirlərini də xatırladıb. Bildirib ki, həmin tədbirdə işğalçı ölkənin prezidenti Serj Sərkisyan Türkiyəni tənqid edərkən Azərbaycan dövlət başçısı "Burada Türkiyə təmsilçiləri yoxdur, ancaq mən buradayam" deməklə hər zaman Türkiyənin yanında olduğunu açıq şəkildə dünyaya bəyan etmişdi. ATXƏM sədri Azərbaycan və Türkiyə dövlət başçılarının dostluq-qardaşlıq münasibətlərinin vətəndaş cəmiyyəti nümayəndələri üçün də bir örnək olduğunu və ölkələr arasındakı əlaqələrin müxtəlif səviyyələrdə inkişaf etdirilməsi istiqamətində qeyri-hökumət təşkilatlarının fəallıq göstərdiklərini vurğulayıb: “Ortada siyasi iradə var və biz vətəndaş cəmiyyəti nümayəndələrinin üzərinə düşən başlıca vəzifə də bu siyasi iradəni inkişaf etdirməkdir. Hesab edirəm ki, bir müddət əvvəl bir neçə ölkənin qeyri-hökumət təşkilatlarından ibarət yaradılmış Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forum da bu məqsədə xidmət edir”. ATXƏM sədri əmin olduğunu bildirib ki, Azərbaycan və Türkiyə birlikdə, əl-ələ verərək bütün çətinlikləri, problemləri dəf edəcək: “Türkiyəni terrorla yolundan döndərməyə, onu zəiflətməyə çalışanlar isə buna heç bir halda nail ola bilməyəcəklər”.

Süleyman İsmayılbəyli

"Olaylar", 16.03.2016
URL / WWW
http://atxem.az/news/a-15453.html