Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Türk dünyası xəbərləri » Dünya Azərbaycanlılarının IV Qurultayı
06.06.16 08:27



Lobbi quruculuğu:
dəyişən geosiyasi reallıqlar yeni qlobal iqtisadi tendensiyalar


İyunun 3-4-də Dünya Azərbaycanlılarının IV Qurultayı öz işini panel iclaslarında davam etdirib. “Lobbi quruculuğu: dəyişən geosiyasi reallıqlar yeni qlobal iqtisadi tendensiyalar konteksində” mövzusunda keçirilən panel Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru, Ohayo ştatının Dayton Təhsil Şurasının rəhbəri Adil Bağırovun moderatorluğu ilə baş tutub.
İclasda müxtəlif ölkələrin siyasi elitaları və KİV-ləri ilə əlaqələrin vəziyyətindən, Azərbaycanın tərəfdaş və qeyri-tərəfdaş ölkələrdəki lobbiçilik fəaliyyətindən bəhs edilib.
{img1}Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmayılova qeyd edib ki, son beş ildə dünyada mühüm geosiyasi dəyişikliklər baş verib. Dünyada son illər baş alan iqtisadi böhrana baxmayaraq, Azərbaycan öz inkişaf yolunu davam etdirib. Lobbiçilik haqqında danışan S.İsmayılova qeyd edib ki, lobbiçilik fəaliyyəti ən yüksək dairələrdə həyata keçirilməlidir. O qeyd edib ki, lobbiçilik fəaliyyəti Azərbaycan reallıqları üçün də zəruridir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərmək bizim qarşımızda duran ən ümdə vəzifə olmalıdır”.
Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov qeyd edib ki, avropalılar heç vaxt digər xalqların nümayəndələrini eyni səviyyədə görmək istəmirlər: “Lakin biz bu ölkələrin siyasi həyatında fəal rol oynamaqla, inam qazanmaqla, əlaqələrimizi genişləndirmişik. Diaspora diplomatiyasının gücləndirilməsi günümüzdə çox zəruridir. Çünki bir ölkənin vergi ödəyicisi olan azərbaycanlı peşəkar diplomatların edə bilməyəcəyini edə bilər”.
{img2}“Aziz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsisçisi və ilk prezidenti, Fövqəladə və səlahiyyətli səfir İosif Şaqal da maraqlı çıxışı ilə diqqət çəkib. Vaxtilə Azərbaycanda yaşayan, burada təhsil alan, sonra isə İsrailə köçərək orada fəaliyyət göstərən, hətta İsrail parlamentinin deputatı seçilən İ.Şaqal Azərbaycana sıx bağlı olduğunu, övladlarının İsraildə doğulmasına baxmayaraq, Azərbaycanı sevdiklərini dedi. Ancaq təəssüflə qeyd etdi ki, xaricdə yaşayan insanlar Azərbaycan-Ermənistan münaqişəsinin tarixini bilmir. İ.Şaqal bildirib ki, lobbiçilik fəaliyyətində siyasi dairələrlə əlaqələrin qurulması da vacib olmalıdır. Onun fikrincə, hər hansı tədbiri keçirməklə yanaşı, Azərbaycan tarixi haqqında digər ölkə vətəndaşları, ən yüksək dairələri məlumatlandırmaq lazımdır: “Xaricdə yaşayan azərbaycanlılar ilk növbədə öz övladlarını Azərbaycan ilə bağlı məlumatlandırmalıdır”.
{img5}Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva deyib ki, lobbiçilik fəaliyyətində əlaqələndirmə çox güclü olmalıdır. Fransadakı Sağçılar Partiyasının üzvü olan Mirvari Fətəliyeva Fransada cəmi 7-8 min azərbaycanlının Paris, Strasburq, Marsel, Lill, Lion şəhərində yaşadıqlarını bildirib. Ona görə də Fransadakı təşkilatların sayının o qədər də çox olmadığını qeyd edib. “Təşkilatların koordinasiyası güclü deyil, bir-birimizin tədbirlərindən gec xəbər tuturuq”. Çıxışçı xanım Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patrez-İsmayılovaya xitabən koordinasiya məsələlərini həll etməyə çağırış etdi: “Birgə fəaliyyət olmadan nəyəsə nail olmaq çox çətindir. Başqa ölkədə doğulub boya başa çatan bir uşağın Azərbaycan haqda çox az məlumatlı olması bu gün qarşılaşdığımız vacib problemlərdəndir. Çünki Azərbaycanın himnini, tarixini bilməyən bir uşaqdan gələcəkdə hər hansı bir lobbiçilik fəaliyyəti gözləmək çox çətindir. Xaricdə yaşayan hər bir azərbaycanlı yaşadıqları ölkənin siyasi, ictimai həyatında da fəal rol oynamağa çalışmalıdırlar”.
{img6}Amerika Azərbaycan Şurasının sədri Ceyhun Mollazadə bildirib ki, bu gün Amerika Birləşmiş Ştatlarında lobbiçilik fəaliyyəti ölkədə müəyyən qanunlar çərçivəsində həyata keçirilir: “Lobbiçilik fəaliyyətinin təşkili zamanı müasir texnologiyaların imkanlarından da istifadə olunmalıdır. Belə ki, müəyyən portallar yaratmaqla, eyni zamanda, sosial şəbəkələrin imkanlarından istifadə etməklə də ölkəmiz haqqında informasiyaların yayılmasına nail ola bilərik”. C.Mollazadə deyib ki, ABŞ hökumətinin erməni lobbisinin təsiri altında olduğunu demək düzgün deyil. Onun sözlərinə görə, lobbi işini səmərəli qurmaq istəyiriksə, əlbəttə, öz işimizə tənqidi yanaşmalıyıq. Sözsüz ki, biz öz zəngin mədəniyyətimizi təbliğ etməliyik, ancaq bu, o demək deyil ki, senatorlarla görüşdə də mədəniyyətimizlə bağlı müzakirələr aparmalıyıq. C.Mollazadə dedi ki, ABŞ-da sözümüzü demək üçün kifayət qədər imkanlar var: “Ölkənin qapısı açıqdır, mən bir konqresmenə zəng edib onunla görüşmək istəsəm, problem olmadan məni qəbul edəcək”. C.Mollazadə ABŞ-da yəhudi lobbisi ilə sıx əməkdaşlıq etdiklərini bildirdi. Qeyd etdi ki, 1992-ci ildən ABŞ-da yaşayır və 90-cı illərlə müqayisədə bu gün Azərbaycan diasporu xeyli güclənib: “Mən hesab edirəm ki, Amerikada azərbaycanlıların federasiyası olmalıdır. Bu gün ABŞ hökuməti ilə bizim elə bir problemimiz yoxdur, çünki ABŞ və Azərbaycanın maraqları üst-üstə düşür. Ermənistanın bölgədəki siyasəti də Amerikaya zidd olan siyasətdir”.
{img7}Ukrayna-Azərbaycan Dostluq cəmiyyətinin sədri Murad Ömərov qurultayın keçirilməsinin önəmini qeyd edib. O, Ukraynada yaşayan azərbaycanlıların artıq lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu deyib. M.Ömərov bildirib ki, siyasətçilərlə, KİV ilə əlaqələr qurulub: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasi dairələrin düzgün məlumatlandırılması işi aparılır. Artıq bu gün dünyada dürüst azərbaycanlı imici formalaşdırılıb. Digər ölkələrin siyasətçiləri, alimləri, sadə vətəndaşları bizim reallıqları qəbul edirlər və bizə inanırlar”.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəziniin (ATXƏM) sədri İlham İsmayılov diaspor təşkilatlarını aktivliyə və birliyə səslədi: “Diaspora işində fikir ayrılığı olmamalıdır. Amma təəssüf ki, hətta hamımızın ən ağrılı məsələsi olan Xocalı soyqırımı ilə bağlı tədbir keçiririk, burada fikir ayrılığı olur, kimsə nəsə neqativ bir məqam axtarmağa çalışır. Biz ən xırda problemləri də öz aramızda həll edə bilmirik”. İ.İsmayılov öz tərəfindən diasporun inkişafı üçün addımlar atmağa hazır olduğunu vurğuladı: “Şəxsən mən Azərbaycan həqiqətlərinin yayılması ilə bağlı bir sıra işlərin həll olunması məsələsini öz üzərimə götürürəm. Amma bu gün dünya ölkələrində xeyli iş adamlarımız var, hər kəs öz dəstəyini verməlidir”.
{img8}Digər paneldə isə “Cəmiyyətdə inteqrasiya və siyasi həyatda iştirak” mövzusunda müzakirələr keçirildi. Milli Məclisin üzvü, professor Musa Qasımlı diasporun yeni olduğunu, çoxsaylı şəxsi problemlərin mövcudluğunu vurğuladı. Bildirdi ki, zahirən azərbaycanlı olanlarımız, amma əslində Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatından bixəbər olanlarımız da az deyil: “Ermənilərdə isə vəziyyət fərqlidir”. M.Qasımlı soydaşlarımızın yaşadıqları ölkənin rəsmi, dövlət dilində saytlar açmasını, parlament, yerli və mərkəzi hakimiyyət orqanları ilə təmaslarını, yaşadıqları ölkələrdə daha çox gənclərlə təmas qurmalarını zəruri saydı. Bildirdi ki, dünya azərbaycanlılarının dövlətinin olması onların ən böyük üstünlüyüdür.
Müzakirələr zamanı Azərbaycan dövlətindən yardım istənilməsi, həmçinin diaspor təşkilatlarının fəaliyyətinə mane olmamaq üçün Azərbaycan dövlətinin xarici ölkələrə müraciət etməsi kimi təkliflər mübahisə doğurdu. Eyni zamanda, söz almaq uğrunda mübarizə mübahisəyə çevrildi.
Krasnoyarsk Cəmiyyətinin sədri Ələkbər Əliyev “deyirlər ki, ölkələrdə inteqrasiya üçün problem var. Nə problem var? Mən özüm deputatlığa namizədliyimi vermişdim, heç bir problem yoxdur”. İsveçdən gəlmiş Əjdər Tağızadə dedi ki, 21-ci əsr türk əsridir, Qərb öz proqramlarını türkə görə müəyyənləşdirir: “Niyə 35 milyondan artıq insan türk dilində danışa bilmir? Mən bu barədə hər zaman sözümü demişəm, deyəcəyəm də. Türkün bu gün varlığının böyük bir hissəsi Azərbaycanın güneyindədir. Milyonlar “Haray, haray, mən türkəm”, deyir”.
“Əslində bu gün dövlət məmurları da burda olmalı idi. Prezidentin strateji çıxışından sonra görüləcək tədbirlərlə bağlı taktiki məsələləri müzakirə etməli idik. Hər bir diaspora təşkilatı arxasında dövləti olduğu halda güclüdür. Biz arxalı olmasaq, güclü olmayacağıq”. Moskva Vilayəti Milli Mədəni Muxtariyyətinin rəhbəri Qalib Ağayev çıxışı zamanı bunları söylədi və çıxışını tənqid üzərində qurdu. Rusiyada azərbaycanlıların assimilyasiya olunmaması üçün təkliflər verdi: “Biz orda layihələr həyata keçirmək istəyirik. Heç bir nazirlik, heç bir komitə bizim məktublarımıza cavab vermir. Bu gün Moskvada səfirliklə diaspor təşkilatları arasında problemlər yaşanır. Vətəndaşımız var, 1 ildir günahsız olaraq, səhvən həbsdə yatır, onun sənədlərini qaydasına salıb o adamı oradan çıxara bilmirik”.
{img9}Moderator Aygün Attar isə dedi ki, 30 ildir xaricdə yaşayır. Erməni və yəhudi lobbisi dövlətə yardım edir, dövlətdən maliyyə dəstəyi gözləmir: “Məhəmməd Əmin Rəsulzadə də, Əlimərdan Topçubaşev də öz ciblərindən pul xərcləyirdilər, dövlətdən pul istəmirdilər”. A.Attar diaspor sahəsində problemlərin olduğunu vurğuladı: “Heç şübhəsiz ki, diaspor fəaliyyətimizdə problemlər var. Amma burdakı müzakirələrdən gördük ki, biz hələ öz aramızda dil tapa bilmirik. Belə olan halda təbii ki, xarici ölkələrə inteqrasiya olunmaqdan söhbət gedə bilməz”. A.Attar qurultaya dəvətlə bağlı Diaspor Komitəsinə yönəlik ittihamlara cavabında təklif etdi ki, növbəti dəfə hər kəs qurultaya öz xərci hesabına gəlsin və dəstək gözləməsin: “Görək o zaman burdakı müzakirələrə nə qədər insan qatılacaq”.

Əli Həsənov:

“Azərbaycanlılar öz aralarında birləşməyi bacarmalıdır”


{img3}Dünya Azərbaycanlılarının iki gün davam edən IV Qurultayının yekun toplantıda Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da iştirak edirdi. Tədbirin təşkilatçısı olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iki gün davam edən müzakirələrin uğurlu olduğunu vurğuladı və iştirakçılara təşəkkür etdi. Panel iclaslarına moderatorluq edən professor Aygün Attar, deputat Elman Nəsirov və Diaspor Komitəsi sədrinin müavini Ramin Məmmədov da müzakirələr barədə fikirlərini bölüşdülər, səslənən önəmli təkliflərdən bəhs etdilər.
Qurultayda yekun nitqi söyləyən Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bütün qurultay iştirakçılarına uğurlar arzuladı. “Dünyanın dörd bir tərəfindən Azərbaycana, doğma yurda gələn azərbaycanlılar dünya azərbaycanlılarının ən avanqard hissəsi və fədakar nümayəndələridir”, - deyə, dövlət rəsmisi bildirdi.
Ə.Həsənov xatırlatdı ki, dünya azərbaycanlılarını bir araya gətirməklə bağlı ideyanı ilk dəfə Xalq Cümhuriyyətinin qurucuları irəli sürüb. Dövlət rəsmisi Əli Bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski kimi işıqlı simaların adını sayğı ilə çəkdi və onların azərbaycançılıq ideyasını irəli sürməsindən danışdı: “Təəssüf ki, Cümhuriyyət cəmi 23 ay yaşaya bildiyi üçün bu ideyanı gerçəkləşdirmək mümkün olmadı”, -deyə, əlavə etdi.
Ə.Həsənov dedi ki, 1993-cü ildə mərhum prezident Heydər Əliyev azərbaycançılıq ideyasının möhkəmlənməsi, bir dövlət ideologiyası kimi formalaşdırılması istiqamətində addımlar atdı: “Ondan da qabaq Naxçıvanda 31 dekabr birlik və həmrəylik günü kimi qeyd olunması və həmin günün bayram edilməsi ilə bağlı ideya irəli sürdü, onun qanuniləşdirilməsinə nail oldu. 1998-ci ildə Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi ilə bağlı ideyanı irəli sürdü və biz bu qurultaya üç il ərzində hazırlaşdıq. Çünki istəyirdik ki, dünyanın müxtəlif qitələrində yaşayan azərbaycanlıların təşkilatlanmasına nail olaq”.
Ə.Həsənov dedi ki, dünya azərbaycanlılarının birliyi ideyasına qarşı çıxan qüvvələr arasında qonşu dövlətlər də var idi: “Onlar elə hesab edirdilər ki, dünya azərbaycanlılarının birliyi həmin dövlətlərin bütövlüyünə də təhlükə yarada bilər. Ancaq biz hesab edirik ki, məsələn, İranda yaşayan azərbaycanlılar İranın ərazi bütövlüyünə qarşı təhlükə yaranarsa, ilk olaraq irəli çıxıb mövqeyini ortaya qoymalıdır”.
PA rəsmisi qeyd etdi ki, prezident İlham Əliyev də qurultaydakı çıxışında xaricdə yaşayan azərbaycanlıların həmin ölkələrin hakimiyyətlərinə inteqrasiya olunmaq öhdəliyini qoyub. Ə.Həsənov Dünya Azərbaycanlılarının Qurultayından ehtiyatlananlara da mesajını çatdırdı: “Biz bu zalın qapısını hər kəsin, bütün dünya jurnalistlərinin üzünə açıq qoymuşuq, çünki bizim heç kəsdən gizli bir sirrimiz yoxdur. Azərbaycanlılar başqa xalqların dilinə, dininə, mədəniyyətinə hörmətlə yanaşır, qoy hər kəs bunu bilsin. Biz özümüzə rəva görmədiyimizi başqasına rəva görmürük”. Dövlət rəsmisi prezidentin çıxışında dünya azərbaycanlılarının qarşısına qoyduğu vəzifələrdən bəhs etdi.
Ə.Həsənov Diasporla İş üzrə Dövlət Komitəsinə yönəlik tənqidlərə də reaksiya verdi: “Biz Komitənin fəaliyyətini lazımi səviyyədə dəyərləndirməliyik və cənab prezident də öz tərəfindən təşkilatın fəaliyyətini dəyərləndirdi. Komitənin də, Administrasiyanın, bu sahə ilə məşğul olan ayrı-ayrı ziyalıların, mətbuatımızın da böyük xidmətləri var”. Prezident köməkçisi dünya azərbaycanlılarını birliyə çağırdı: “Birinci növbədə azərbaycanlılar öz aralarında birləşməyi bacarmalıdır. Əgər birləşməsək, necə başqalarına deyə bilərik ki, siz də gəlin Azərbaycanın haqq işinə dəstək verin. Qeyri-sağlam rəqabət varsa, bax, bu, eyibdir. Ukraynada vahid təşkilat yarada biliriksə, bu, çox yaxşıdır. Amma yarada bilmiriksə, heç olmasa onlar arasında ciddi münaqişələr olmasın. Siz bir olanda biz də sizin dəstəyinizdən istifadə edə bilirik. Amma parçalanmış halda olsanız, biz də sizə hansısa məsələlərlə bağlı müraciət edə bilməyəcəyik”.
Prezident köməkçisi xaricdəki iş adamlarına da səsləndi, onları dövlət başçısının çağırışına səs verməyə çağırdı. Həmçinin bu il dünya azərbaycanlılarının iş adamlarının təsis konfransının Bakı şəhərində keçirilməsini də zəruri saydı. “Bir ölkənin büdcəsinə milyardlarla dollar vergi verən azərbaycanlı var. Niyə onlar gəlib Azərbaycana yatırım qoymur, yaxud niyə gəlib öz ailəsi ilə Azərbaycanda istirahət etmir”, - Ə.Həsənov əlavə etdi.
{img10}Bundan sonra R.Məmmədov qurultayın yekun sənədlərini təqdim etdi. Almaniya Bundestaqının qərarından dərin narahatlığını bildirən sənəd də qəbul olundu.
Xalq şairi Sabir Rüstəmxanlı Bundestaqa ayrıca etiraz bildirməyi zəruri saydı: “Əks təqdirdə bu sənədi dünya azərbaycanlıları oxusa da, Almaniyaya gedib çatmayacaq”. Bu təklif qəbul edildi və Qurultay adından Almaniya Bundestaqına etiraz müraciətinin qəbul olunmasına qərar verildi. QHT sədri Rauf Zeyni Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantılarının ildə bir dəfə keçirməyi təklif etdi. Həmçinin 2018-ci ildə Xalq Cümhuriyyətinin 100 illiyinin keçiriləcəyini xatırlatdı və Dünya Azərbaycanlılarının növbəti Qurultayının həmin tarixdə keçirilməsini təklif etdi. Təkliflər qəbul edildi.
Bundan sonra R.Məmmədovun təqdimatı ilə Qurultayın yekun qətnaməsi, Qurultay nümayəndələrinin prezident İlham Əliyevə müraciəti, həmçinin qurultay iştirakçılarının dünya azərbaycanlılarına müraciəti qəbul edildi. Həmçinin, Ermənistan-Azərbaycan münaqişəsi və Ermənistandakı “Metsamor” AES-lə əlaqədar qurultay iştirakçılarının dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciətləri qəbul edildi.
S. Rüstəmxanlı təkrar söz alıb İrandakı azərbaycanlılarla bağlı təklif verdi: “Biz qurultay iştirakçıları adından İran hökumətinə müraciət etməliyik ki, biz orda yaşayan azərbaycanlıların ana dilində oxumasını arzu edirik. Biz nə qədər susuruqsa, oradakı 35 milyonun haqqı tapdanacaq”. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə təklif etdi ki, bu məsələ ilə bağlı DAK-ın müvafiq addımlar atsın.

Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi təsdiqləndi

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov yekun nitqində Şuranın üzvü seçilənləri təbrik etdi. Həmçinin Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına sədrliyinə prezident İlham Əliyevin namizədliyini irəli sürdü. Qurultay iştirakçılarının yekdil rəyi əsasında prezident bu quruma sədr seçildi. PA rəsmini Ə.Həsənov isə Nazim İbrahimovun Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının icra katibi vəzifəsinə namizədliyini irəli sürdü və təklif yekdilliklə qəbul olundu. Qeyd edək ki, Qurultayda Əlaqələndirmə Şurasına ATXƏM-in sədri İlham İsmayılov da seçilib.

ATXƏM sədri də “Tərəqqi” medalına layiq görülüb


İlham İsmayılov: “Bu bizə gələcəkdə görəcəyimiz işlər üçün həvəsləndirici mükafatdır"


{img4}Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə təltif olunmuş şəxslərə iyunun 3-də mükafatlar təqdim edilib. “Gülüstan” sarayında keçirilən mükafatlandırma mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər. Mükafatları Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib. Dövlət başçısının imzaladığı Sərəncama əsasən xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə yeddi nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, 41 nəfər “Tərəqqi” medalı, iki nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

“Tərəqqi” medalı alanlar içərisində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov da olub. ATXƏM-in sədri “Tərəqqi” medalına görə, cənab Prezident İlham Əliyevə təşəkkür edərək, bildirib ki, bu, təkcə mənim deyil, mənimlə birlikdə zəhmət çəkən Diaspora Təşkilatlarının qazandığı medaldır." Bu dövlətimizin Diasporamıza verdiyi qiymətdir. “Tərəqqi” medalı bizim gördüyümüz işə görə verilsə də, hesab edirəm ki, bu gələcəkdə görəcəyimiz işlər üçün həvəsləndirici bir mükafatdır. Hələ Diaspora Təşkilatları olaraq gələcəkdə görəcəyimiz işlər çoxdur. Azərbaycan həqiqətlərini, Türk dünyasının problemlərini dünyaya çatdırmaq istiqamətində çalışmalıyıq”.

Prezidentin diaspor təşkilatları qarşısında qoyduğu mühüm vəzifələr


{img11}{img12}Dünya Azərbaycanlıları Bakıya toplaşaraq qarşıdakı 5 il ərzindəki prioritetləri, görəcəkləri işləri, başlıca hədəfləri müəyyənləşdirdilər. 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonağın qatıldığı qurultayda Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçilər, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də iştirak edirdi. İki gün davam edən qurultayda ən diqqət çəkən məqam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin geniş və əhatəli, proqram xarakterli çıxışı oldu. Dövlət başçısı çıxışı zamanı diaspor təşkilatları qarşısında konkret hədəflər qoydu, onların əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Elə Qurultay iştirakçıları da gələcək fəaliyyətlərini məhz dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq quracaqlarını qeyd edirlər.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov deyir ki, dövlət başçısı Qurultayda çıxışı zamanı bir neçə vacib məqama toxunaraq diaspor təşkilatlarına bu məqamlara xüsusi diqqət yetirməyi tövsiyyə edib: "Dövlət başçısının vacib mesajlarından biri dünya azərbaycanlılarının birləşməsi, daha fəal olması ilə bağlı idi. Azərbaycan Prezidenti bəzi hallarda diaspor təşkilatlarının bir-biri ilə rəqabət apardığını qeyd edərək, bu rəqabətin sağlam olmasını bildirdi. Azərbaycan Prezidenti haqlı olaraq qeyd etdi ki, bizim gücümüz birlikdədir və xaricdə fəaliyyət göstərən diaspor təşkilatları birləşməli və bir nöqtəyə vurmalıdır. Həqiqətən də bu gün bizim birliyimiz çox vacibdir. Əgər diaspor təşkilatları bir-biri ilə qeyri-sağlam rəqabət aparsa, biri digərinin fəaliyyətinə, işinə mane olsa, o halda nəticə bizim ziyanımıza işləyər. Əgər xatirinizdədirsə bir müddət əvvəl amerikalı senator Smitin hazırlamış olduğu bədnam sənədə necə böyük əks reaksiya oldu. Dünyanın hər bir bölgəsində fəaliyyət göstərən diaspor təşkilatlarımız etiraz bəyanatları yaydı, bu sənədə öz etirazlarını bildirdilər. Yaxud Fransa parlamentində qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsi gündəmə gələrkən Azərbaycan və Türk diasporu birlik və həmrəylik nümayiş etdirərək öz etirazlarını bildirdilər. Nəticə etibarilə rəsmi Paris qərarına yenidən baxmalı oldu. Yaxud aprelin əvvəllərində baş verən erməni təxribatı zamanı baş verən dörd günlük hərbi əməliyyatlar zamanı xaricdəki soydaşlarımızın nümayiş etdirdiyi həmrəylik, birlik. Həmin günlər ərəfəsində xaricdə yaşayan hər bir azərbaycanlı Ali Baş Komandanın əmrini, çağırışını gözləyirdi ki, Vətənə gəlib onun müdafiəsinə, torpaqlarının işğaldan azad edilməsinə qoşulsun. Bu cür birlik, həmrəylik nümayiş etdiriləndə, heç bir qüvvə Azərbaycan dövlətinin qarşısında dayana bilməz. Yuxarıda qeyd etdiyim kimi aprelin əvvəllərində bunun əyani şahidi olduq. Ona görə də daha böyük uğurlara nail olmaq, müvəffəqiyyətlər əldə etmək üçün mütləq həmrəy olmaq, birlik nümayiş etdirmək lazımdır".

İlham İsmayılov təssüflə qeyd edib ki, indiyə qədər bir neçə ölkədə fəaliyyət göstərən diaspor təşkilatları müəyyən səbəblərdən parçalanmaya məruz qalıb ki, nəticə etibarilə həmin ölkələrdəki Azərbaycan diasporunun fəallığı bir qədər zəifləyib: "Ona görə də artıq bu kimi mənfi hallardan tamamilə uzaq olmaq lazımdır".

ATXƏM sədrinin sözlərinə görə, dövlət başçısının Dünya Azərbaycanlılarına ünvanlamış olduğu digər bir vacib mesaj Azərbaycanın xarici ölkələrdə fəaliyyət götərən səfirlərlikləri ilə diaspor təşkilatları arasında əlaqələrin gücləndirilməsi ilə bağlı idi: "Hələ Dünya Azərbaycanlılarının III Qurultayı zamanı da Cənab Prezident eyni tövsiyyələrlə çıxış etmişdi. Düzdür, ötən beş il ərzində səfirliklərlə diaspor təşkilatları arasında əlaqələr xeyli inkişaf edib. Artıq hər iki tərəf qarşılıqlı olaraq keçirdikləri tədbirlərə bir-birilərini dəvət edirlər. Həmçinin səfirliklər diaspor təşkilatlarının fəaliyyəti ilə maraqlanır, onlara müəyyən mənada dəstək göstərirlər. Ancaq görünür bu əməkdaşlıq və əlaqələr hələ də qane edici səviyyədə deyil. Elə bu səbədən də Cənab Prezident yenidən bu məsələyə toxunaraq hər iki tərəf arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini bildirib. Ümid etmək olar ki, dövlət başçısının tərəflərə ünvanlamış olduğu bu mesajdan da həm səfirliklər, həm də diaspor təşkilatları nəticə çıxararaq mövcud əlaqələri daha da inkişaf etdirəcəklər".

İlham İsmayılovun sözlərinə görə, Qurultayda Azərbaycan Prezidentinin digər bir mühüm mesajı informasiya mübarizəsi ilə bağlı idi: "Dövlət başçısı bu məsələdə açıq-aşkar diaspor təşkilatlarına öz haqlı iradını bildirdi. Cənab Prezident onların xarici media orqanları ilə əlaqələrinin zəifliyini mənfi hal kimi qiymətləndirdi. Prezident qeyd etdi ki, diaspor təşkilatlarımızın xarici media orqanları ilə əlaqələri yaxşı təşkil olunmayıb". Mərkəz rəhbərinin sözlərinə görə, Qurultayda Azərbaycan Prezidenti diaspor təşkilatlarına bu problemi həll etməyin konkret yollarını da göstərib: "Prezidentin qeyd etdiyi kimi xaricdə böyük azərbaycanlı jurnalist təbəqəsinin yetişməsi vacibdir. Çünki müntəzəm olaraq ayrı-ayrı ölkələrin mətbu orqanlarında Azərbaycana qarşı müəyyən təxribat xarakterli yazılar dərc olunur, ölkəmizə şər-böhtan atılır. Təbii ki, bu prosesdə həmin ölkələrdə fəaliyyət göstərən erməni lobbisinin aktivliyi göz önündədir. Ona görə də biz də xarici ölkələrin KİV-ləri ilə yaxından işləməli, onları haqq işimiz uğrunda məlumatlandırmalıyıq. Mən bir daha bu məqamda da aprel olaylarına toxunmaq istərdim. Belə ki, həmin hadisələr zamanı erməni təxribatına qarşı layiqli cavab verən Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi uğurlu əməliyyat və bir neçə strateji əhəmiyyətli yüksəliyin işğaldan azad olunmasından sonra erməni lobbisi dünyanın müxtəlif ölkələrində Azərbaycana qarşı genişmiqyaslı informasiya mübarizəsinə başladı. Ermənilər belə bir təssürat formalaşdırmağa çalışdılar ki, guya Azərbaycan Ermənistanın ərazisinə təcavüz edib. Halbuki Azərbaycan Silahlı Qüvvələri düşmən təxribatına cavab olaraq işğal altında olan ərazilərinin müəyyən bir hissəsini azad etmişdi. Düzdür, Azərbaycan diaspor təşkilatları da erməni təxribatı, ölkəmiz əleyhinə yönələn bu çirkin kampaniyanın qarşısını ala bildi. Ancaq görünür bu istiqamətdə daha çox işlər görməyə ciddi ehtiyac var. Məhz elə ona görə də Azərbaycan Prezidenti Dünya Azərbaycanlılarının IV Qurultayında çıxışı zamanı bu vacib məqama da toxundu". İlham İsmayılov onu da deyib ki, Azərbaycan diasporu daim dövlətin və onun prezidentinin diqqət mərkəzindədir: "Hər Qurultay ərəfəsində Azərbaycan Prezidenti diaspor sahəsində uğurlu fəaliyyətinə görə bir qrup şəxsi təltif edir. Bu il də dövlət başçısı bu ənənəni davam etdirdi. Çox şadam ki, mənə də böyük etimad göstərildi və Azərbaycan Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olundum. Bu bizi daha məsuliyyətli olmağa, yorulmadan çalışmağa sövq edir. Hesab edirəm ki, hər bir şəxs bu etimadı doğrultmaq üçün daha çox çalışmalıdır. Çünki bizim hələ də daha çox çalışmağa ehtiyacımız var".
URL / WWW
http://atxem.az/news/a-15466.html