Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Qafqaz İslam Ordusu və Bakının qurtuluşu
17.09.16 17:49



Sentyabrın 14-də Beynəlxalq Mətbuat Mərkəzində "Qafqaz İslam Ordusu və Bakının qurtuluşu" mövzusunda tədbir keçirilib. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM), Beynəlxalq "Avrasiya" Araşdırmalar İnstitutunun təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyi ilə keçirilən tədbirdə Türkiyəli araşdırmaçı-yazar Atilla Oralın "Nuri Killigil" kitabının da təqdimatı keçirilib.

Tədbiri açan araşdırmaçı jurnalist, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı Azərbaycanın müstəqillik qazanmasında Qafqaz İslam Ordusunun, onun komandanı Nuri Paşanın misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, araşdırmaçı-yazar Atilla Oralın bu kitabı Türkiyədə o qədər də tanınmayan Nuri Paşanın xatirəsinə böyük bir hədiyyədir.

{img1}Araşdırmaçı yazar Atilla Oral Azərbaycanda Nuri Paşa və Qafqaz İslam Ordusuna göstərilən sevgi və sayğıdan məmnun olduğunu dilə gətirib. O bildirib ki, bu yöndə araşdırmalarını davam etdirəcək. Növbəti bölümlərdə Nuri Paşanın Azərbaycanla bağlı həyatına daha çox yer verəcək: "Mən Türkiyənin tarixi hərbi silah sənayesini araşdırarkən bir şəklin izi ilə Nuru Paşanın görmüş olduğu böyük işlərlə tanış oldum. Bu kitabda onun bütün həyatı, fəaliyyəti geniş işıqlandırılıb. Onun bu vaxtədək bilinməyən və ilk dəfə nəşr olunan 90-a yaxın şəkli bu kitabda yer alıb. İki ildən sonra Qafqaz islam Ordusunun Azərbaycana gəlişinin 100 illik yubileyi olacaq. Mən həmin dövrü əhatə edən yeni bir kitabın yazılmasına artıq başlamışam və eyni zamanda bu kitabdakı rəsmi sənədlərə söykənərək sənədli filmin hazırlanmasına da başlayacağam".

{img2}Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan paytaxtında Nuri Paşaya hələ də abidə qoyulmamasından gileylənib. O, bildirib ki, bu məsələ yenidən gündəmə gətirilməlidir: "Nuru Paşaya heykəl qoyulması, onun adına küçə və parkların verilməsi bu əfsanə komutana Azərbaycan xalqı olaraq bir vəfa borcumuz olardı. Ümid edirəm ki, yaxın illərdə bu addım atılacaq və Nuru Paşaya layiq olduğu qiyməti verə biləcəyik".

Cümhuriyyət tarixinin araşdırıcısı, professor Anar İsgəndərov Osmanlı dövlətinin ən ağır dönəmində Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun xilaskar missiyasını Allahın xalqımıza bir lütfü kimi qiymətləndirib.

{img3}ATXƏM-in sədri İlham İsmayılov Atilla Oralın hazırladığı kitabı yüksək qiymətləndirərək bu cür insanların fəaliyyətinin dəstəklənməsinin zəruri olduğunu bildirib. O, rəhbərlik etdiyi təşkilatın bundan sonra da Qafqaz İslam Ordusu hərəkatının xatirəsinin davamlı anılması üçün silsilə tədbirlər keçirəcəklərini qeyd edib: "Artıq neçə ildir ki, biz bu tədbirləri keçiririk. Əvvəllər cəmiyyətimizdə Qafqaz İslam Ordusu, Nuru Paşa ilə bağlı bilgilər az olduğundan, bu olaylar haqqında insanlarda tam dolğun məlumatlar yetərli deyildi. Bu gün biz bu möhtəşəm əsərlə Nuru Paşanın bütün fəaliyyəti ilə tanış oluruq və görürük ki, o yalnız bizim deyil, həm də bütün Türk dünyasının bir qəhramanıdır. Biz əvvəllər də rəsmi qurumlara müraciət etmişik ki, Nuru Paşanın adının əbədiləşdirilməsinə yardımçı olsunlar. Hesab edirm ki, artıq zaman yetişib, indi hər bir Azərbaycanlı Nuru Paşanın necə bir xilaskar olduğunu bilir və onun adının əbədiləşdirilməsini könüldən istəyir".

{img4}Tədbirdə çıxış edən millət vəkili, Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutunun sədri Qənirə Paşayeva Atilla Oralı Azərbaycanda görməkdən məmnun olduğunu deyərək onun yazdığı kitabını Türkiyə və Azərbaycan insanının Nuri Paşanı daha geniş tanıması baxımından dəyərli mənbə kimi qiymətləndirib. Q.Paşayeva bir müddət əvvəl İstanbulda Akif Aşırlı ilə birlikdə Nuri Paşanın məzarını necə tapdıqları haqda məlumat verib. Qeyd edib ki, əvvəl o qədər də baxımlı şəraitdə olmayan məzarın üstü Türkiyənin bəzi qurum və şəxsləri tərəfindən abadlaşdırılıb. Yaxın vaxtlarda açılışı olacaq: “Bu addımlarla, Nuru Paşa ilə yanaşı yüzlərlə şəhidimizin də ruhu şad olacaq! Nuru Paşanın müəmmalı partlayışa qurban getməsi, o partlayışın törədilməsində ermənilərin əlinin olmasına dair şübhələr cavabını gözləyən suallardır. Nuri Paşa haqqında müstəqil Azərbaycanın vətəndaşı olaraq bizlərin danışması, yazması vəfa borcudur. Zamanında Azərbaycanı qurtarmağı qardaşlıq borcu bilən qəhrəman paşaya mənəvi borcumuzu vermək həm də bir vicdan borcudur”.

Çıxışlarda qeyd edilib ki, Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, qardaş köməyini əsirgəməyən Osmanlı Türkiyəsi Nuru Paşanın komandanlığı altında 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Nuru Paşanın və türk əsgərinin xatirəsi bu gün də Azərbaycanda ehtiramla anılır. Türk tədqiqatçısı Atilla Oralın “Nuri Killigil” kitabı isə həmin tarixi anları özündə yaşadaraq gələcək nəsillərə ötürmək üçün çap olunub.

Daha sonra Kitabevim.az-da türkiyəli araşdırmaçı Atilla Oralın müəllifi olduğu “Nuri Killigil” kitabının imzalanması mərasimi keçirilib.
URL / WWW
http://atxem.az/news/a-15480.html