Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Məqalələr
» Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”
25.05.17 13:05
Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...
Onda həm ovqatım əl vermədi, həm də işlərdən macal tapmadım, bu səbəbdən də haqqında demək istədiyim sözlər sinəmdə daş kimi yığılıb qaldı, arabir də canımı boğazıma gətirdi...
Sonra fikirləşdim ki, könlündə yeri olan bir adam barədə yazmaq üçün daha bir beş il də gözləməyə gərək yoxdu, bunu elə onun qırx beş yaş üç aylığını bəhanə gətirib söyləmək də olar...
Üstəlik, İlqar İlkinə yaradıcılıq planlarını elə hey təxirə salmasıyla bağlı ərkim də vardı, amma sonra fikirləşdim ki, bu cür məhrəm nöqtələrə toxunmaq olmaz, çünki hər şey QİSMƏT deyilən ilahi sirrdən asılıdı...
***
İlqar İlkini həmişə özümə bir köynək yaxın bilmişəm….
Bir torpaqda - Qaraçöp mahalında doğulmuşuq, mən ilk yazılarımı yazanda, İlqar orta məktəbə yenicə gedirdi, mən yazdıqlarımı mühakimə eləyəndə, o, Bakı Dövlət Universitetinin filologiya fakültəsində oxuyur, şeirləri mətbuatda çap olunurdu, mən, nəhayət, o vaxtacan yazdığım bədii yazılarımı sandığa qoyub hər şeyi yenidən başlayandasa İlqar ilk və hələlik yeganə poetik toplusunu çap etdirdi, necə deyərlər, aramızdakı yaş fərqini bir sıçrayışla götürdü...
İlqar İlkin iyirmi bir il əvvəl – 1996-cı ildə bir xeyriyyəçinin yardımıyla çap etdirdiyi “Halal eylə bu sevgini” adlı cəmi 36 səhifəlik kitabını mərhum anası Şaxanım Xəlil qızının ruhuna ad eləmişdi. Kİitaba şair Çingiz Əlioğlu yazdığı
“Gözlərinin üstündə Göyü gəzdirən adam” adlı sözönü ümid və arzulardan ibarət idi: “24 yaşlı İlqar İlkin o uca sözün əlçatmaz budaqlarına kəmənd atmaq istəyən dəliqanlılarımızdandır, saf gözlərinin üstündə göyün iki təmiz parçasını görürəm və Allahdan arzu edirəm ki, o ulu Sözün məkanına aparan kəşməkəşli və çətin yolda yolun üstünə mümkün qədər az pis adamlar çıxsın, yaxşıların hənir və qayğısı başının üstündən əskik olmasın və ən başlıcası isə öz içində olan bütün pak, duru, təmiz hər nə varsa, qoruyub saxlasın, içdən qalınlayıb kərtdəşməsin, özü ilk növbədə hamıya qarşı diqqətli olsun, iradə və zövq onu tərk etməsin...”
O əl boyda kitabdakı şeirləri İlqar İlkin “başında Qaraçöp havasıyla” yazmışdı, öz ilkinliyindən qopmağa çətinlik çəkən, amma dünyanın da sonsuz olduğunu, gec-tez ruhunun çəkdiyi uzaq-uzaq məmləkətlərə gedəcəyini dərk eləyən adamın yaşantılarını dilə gətirmişdi:
Ayrıldım bir dogma eldən, obadan,
Bilmirəm kim köçüb, harası qalıb.
Gəldim ürəyimdə Vətən həsrəti,
O yerdə qəlbimin parası qalıb –
Başımda Qaraçöp havası qalıb!
İnsan və şair İlqar İlkini də elə o illərdə bu şeirin havasıyla tanıdım, əmin oldum ki, getdiyi yol onu çox-çox uzaqlara aparacaq, amma getdiyi yerlərdə də o havanı başından çıxara bilməyəcək...
***
Onun ilk kitabı məndə yaxşı mənada təəccüb oyatmışdı...
İyirmi yaşlarındakı İlqar İlkin HƏYAT və ÖLÜM haqqında, necə deyərlər, yaşından böyük danışırdı, elə bil, ömrünü nə vaxtsa bir dəfə yaşamışdı, ikinci dəfə dünyaya öz səhvlərini düzəltməyə, bizim əməllərimizə göz qoymağa gəlmişdi, yoxsa iyirmi il əvvəl Haqqa qovuşmuş babası haqqında brcə misrayla
(…Özünə qəbir də qazıbmış alnının qırışlarında...)
bu qədər tutumlu portret yarada bilməzdi.
Yaxud dünyaya həyat təcrübəsindən doğulan bu qədər bələdliyin, bir izahı-sübutu olmalıydı axı:
…Hər şey,
hər şey öləndə
Bir yadigar aparır dünyadan.
Mən öləndə
Gözlərimə baxmayın, qardaşlar!
Sizdən qabaq şəklinizi
Aparmayım torpağın altına.
Elə bil, əvvəlki həyatında torpaqdan yuxarıda, göydə doğulub, o ömrünü orada yaşayıb, sonra bizim aramıza enib ki, ömür tarixçəsini danışsın, üstəlik, məsləhət versin:
…Baxın doyunca göylərə,
Mən görüb gəlmişəm daha.
O mənəm – göydə doğulan
Torpağa enmişəm daha.
Amma yaxşı ki, İlqar İlkin bu qədər tanış olan ÖLÜMə həmişəlik bağlanıb qalmır, aləmin gerçəkliklərilə barışmağı bacarır, dünyada dərd çəkə-çəkə yaşamağın məqbul olduğunu da qəbul eləyir:
…Gəl çək mən çəkdiyim dərddən,
Gör acıdı, ya baldımı?
Dərd adamı çəkir, zalım,
Ölməyə həvəs qaldımı?
İlqar ilkinin nişan verdiyi “Əlləri qoynunda bitən ağaclar”ı görəndə həmin yaşantıların haradan yarandığını anlayırsan: quruduğuna görə atasının kəsdiyi ağacın pöhrələri əlləri qoynunda bitir, sınqın, boynubükük, qüssəli olurlar. Vaxtsız ana itirmək də elədi. İlqar bütöv bir ömür tablosunu ikicə misrada çəkir:
…Məni bu dünyaya gətirdi anam,
Əlləri qoynunda bitirdi anam…
İlqar İlkinin vaxtsız itirdiyi şair dostunun xatirəsinə həsr elədiyi, təkcə bir nəfərin itkisini yox, VAXTIN və RUHUN ağrılı, amma dolğun mənzərsəsim yaradan “Kazımoğlunun bayrağına ağı” adlı şeiri var. Deyir,
“…o gözəlim Allah uzun barmaqlı bir dost vermədi ki, sənin torpaq kürəklərini çırpsın. Çünki ayaqlarına yox, sürünməkdən kürəklərində damğa kimi qalmış Ata torpağını bütün qürbət boyu üzqarası kimi gəzdirməyi Tanrı sənin açıq alnına bir cəza yazmışdı. Amma sən o yolu da getmədin, gedə bilmədin, geri döndün Vətənin qırağından. Özü də yanımıza qayıtmadın, ruhunu Tanrının nurlu və işıqlı məkanında əbədi dincə qoydun. Sənin Vətən deyib, səcdə qıldığın bəlkə elə bu imiş…
…eşidirsənmi?
bir pəncərə daha çırpıldı.
Atamın çökən dizləri,
balamın yellənmək həvəsi
çat verdi aynaların səssizliyində…”
İlqar İlkin sevgidən də yazanda qazancını hesablamır, ağrlarıni, itkilərini qələmə alır. Həmişə, elə iyirmi il əvvəl də mənə elə gəlirdi ki, onun sevgisi də yaşından çox-çox böyük, AHIL SEVGİdi, yoxsa hisslərində bu qərər səbir və təmkin göstərə bilməzdi:
…Nə vaxtsa
Nəfəsinlə yaşamışam,
Səsinə titrəyib ürəyim.
Ayrılmışıq,
Keç günahlarımdan,
Anayın südü kimi
Halal eylə bu sevgini,
Halal eylə!
İlqar İlkinin indi – iyirmi il ötəndən sonra HƏYAT, SEBGİ və ÖLÜM haqqında nələr düşündüyünü uzun susqunluqdan sonra bilməyi çox istərdim…
***
İlqar İlkin ilk kitabının nəşrindən keçən azı iyirmi il ərzində həyatın saysız-hesabsız çalxantılarıyla üzləşib, amma insanlığını və insanlığa sevgisini, başlıcasısa həyat eşqini, SÖZƏ SEVGİsini və dosta sədaqətini həmişə qoruyub saxlayıb…
Bu illər ərzində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis başqanı olub, Prezident təqaüdünə layiq görülüb, mətbuatdakı fəaliyyətinə görə mükafatlar alıb…
İndi ATXƏM - Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin Koordinatoru və icraçı katibi, "Birlik" jurnalının baş redaktorudu, dünyanın bir çox ölkələrində Azərbaycanı ləyaqətlə təmsil eləyib, çoxsaylı layihələrin iştirakçısı olub…
Yəqin ki, bu illər ərzində “poetik susqunluğu”yla bağlı ərkyana töhmətlər də eşidib…
Amma kim bilir, bəlkə günlərin birində bizi daha bir kitabıyla təəccübləndirəcək…
Hər halda mən buna inanıram…
25 may 2017
URL / WWW
http://atxem.az/news/a-15510.html