Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » “Zirvə görüşü zaman baxımından çox əhəmiyyətli bir dövrü əhatə edirdi”
16.10.19 12:43



İlham İsmayılov: "Türk dünyası üçün vacib olan bir çox məsələlər müzakirə olundu, gələcək üçün strateji fəaliyyət istiqamətləri müəyyənləşdirildi"

Bu günlər yenidən bütün türk dünyasının, eləcə də bu coğrafiyaya marağı olan ölkələrin əsas diqqəti Bakıda, Azərbaycanın paytaxtında keçirilən zirvə görüşündə idi. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Vİİ zirvə toplantısında. Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan dövlət başçıları, Qazaxıstanın sabiq prezidenti, Macarıstan və Türkmənistanın baş nazirlərinin iştirak etdiyi zirvə görüşü özünün bir sıra məqamları ilə yadda qaldı.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Vİİ zirvə görüşü əsas etibarilə iki mühüm məqamı ilə diqqət çəkirdi. Birincisi, bu zirvə görüşünün Şuranın yaradılmasının 10 illiyinə təsadüf etməsi, ikincisi, ən mühüm isə Özbəkistanın ən yüksək səviyyədə həmin zirvə görüşünə qatılması və rəsmən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olması.

Sözügedən zirvə görüşü barədə fikirlərini bölüşən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov da qeyd edib ki, görüşdə Türk dünyası üçün vacib olan bir çox məsələlər müzakirə olundu, gələcək üçün strateji fəaliyyət istiqamətləri müəyyənləşdirildi. İlham İsmayılovun sözlərinə görə, bu tarixi zirvə görüşünün həm də zaman baxımından çox əhəmiyyətli bir dövrü əhatə edirdi: "Türkiyə Ordusunun Suriyada başlatmış olduğu antiterror əməliyyatları ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə görüşünün oktyabr ayında baş tutması bu zirvə görüşünün əhəmiyyətini daha da artırdı. Çünki Türkiyənin başlatmış olduğu bu əməliyyatlar hətta gözləmədiyimiz bir çox dövlətlərdən də haqsız olaraq qınandı. Hətta Türkiyə uzun illər onların haqlarını müdafiə etdiyi ərəb ölkələri belə öz davranışları ilə məyusluq yaratdı. Sadəcə bütün Türk Dövlətləri Türkiyənin yanında olduğunu açıqca qeyd etdilər. Hər kəs anladı ki, əslində dünya dövlətlərinin çoxu Türk düşmənçiliyini davam etdirir. Bir tərəfdən bu qardaş Türk dövlətləri arasındakı etimadı daha da artırmış oldu".

İlham İsmayılov Türk Şurasında Macarstanın müşahidəçi qismində qatılmasını da yüksək qiymətləndirib: "Macarstanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında təmsil olunması olduqca vacib məsələdir. Bunu cənab Prezident İlham Əliyev də çıxışında xüsusi vurğuladı ki, Macarıstanda Türk Şurasının nümayəndəliyi ofisinin fəaliyyətə başlaması Türk Şurasının Avropa ölkələri və regional təşkilatlarla əlaqələrin inkişafı baxımından olduqca əvəzsizdir. Təbii ki, bu məsələdə Macarıstanın baş naziri Viktor Orbanın böyük rolu var. Hesab edirəm ki, Macarstanın Türk Şurasına yaxınlaşmasında həm də Macarstan Turan Fondunun rəhbəri Andros Bironun da çox böyük rolu vardır. Onun hər iki ildən bir Macarstanda təşkil etdiyi və bizim də qatıldığımız Turan Qurultayları Macarstanda Türk ruhunun oyanmasında, xalqlarımızın yaxınlaşmasında böyük rol oynayıb. Məhz Macarıstandakı həmin oyanışın nəticəsidir ki, Türk Ordusunun Suriyada apardığı antiterror əməliyyatlarına etiraz bəyanatına veto qoydu".

ATXƏM sədri qeyd edib ki, Türk Şurası ötən bu 10 il ərzində Türk Dövlətləri arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları sahələrdə əməkdaşlığın inkişafında mühüm rol oynayıb: "Bu 10 il ərzində Türk Şurası ilə yanaşı Türksoy, Türkdilli Ölkələrin Parlament Assambleyas, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası da mühüm işlər gördü. Bu Zirvə görüşündə artıq Şuranın gələcək stratejisi kimi BMT-də müşahidəçi statusun alınması, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi qurumlarla əməkdaşlığın daha da artırılması göstərildi".

İlham İsmayılov Qazaxıstanın lideri, türk dünyasının ağsaqqalı Nursultan Nazarbayevin "artıq "türkdilli ölkələr" sözlərinin nəsə başqa bir formasına, "türk dövlətləri"nə keçmək haqqında düşünmək lazımdır" - fikrinə də münasibət bildirib:"Hal-hazırda bizim də təşkilatın adında "Türkdilli" sözü işlədilir. Təbii ki, sovetlər dönəmindən qalmış "türkdilli" ifadəsinin zamanla dəyişməsi, beyinlərdə daha olumlu oturuşması gərkliydi. Mən də hesab edirəm ki, artıq altı Türk Dövləti olan Azərbaycan, Türkiyə, Qazaxstan, Qırğızstan, Özbəkstan və Türkmənistanda xalqlar Türk olduqlarını və dövlətlərinin də bir Türk Dövləti olduğunu əsasən qəbul edirlər. O halda artıq dövlətlərimizi də Türk Dövlətləri olaraq səsləndirməkdə bir qadağa görmürəm. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi biz artıq özümüzə "6 dövlət tək millət" deyə bilərik. Təbii ki, növbəti toplantıda aramızda Türkmənistanı da görəcəyimizə ümid etməklə".

Süleyman İsmayılbəyli

Olaylar.az
URL / WWW
http://atxem.az/news/a-15567.html