Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » "44 günlük Vətən müharibəsində qazanılan Zəfər Qafqaz İslam Ordusunun ənənəsinin davamıdır"
15.09.21 23:36



44 günlük Vətən müharibəsində qazanılan Zəfər Qafqaz İslam Ordusunun tarixi ənənələrinin davamıdır Milli QHT Forumu, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM), Avropa Azərbaycanlıları Konqresi (AAK), İstanbul Türkiyə Azərbaycan Dərnəyinin təşkilatçılığı ilə "15 sentyabr 1918-ci il Bakının qurtuluşu - 08 noyabr 2021-ci il Şuşanın qurtuluşu; 44 günlük Vətən müharibəsində qazanılan Zəfər Qafqaz İslam Ordusunun tarixi ənənələrinin davamıdır" mövzusunda onlayn konfrans keçirildi.

Konfransı giriş sözü ilə açan MQF-nin prezidenti Rauf Zeyni bildirdi ki, bu il pandemiya səbəbindən yenidən onlayn tədbir keçirməyə məcbur olundu: "Biz bu gün Bakıda Türk şəhidliyində Qafqaz İslam Ordusunun əziz xatirəsini yad etdik. Doğrudur, bu tədbirləri hər il keçirirdik, lakin bu il Qarabağda qazanılan Zəfər bu bayramları daha anlamlı edib və bizlər şəhidlərimizin xatirəsini indi daha qürurlu bir şəkildə ziyarət edə bilirik". Konfransda məruzə ilə çıxış edən millət vəkili, professor Musa Qasımlı qeyd edib ki, 1918-ci ildə Azərbaycan Respublikası elan olunandan sonra faktiki olaraq yaradılmış milli hökumət də öz səlahiyyətlərini icra edə bilmirdi, hökumətin varlığı sadəcə kağız üzərində mövcud idi: "Erməni-bolşevik silahlı birləşmələri isə Azərbaycanın hər yerində, xüsusilə Bakıda dəhşətli qətliamlar törədirdilər. Ordu quruculuğu və silah təminatı ilə bağlı ciddi problemlər mövcud idi. Belə çətin bir vaxtda Qafqaz İslam Ordusu ölkəni üç ay ərzində erməni daşnaklarından təmizləyərək, həm milli hökumətin paytaxt Bakıda yerləşməsinə nail oldu, həm də yerli əhalini ordu təlimlərinə cəlb edərək, mili hökumətin də paytaxt Bakıda oturuşmasına faktiki olaraq təmin etdi".

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov bildirib ki, uzun illərdir rəhbərlik etdiyi təşkilatın fəaliyyət istiqamətlərinin əsası Qafqaz İslam Ordusunun Azərbaycandakı xilaskar missiyası ilə bağlı olub: "Hər il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Azərbaycana gəlişini böyük təmtəraqla qeyd etmişik. Pandemiya başlayana qədər hər il ənənə halını alan tədbirlərimiz keçirilib ki, böyük heyətlə Azərbaycana gələn Türkiyəli ziyalılar Qafqaz İslam Ordusunun keçdiyi tarixi yerləri ziyarət edib, onların Bakının qurtuluşunda gəlmiş olduğu marşrutu təkrarlayaraq, atalarımızın xatirəsini böyük ehtiramla anıblar. Bu il müəyyən səbəblərdən bu tədbirlər onlayn təşkil olunsa da, gələcəkdə öz ənənəmizi davam etdirməyi düşünürük. Doğrudur, bütün bunlar Nuru Paşanın xidmətləri qarşısında yetərli olmasa da, çalışırıq ki, Azərbaycan xalqını erməni-bolşevik birləşmələrinin qətliamlarından xilas edən, böyük fədakarlıq göstərən komutana onun adına layiq bir qarşılıq ödəyək".

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu şıxışında iki ölkə arasında mövcud olan dostluq, qardaşlıq əlaqələrindən danışıb. İSTAD sədri Qafqaz İslam Ordusunun komandanı, eyni zamanda Türkiyə və Azərbaycanın milli qəhrəmanı Nuru Paşanın Bakıda və Gəncədə abidəsinin ucaldılmasını da arzu etdiklərini bildirib. İSTAD sədri həmçinin təklif edib ki, Qafqaz İslam Ordusu əsgərlərinin bəzilərinin övladları bu gün də yaşayırlar. Onlara Azərbaycan dövləti adından bir diplom verilsə və ataları Qazi olaraq tanınsa bu hər kəsin ürəyincə olardı.

Tədbirdə çıxış edən Kiyev-Moqilyanska Akademiyası Milli Universitetinin humanitar elmlər fakültəsinin professoru, türkoloq Fərhad Turanlı təklif edib ki, Nuru Paşa və Qafqaz İslam Ordusu ilə bağlı dövlət və ya ictimai təşkilatlar tərəfindən Xatirə medalı təsis oluna bilər.

Konfransda çıxış edən İtaliyadakı "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasinin sədri Mais Nuriyev, "Türkistan" qəzetinin baş redaktoru Aqil Camal, İsveçdə fəaliyyət göstərən "Azərbaycan naminə" cəmiyyətinin sədri Nadir Hollenbrand, AAK-ın baş katibi Arzu Oqtay, professor Yusif Bayrakdar, yazıçı Mehmet Dağıstanlı, professor Qafar Çaxmaqlı Qafqaz İslam Ordusunun tarixi xidmətlərindən danışıb, Azərbaycan və Türkiyə münasibətlərinin tarixi və bu günü ilə bağlı fikirlərini bölüşüblər.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Müraciətdə deyilir: "Hörmətli, cənab Prezident! Sizin rəhbərliyiniz altında uzun illərdir ki, qardaş Türkiyə və digər Türk xalqları ilə hərtərəfli əməkdaşlığın nəticəsini biz 8 noyabr 2021-ci ildə 44 günlük Vətən müharibəsi dövründə bir daha görmüş olduq. Belə ki, əsrin əvvəlində - 1918-ci ildə Bakını, eləcə də Azərbaycanın bölgələrini erməni-bolşevik birləşmələrindən azad etməkdə bizə yardıma gələn Qafqaz İslam Ordusunun ənənələrini davam etdirən Türk xalqı yüz il sonra da bizim yanımızda oldu, öz qardaş köməyini bizdən əsirgəmədi. Sizin rəhbərliyiniz altında millətimizin və xalqımızın qazandığı Zəfərdə birmənalı şəkildə yanımızda oldular. Məhz buna görədir ki, biz qazandığımız Zəfərə görə qardaş Türk xalqına və onun müzəffər ordusuna minnətdarlıq hissi duyuruq. Hesab edirik ki, bu hörmət və minnətdarlıq eyni dərəcədə yüz il əvvəl bu münasibətlərin təməlini atan Qafqaz İslam Ordusuna və onun komandanı Nuru Paşaya da aid edilir.

Hesab edirik ki, bu minnətdarlığın ən bariz ifadəsi Türkiyə və Azərbaycan dövlətlərinin tarixi dostluq və qardaşlığının simvollarından biri kimi Nuru Paşanın tarixi xidmətlərinin miqyasının böyüklüyünü nəzərə alaraq dövlət səviyyəsində onun qiymətləndirilməsi olardı və bunu bütün Azərbaycan cəmiyyəti birmənalı şəkildə arzu edir.

Təbii ki, 1918-ci ildə Bakını azad etmiş Qafqaz İslam Ordusunun komandanı general Nuru Paşanın adının əbədiləşdirilməsi bütün qədirbilən xalqımız kimi biz ictimayyət nümayəndələrinin də arzusudur. Odur ki, Azərbaycan xalqının bu böyük sərkərdəyə olan minnətdarlıq duyğusuna qarşılıq ola¬raq, Bakı şəhərinin görkəmli yerlərinin birində və onun döyüş yolu keçdiyi digər ərazilərdə Nuru Paşanın abidəsinin ucaldılması və küçələrdən birinə onun adına verilməsi ilə əlaqədar müvafiq dövlət qurumlarına göstəriş verməyinizi xahiş edirik".
URL / WWW
http://atxem.az/news/a-15588.html