Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » İlham İsmayılov: “Köhnə sovet məkanında yaşayan bütün xalqlar işğalçıya qarşı milli mübarizəyə qayıtmalıdırlar” - 28 fevral 2022 il
28.02.22 15:20



“Bu gün Ukrayna xalqı düşmən üzərində qələbə qazanmaq üçün mütləq yumruq kimi birləşməlidir. Biz dekabr ayında böyük nümayəndə heyəti, qeyri-hökumət təşkilatları ilə birlikdə keçirdiyimiz tədbirdə də diqqətə çatdırmışdıq ki, Ukrayna xalqı mütləq bu məsələlərdə həmrəy olmalıdır.
Ancaq təəssüf edirəm ki, onların içərisində yumruq kimi birləşmək problemləri var. Bu da təbiidir. Çünki orada illər boyu “5-ci kolon” daha güclü işləyib. Həm də dil oxşarlığının olması səbəbindən Rusiyanın “5-ci kolonu” uzun müddətdir ki, orada işini yüksək səviyyədə qurub. Bu gün əfsuslar olsun ki, Ukraynada həm ictimai-siyasi sahədə, həm dövlət qurumlarında, həm də sıravi insanlar arasında fikir ayrılığı mövcuddur. Bilirik ki, milli qüvvələr dominantlığını saxlayır və əgər onlar ayağa qalxarsa, digərlərinin addım atmağa cəsarəti çatmayacaq”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında ATXƏM sədri İlham İsmayılov deyib. O, qeyd edib ki, Rusiyanın imperiya siyasətindən hələ də bir çox dövlətlər əziyyət çəkməkdədir:

“Bu günlər rus ordusu Zelenskinin devirmək üçün Kiyevə girmək istədiyini bəyan edir. İlk olaraq qeyd etmək istəyirəm ki, Avropanın mərkəzində demokratik yolla hakimiyyətə gəlmiş prezidentin devrilməsinə can atmaq özü ağılsızlıqdır. Rusiya əslində ərəb ölkələrindəki hadisələri yenidən təkrarlamaq istəyirdi. Yəni Səddam Hüseynə, Qəddafiyə etdikləri kimi. Lakin bu, vaxtilə Rusiyanın (SSRİ) faşizm üzərində qələbə əldə etmək üçün Berlinə getməsi məsələsi deyil. Çox təəssüf ki, Rusiya bir qarış da torpağına iddialı olmayan dövlətə qarşı bu cür iddialarla çıxış edir. Bu iddiaların çoxu əslində bəhanədir. Məsələn NATO-ya yaxınlaşması, ora daxil olması və s. Qeyd edim ki, bu cür məsələlər bütün dövlətlərin müstəqil işidir. Şimal qonşumuzun bu imperiya siyasəti illərdir ki, 15 respublikaya ziyan gətirir. Onların da içərisində ən çox əziyyət çəkən məhz Azərbaycan olub. Çünki bizim torpaqlarımız 30 il düşmən işğalı altında olub və torpaqlarımızı cəsarətli oğullarımız 44 günlük Vətən savaşında azad edib. Təbii ki, biz həmin döyüşdə öz dostlarımızı, düşmənlərimizi yaxşı tanıdıq. İkinci Qarabağ savaşında bizə dəstək olan dövlətlərdən biri də Ukrayna idi. Ukrayna dövləti və xalqı birmənalı olaraq yanımızda oldular. Ancaq təəssüf edirəm ki, hələ də Azərbaycanda Kremlin işğalçı mövqeyini müdafiə edən qüvvələr var. Nədən cəsarət tapırlar, hansı ədalətə söykənirlər, bilmirəm. Bu, nə insan haqlarına, nə də beynəlxalq hüquqa əsaslanan addımdır”.

“İnanıram ki, yaxın müddətdə həmin qüvvələr ifşa olunacaq. Bu baxımdan hesab edirəm ki, milli qüvvələrimiz bu işdə bir daha birləşəcək. Çünki bu, böyük qələbənin əldə olunmasında ən böyük faktorlardandır. Biz bunu 44 günlük Vətən müharibəsində də gördük. Vətəndaşlarımız Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi. Nəticədə bizi istəməyən qüvvələr belə, cəsarət edib, addım ata bilmədilər və məcbur qalıb Azərbaycanın haqq işini müdafiə etdilər. Bilirsiniz ki, bizim torpaqlarımızın bir hissəsi yenə də düşmən işğalındadır. Ora “sülhməramlı” adı ilə gəlmiş qüvvələr əslində heç bir beynəlxalq hüquqa söykənmirlər. Sadəcə olaraq yenidən işğalçılıq missiyasını yerinə yetirməyə gəliblər. Mən ictimai təşkilat rəhbəri kimi dəfələrlə demişəm və bir daha da bəyan edirəm ki, biz Ukrayna hadisələrindən sonra həmrəyliyimizi daha çox artırmalıyıq. Ümumiyyətlə, köhnə sovet məkanında yaşayan bütün xalqlar artıq milli mübarizəyə qayıtmalı və bütün ictimai təşkilatlar koordinasiyalı şəkildə işğalçı qüvvələrə qarşı birgə mübarizə aparmalıdırlar”, - deyə ATXƏM sədri qeyd edib.

Aynurə Pənahqızı

Demokrat.az
URL / WWW
http://atxem.az/news/a-15601.html