Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Türk dünyası xəbərləri » Türkdilli ölkələrin QHT Platforması yaradılacaq
13.04.12 15:27

Aprelin 13-də Bakıda “Azərbaycan –Türkiyə münasibətlərinin bu günü və gələcəyi: QHT, media və beyin mərkəzlərinin bu münasibətlərin inkişafında yeri və rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.APA-nın məlumatına görə, konfransda Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri, Avrasiya QHT Əməkdaşlıq Dərnəyinin sədri İsmail Safi və Avrasiya İqtisadi Əməkdaşlq Dərnəyinin sədri Hikmət Ərən, Azərbaycanın millət vəkilləri, media və QHT rəhbərləri iştirak ediblər.
Konfransın təşkilatçısı olan millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycan və Türkiyənin dövlət qurumları arasında əlaqələr yüksək səviyyədə olsa da, iki ölkənin QHT-ləri arasında işbirliyi, koordinasiya olunmuş fəaliyyət həyata keçirilmir. Q. Paşayeva deyib ki, hər iki ölkənin ortaq problemlərinin həllində QHT-lərin, medianın və beyin mərkəzlərinin dəstəyinə ehtiyac var. Onun sözlərinə görə, türkiyəli qonaqların səfəri müddətində Prezident Yanında Strateji Araşdırmalar Mərkəzində, QHT-lərə Dövlət Dəstəyi Şurasında, Diasporla İş üzrə Dövlət Komitəsində görüşlər keçiriləcək, Xocavənd rayonuna səfər təşkil olunacaq və orada “Qondarma erməni soyqırımı: iddia və yalanların qarşısının alınmasında QHT-nin və KİV-in rolu, vəzifələri” adlı konfrans təşkil ediləcək.
Türkiyə millət vəkili İ. Safi də iki ölkənin vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıb. O bildirib ki, Fransada ermənilərə dəstək yasası qəbul olunanda dövlətlərin apardığı iş, birgə əməkdaşlıq görünsə də, QHT sektorunda ciddi boşluqlar olduğu üzə çıxdı: “Hollandiyada türk və erməni topluluğunun sayı bərabərdir. Amma təsir imkanları barədə bunu deyə bilməyəcəyəm”.
İ. Safi türk dövlətlərinin QHT-lərinin birləşdiyi Ortaq Avrasiya Platforması yaratmaq niyyətində olduqlarını açıqlayıb: “Biz ilk toplantını bu ilin sentyabr ayında Türkiyədə keçirməyi planlaşdırırıq. Bu çərçivədə Azərbaycan QHT-lərini də əməkdaşlığa dəvət edirik”.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev də Türkiyə və Azərbaycanın QHT sektoru və media qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
“APA Group”un rəhbəri Vüsalə Mahirqızı çıxışında Azərbaycanla Türkiyə arasında münasibətlərin dövlətlər və xalqlar səviyyəsində həmişə çox yüksək səviyyədə olduğunu bəyan edib: “2009-cu ildən Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutlarının inteqrasiyası istiqamətində yeni bir mərhələ başlayıb. Əvvəlcə Ankarada, ötən il isə Azərbaycanda Türkdilli Ölkələrin Media Forumu keçirilib. Azərbaycanda çox əhəmiyyətli qərar alınaraq bu foruma təkcə türkdilli dövlətlərin deyil, həm də türkdilli topluluqların nümayəndələri dəvət olundular”. V. Mahirqızı yeni yaranacaq Ortaq Avrasiya QHT Platformasına həm də türk topluluqlarını təmsil edən QHT-lərin və medianın dəvət olunmasını təklif edib: “Çünki dövlətləri olan xalqlar öz sözlərini üzv olduqları müxtəlif beynəlxalq təşkilatlarda, tədbirlərdə deyə bilirlər. Türk topluluqlarının isə problemlərini səsləndirəcəkləri heç bir platforma yoxdur”.
V. Mahirqızı türkdilli xalqların ortaq xəbər agentliyinin yaradılmasının da müsbət nəticələr verə biləcəyini söyləyib.
Azərbaycanın Dağlıq Qarabağ İcmasının rəhbəri Bayram Səfərov, Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Qazi Bilgin, millət vəkilləri Rövşən Rzayev və Jalə Əliyeva, Milli QHT Forumunun rəhbəri Rauf Zeyni və digər çıxışçılar da türk xalqlarının media və QHT-ləri, beyin mərkəzləri arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq, təkliflər səsləndiriblər.

URL / WWW
http://atxem.az/news/a-15263.html