Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» ATXƏM-in Azərbaycan diaspora təşkilatlarına Müraciəti
12.04.12 21:42
Güney Azərbaycanda yaşayan soydaşlarımızın bütün hüquqlarından məhrum olunduğu, İrandakı mövcud rejiminin hər gün müxtəlif bəhanələrlə soydaşlarımızı edam etdirdiyi bir vaxtda Dünya Azərbaycanlıları Konqresi (DAK) adı ilə bir neçə yerə parçalanmış Azərbaycan diaspora təşkilatlarının birlik qurultayına gedəcəyi ilə bağlı xəbərlər bizdə böyük ümid doğurmuşdur.
Bütün Türk xalqlarının və onların diaspora təşkilatlarının birlik və bərabərliyini öz fəaliyyətində təməl prinsip olaraq əsas götürən bir təşkilat kimi biz də bu birliyin reallaşması üçün aktiv rol oynamaq və proseslərdə daha yaxından iştirak etməyi zəruri hesab edirik.
Hesab edirik ki, Güney Azərbaycanda yaşayan soydaşlarımızın öz hüquqlarını bərpası üçün real tarixi bir şans yaranıb və bu real imkanı dəyərləndirmək üçün milli birliyin yaradılması da olduqca vacibdir. Lakin ayrı-ayrı qruplara parçalanaraq, bu günə kimi yalnız öz aralarında nüfuz mübarizəsi ilə məşğul olan bəzi diaspora təşkilatları bu tarixi məqamı dəyərləndirmək əvəzinə, yenidən öz şəxsi iddialarını ön plana çəkməklə məşğuldurlar.
Bilmək istərdik ki, bir-biri ilə mübarizə aparan bəzi diaspora təşkilatları arasında milli maraqlarımızdan üstün daha nə ola bilər ki, onların bir araya gəlməsinə əngəl törətsin?. Bu gün öz aralarında birlik yarada bilməyən belə təşkilatların milli birlik yaradacağına hansı məntiqlə inanmaq olar? Qarşılıqlı ittihamlar, təşkilatlararası mübarizələrlə bir-birini zəiflətməklə, belə təşkilatlar ayrı-ayrı dövlətlərin maraqlarına xidmət etmiş olmurlarmı?
Lakin hələ də ümidimizi itirməmişik. İnanmaq istərdik ki, Güney Azərbaycandakı soydaşlarımızın taleyinin həll olunduğu bir vaxtda bütün tərəflər öz iddialarından əl çəkəcək, Dünya Azərbaycanlılarının birliyi naminə bir araya gələcəklər. Bu birliyi pozmaq istəyənlər isə tarixin və Azərbaycan xalqının yaddaşında lənətli bir şəkildə qalacaqlar. Odur ki, belə bir vəziyyətdə dünya azərbaycanlılarının bütün diaspor təşkilatlarının birliyini təmin etmək üçün bütün tərəflərə birləşməyi tövsiyyə edir, hər zaman milli mücadilə aparan sağlam qüvvələrin yanında olacağımızı və keçiriləcək birlik qurultayına bir təşkilat olaraq hər cür dəstək verəcəyimizi bəyan edirik.
İlham İsmayılov
Azərbaycanlıların və digər Türkdilli
Xalqların Əməkdaşlıq Mərkəzinin sədri
URL / WWW
http://atxem.az/news/a-15265.html