Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » "Qafqaz İslam Ordusu-96"
16.09.14 22:18



Sentyabrın 15-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM), Aşıq Şəmşir Mədəniyyət Ocağı, İstanbul Türkiyə Azərbaycan Evinin təşkilatçılığı Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyilə Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 96-cı ilinə həsr olunmuş "Qafqaz İslam Ordusu - 96" mövzusundə tədbir keçirilib.

Tədbirə Türkiyədən ölkəmizdə səfərdə olan böyük nümayəndə heyəti də qatılıb. Əvvəla tədbir iştirakçıları Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda döyüşən şəhidlərimizin ruhunu yad edib. Tədbiri giriş sözü ilə açan Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı 15 sentyabr tarixinin Azərbaycanın həyatında önəmli gün olduğunu söyləyib. Hər il 15 sentyabr tarixinin müxtəlif səviyyələrdə qeyd edildiyini deyən Əkbər Qoşalı xüsusilə ATXƏM-in bu şanlı tarixi geniş miqyasda, bayram əhval-ruhiyyəsində qeyd etdiyini diqqətə çatdırıb.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov rəhbərlik etdiyi təşkilatın ənənəvi olaraq Bakının işğaldan azad edilməsinin ildönümünü qeyd etdiyini vurğulayıb və bu tarixi hər il bayram kimi qeyd etməyin ATXƏM-in gündəliyinə daxil olduğunu söyləyib. ATXƏM sədri Qafqaz İslam Ordusu və Nuru Paşanın xidmətlərinin hələ də öz layiqli yerini almadığını vurğulayıb və əmin olduğunu bildirib ki, yaxınlarda Azərbaycan xalqı Nuru Paşaya olan mənəvi borcunu ödəyərək onun adını əbədiləşdirəcək. İlham İsmayılov bu istiqamətdə ictimai təşkilatların fəal olmasını arzulayıb. Azərbaycan-Türkiyə dostluq-qardaşlığına toxunan ATXƏM sədri qeyd edib ki, iki ölkə arasındakı münasibətlər hər zaman dünyaya örnək olub. İctimai Birlik sədri bildirib ki, XXI əsr türk əsridir deyənlər zamanında bunun konturlarını müəyyən ediblər və bu gün biz mərhələ-mərhələ ona doğru irəliləyirik.

{img2}{img1}İlham İsmayılovun sözlərinə görə, buna görə də Qafqaz İslam Ordusunun keçdiyi şərəfli döyüş yolunun mahiyyətinin insanlara çatdırılması istiqamətində çalışılır: “Xüsusilə, gənclərin bunu bilməsi çox vacibdir, önəmlidir. Təşkilat olaraq işimiz ondan ibarətdir ki, tarixi həqiqətləri üzə çıxaraq. Tarixi həqiqətlərin gənclərə çatdırılması və gənc nəslin bütün bunlarla məlumatlandırılması olduqca əhəmiyyətlidir. Çünki öz tarixini bilməyən gənclikdən heç nə gözləıməyə dəyməz”.

ATXƏM sədri deyib ki, qloballaşan dünyada türk birliyinin reallaşması arzuedilən və vacibdir: “Eyni kökdən qaynaqlanan, eyni dildə danışıb eyni mədəniyyətə malik bir millətin birləşmək haqqı var. Bu birlik bir çox çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək bir birlik olmalıdır”.

İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu da çıxışında iki ölkə arasında mövcud olan dostluq, qardaşlıq əlaqələrindən danışıb. Türkiyənin çətin anlarında Azərbaycana, Azərbaycanın isə bu kimi vəziyyətlərdə Türkiyəyə kömək etdiyini deyən İSTAD sədri Azərbaycanın hər ötən gün inkişaf etdiyini və Qafqazın parlayan ulduzuna çevrildiyini vurğulayıb. Azərbaycan və Türkiyənin QHT-ləri arasinda əməkdaşlığın bir qədər də inkişaf etdirilməsinin vacibliyini qeyd edən Səfər Karakoyunlu ATXƏM-lə həyata keçirdikləri layihələr, tədbirlər barədə də danışıb.

Səfər Karakoyunlu Qafqaz İslam Ordusunun komandanı, eyni zamanda Türkiyə və Azərbaycanın milli qəhrəmanı Nuru Paşanın Bakıda və Gəncədə abidəsinin ucaldılmasını da arzu etdiklərini bildirib. İSTAD sədri həmçinin təklif edib ki, həm Bakı, həm də Gəncədə uyğun olan mərkəzi küçələrdən birinə Nuru Paşanın adı verilsin: “Bununla yanaşı biz təklif edirik ki, Türkiyə və Azərbaycan arasında mövcud olan qardaşlıq, dostluq əlaqələrinin daha da qüvvətli olması üçün müxtəlif sahələrdə qarşılıqlı səfərlər təşkil edilsin”.

{img4}{img5}Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da 15 sentaybr tarixinin əhəmiyyətindən danışıb və bu günü bayram kimin xarakterizə edib. O, da Azərbaycan və Türkiyənin çətin günlərdə bir-birinə yardım etdiyini deyib və qarşılıqlı münasibətlərin, əlaqələrin hər ötən gün daha da inkişaf etdiyini söyləyib. MŞ sədri bildirib ki, Çanaqaala savaşında müttəfiq qüvvələr Osmanlını məğlub etsəydi bu günkü Türkiyənin sərhədləri tamam başqa olardı və qardaş ölkə imperialist güclər arasında bölünərdi: ”Eyni ilə bunu 1918-ci il hadisələrinə aid etmək olar. Əgər o zaman Qafqaz İslam Ordusu Azərbaycana gəlib Bakını işğaldan azad etməsəydi və bolşevik-daşnaq birləşmələri məhv edilməsəydi bu günkü müstəqil Azərbaycanın varlığı, onun suverenliyi şübhə altında olardı. Nəticə etibarilə Azərbaycan da bolşevik və daşnaqlar tərəfindən parçalanıb nəzarətə götürüləcəkdi”.

{img3}Daha sonra çıxış edən natiqlər də 15 sentyabr tarixinin əhəmiyyəti, Türkiyə-Azərbaycan dostluq və qardaşlığından bəhs ediblər. Sonda İSTAD sədri Səfər Karakoyunlu ATXƏM sədri İlham İsmayılov və ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkinə iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsindəki xidmətlərinə görə, rəhbərlik etdiyi qurumun plaketini təqdim edib.
URL / WWW
http://atxem.az/news/a-15413.html