Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » «Qafqaz İslam Ordusu - 97» mövzusunda konfrans keçirilib
15.09.15 10:07



Sentyabrın 14-də Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM), Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə «Qafqaz İslam Ordusu - 97» mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, Bakının daşnaq-bolşevik birləşmələrindən azad olunmasının il dönümlərinin qeyd edilməsi xoş ənənəyə çevrilib. 97 il öncə sentyabrın 15-də baş vermiş hadisənin Azərbaycan tarixindəki rolundan söz açan MŞ sədri onun gerçəkləşməsinin bütövlükdə türk dünyası üçün böyük əhəmiyyət daşıdığını əsaslandırıb. O qeyd edib ki, Qafqaz İslam Ordusunun rəşadətli döyüş yolu bu gün müstəqil dövlət kimi varlığını sürdürən Azərbaycanın və Türkiyənin tarixi bağlarını yaşadan qəhrəmanlıq salnaməsidir. «Hesab edirəm ki, hər iki ölkənin ictimai institutları, o cümlədən media qurumları məsələyə daha ciddi önəm verməlidirlər. Mətbuat Şurasının, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin və Milli QHT Forumunun birgə tədbiri də məhz bu önəmdən qaynaqlanır», - deyə MŞ sədri vurğulayıb.

{img1}ATXƏM sədri, MŞ İdarə Heyətinin üzvü İlham İsmayılov Bakının bolşevik-daşnaq qüvvələrindən azad edilməsində Qafqaz İslam Ordusunun və onun görkəmli sərkərdəsi Nuru paşanın rolunun media vasitəsilə geniş ictimayyətə çatdırılmasının vacibliyindən söz açıb. O bildirib ki, Qafqaz İslam Ordusunun Azərbaycan tarixindəki rolu milli-mənəvi dəyərlərimiz, türkçülük kökənimiz və dövlətçilik tariximiz baxımından müstəsna önəm daşıyır. Buna görə də mövzu hər zaman diqqətdə saxlanılmalıdır.

{img2}Millli QHT Forumunun rəhbəri Rauf Zeyni istər 15 sentyabr tarixinin, istərsə də ona aparan yolun bir ibrət səhnəsinə şahidlik etdiyini dilə gətirib. Bu səhnənin ortaq türk mənafelərini rəhbər tutduğunu vurğulayan R.Zeyni belə önəmli hadisələrin bütövlükdə türk dünyasına çatdırılması istiqamətində işlərin aparılmasının zəririliyini vurğulayıb.

“Azər-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxışında Qafqaz İslam Ordusunun missiyasının bir sıra kütləvi informasiya vasitələrində bilərəkdən təhrif olunmasından narahatlığını ifadə edib. «Bu ordunun mübarizəsi bizim qurtuluşumuz olub. Ona görə də onun tarixi ciddi şəkildə araşdırılmalıdır. Təəssüf ki, Qafqazda rus mövqeyini möhkəmləndirmək istəyənlər var. Belələrinin fəaliyyəti təəssüf doğurur. Hesab edirəm ki, Azərbaycan ictimaiyyəti, o cümlədən mediası məsələyə həssas yanaşmalıdır. Qafqaz İslam Ordusu işğalçı bir ordu deyildi. Gənclərimizin bunu məhz belə qəbul etməsi lazımdır», - deyə T.Rüstəmxanlı fikrinə aydınlıq gətirib.

{img3}Türk Dünyası Araşdırmalar Vəkfinin təmsilçisi Gökmən Kılıcoğlu Bakının daşnaq-bolşevik birləşmələrindən azad olunmasında müstəsna xidmətləri olan Ənvər paşa ilə bağlı Türkiyə cəmiyyətində formalaşmış baxışların mübahisəli olduğuna diqqət çəkib. Ancaq natiq əlavə edib ki, belə yanaşmalar heç bir halda Ənvər paşanın tarixi xidmətlərini kölgələmək üçün əsaslar vermir.

Milli QHT Forumunun elmi mərkəzinin rəhbəri Nüşabə Məmmədli Qafqaz İslam Ordusunun xidmətlərinin müxtəlif aspektlərindən ətraflı bəhs edib. Ötən əsrin əvvəllərindən beynəlxalq siyasi həyatın xüsusiyyətlərindən söz açan N.Məmmədli Qafqaz İslam Ordusunun yerinə yetirdiyi missiyanın cəmiyyətdə təbliğinə ehtiyacın duyulduğunu vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı Qafqaz İslam Ordusunun fəaliyyətinin Azərbaycan və Türkiyənin müştərək hərb tarixinin şanlı səhifəsi kimi dəyərləndirib. 97 illik tarixin bir sıra maraqlı məqamlarına diqqət çəkən baş redaktorun böyük mütəfəkkir Əli bəy Hüseynzadənin Qafqaz İslam Ordusu barədə söylədikləri fikirləri səsləndirməsi maraqla qarşılanıb.

Tədbirdə çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Türküstan» qəzetinin baş redaktoru Aqil Camal, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov və başqaları Qafqaz İslam Ordusunun tarixdəki rolu, hazırkı dövrdə ona münasibətlə bağlı müxtəlif məqamlardan söz açıblar.
URL / WWW
http://atxem.az/news/a-15442.html