Müəllif hüququ
© WWW :
ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib
Xəbərlər
»
Gündəlik xəbərlər
» Cəbhə bölgəsində yaşayan əhaliyə Prezident qayğısı
04.05.16 05:50
İlham İsmayılov: “Dövlət başçısının cəbhə xəttinə səfəri eyni zamanda Silahlı Qüvvələrimizdə döyüş əzmini, ruh yüksəkliyini bir qədər də artırmış oldu”
Aprelin ilk günlərində təmas xəttində baş verən erməni təxribatına qarşı Silahlı Qüvvələrimizin verdiyi layiqli cavab və əldə edilən uğurlar Azərbaycan xalqı arasında böyük ruh yüksəkliyi yaratdı. 4 günlük hərbi əməliyyatlardan sonra döyüşlərdə qəhrəmanlıq göstərmiş əsgər və zabitlərimizin dövlət tərəfindən təltif edilməsi, şəhid olmuş Vətən oğullarımızın adının əbədiləşdirilməsi istiqamətində atılan addımlar cəmiyyətdə mövcud olan döyüş əhval-ruhiyyəsini daha da artırdı. Son günlər müşahidə edilən hadisələr, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin cəbhə xəttində yerləşən rayonlara səfər etməsi bu prosesləri bir qədər də sürətləndirmiş oldu. Məlumat üçün bildirək ki, mayın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyeva Bərdə, Tərtər və Ağdam rayonlarına səfər edərək düşmənlə döyüşlərdə qəhrəmanlıq göstərmiş əsgər və zabitlərlə görüşüb, hərbi hissələrdə olub, yaralı əsgərlərə baş çəkiblər. Həmçinin Prezident və xanımı erməni təxribatı nəticəsində evləri dağıdılmış sakinlərlə görüşüşb, onların problemləri ilə maraqlanıb. Ən diqqət çəkən məqam isə ondan ibarətdir ki, Prezident və xanımının yerli sakinlərlə görüşü düşmənlə 200 metr məsafədə baş verib. Yəni dövlət başçısı heç bir təhlükədən çəkinməyərək ən ağır vəziyyətdə belə vətəndaşla bir yerdə olduğunu bir daha təsdiqləyib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və xanımı Mehriban Əliyevanın cəbhəyanı rayonlara səfər etməsi, əsgər və zabitlərlə, yerli sakinlərlə görüşməsi cəmiyyətin hər bir üzvü tərəfindən müsbət qarşılanıb, təqdir edilib. İstər siyasilər, istər vətəndaş cəmiyyəti nümayəndələri, istərsə də sadə vətəndaşlar Prezidentin bu addımını dövlətin, dövlət başçısının vətəndaşa, Silahlı Qüvvələrə böyük dəstəyi kimi dəyərləndiriblər. Elə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov da bu qənaətdədir. O, bildirib ki, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın cəbhə xəttinə səfəri hər şeydən əvvəl dövlət başçısının cəbhə bölgəsində yaşayan əhaliyə olan qayğısının göstəricisidir: “Bu cəbhə bölgəsində yaşayan əhaliyə Prezident qayğısıdır. Səfər çərçivəsində dövlət başçısı və xanımının erməni təxribatı nəticəsində zərər görmüş yerli sakinlərlə görüşü, onların erməni vandalları tərəfindən dağıdılmış mənzillərinə baxış keçirməsi, hər bir sakinlə fərdi qaydada söhbətləşməsi bu diqqət və qayğının göstəricisidir. Onu da qeyd etmək yerinə düşər ki, dövlət başçısının cəbhə bölgəsində yaşayan sakinlərə diqqət və qayğısı təkcə görüşlə kifayətlənmədi. Məlum olduğu kimi Prezident oradakı vəziyətlə yaxından tanış olduqdan sonra dövlət başçısı erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı. Sərəncama əsasən erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam və Tərtər Rayon İcra Hakimiyyətlərinin hər birinə 3,0 (üç) milyon manat olmaqla cəmi 6,0 (altı) milyon manat ayrıldi. Bu da öz-özlüyündə Prezidentin cəbhə bölgəsində yaşayan sakinlərə qayğısının əyani sübutudur”. ATXƏM sədri deyib ki, təkcə son hadisələr deyil, ondan əvvəl də Prezident İlham Əliyev dəfələrlə cəbhə bölgəsinə səfər edərək yerli sakinlərlə görüşüb, onların problemləri ilə maraqlanıb: “Ancaq bu dəfəki səfər xüsusi əhəmiyyətə malik idi. Birincisi, dövlət başçısı bununla bir daha harada yaşamasından asılı olmayaraq hər bir vətəndaşın Prezidenti olduğunu, hərbi vətəndaşın probleminə həssas yanaşdığını bir daha təsdiqlədi. İkincisi, cəbhə xəttinda yaşayan vətəndaşlarımızda bir daha arxayınlıq, əminlik yarandı ki, dövlət və dövlət başçısı onların arxasındadır. Prezidentin cəbhə xəttinə səfəri eyni zamanda Silahlı Qüvvələrimizdə döyüş əzmini, ruh yüksəkliyini bir qədər də artırmış oldu. Düşmənlə üz-üzə dayanan əsgər və zabitin səngərdə, postda Ali Baş Komandanla bir yerdə olması ona bir dəstək, dayaqdır. Bu dəstək, dayağı yaxından hiss edən, onun əyani şahidi olan Azərbaycan hərbiçisi bundan sonra daha böyük qələbələr əldə etmək əzmindədir”. İlham İsmayılov deyir ki, Prezident İlham Əliyevin düşmənlə 200 metr məsafəyə qədər getməsi Ali Baş Komandanın cəsarət, şücaət nümayişidir: “Heç şübhəsiz ki, bu amil özü də həm Silahlı Qüvvələrimizin əsgər və zabit heyəti, həm də cəbhə xəttində yaşayan sakinləri qürurlandıran, onlarda ruh yüksəkliyi yaradan bir məqamdır”. ATXƏM sədri əmin olduğunu bildirib ki, ön cəbhədə Ali Baş Komandan, dövlət başçısını yanında görən Azərbaycan Silahlı Qüvvələri bundan sonra daha da əzmkar olacaq, erməni təxribatlarına layiqli cavab verərək torpaqlarını işğaldan azad edəcək.
Süleyman İsmayılbəyli
"Olaylar", 04.05.2016
URL / WWW
http://atxem.az/news/a-15459.html