Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Türk dünyası xəbərləri » Görkəmli Azərbaycan şairi Şəhriyarın 110 illik yubileyi qeyd edilib
10.11.16 14:38



Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.

Tədbir Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə reallaşıb. "Eurasia Diary" xəbər verir ki, yubiley tədbirində şairin həyatından bəhs edən videoçarx nümayiş olunub.

AYB-nin sədri, Xalq Yazıçısı Anar tədbirdə böyük söz ustadının yaradıcılığından söhbət açıb. Bildirib ki, şeirimizi yüksək zirvələrə qaldıran, insanlara vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyası təbliğ edən, milli ruhun oyanışında böyük xidmətləri olan Şəhriyar yaradıcılığı hər zaman Azərbaycan xalqının güvənc yeri olub. O, klassik şeirin bütün şəkillərinə müraciət edib, ölməz sənət inciləri yaradıb.

{img2}{img1}AYB-nin şöbə müdiri Sayman Aruz XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan M.H.Şəhriyarın zəngin və çoxcəhətli yaradıcılığından danışıb. Onun Azərbaycan ədəbiyyatına dünya şöhrəti gətirən, poeziyada müstəsna mövqeyi olan qüdrətli sənətkar olduğunu bildirib.

Tədbirdə çıxış edən Mili Məclisin deputatı Qənirə Paşayeva Şəhriyarın bütün türk dünyasının şairi olduğunu söyləyib. O, ümumxalq məhəbbəti qazanmış şairin qələmindən çıxan şeirlərin, poemaların bədii qüdrəti ilə Azərbaycanın və dünya oxucusunun qəlbini həyəcana gətirdiyini, dillərdə əzbər olduğunu bildirib.

Şəhriyarşünas alim Esmira Fuad, iranlı qonaq Məhəmməd Rza Rəhmani və digər çıxış edənlər Şəhriyarın xalq yaradıcılığından bəhrələnərək ümumbəşəri və milli dəyərləri, tariximizin taleyüklü anlarını əks etdirən əsərlər yaratdığını söyləyiblər. XX əsrin sonlarında Azərbaycan ədəbiyyatında M.H.Şəhriyar qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin olmadığını bildiriblər.

{img4}{img3}Tədbirdə çıxış edən BAMF sədri Umud Mirzəyev isə Şəhriyar şeirindəki millilik, özünəməxsusluq elementlərinin onun bütün xalqımıza sevdirən cəhətləri kimi vurğulayıb və belə ədəbi–məclislərin təşkil edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edilib ki, Şəhriyarın dərin məzmunlu şeirləri poeziyamızın inciləri səviyyəsinə qalxaraq gələcək nəsillər üçün örnək olub, hələ sağlığında bir çox dünya xalqlarının dillərinə tərcümə edilərək yayılıb. Təkcə Azərbaycanın milli-mənəvi varlığını, yaşam tərzini, tarixi keçmişini özündə əks etdirən “Heydərbabaya salam” poeması dünyanın 80 ölkəsində yayılaraq müəllifinə şöhrət gətirib. Vurğulanıb ki, Nizamidən, Füzulidən, Nəsimidən gələn böyük poeziya örnəkləri Şəhriyar yaradıcılığında özünə yeni nəfəs qazanıb.
{img6}{img5}Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev çıxışında Şəhriyarın yaradıcılığına geniş toxunaraq, bidirdi ki, şairin Azərbaycan dilində yazmış olduğu şerləri cənubda dillər əzbəri olduğu kimi bizim tərəfimizdən də həmişə sevilə-sevilə oxunub."Şəhriyar hər iki qardaş ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsində bir körpü rolunu oynayıb. Bu gün "Heydərbabaya salam" poeması xalqlarımız arasında yaxınlaşma, bir-birinə sevgi və hörmətin göstərilməsini bizə təlqin edir. Buna görədir ki, onun sadə və xalq dili ilə yazılmış şerləri hər iki tərəfdə də böyk rəğbətlə oxunur".

Tədbirdə şairin şeirləri oxunub, incəsənət ustalarının ifasında onun şeirlərinə yazılmış mahnılar səsləndirilib.
Şairin oğlu Hadi Behcət Təbrizi tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonda ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinə Mədəniyyət və Turizm Nazirliyinin və AYB-nin təsis etdiyi “Şəhriyar” ədəbi diplomu hədiyyə edilib.
URL / WWW
http://atxem.az/news/a-15488.html