Müəllif hüququ © WWW : ATXƏM
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Xəbərlər » Gündəlik xəbərlər » Yoloğlu türkçü deyilsə, onda türkçü kimdir?
20.08.18 07:05



Tarix elmləri doktoru, böyük türkoloq Güllü Yoloğlunun “Mədəniyyət” kanalında yayımlanan “Keçmişdən Gələcəyə” verilişində saxta “böyük ermənistan” xəritəsinin kadr arxası efirə verilməsi səhnəsinə baxanda düşünmüşdüm ki, bu, arzulanmayan və diqqətdən yayınan bir səhvdir: yəqin ki, kadrı efirə hazırlayan texniki heyət və ya rejissor fərqinə varmadan belə bir səhv edib.

Çünki Güllü xanım uzun illərdir ki, yayımladığı bu proqramda dəfələrlə erməni yalanlarının ifşası ilə bağlı sanballı verilişlər hazırlayıb, əsaslı dəlillərlə Azərbaycan həqiqətlərini bütün dünyaya yayıb. Dünən Güllü xanım da öz Feysbuk səhifəsində rejissorun cəzalandırıldığını qeyd etmişdi.

Lakin bu gün bəzi saytlarda Güllü Yoloğlu haqqında həqiqəti əks etdirməyən fikirlərə rast gəldim. Yazılarda iddia olunur ki, Güllü Yoloğlu türkçülüyə qarşıdır, türk kimliyinin qabardılmasını uyğun görmür.

Tanrı eşqinə, bunu hansı məntiqlə yazırsınız? Əgər bu ölkədə Güllü Yoloğlu türklüyə qarşıdırsa, siz onda mənə türkçülər kimlərdir, onları göstərin! Baş redaktoru olduğum "Birlik" jurnalının hər nömrəsində Güllü Yoloğlunun türk kimliyi, türk varlığını əks etdirən araşdırmalarını neçə illərdir dərc edirəm. Mən bir turançı kimi onun dəyərli araşdırmalarından öz tariximizi, keçmişimizi öyrənirəm. Güllü Yoloğlu şüarçı, hay-küyçü millətçi deyil, o, həm də bütün türk dünyasını addım-addım dolaşıb, onları öyrənən bir aydındır. O, türkçülüyü kitablardan yox, uzaq Sibirdə, Altaylarda, Balkanlarda, Orta Asiyada unudulmuş türk toplumları ilə iç-içə olaraq öyrənib, araşdırıb, təbliğ edib.

Keçən il dekabr ayının 12-də erməni lobbisinin güclü olduğu Parisdə Ermənistan səfirliyinin qarşısında kəlbəcərli girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı etiraz mitinqi, Moskvada girovlarımızın hüquqlarının müdafiəsinə həsr olunmuş tədbir keçirmişdik. Güllü Yoloğlu öz verilişinin birini məhz buna həsr etmişdi: “Erməni yalanlarına qarşı informasiya müharibəsi”. Həmin verlişdə hər ikimizin qənaəti ondan ibarət olmuşdu ki, Azərbaycan etnik baxımdan rəngarəng ölkədir. Amma biz bütün ölkəmizin vətəndaşlarına eyni münasibət göstəririk, kimliyindən asılı olmayaraq, hər bir vətəndaşımız üçün mücadilə edirik. Başqa cür ola da bilməz. Çünki bizim sadəcə bir vətənimiz var: Azərbaycan!

Azərbaycanımızın isə dəyərli aydınları, ziyalıları var. Onları gözdən salmağa əsla izn verməməliyik!

İlqar İlkin
ATXƏM-in icra katibi,
“Birlik” jurnalının baş redaktoru
URL / WWW
http://atxem.az/news/a-15548.html