Sentyabrın 14-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM)
Nuru Paşanın rəhbərlik etdiyi
Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik birləşmələrindən azad etməsinin 93-cı ildönümü
ilə bağlı Səbail İstirahət Mərkəzində tədbir keçirdi. Tədbirdə millət
vəkilləri, tanınmış elm adamları, tarixçilər, yerli və beynəlxalq QHT
rəhbərləri, xalq artistləri, Türkdilli dövlətlərin diplomatik korpusları
nümayəndələri və sənətçilər iştirak edirdi.
Tədbiri giriş sözüylə açan ATXƏM sədri
İlham İsmayılov
bildirdi ki, ATXƏM hər il olduğu kimi Türk əsgərinin 93 il öncə
Azərbaycana gəlişini və qazandığı tarixi zəfər gününü təntənə ilə qeyd
edir: “Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi və erməni-bolşevik
birləşmələri üzərində qazandığı bu tarixi qələbə günü əslində
Azərbaycanın istiqlalının təməlini qoyan mühüm hadisələrdəndir.
Nuru Paşanın
komandanlığı ilə Bakını azad etmiş Qafqaz İslam Ordusunun bu tarixi
qələbəsi olmasaydı, yəqin ki, Azərbaycanın bir dövlət kimi yaşaması da
sual altında olacaqdır. Məhz Bakı azad olunduqdan sonra paytaxta qayıdan
o zamankı Milli Hökümət Azərbaycan Xalq Cümhuriyyətinin bir dövlət
olaraq yaşaması və dünya birliyi tərəfindən tanınması yönündə müəyyən
addımlar atdı”.
İlham İsmayılov qeyd etdi ki, Azərbaycan yenidən müstəqillik qazandıqdan
sonra hər il sentyabrın 15-də Azərbaycanda ölkəmizin ərazi bütövlüyü
uğrunda şəhid olan türk əsgərlərinin məzarları böyük sevgi və ehtiramla
ziyarət olunur: “ Hesab edirəm ki, artıq bu tarixi qələbəyə imza atmış
Nuru Paşanın
adının əbədiləşdirilməsi, onun adına Bakıda və keçdiyi döyüş yolu
boyunca azad etdiyi digər şəhərlərdə də küçə adları verilməli,
Nuru Paşanın xatirəsinə abidə ucaldılmalıdır”.
ATXƏM sədri çıxışında Azərbaycanın Türk dünyasına inteqrasiyası məsələsinə də toxundu: “Prezident
İlham Əliyev
bu prosesdə lider rolunu oynayır. Son illər ərzində türk dünyasının
birlik və bərabərliyi istiqamətində ölkəmizin təşəbbüsü ilə Azərbaycanda
bir sıra tədbirlərin keçirilməsi belə deməyə əsas verir”.
Türkiyənin Azərbaycandakı səfirliyinin elçi müsreşarı
N.Kaya Bakkalbaşı
da öz çıxışında əsrin əvvəllərində baş verən hadisələri təhlil edərək,
bu tarixi hadisələrin bu gün Azərbaycan və Türkiyə Cümhuriyyəti arasında
olan dostluq, qardaşlıq və etibarlı strateji tərəfdaşlıq əlaqələrinin
heç bir problem olmadan yürüdülməsindəki önəmini diqqətə çatdırdı.
Tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin diasporla iş üzrə sektor müdiri
Qafar Əliyev də iştirak və çıxış etmişdir.
Qafar Əliyev
Bakının bolşevik-daşnaq birləşmələrindən azad olunmasının əlamətdar bir
hadisə olduğunu söylədi: “İnanıram ki, tezliklə bu tarixi gün
rəsmiləşdiriləcək və rəsmi bayram günü kimi qeyd olunacaq. Çünki o zaman
Qafqaz İslam Ordusu Bakını işğaldan azad etməsəydi hesab edirəm ki, bu
gün Bakı şəhəri Azərbaycanın paytaxtı olmayacaqdı. XX əsrdə Bakı iki
dəfə xilas olunub.
Birincisi 1918-ci ildə
Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakını erməni-bolşevik birləşmələrindən xilas edib, daha sonra isə Ulu Öndər
Heydər Əliyev
ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Bakını yenidən baş alıb gedən
xaos və anarxiyadan xilas edibdir. Bu cür tədbirlərin keçirilməsində
əsas məqsəd də həmin tarixi olayların gənc nəsillərə çatdırılması, ən
yeni tariximizə güzgü tutaraq bu tarixi hadisələrin unudulmamasına
çalışmaqdır”.
Tədbirdə Bakı Dövlət Universitetinin professoru, millət vəkili
Musa Qasımlı
da “Qafqaz İslam Ordusu və Azərbaycan” mövzusunda çıxış etmişdirdi.
Millət vəkili 1918-ci ildəki tarixi şəraiti və hadisələri geniş
işıqlandıraraq 15 sentyabrın Azərbaycanın tarixində ən şərəfli bir tarix
olduğunu bildirərək, Qafqaz İslam Ordusunun həmin dövrdə Azərbaycanı
işğaldan azad etdiyini diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən Bakı Metropoliteninin rəhbəri
Tağı Əhmədov, xalq şairi
Nəriman Həsənzadə, Dünya Türk Riyaziyyatçılar Cəmiyyətinin vitse-prezidenti
Fikrət Əliyev, yazıçı-publisist
Yunus Oğuz
da Qafqaz İslam Ordusunun tarixi zəfərindən danışaraq, Azərbaycanla
Türkiyənin tarixdə olduğu kimi bu gün də bir-birinə arxa olduğunu
diqqətə çatdırdılar. Bütün çıxışlarda xüsusi olaraq vurğulandı ki, bu
iki qardaş ölkənin dostluq-qardaşlığı hər gün daha da möhkəmlənir və
əlaqələrin inkişaf etdirilməsi üçün yeni-yeni imkanlar açılır.
Tədbir geniş konsert proqramı, eyni zamanda xalq artistləri
İlham Əsgərov və
Ramiz Məlikovun təqdimatında
“Qarabağnamələr” tamaşasından bir parça və xalq şairi
Nəriman Həsənzadənin “Nuru Paşa” poemasının aktyor
Mithət Aydının təqdimatında səslənməsi ilə davam etdirilmişdir.
***
Sentyabrın 15-də Şəhidlər Xiyabanında 1918-ci ildə
Azərbaycanın istiqlalı uğrunda həlak olmuş Türk əsgərlərinin şərəfinə
ucaldılmış abidənin önündə anım toplantısı keçirildi.
Türkiyə Cumhuriyyətinin Bakıdakı böyük elçisi
Hulüsi Kılıç, ATXƏM sədri
İlham İsmaylov,
Azərbaycan Türkiyə İş adamları Birliyinin sədri və TİKA rəhbərliyi və
Təxris olunmuş Hərbiçilər İctimai Birliyi adından Azərbaycanın bütövlüyü
uğrunda şəhid olmuş Türk əsgərlərinin, eləcə də 20 Yanvar və Qarabağ
döyüşlərində həlak olmuş şəhidlərin xatirəsinə ucaldılmış abidə önünə
əklillər qoydular.
Daha sonra isə Türkiyə səfirliyi Bakının Qafqaz
İslam Ordusu tərəfindən azad olunmasının 93-cü ildönümünə həsr olunmuş
tədbir keçirdi. Tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin Mədəniyyət
Mərkəzinin əsas salonunda - Qafqaz İslam Ordusunun komandanı
Nuru Paşanın adına verilmiş salonda keçirilmişdir. Səfir
Hulusi Kılıç və hərbi attaşe
Yücəl Karauz salonun girişində
Nuru Paşanın adı yazılmış lövhəni açılışını etmişlər. Anım tədbirləri daha sonra səfirliyin binasındakı
Nuru Paşa salonunda davam etdirilmişdir.
Bakı Dövlət Universitetinin professoru, millət vəkili
Musa Qasımlı
1918-ci ildə baş verən hadisələr dair çıxış etmiş, daha sonra TRT-nin
Bakı nümayəndəliyinin yeni hazırladığı sənədli film nümayiş olunmuşdur.