Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2-3 oktyabr 2009-cu ildə Naxçıvan MR-də keçirilən Türkdilli Dövlətlərin başçılarının zirvə toplantısında qəbul edilmiş tarixi qərarların həyata keçirilməsi istiqamətində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) bir sıra tədbirlər planlaşdırmışdır.
Bu tədbirlərdən biri də 26-30 iyun 2010-cu il tarixində Naxçıvanda Türk dünyası həkimlərinin və ziyalıların iştirakı ilə gerçəkləşdi.
28 iyun 2010-cu il tarixində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Türk Gastroenteroloji Vakfının təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında “Duzdağ” otelində Türkiyə və Azərbaycan həkimlərinin iştirakı ilə Gastroenteroloji ve Hepatoloji Konfrans keçirildi.
Naxçıvan Muxtar Respublikasının rəhbərliyi tərəfindən dəstəklənən bu konfransa Türkiyə Cumhuriyyətindən 50-yə yaxın elm adamları, alimlər və həkimlər qatılmışdılar. Konfransda Naxçıvan həkimləriylə yanaşı, Bakıdan da 20-ə yaxın elm adamları, gastroentoloqlar və həkimlər iştirak edirdilər.
Konfrans iştirakçıları öncə Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılan abidəni ziyarət edərək, abidə önünə gül-çiçək qoydular. Sonra Naxçıvan şəhərindəki Heydər Əliyev muzeyi ziyarət olundu. Qonaqlar Heydər Əliyev muzeyində Ulu Öndərin həyat və fəaliyyətini geniş şəkildə əks etdirən və yalnız bu muzeydə saxlanan nadir şəxsi əşyalarıyla tanış oldular. Heydər Əliyev muzeyi qonaqların böyük marağına səbəb oldu.
Sonra isə "Duzdağ" otelinin konfrans zalında tədbirin təntənəli açılış mərasimi oldu. Konfransda çıxış edən ATXƏM-in sədri İlham İsmayılov konfrans iştirakçılarını salamlayaraq, bildirdi ki, Türk Dövlətləri həkimləri üçün Gastroenteroloji ve Hepatoloji Konfransın Naxçıvan Muxtar Respublikasında keçirilməsi həkimlərin beynəlxalq təcrübə mübadiləsi aparması ilə yanaşı, Azərbaycanın maraqlarını müdafiə edən diaspor təşkilatlarının əlaqələrinin genişlənməsi baxımından da əhəmiyyətlidir.
Türk Gastroenteroloji Vakfının başkanı prof.dr. Ali Özden də konfrans iştirakçılarını salamlayaraq, bildirdi ki, iki il öncə analoji Beynəlxalq Gastroenteroloji Konfrans Türk Gastroenteroloji Vakfı və ATXƏM-in birgə təşkilatçılığı ilə Gəncə və Bakı şəhərlərində keçirilmişdir. Konfransın nəticəsi olaraq Azərbaycan və Türk həkimləri arasında zəngin təcrübə mübadiləsi gerçəkləşmiş, tibb sahəsində qarşılıqlı əməkdaşlıq üçün gözəl imkanlar yaranmışdır.
Biz bu gün həmin əməkdaşlığı daha da genişləndirmək və həkimlərimizin öz təcrübələrini bölüşmələri üçün Türk dünyası üçün çox önəmli bir bölgə olan Naxçıvandayıq.
Konfransda Prezident Adminstrasiyası ictimai-siyasi şöbənin sektor müdiri Qafar Əliyev də qonaqları salamlayaraq, qeyd etdi ki, Türkiyə Qastreonteroloji Vakfı ilə ATXƏM Bakı və Gəncədən sonra yenidən təşəbbüs göstərərək, 26-30 iyun 2010-cu il tarixində növbəti Beynəlxalq Qastreonteroloji Konqre keçirməyi qərara almışdır.
Həmin təşəbbüs Naxçıvan Ali Məclisinin rəhbərliyi tərəfindən bəyənilmiş və bu istiqamətdə ciddi hazırlıq işləri görülmüşdür. Bu toplantıda əsas məqsəd Türk dünyasını qovuşduran və Şərqin qapısı hesab olunan qədim Naxçıvan torpağının sosial-iqtisadi həyatında elm, təhsil, mədəniyyət, tibb və digər sahələrdə əldə etdiyi nəaliyyətlərlə tanış olmaq və həmçinin də Naxçıvan MR-də qastreonteroloji sahədə çalışan həkimlərə faydalı məsləhətlər vermək, onlarla fikir mübadiləsi aparmaqdır. Əgər hər bir digər sahələr üzrə çalışan mütəxəssislərimiz də oxşar vətənpərvərlik coşqusu ilə hərəkətə keçib, təşəbbüslər göstərsələr yaxın zamanlarda – XXI əsrin ilk onilliyində Türk Dünyası birliyi yolunda əsil möcüzələr baş verəcək.
Sonra Konfrans həkimlərin məruzələri ilə davam etdirildi. Konfransda məruzə ilə dr.Ahmet AYDIN, dr.Selçuk DİŞİBEYAZ, dr.Fulya DEMİRÇEKEN, dr. Zeygam SÜLEYMAN, dr. Altay ÇELEBİ, dr.Abdullah SONSUZ, dr. Galip ERSÖZ, Dr. Dilek OĞUZ, dr.Nuru BAYRAMOV, dr. Burhan ŞAHİN, dr. Cihan YURDAYDIN, dr. Yusuf BAYRAKTAR, dr. Yılmaz ÇAKALOĞLU, Dr. Ahmet TEZEL,
Dr. Erkan PARLAK, dr. Mircelal Kazimi, dr. Eldar Əhmədov çıxış edərək, Qastreonterologiya sahəsindəki yeniliklərlə bağlı məlumat verərək, bu sahədə öz bilik və bacarıqlarını paylaşdılar.
***
İyunun 29-da isə Naxçıvan Dövlət Universitetində Türk Dünyasının bir parçası olan Naxçıvanın tarixinə və bu günkü vəziyyətinə həsr olunmuş Tarix Konfransı keçirildi.
Konfransda çıxış edən Naxçıvan Dövlət Universitetinin prorektoru Hüseyn Rəcəbli qonaqlara Universitetlə bağlı məlumat verdi. Akademik Vəli Əliyev isə Konfransda Naxçıvanın tarixi ilə bağlı məruzə etdi. Sonra qonaqlar Naxçıvanın tarixi abidələri, o cümlədən Möminə Xatun türbəsi, Nuh peyğəmbərin türbəsi və açıq səma altındakı Tarix muzeyi ilə tanış oldular.
ATXƏM-in Mətbuat xidməti