Axtarış: 
Bakının daşnak-bolşevik işğalından azad olunmasının 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir - 05.09.2008
+  -  Çap 
Yerləşdirilib: 01.03.12 | Baxılıb: 2230
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
I Dünya müharibəsinin geosiyası reallıqları nəticəsində Osmanlı imperiyası xristian həmrəyliyi müstəvisində birləşmiş dövlətlər tərəfindən təklənərək olduqca çətin duruma düşmüş; eyni zamanda bir neçə istiqamətdə hərbi əməliyyatlara cəlb olunmaqla faktiki olaraq tarix səhnəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı.Belə bir reallıqda Rusiyada hakimiyyəti ələ almış bolşeviklərin müharibədən alçaldıcı şərtlərlə çıxaraq bütün hərbi gücünü çar imperiyasının keçmiş müstəmləkələrinə yönəltməsi Qafqazda vəziyyəti xüsusilə kəskinləşdirmişdi: Osmanlıya xəyanəti səbəbiylə bu ölkədən qaçmağa məcbur olmuş ermənilər bolşeviklərin dəstəyi ilə əzəli-əbədi türk torpağı olan Azərbaycanda “türksüz Hayastan” dövləti qurmaq niyyətinə düşmüşdülər.
Bu məqsədlə onlar Azərbaycanın bütün ərazisində - Dərbənddən tutmuş Təbrizə, Urmiyaya qədər hər yerdə soyqırımı siyasəti həyata keçirirdilər. Qeyd olunduğu kimi həmin dövrdə Osmanlı dövləti özünün bütün sərhədləri boyunca hərbi əməliyyatlara cəlb olunmuşdu. Bununla belə, 1918-ci ilin martında N.Şeyxzamanlının başçılığı ilə İstanbula gəlmiş Azərbaycan nümayəndə heyətinin hərbi yardım barədə müraciətinə müsbət cavab verildi və Azərbaycan türklərinə qarşı ermənilərin həyata keçirdiyi soyqırımın qarşısını almaq məqsədi ilə yaradılmış Qafqaz İslam Ordusu öz tarixi missiyasını şərəflə yerinə yetirdi: 1918-ci ilin mayında Nuru Paşanın komandanlığı ilə Gəncəyə gələn Qafqaz İslam Ordusu 1918-ci il sentyabrın 15-də Bakını işğaldan azad etdi.
Bu tarixi zəfərin ictimai-siyasi, mənəvi-psixoloji əhəmiyyəti barədə danışmaq SSRİ imperiyasının mövcud olduğu 70 il ərzində yasaq edilsə də, 1991-ci ildə müstəqilliyini yenidən bərpa etmiş qədirbilən Azərbaycan xalqı onun istiqlalı uğrunda minlərlə şəhid vermiş türk əsgərinin xatirəsinə ehtiramını layiqincə ifadə etməyə başladı; 1918-ci ilin olaylarının tədqiqi prioritet istiqamətlərdən biri oldu.Türk xalqlarının mədəni-mənəvi inteqrasiyasının daha da dərinləşdirilməsini, türk tarixinin obyektiv araşdırılmasını başlıca vəzifə elan etmiş Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzi İctimai Birliyi özünün tarixi missiyasına sadiq qalaraq Türkün zəfər salnaməsinə parlaq səhifə kimi daxil olmuş həmin hadisələrin – Qafqaz İslam Ordusunun Azərbaycanda 90 il öncə apardığı uğurlu döyüşlərin tam təfsilatının öyrənilməsinə və təbliğinə, bu qəhrəmanlıq örnəyinin gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi üçün əyani vəsaitə çevrilməsinə xüsusi diqqət yetirir. Bu məqsədlə ATXƏM 2008-ci ilin mart ayından etibarənsilsilə tədbirlər həyata keçirir ki, bu layihələrin də ən möhtəşəmi “Nuru Paşa” bədii-sənədli filminin çəkilişidir.

ATXƏM-lə İctimai Televiziyanın birgə layihəsi olan bu filmin Yevlaxdakı, Gəncədəki, Göyçaydakı, Şamaxıdakı, İstanbuldakı, Alaniyadakı çəkilişləri artıq başa çatmışdır. Filmin Türkiyədəki çəkilişləri ilə əlaqədar İstanbula səfər etmiş ATXƏM nümayəndə heyəti burada Qafqaz İslam Ordusunun tarixi zəfərinin 90 illiiyinə həsr olunmuş beynəlxalq elmi-pratkik konfrans keçirmişdir.
Azərbaycan Respublikasının İstanbuldakı konsulu Səyyad Salahovun (Aran), konsulluq əməkdaşlarının, Türkiyənin aparıcı universitetlərində çalışan tarixçi alimlərin, Nuru Paşanın qardaşı nəvəsi, doktor-professor, 82 kitab müəllifi Camal Anadolunun iştirakı ilə keçən konfransda ATXƏM İdarə Heyətinin sədri İlham İsmayılov geniş məruzə ilə çıxış etmişdir:

Cənablar və xanımlar!
Hörmətli tədbir iştirakçıları!

Türk tarixində əbədiyaşarlıq haqqı qazanmış məqamlar kifayət qədər çoxdur. 90-cı ildönümü bu günlər Azərbaycanın hər yerində anılan hadisə də Böyük Türk qövmünün əbədiyyət salnaməsinə yazılacaq tarixi olaylardan biridir. Çünki bu olayın tarixi əhəmiyyəti Anadolu Məhmətciyinin rus bolşevikləri və erməni daşnakları üzərindəki hərbi qələbəsi ilə məhdudlaşmır. Bu tarixi məqam Türk qövmünün ən böyük qollarından olan Azərbaycan türklərinin bir xalq olaraq tarix səhnəsindən silinməsi kimi acınacaqlı bir durumdan qurtuluş tarixi kimi dəyərlidir. Bunun belə olduğunu görmək üçünsə tarixi qısa bir nəzər salmaq, bu günümüzdən 90 il uzaqlıqdakı 1918-ci il Azərbaycanının və Türkiyəsinin durumuna, o dövrün geosiyasi reallıqlarına diqqət yetirmək kifayətdir ki, mən də sizin icazənizlə 90 il əvvəl baş vermiş olayların ictiai-siyasi səciyyəsini tam dolğunluğu ilə təsəvvür etməyə imkan verən tarixi faktların xronologiyası barədə qısa bir məlumat vermək istərdim.
Bu məlumatları bilmək isə hər bir türkün şərəf işidir. Çünki bu tarixi olaylar sıradan olan bir qəhrəmanlıq nüiunəsi yox, iki qardaş millətin əbədi birliyinin təcəssümü olan fədəkarlıq örnəyidir. Və bu örnəkdən dərs götürməyi hələ 90 il əvvəl o zəfr salnaməsinin müəllifi olan rəşadətli türk sərkərdələri tövsiyyə etmişlər. 5-ci Qafqaz diviziyasının qərargah rəisi Rüşdü bəy hələ o zaman deyirdi ki: «Qafqaz İslam Ordusunun dörd aydan bəri Azərbay¬canın istiqlalı uğrunda çarpışaraq verdiyi şəhid və məcruhların qanları ilə sulanan bu qardaş məmləkətin torpağı üzərində-Gəncədə, Göyçay-Ağsu-Şamaxı-Bakı şosesinin hər iki tərəfində, Müsüslü-Kürdəmir-Karrar-Hacıqabul-Bakı dəmiryolu boyunda, Qarabağda və Kür nəhri sahillərində xalqın ziyarətgah yerinə çevrildiyi bir çox mütəvazi və həzin məzarlara təsadüf olunur. Bunlar irqinin imdadına gələn Anadolu Mehmetçiklərinin mübarək məzarlarıdır. Əksər yerlərdə Mehmetçiklə bərabər baş-başa yatan azəri türkləri də vardır. Türk zabit və əsgərləri Azərbaycanda əmsalsız bir fəraqəti-nəfsilə və yüksək bir duyğu ilə çalışmış və çarpışmışdır. Eyni irqə mənsub bu iki millət arasındakı rabitə və münasibət axıdılan qanlara bir qat daha rəsanət peyda etmişdir. Əminəm ki, Anadolu türklərinin Azərbay¬canın istiqlal və istiqbalı uğrunda yapdıqları çətin və qanlı müharibələr və mücadilələr nəsildən-nəsilə nəql ediləcək və unudulmaz bir dastan halında qalacaqdır».
Bəli, bu tarixi olaylar həqiqətən də nəsildən-nəsilə ötürülməli olan şərəfli bir qəhrəmanlıq, dostluq, əbədi birlik dastanıdır ki, onun hər anı həm Anadolu, həm də Azərbaycan türkünün yaddışında əbədi yaşamılıdır. Gəlin biz də zamanın diqtə etdiyi bu ənənədən kənara çıxmayaq, 90 il əvvəl qüdrətli sərkərdələrimizin, qeyrətli mücahidlərimizin iradəsi ilə gerçəkləşmiş tarixi zəfər savaşımızın qürurgətirici məqamlarına bir daha anaq.
Məlum olduğu kimi, I dünya müharibəsi illərində rus ordusunun köməyindən yararlanan erməni silahlı dəstələri Anadoluda 100 minlərlə türkün həyatına son qoyaraq "Böyük Ermənistan" planını reallaşdırmaq üçün Azərbaycanın qərbində, şimalında və cənubunda türklərə qarşı soyqırımı siyasəti həyata keçirirdi. Ona görə də, 1918-ci il fevralın 16-da Ənvər paşa Qafqaz, Dağıstan, Türküstan və Rusiyaya tabe olan müsəlman ölkələrinə ehtiyac hiss etdikləri yardım və köməyi göstərmək məqsədilə qərargahı Tehranda yerləşən bir təşkilatın yaradılması haqqında əmr imzaladı. Əmrə görə podpolkovnik Nuru bəy (Ənvər paşanın ögey qardaşı) Tehran Mərkəzi Heyətinin rəhbəri, podpolkovnik Şövkət bəy Dağıstana, minbaşı Nazim Cavad bəy Əfqanıstana və Xəlil paşanın məsləhət gördüyü digər zabitlər isə Qafqazın digər bölgələrinə və Türküstana göndərilməli idi. Belə bir orduya Nuru bəyin podpolkovnik rütbəsi ilə rəhbərlik edə biləcəyinə olan şübhələri yox etmək üçün ona fəxri general rütbəsi verildi.
Amma o tarixi faktdır ki, Cənubi Qafqazda mövcud dövlət qurumu olan Zaqafqaziya seymi Osmanlı dövlətinə isti münasıibətdə deyildi. Həm Trabzon, həm də Batum konfranslarında məlum oldu ki, erməni və gürcü nümayəndə heyətləri Brest-Litovsk müqaviləsinin şərtlərini yerinə yetirmək fikirində deyil. Erməni və gürcü nümayəndə heyəti müqavilənin şərtlərindən doğan nəticələr ilə barışmaq istəmir və Osmanlı dövlətinə düşmən münasibətdə olduqlarını açıq şəkildə bəyan edirdi. Yalnız Azərbaycan nümayəndə heyəti Osmanlı dövlətinin ona göstərə biləcəyi yardımın nə qədər böyük əhəmiyyət kəsb etdiyini açıq-aydın hiss edirdi. Və məhz bu reallıqdan çıxış edərək Nağı Şeyxzamanlının rəhbərlik etdiyi nümayəndə heyəti hələ 1918-ci ilin martında sultanla və hərbiyyə naziri Ənvər Paşa ilə görüşərək, Azərbaycan türklərini erməni soyqırımından qurtarmaq üçün hərbi yardım göstərilməsini xahiş etmişdilər və həm sultandandan, həm də Ənvər paşadan müsbət cavab almışdılar. Bu müraciəti əldə əsas tutan Osmanlı rəhbərliyi özünün Qafqaz siyasətini reallaşdırmaq üçün qəti tədbirlərə başladı.
1918-ci il aprelin 5-də Ənvər paşa Qafqaz İslam Ordusunun təşkili və vəzifələrinə aid təlimatnaməni təsdiq etdi.
Nuru paşanın 300 nəfərlik zabit heyəti çətin yol şəraitini dəf edərək mayın 9-da Təbrizə çatdı (Cənubi Azərbaycanın böyük bir hissəsi, o cümlədən Təbriz şəhəri osmanlı qüvvələrinin nəzarəti altında idi-A.İ.). Urmiyə gölü ətrafında erməni silahlı dəstələrindən canını qurtaran yerli əhali türk qoşunlarından kömək istədi və Osmanlı qoşunları yerli əhaliyə əllərindən gələn köməyi etdi. Mayın 12-də Savucbulaq-Təbriz- Alacücə yolu ilə hərəkət başlayan Nuru paşanın zabit heyəti mayın 20-də Araz çayına çatdı və Azərbaycanın Zəngəzur bölgəsinə daxil oldu və ilk gündən yerli əhalinin böyük sevinci və rəğbəti ilə qarşılaşdı. Dəstənin Zəngəzura çatdığı vaxt erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı təcavüzkarlığı amansız bir şəkil almışdı. Bu təcavüzkarlığın qarşısını almaq və yerli əhalidən müqavimət dəstələri yaratmaq üçün Nuru paşa bir neçə türk zabitini həmin bölgədə saxladı. Bir neçə türk zabiti isə Naxçıvan və Ordubad bölgələrinə göndərildi.
Nuru paşa Cəbrayıl-Ağdam-Tərtər marşurutu ilə Yevlaxa gəldi. Mayın 24-də Nuru paşanın Yevlaxda böyük təntənəli qarşılanma mərasimi oldu. Nuru paşa Qafqaz İslam Ordusunun qərargahının Nuxada yaradılmasını qərara almışdı. Lakin bir tərəfdən Nuxa ətrafında erməni dəstələrinin fəallığı, digər tərəfdən isə oranın əsas nəqliyyat xətlərindən kənarda qalması Nuru paşaya qərargahını Gəncədə təşkil edilməsini məcbur etdi. Nuru paşa mayın 25-də Gəncəyə gəldikdən sonra Azərbaycanın müxtəlif bölgələri ilə əlaqə yaratdı və həmin bölgələrdə müqavimət dəstələrinin təşkilinə başladı. Nuru paşanın Azərbaycana gəlişi ərəfəsində azərbaycanlılardan təşkil olunmuş korpusda şəxsi heyətin sayı həddən ziyada az idi. Korpusda cəmi 1000 nəfərə qədər əsgər və zabit var idi və onların da yarısı türk əsirləri idi. Beləliklə, Nuru paşa Azərbaycandakı mövcud vəziyyəti diqqətlə öyrəndikdən sonra Osmanlıdan əlavə qüvvə gəlmədən Bakı üzərinə yürüşün heç bir nəticə verməyəcəyinə əmin oldu.
Tiflisdə 1918-ci il mayın 26-da Gürcüstan, mayın 28-də isə Azərbaycan və Ermənistanın öz müstəqilliklərini elan etmələri hadisələrin axarını kəskin dəyişdi. Yeni elan olunan üç dövlətdən Gürcüstanın paytaxtı Tiflis, Ermənistanın paytaxtı Yerevan oldu. Azərbaycanın paytaxtı Bakı, Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti tərəfindən işğal edildiyindən Gəncə Azərbaycanın müvəqqəti paytaxtı elan edildi. Elan olunmuş Azərbaycan Xalq Cümhuriyyətini yaşatmaq və onu real dövlət qurumuna çevirmək dövrün ən çətin problemlərindən biri idi. Bütün bunları nəzərə alan Azərbaycan Xalq Cümhuriyyəti rəhbərliyi 1918-ci il iyunun 4-də Batumda Osmanlı dövləti ilə rəsmi müqavilə imzaladı. Müqavilədə vurğulanırdı ki, Azərbaycan ərazisində təhlükəli vəziyyət yaranacağı təqdirdə Osmanlı dövləti burada intizam və asayişi təmin etmək üçün Azərbaycana əsgəri yardım göstərə bilər. Bu müqaviləni Osmanlı dövləti adından ədliyyə naziri Xəlil Məntəşə və 3-cü ordu komandanı Mehmet Vəhib paşa, Azərbaycan Xalq Cümhuriyyəti adından isə xarici işlər naziri Məmməd Həsən Hacınski imzaladılar.
Nuru paşa Azərbaycanda siyasi vəziyyətin nə qədər ağır olduğunu müvəqqəti hökumət Gəncəyə gəldikdən sonra daha müfəssəl anlamışdı. Belə ki, Azərbaycan türkü faktiki olaraq üç cəbhədə- həm formal Müstəqil Ermənistan hökuməti ilə, həm Andronik paşanın 10 min nəfərlik quldur qoşunu ilə, həm də sovet respublikası pərdəsi altında gizlənmiş Bakı kommunasının Şaumyanın tabeçiliyində olan 20 minlik nizami qoşunu ilə döyüşmək məcburiyyətində idi. Bir sözlə, Azərbaycan xalqı rus və erməni təcavüzünə qarşı müdafiəsiz bir vəziyyətdə idi.
1918-ci il iyulun 9-da Şərq Ordular qrupunun quruluşunda aparılan dəyişikliklərdən sonra 5-ci Qafqaz diviziyası 3-cü ordunun tabeliyindən çıxarıldı. Şərq Ordular qrupunun rəhbərliyində dəyişikliklər edilərək Vəhib paşanın yerinə Xəlil paşa təyin edildi. İstanbulda olarkən baş qərargahda Xəlil paşanın qarşısında belə bir vəzifə qoyulmuşdu ki, Batum-Tiflis dəmir yolundan faydalanaraq Xəzər dənizinə çıxsın, burada Bakıdan Ənzəliyə gedən dəmir yolunu nəzarət altına götürsün ki, sonra Qəzvin-Həmədan yolundan istifadə edərək Bəsrə körfəzinə çıxmaq və İrandakı ingilis qüvvələrini məhv etmək mümkün olsun. Həmin vəzifənin yerinə yetirilməsi üçün əvvəlcə Bakının ələ keçirilməsinin zəruriliyi vurğulanırdı. Xəlil paşanın nəzərinə o da çatdırıldı ki, Bakıda ermənilərdən və ruslardan təşkil edilmiş silahlı dəstələr Gəncəyə doğru hərəkətə başlamışdır.
Həqiqətən də Milli Azərbaycan hökumətinin fəaliyyətinə birdəfəlik son qoymaq üçün 1918-ci il iyunun 4-də 20 minlik Bakı Soveti qüvvəsi hərbi və dəniz işləri üzrə komissar Korqanovun 8 saylı əmri ilə Hacıqabuldan qərb istiqamətində hücuma başlamışdı. Qırmızı ordunun tərkibindəki əsgər və zabitlərin böyük əksəriyyətini ermənilər təşkil edirdi. Gəncə istiqamətində hücuma keçən ordunun dörd komissarından üçü erməni idi. Gəncəyə doğru hərəkətə başlamazdan əvvəl iyunun 6-da Korqanov əsgər və zabitlərə müraciətində deyirdi: "Siz Zaqafqaziyada fəhlə-kəndli inqilabının taleyini həll etməlisiniz. Əgər türk generalları qoşunları ilə Bakıya gələrlərsə, sovet hakimiyyətini məhv edəcəklər. Ona görə də, siz neft sənayesi mərkəzi Bakını sovet respublikası üçün qorumalısınız. Sizə Şimali Qafqazdan və Rusiyadan mümkün olan lazımi kömək gəlir və gələcəkdir". İyunun 10-da Bakı Soveti qüvvələrinin Hacıqabul stansiyasından hücumu başlandı. Bir neçə gün ərzində Ucar və ətraf ərazilər, Kürdəmir və ətraf stansiyalar Qırmızı ordu tərəfindən işğal olundu.
Belə bir şəraitdə Nuru paşa yaxşı dərk edirdi ki, Gəncə ətrafında mövcud olan təhlükənin aradan qaldırılması, buradakı erməniləri tərksilah etmək və azərbaycanlı əhalinin təhlükəsizliyini təmin etmək onun birinci vəzifəsidir. Çünki həmin vaxt Gəncədə 20 mindən artıq erməni yaşayırdı. Şübhəsiz şəhərin şərq hissəsində yerləşən ermənilər türk qoşunlarının Azərbaycana gəlməsi və Gəncədə qərargah yaratmaqları ilə razılaşa bilmirdilər. Onlar Bakı Soveti qüvvələrinin Gəncəyə doğru sürətlə hərəkətinin intizarında idilər. Gəncənin şərq hissəsində yaşayan ermənilər 600 nəfərlik bir silahlı dəstəyə malik idilər. Həmin silahlı dəstənin ixtiyarında hər cür atıcı silahlar, o cümlədən pulemyotlar və hərbi təchizat var idi. Gəncə ermənilərinin tərksilah edilməsinə Nuru paşanın əmrilə iyunun 10-da başlandı. İyunun 11-də Nuru paşa tərəfindən yaradılan Gəncə dəstəsi erməni məhəlləsini mühasirəyə aldı. Nuru paşa Yelenendorfdan olan bir alman vasitəsilə ermənilərə xəbər göndərdi ki, əgər atəşi dayandırıb təslim olmasalar, erməni məhəlləsi toplardan bombardman ediləcək. Bu xəbərdarlıq¬dan sonra saat 11 radələrində bir keşiş, 1 erməni zabiti və bir komissar əllərində ağ bayraq Gəncə dəstəsinin qərərgahına gəldilər. Danışıqlardan sonra ermənilər tərksilah olmağa razılıq verdilər. Lakin ermənilər bu vədlərinə də əməl etmədilər. Axşam düşdüyü üçün əməliyyatın iyunun 12-də davam etdi¬rilməsi qərara alındı. İyunun 12-də türklər tərəfindən atılan top atəşləri erməniləri təslim olmağa məcbur etdi. Türk qoşun hissələri 3 gün ərzində erməni məhəlləsini mühasirədə saxlayaraq tərksilahı başa çatdırdılar. Beləliklə, Gəncə şəhərində Qafqaz İslam Ordusu üçün mövcud olan təhlükə aradan qaldırıldı.
İyunun 18-də isə Nuru Paşa Qaraməryəm ətrafında həlledici döyüşlərə atıldı. Amma ciddi bir hazırlıq görmədən hücuma keçən milli qüvvələr bu döyüşdə də müvəffəqiyyət qazana bilmədilər. Bununla belə bu döyüş bolşevikləri təlaşa saldı və onlar Qırmızı ordunun canlı qüvvələrinin sayını artırmaq üçün 1893-1897-ci illərdə anadan olan qeyri-müsəlmanların çağırışını elan etdilər. Qaraməryəm ətrafındakı döyüşün nəticələri Qafqaz İslam Ordusu komandanlığında da ciddi təhlil olundu. Vəziyyətlə daha yaxından tanış olmaq, qüvvələri yenidən qruplaşdırmaq, mövcud imkanları bütünlüklə səfərbər etmək üçün Qafqaz İslam Ordusu komandanı Nuru paşa, Müsəlman korpusu komandanı Əliağa Şıxlinski, 5-ci Qafqaz diviziyasının qərargah rəisi Rüşdü bəy cəbhə xəttinə yola düşdülər. Cəbhədəki vəziyyətlə hərtərəfli tanışlıqdan sonra Nuru paşa şübhə etmirdi ki, ilk uğursuzluğa baxmayaraq türk-Azərbaycan qoşunları mövcud imkanları tam səfərbərliyə almaqla hərbi təşəbbüsü ələ keçirə bilərlər. Ona görə də, Nuru paşa Göyçaya əlavə köməyin göndərilməsinin zəruriliyini istisna etmədən həlledici döyüşə hazırlaşmaq üçün əmr verdi. İyunun 27-nə qədər cəbhə xəttində hazırlıq işləri aparıldı. Qafqaz İslam Ordusu hissələrinin döyüşə hazırlıq üçün həyata keçirdiyi tədbirlər iyunun 26-da bolşevik-daşnak qüvvələrinin kəşfiyyatçılarına məlum oldu. Qırmızı ordu komandanlığında bu məlumat alınan kimi dərhal hücuma keçmək, türk-Azərbaycan qoşun hissələrinin hücumunu qabaqlamaq və bununla da hərbi təşəbbüsü ələ almaq qərara alındı. Bakı Soveti qoşunları iyunun 27-də hücuma başladı. Bakı Soveti qüvvələri ilk dəfə olaraq başladıqları hücumu uğurla başa çatdıra bilmədilər. İyunun 27-də qəfildən başlanmış bu döyüşün Qafqaz İslam Ordusu üçün böyük hərbi-psixoloji əhəmiyyəti var idi. Göycay və Qaraməryəm ətrafında iyunun ortalarından başlamış və iyulun əvvəlinə qədər davam edən döyüşlər Qafqaz İslam Ordusunun qələbəsi ilə başa çatdı. Daşnak-bolşevik qüvvələri Ağsuya tərəf sıxışdırıldı. Bolşevik qüvvəlri bu döyüşlərdən sonra bir daha hərbi təşəbbüsü ələ ala bilmədilər.
Göyçay ətrafında döyüşlər davam etdiyi vaxt Kür çayı boyunca, Salyan yaxınlığında da bolşevik-daşnak qüvvələri ilə türk-Azərbaycan qoşunları arasında həyacanlı anlar yaşanırdı. Hər iki tərəf bu bölgəni öz nəzarəti altında saxlamağa böyük əhəmiyyət verirdi. Bu istək Muğanın bol taxıl ehtiyatlarından bəhrələnməkdən irəli gəlirdi. Bakı bolşevikləri, habelə bolşevik-daşnak qoşunlarının rəhbərləri Gəncəyə doğru başladıqları hücumda Yevlaxa çatıb Kür çayı üzərində körpünü ələ keçirə bilmədiklərinə görə başqa vasitələrə əl atdılar. Onlar ixtiyarında olan gəmiləri Xəzər dənizindən Kür çayına çıxararaq bu yolla Yevlaxa xüsusi dəstələr çıxarmaq və onların vasitəsi ilə Yevlax körpüsünü partlatmaq istəyirdilər. Salyan ətrafında Bakı Soveti qüvvələri ilə türk-Azərərbaycan qüvvələri arasında döyüşlər iyunun 16-dan–iyulun 2-nə qədər davam etdi. Salyan istiqamətindəki döyüşlərdə sovet qoşunlarının tərkibində 2 mindən çox piyada, 12 pulemyot, 6 ədəd top, Kür çayında üzən 2 hərbi gəmi və bir nəqliyyat gəmisi var idi. İyulun 2-də daşnak-bolşevik birləşmələrinin əsgər və silah baxımından üstünlüklərinə baxmayaraq türk-Azərbaycan qoşun birləşmələri onları geri çəkilməyə məcbur etdilər.
İyulun 5-də türk-Azərbaycan qoşun birləşmələri Ağsu istiqamətində yürüşə başladılar. Günortadan sonra başlayan hücum axşam qaranlıq düşənə qədər davam etdi. Havanın həddən çox isti olması, içilən suyun təminatı ilə bağlı problemlər, malyariya, dizenteriya və vəba kimi dəhşətli xəstəliklər qələbənin tezləşməsinə mane olurdu. Nəhayət, iyulun 6-da yenidən hücuma keçən türk-Azərbaycan birləşmələri daşnak-bolşevik qüvvələrini məğlub edərək Ağsunu azad etdilər. Ağsudan geri çəkilən Bakı Soveti qüvvələrinin bir hissəsi Kürdəmirdə sığınacaq tapdı.
İyulun 10-da axşama doğru Kürdəmir daşnak qüvvələrindən azad edildi və Şərq istiqamətində geri çəkilən bolşevik qüvvələrinin təqibinə başlanıldı.
Mürəkkəb bir coğrafi şəraitdə yerləşən Şamaxının azad edilməsi həm qoşunlardan böyük şücaət tələb edir, həm də yerli əhalidən erməni xofunu birdəfəlik silib atmalı idi. Şamaxı, eyni zamanda, Bakıya doğru hücum üçün başlıca strateji baza hesab olunurdu. Ona görə də Qafqaz İslam Ordusu komandanlığı Şamaxı üzərinə kifayət qədər hazırlıq görülməsini və bu hücumun qısa bir vaxt ərzində başa çatdırılmasını lazım bilirdi. 1918-ci ilin iyulun 19-da Mürsəl paşa Şərq cəbhəsi komandanı kimi Şamaxı üzərinə hücum əmrini imzaladı. Döyüş əmrini alan türk-Azərbaycan qüvvələrini şiddətli yağış müşaiyət edirdi. Güclü yağışlar və palçıqlı yollar döyüş texnikasının dağ şəraitində irəliləməsini xeyli çətinləşdirdi. Bütün bunlara baxmayaraq, Şamaxı üzərində hücumu həyata keçirən 10-cu və 13-cü alayların şəxsi heyəti böyük fiziki dözüm və fədakarlıq nümayiş etdirərək düşmənə ağır zərbələr endirdilər. Artıq günün ikinci yarısında bolşevik-daşnak qüvvələri kütləvi şəkildə Şamaxıya tərəf geri çəkilməyə başladılar. İyulun 20-sində gedən döyüşlərdə Şamaxı düşmən qüvvələrindən azad edilərək türk-Azərbaycan birləşmələrinin əlinə keçdi. Bakı bolşeviklərinin liderlərindən olan və Şamaxı istiqamətindəki 3-cü briqadanın komissarı A.Mikoyan Şamaxının müdafiə olunmamasında 3-cü ordunun komandiri Hamazaspı günahlandırırdı.
Qafqaz İslam Ordusu hissələri Bakıya yaxınlaşdıqca Bakı komissarlarının ətrafına toplaşmış siyasi qüvvələr arasında parçalanma baş verirdi. İyulun 25-də Bakı Sovetinin fövqəladə iclasında bolşeviklər ağır məğlubiyyətə məruz qaldılar. İclasda bolşeviklərin bütün səylərinə baxmayaraq, sağ eserlər, daşnaklar və menşeviklər ingilis qoşunlarının Bakıya dəvət olunması lehinə səs verdilər.
Qafqaz İslam Ordusunun komandanı Nuru paşa kəşfiyyatın, habelə Bakıdan qaçıb gəlmiş azərbaycanlıların verdiyi məlumatlar əsasında cəbhədə cərəyan edən prosesləri öz nəzarətində saxlayırdı. Düşmən cəbhəsində yaranmış təlaşdan mümkün qədər çox yararlanmaq üçün Nuru paşa iyulun 28-də Bakı üzərinə hücum əmri verdi. İyulun 29-u və 30-da Qafqaz İslam Ordusu hissələrinin Bakıya doğru irəliləməsi davam etdi. Türk-Azərbaycan qoşun birləşmələri Bibiheybət və Xırdalan istiqamətinə gəlib çatdılar.
Döyüşlərdə yersiz itgilərə yol verməmək üçün iyulun 31-də Qafqaz İslam Ordusu adından Bakıya nümayəndə heyəti göndərildi. Nümayəndə heyəti şəhər təslim ediləcəyi təqdirdə ermənilərin oradan istədikləri yerə çıxıb getmələri üçün şərait yaradacaqlarına təminat verirdi. Ancaq Bakıdakı ermənilər və onların ətrafında toplaşanlar bütün ümidlərini ingilis qoşunlarının Bakıya gəlişinə bağlayır və vəziyyətin onların xeyrinə tamamilə dəyişəcəyinə əmin idilər.
Avqustun 3-də Xırdalanla Biləcəri arasında Qafqaz İslam Ordusu qüvvələri ilə "Sentrokaspi" qoşunları arasında döyüşlər yenidən başladı. Bu döyüşlər milli qüvvələrin qələbəsi ilə başa çatdı. Avqustun 3-də Şərq cəbhəsi komandanı Mürsəl paşa yenidən şəhərdəki qüvvələrə məktub göndərdi. Lakin Erməni Milli Şurasının və Daşnaksütyun partiyasının liderləri məktuba cavab verməyərək Qafqaz İslam Ordusu qoşunlarına qarşı mübarizəni davam etdirməyi qərara aldılar. Erməni və rus birləşmələri ingilis generalı Denstervillin qüvvələri ilə möhkəmlənəndən sonra avqustun 6-da Bakıda əli silah tutan 16-65 yaş arasında olan kişilər məcburi surətdə orduya çağırıldı. Bu tədbirə qarşı çıxan müsəlmanlardan 600 nəfər edam olundu.
Bakı üzərinə hücumun uğurla başa çatdırılması üçün bura, təkcə yeni qüvvələr gətirmək deyil, həm də mövcud qüvvələrin mənəvi–psixoloji durumunu bərpa etmək, onlara qələbə inamını qaytarmaq lazım idi. Beş avqust uğursuzluğundan bir neçə gün sonra Qafqaz İslam Ordusu döyüşçüləri arasında yayılmış bir müraciətnamənin məzmunu da bu məqsədə xidmət edirdi. Türk əsgərinə ünvanlanmış həmin müraciətnamədə deyilirdi: "Türk ordusuna! Əgər siz bu sərvət və altun şəhərini zəbt etməsəniz, sevgili vətənimizə ən qimətli bir hədiyyə etmək fürsətini qaçırmış olacaqsınız. Əgər siz yaşıl dənizin bu məşhur şəhərini zəbt etməsəniz, Qafqaz türkləri və Türküstan müsəlmanlarının qəlbinə saplanmış olacaq zəhri-xəncərin üzərinə: "Eyvah ki, türk bizə imdada gəlmədi" cümləsi yazılmış olacaqdır. Qafqaz fəryad edəcək, Türküstan ağlayacaqdır… Ey türk əsgəri! Əgər sən bu şəhəri almasan, Bakıda sənin üçün hazırlanan süfrələr müsafirsiz qalacaq, sənin üçün tikilən əlbəsəni düşmən geyəcəkdir. Sənin ayağına kəsiləcək qurbanlar düşmənə qalacaqdır. Əgər sən bu şəhəri almasan, İslam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, mübarək islam qanı qırmızı şərab kimi axacaqdır. Sənin zəfərin üçün duaya qalxan əlləri zalımlar kəsəcəkdir. Əgər sən bu sarı işıqlı altun şəhəri almasan, qadınlar saçlarını yolacaq, ağıllarını itirəcəklər. İndiyə qədər axan qanlar boş yerə axmış olacaq. Fəqət sən, ey türk əsgəri, ingilislərin gücünü kəndi zorunla Çanaqqalada qırdın. Ən böyük hərb gəmilərinin böyük güllələrinə aylarca doğuş gərdin. Kutulamaredə 14 minini əsir aldın. Türk adını böyüdən Çanaqqala Kutulamare, Qalisiya, Rumıniyadan sonra Qafqaz gələcək və Bakı şəhəri də igidlik tacının bir almazı olacaqdır. Al Bakını! Vətəninə bir altun ərmağan apar!".
Avqustun 25-də Qafqaz İslam Ordusunun Bakı üzərinə hücumunu uğurla başa çatdırmaq və şəhəri azad etmək məqsədilə Nuru paşa polkovnik Süleyman İzzət bəyin komandanlığında olan 15-ci diviziyanı Qafqaz İslam Ordusunun tabeliyinə keçirtdi. Beləliklə, Bakı hücumu ərəfəsində 5-ci Qafqaz diviziyasına Mürsəl paşa, 15-ci piyada diviziyasına Süleyman İzzət bəy, Cənub qrupu birliklərinə isə polkovnik Cəmil Cahid bəy başçılıq edirdi. Bir neçə gün davam edən uğurlu döyüşlərdən sonra Novxanı, Goradil, Pirşağı, Kürdəxanı və Fatmayı kəndləri Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. Maştağa və Höküməli kəndlərində mövqelərini möhkəmlədən Qafqaz İslam Ordusu yerli əhalini də Bakının azad edilməsi işinə cəlb etdi. Avqustun 25-dən sentyabrın 13-nə qədər davam edən döyüşlərdə Qafqaz İslam Ordusu böyük uğurlar qazanaraq Bakının həndəvərinə yaxınlaşdı. Sentyabrın 14-də axşam saat 2030-da Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakı şəhərinə hücumu başa çatdırmaq üçün 100 saylı əmri imzaladı. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatırdı. Bunların 8 mini osmanlı, 6 mini isə azərbaycanlı əsgər və zabit idi.
Həlledici döyüş sentyabrın 15-i səhər saat 530-da başladı və bütün istiqamətlərdə başlanan hücum öz uğurlu nəticəsini verdi. Qaraşəhər, Ermənikənd və Əhmədli istiqamətində düşmənin hücumu qətiyyətlə dəf edildi. Qafqaz İslam Ordusunun qarşısının alınmasının qeyri-mümkünlüyünü görən "Sentrokaspi" rəhbərliyi danışıqlara başlamağı qərara aldı. Saat 1030-da "Sentrokaspi" ordusunun qərb cəbhəsinin komandanı üzərində ağ bayraq asılan avtomobillə 5-ci diviziyanın qərargahına yaxınlaşdı. Beşinci diviziyanın qərargahına danışıqlara gələn "Sentrokaspi" rəhbərliyinə aşağıdakı şərtlər diqtə edildi:
1. Şəhərin qeyd-şərtsiz təslim edilməsi; 2. Şəhərdəki düşmən qüvvələrin təslim edilməsi; 3. top və silahların, binaların və digər obyektlərin təslim edilməsi; 4. Nargin adasında olan türk, alman və Avstriya əsirlərinin azad edilməsi; 5. Silah anbarlarının, ərzağın, avtomobillərin, yük maşınlarının, zirehli avtomobillərin, təyyarələrin və digər hərbi mülkiyyətin təslim edilməsi.
Bakı şəhəri azad edilərkən 17 erməni, 9 rus, 10 gürcü zabiti, 1151 erməni, 383 rus, 4 ingilis və 113 nəfər müxtəlif millətdən olan əsgər əsir götürüldü.
Təkcə avqust ayının əvvəllərindən sentyabrın 15-nə qədər Bakı uğrunda gedən döyüşlərdə 5-ci Qafqaz diviziyası 1130-a qədər şəhid vermişdir. Ümumiyyətlə, Qafqaz İslam Ordusu iyunun ortalarından sentyabrın 15-nə kimi Azərbaycanın azadlığı uğrunda döyüşlərdə 4 mindən çox əsgər və zabit şəhid vermişdir. Bu döyüşlərdə Azərbaycan könüllü dəstələrinin də itkiləri kifayət qədər idi.
Beləliklə, sentyabrın 15-i saat 15-dən sonra Bakı şəhəri bütünlüklə Qafqaz İslam Ordusunun nəzarəti altına keçdi. Nuru paşa Bakının ələ keçirilməsilə bağlı hərbi nazir Ənvər paşaya, Gəncədəki Azərbaycan hökumətinə təbrik teleqramı göndərdi. Nuru paşa Azərbaycan hökumətindən xahiş edirdi ki, Bakıda asayişin təmin edilməsi üçün Gəncədən polis qüvvələrinin göndərilmə¬sini tezləşdirsin.
Bakı şəhərinin azad edilməsi həm Azərbaycan ictimaiyyətinin, həm də Osmanlı dövlət rəhbərlərinin, xüsusilə Ənvər paşanın çox böyük sevincinə səbəb oldu. O, Şərq Ordular qrupu komandanı Xəlil paşaya göndərdiyi teleqramda deyirdi: "Bakı başarısından dolayı gözlərindən öpərək təbrik edirəm". Ənvər paşa Nuru paşaya göndərdiyi teleqramda yazırdı: "Böyük Turan imperatorluğunun Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin azad edilməsi xəbərini böyük bir sevinc və mutluluqla qarşıladım. Türk və islam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözündən öpür, şəhidlərimizə fatihələr ithiaf edirəm".
Azərbaycan hökumətinin başçısı Fətəli xan Xoyski Bakının azad edilməsi münasibətilə Nuru paşaya yazırdı: "Cəsur türk əsgərlərinin Azərbaycanın baş kəndi olan Bakının düşməndən təmizlənməsi münasibətilə millətimin adından dünyanın ən cəsur və soylu əsgəri olan türkün oğullarına minnətdar olduğumuzu ərz etməklə iftixar edirəm. Millət sizə minnətdardır".
Bakıya daxil olan türk ordusunun komandanları Nuru paşa, Xəlil paşa, Mürsəl paşa və başqaları Hacı Zeynalabdin Tağıyevin dəvətini qəbul edərək onun evində qaldılar. Qoşunların Bakıya gəlib bu şəhəri azad edəcəyi təqdirdə iki mərtəbəli böyük malikanəsini (indiki Azərbaycan Tarix muzeyi) türk qoşunları komandanlığına bəxşiş edəcəyini vəd edən Tağıyev sözünə sahib çıxdı. O öz mülkünü türk qoşunlarının komandanlığının istifadəsinə verdi.
Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirtdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. Qafqaz İslam Ordusunun bir hissəsi isə Dağıstan istiqamətində xilaskarlıq yürüşünü davam etdirməyə başladı…
1919-cu ilin sentyabrında indiki Şəhidlər Xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyuldu. Təəssüf ki, 1920-ci ilin bolşevik çevrilişi bütün şəhidlərə ümumxalq məhəbbətinin və minnətdarlığının simvoluna çevrilməli olan bu abidənin tikintisinin başa çatmasına imkan vermədi. Həmin abidənin tikintisi, nəinki dayandırıldı, hətta türk və türkçülük sözü rəsmi yasağa çevrildi. Yalnız 90-cı illərin əvvəllərində Azərbaycan öz müstəqilliyini bərpa edəndən sonra Qafqaz İslam Ordusunun xilaskarlıq yürüşləri ilə bağlı mətbuatda yazılar görünməyə başladı. Qafqaz İslam Ordusunun tarixi xidmətləri nəzərə alınaraq 1999-cu ildə onun şərəfinə Şəhidlər Xiyabanında möhtəşəm bir abidə ucaldıldı. Bu gün hər bir azərbaycanlı Şəhidlər Xiyabanını ziyarət edərkən Azərbaycanın istiqlalı yolunda şəhid olan türk və azərbaycanlı əsgər və zabitlərinin ruhuna dualar oxuyur və deyir: "Qəbriniz nurla dolsun. Allah sizə rəhmət eləsin"!

VIDEO
 
 
 
 
İctimai nəzarət saatında ATXƏM İB sədri İlham İsmayılov və Ləman Ələşrəfqızı LAFTV-də ilə müzakirə
 
Haaqada
 
Azərbaycan nümayəndə heyəti Haaqada Xocalı abidəsini ziyarət etdi  - 21.10.2023
 
“Qondarma rejimin rəhbər şəxslərinin həbs olunub Bakıya gətirilməsi böyük məna daşıyır” - 29 sentyabr 2023
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Apr.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
2930     

Gecə: +15.. +17aydn yağmursuz
Səhər: +20.. +22aydn yağmursuz
Gündüz: +22.. +24aydn yağmursuz
Axşam: +16.. +18aydn yağmursuz
Atm. təziyi: 754
Rütübət: 41 %


free counters

2024 www.atxem.az
Powered by Danneo