ATXƏM-in «Qurtuluş Günü» münasibəti ilə tərtib etdiyi bayram proqramı saat 12.00-da Fəxri Xiyabanda, ümummilli lider Heydər Əliyevin məzarının ziyarəti ilə başladı. Ulu öndərin xatirəsini sükutla yad edərək abidəsi önünə əklillər və tər-çiçəklər qoyan ATXƏM üzvləri və çoxsaylı qonaqlar, daha sonra görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın və görkəmli ictimai xadim, akademik Aqil Əliyevin abidələrini ziyarət etdilər.Bayram tədbiri saat 14.00-da «Səbail» istirahət mərkəzində mükafatların təqdim olunma mərasimi ilə davam etdirildi. ATXƏM sədri İlham İsmayılov tədbir iştirakçılarına ünvanlanmış təbrik nitqində bir sıra məqamlara aydınlıq gətirərək dedi:
-Müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin azərbaycançılıq ideologiyasının daşıyıcısı olan və dövlətçilik elminin incəliklərinə dərindən bələd olan o dahi strateqin Türk dünyasının mədəni-mənəvi, həmçinin iqtisadi-siyasi inteqrasiyasına yönəlik ideallarının gerçəkləşməsini özünün başlıca məramı elan etmiş Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin ümumilli liderin anadan olmasının 85 illiyinə həsr olunmuş silsilə tədbirlərindən biri də artıq Azərbaycan xalqının yaddaşında «Qurtuluş Günü» kimi əbədiləşmiş 1993-cü il 15 iyun tarixinin 15-ci ildönümünə həsr olunmuş müsabiqə idi. Bəs belə bir müsabiqənin keçirilməsində məqsəd nə idi?
Bəlli olduğu kimi, 1993-cü ilin iyunu Azərbaycanın bir dövlət kimi məhv olub tarix səhnəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldığı dövr kimi səciyyələnir. XX əsrin 70-ci illərindən başlayaraq qurduğu, hər daşında, hər abidəsində, hər iqtisadi strukturunda gərgin zəhməti olan dövlətin rəzil oyunların qurbanına çevrilməsi Heydər Əliyevi narahat etməyə bilməzdi. O, təcrübəli dövlət xadimi, dünya siyasətində xüsusi çəkisi olan şəxsiyyət kimi bu proseslərə müdaxiləsinin Azərbaycanda geopolitik maraqları olan xarici təcavüzkar dairələri daha da aqressivləşdirəcəyini hesablamamış deyildi və heç şübhəsiz, heç bir siyasi iddiasının olmamasına rəğmən, onu özünə rəqib sayanların hansı qəbil siyasi ajiotajlara, hansı çirkin təbliğat üsullarına əl atacaqlarını da bilirdi. Amma xarici dairələrin nəzarətində olan siyasi hərbi müxalifət səriştəsiz AXC-Müsavat iqtidarını vətəndaş müharibəsinə təhrik edəndə, o, xalqının təkidli xahişlərinə cavab verməyi, tarixi məsuliyyəti öz üzərinə götürməyi özünə borc bildi. Və bu zaman Heydər Əliyev üçün bu və ya digər maraq quruplarının nəzarətində olan təbliğat maşınının necə işləməsinin əhəmiyyəti yox idi: çünki ortada onun Azərbaycanının, onun Vətəninin, onun Dövlətinin, onun Xalqının taleyi var idi. Və o anda Heydər Əliyev dünya siyasətçilərinin, tarixi şəxsiyyətlərin heç birinin cürət etmədiyi addımı atdı: O, vətəni, xalqı, dövləti naminə öz tarixi-siyasi imici ilə risq etdi. Risq etdi və o zaman üçün dünyanın bütün siyasi institutlarında artıq Azərbaycanın tarix səhnəsindən silinməsi aktı kimi proqnozlaşdırılmış prosesi dayandırmağa, Azərbaycanın xeyrinə həll etməyə müvəffəq oldu: tarixi döyüşdə misilsiz qələbə qazandı. Bu, yalnız kamil şəxsiyyətlərə nəsib olan bir qələbədir ki, Heydər Əliyev ona imza atdı. Bəli, 1993-cü ilin iyununa qədər Heydər Əliyev bir insanın yetə biləcəyi ən yüksək zirvələrə yetmişdi, bir insanın qazana biləcəyi ən yüksək sevgini - ümumxalq məhəbbəti ilə yanaşı digər millətlərin həsəddoğurucu məhəbbətini artıq qazanmışdı. Bununla belə, o, geri durmadı, öz rahatlığını xalq naminə qurban verdi, siyasi imici ilə risq etməkdən çəkinmədi. Halbuki risqin dərəcəsi aşkar idi; o, qeyri-bərabər mübarizəyə girişmişdi: bir yanda beynəlxalq irticanın nəzarətində olan hərbi müxalifət, digər tərəfdə həm sosial, həm də mənəvi cəhətdən iflasa uğradılmış əliyalın xalq. Heydər Əliyev xalqın tərəfinə keçdi və bütün gücünü sadə insanların hüquqlarının bərpasına sərf etdi. İlk növbədə xalqın öz dövlətinə sahiblik, öz təbii sərvətlərinə sahiblik, dilinə, dininə sahiblik haqqını bərpa etdi. Və bu xətt sonrakı mərhələlərdə də prioritetə çevrildi. Obrazlı şəkildə desək, 15 iyun təkcə xalqın bəlalardan qurtuluşunun yox, mütləq mənada qanun və qanunvericiliyin fərdlərin iradəsindən asılılıq buxovundan qurtuluşunun təməli oldu. Xalqın çağırışını qəbul edərək Bakıya gələndə Heydər Əliyevin yalnız bir məqsədi vardı: Azərbaycanın müstəqilliyinin əldən verilməməsi. İyun ayının 15-də Heydər Əliyev Ali Sovetin sədri seçildi. Azərbaycanın müstəqillik tarixi mütləq mənada məhz bu andan başlandı. Heydər Əliyevin hakimiyyətə ilk gəlişi Azərbaycanda milli dirçəlişin başlanğıcını qoymuşdusa, onun 1993-cü il iyulun 15-də Ali Sovetin sədri seçilməsi, tariximizə haqlı olaraq milli “Qurtuluş Günü” kimi həkk olundu. Niyə məhz Milli Qurtuluş Günü? Bu sualın çox cavabları var, bunlardan ən əsası kimi aşağıdakıları göstərmək olar: 1. H.Əliyev ən kəskin geopolitik ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən xilas etdi. Dövlətimizin, müstəqilliyimizin saxlanması isə qurtuluş deməkdir. 2. H.Əliyev qətiyyəti xalqın inamını özünə qaytardı, ona ruh yüksəkliyi gətirdi. Ən böyük nailiyyət isə məhz xalqın ümidsizlikdən qurtarmasıdır. 3. H.Əliyev o zamankı vəziyyəti rəal qiymətləndirərək atəşkəsə nail oldu ki, bu da Azərbaycanın genefondunun labüd məhvdən qurtuluşu deməkdir.
ATXƏM idarə heyətinin Qurtuluş Gunu münasibəti ilə kütləvi-informasiya vasitələrində elan etdiyi müsabiqənin məqsədi cəmiyyətin diqqətini bu tarixi reallıqlara bir daha yönəltməklə ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki rolunu gənc nəslə tam dolğunluğu ilə aşılamaq idi. Və müəyyən mənada buna nail oldu da.
ATXƏM sədrinin müavini, Azərbaycan Respublikası Prezidenti Aparatının sektor müdiri Qafar Əliyevin təbrik nitqindən sonra müsabiqənin nəticələrini elan etmək üçün söz ATXƏM İdarə Heyətinin üzvü, ATXƏM İB-nin icraçı katibi Salman Vilayətoğluna verildi. O bildirdi ki, «fevral ayında elan olunmuş «TARİXİ QAYIDIŞ: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin bərpasındakı və Türk dünyasının mədəni, mənəvi, iqtisadi, siyasi inteqrasiyasındakı rolu» mövzusundakı müsabiqəyə KİV-in müxtəlif siyasi orientasiyalı kəsimləri qoşulublar ki, bunu da Heydər əliyev fenomeninə ictimai diqqətin təzahürü kimi dəyərləndirmək lazım gəlir.
May ayının 10-na, ümummilli liderin ad gününə qədər münsiflər heyətinə bir-birindən maraqlı onlarla məqalə təqdim olunub ki, bunların da hər birini elmi-nəzəri baxımdan ciddi analitik araşdırmalar kimi dəyərləndirmək mümkündür. ATXƏM İdarə Heyətinin 10 iyun tarixli iclasında müsabiqəyə təqdim olunmuş məqalələrin qiymətləndirilməsi keçirilib və 3 əsas, 3 də həvəsləndirici mükafata layiq görülmüş müəlliflərin ayın 14-də «Qurtuluş Günü» münasibəti ilə təşkil olunacaq bayram ziyafətində mükafatlandırılması qərara alınıb».
Çıxışçı daha sonra qaliblərin adlarını elan etdi və ATXƏM sədrinin hümanitar məsələlər üzrə müavini, tibb elmləri namizədi Zeyqəm Süleymanlı həvəsləndirici mükafata layiq görülmüş «Paritet» qəzetinin əməkdaşı Babək Cahandarova, «Olaylar» qəzetinin əməkdaşı Süleyman İsmayılbəyliyə, BDU-nun tələbəsi Hülya Məmmədliyə; ATXƏM sədri İlham İsmayılov «Heydər Əliyev və ümumtürk həmrəyliyi» məqaləsinə görə üçüncü mükafata layiq görülmüş «525-ci qəzet»in əməkdaşı Vüqar Orxana və «Zaman və məkanın fövqündəki tarixi şəxsiyyət» məqaləsinə görə ikinci mükafata layiq görülmüş «Kaspi» qəzetinin baş redaktoru Nurəddin Heydərliyə; ATXƏM sədrinin müavini Qafar Əliyev isə müsabiqənin birinci mükafatına layiq görülmüş «XXI əsr» qəzetinin baş redaktoru, Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Məmməd Əlizadəyə diplomlar və qiymətli hədiyyələr təqdim etdilər.