Bu gün dünyada «qloballaşma» adlanan mürəkkəb bir tarixi proses başlamışdır.
Onun doğurduğu reallıqlar Azərbaycan diasporunun fəaliyətinə də öz təsirini göstərməkdədir. İnteqrasiya prosesləri dünyanın müxtəlif regionlarında yaşayan həmvətənlərimizin daha sıx şəkildə birləşməsini zərurətə çevirmişdir. Başqa sözlə desək, indi azərbaycanlıların ideya-siyasi birliyi yalnız ölkəmizin milli maraqlarından irəli gələn məsələ deyildir, həm də müasir dünyada gedən ictimai-siyasi proseslərin tələbi ilə ortaya çıxan zərurətdir.
Bu gün xarici ölkələrdə yaşayan azərbaycanlıların sürətlə təşkilatlanması prosesi müşahidə edilməkdədir. Azərbaycan Respublikası bu prosesə dəstək verir və onu daha da təkmilləşdirməyə, soydaşlarımızın diaspor quruculuğu sahəsində fəaliyyətini koordinasiya etməyə çalışır.
Təşkilatlanmış Azərbaycan cəmiyyətlərinin fəaliyyət göstərdikləri ölkələrin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması diaspor quruculuğu işinin ən mühüm məsələlərindəndir. Bu məqsədlə ötən dövrdə soydaşlarımızın yaşadıqları ölkələrdə keçirilən seçkilərə təsiretmə mexanizmlərinin hazırlanmasına nail olmaq üçün müəyyən işlər görülmüş və uğurlu nəticələr qazanılmışdır.
Hazırda rəsmi mənbələrə əsaslansaq dünyanın 63 ölkəsində 200-dən çox Azərbaycan icma və birlikləri fəaliyyət göstərir. Bu say isə ildən ilə artmaqdadır. Buraya biz üzvlərinin sayı az olan xırda təşkilatları da aid etsək, dünyaya səpələnən soydaşlarımızın kifayət qədər təşkilati struktura malik olduğunu qeyd edə bilərik.
Diasporumuzun daxili strukturunda vahid vətəndaşlıq məhfumunun olmaması, ölkədaxili proseslərin birbaşa xaricdə yaşayan və müxtəlif təşkilatlarda təmsil olunan soydaşlarımızın siyasi baxışlarına təsir etməsi, iqtisadi maraqların önə çəkilməsi bu qitələrdəki təşkilatların konqreslər və federasiyalar halında formalaşmasında ciddi çətinliklər yaradır.
Azərbaycan diasporunun təşkilatı sistemində başqa bir mənfi cəhət hər bir qurumun yaranması və fəaliyyəti zamanı onların Azərbaycandakı daxili məsələlərlə bağlılığının olmasıdır. Onlar diaspor təşkilatlarına xas olan təsis olunduqları ölkələrin ictimai fikrində və beynəlxalq təşkilatlar içərisində təmsil etdiyi milləti və dövləti təbliğ eləmək və siyasi-lobbiçilik işi apramaq əvəzinə daha çox bir-birləri arasında münasibətləri aydınlatmağa çalışırlar. Son zamanlar bəzi neqativ cəhətlərin aradan qaldırılmasına baxmayaraq, verilən bəyanatlarda Azərbaycandakı siyasi partiya və liderlərin mövqeyindən çıxış edilməsi fikirlərinə gəlmək olar.
Xaricdə yaranan Azərbaycan diaspor təşkilatlarının yaranması tarixinin hələ ötən əsrin əvvələrinə təsadüf etməsinə baxmayaraq müasir mərhələdə bu istiqamətdə canlanma 1988-ci ildən etibarən başlandı. Belə təşkilatlanma prosesi 1993-cü ilə qədər davam etdi. Bu işdə Avropa ölkələrində yaşayan soydaşlarımız fəallıq nümayiş etdiridilər. Bir-birinin ardınca Avropa ölkələrində yaranan təşkilatlar üç mərhələli sistem üzərində fəaliyyət göstərirdilər. Burada diqqəti çəkən əsas məqam yaranan bəzi təşkilatların adlarında fərq olmasına baxmayaraq, onların bir şəxs tərəfindən təsisi edilməsi idi. Belə təşkilatların yaranması isə eyni sxem üzrə bir neçə təşkilatın fəaliyyət göstərməsinə gətirib çıxarırdı. Bü cür təşkilatlar «ailə təşkilatları» adı almaqla, onların kimin mövqeyindən çıxış etməsi və tələblərinin nə olması barədə ortaq fikrə gəlməsinə əngəlliklər törədirdi.
İlk olaraq Avropada bu illərdə ardıcıl yaranan təşkilatların apardıqları işlər sırf mədəni xarekterli idi. Bu təşkilatların bir çoxu cənublu soydaşlarımız tərəfindən təsis olunduğundan onların fəaliyyətində sol meyilli İran müxalifətçilik mövqeyi daha aşkar görünürdü. Mədəni təşkilatlar kimi yarandıqlarını bəyan edən belə təşkilatlar Cənubi Azərbaycanı özlərinə «Kəbə» edərək Molla rejiminə müxaliflik nümayiş etdirirdilər.
Avrpopada bu illər ərzində yaranan təşklatların bir hissəsi sırf siyasi məqsədlər naminə təsis edilmiş və onlar içərisində Azərbaycanın hər iki tərəfinin azadlığına çalışan milli qüvvələrlə yanaşı, İran və sovet təsiri altında formalaşan satqınlar, manqurtlar, irançı, ruspərəst, fars-rus şovinizminə xidmət edən qüvvələr fəallıq göstərirdilər. Milli qüvvələrin üzvlərinə qarşı mübarizə aparmaq məqsədilə yaranan belə təşkilatlar müstəqillik çıxışları səslənən tədbirlərdə qalmaqal salmaqla, təşkil etdikləri mədəni tədbirlədə üstünlüyü yalnız müsiqi və ədəbiyyata verirdilər.
Bəzi təşkilatlar isə iqtisadi maraqlar naminə təsis edilmişdir. Belə təşkilatlar digərləri kimi konsert proqramları təşkil etməklə yanaşı, İrana və «yenidənqurma» dövrü yaşayan Azərbaycana gediş-gəliş işlərini əllərində cəmləməyə çalışırdılar. Gəlirli sahə olduğundan bu təşkilatlara rəqib çıxan başqa təşkilatlar da bu istiqamətdə işlər aparmaq qərarına gəldikdə Avropada təşkilatlanma prosesində ziddiyətlər yarandı və təşkilatların özləri bir neçə yerə parçalanmalı oldu.
Beləliklə, kiçik təşkilatların federasiyalar və konqreslər şəkilində birləşdirilməsi zərürəti meydana çıxdı. İlk olaraq bu addımı ABŞ-da məskunlaşmış soydaşlarımız atdılar və Dünya Azərbaycanlıları Konqresi (DAK) adlı qurumun təsis olunması prosesinə başladılar.
Adından göründüyü kimi, ətrafında dünyanın müxtəlif bölgələrində məskunlaşan azərbaycanlıları birləşdirən bu qurumun 1997-ci ilin iyun ayının 27-29-u ABŞ-da keçirilən ilk toplantı zamanı yaradılması diasporumuzun formalaşması istiqamətində mühüm tarixi addım hesab olunur. I Konqres dünya azərbaycanlılarının yaratdıqları təşkilatların vahid mərkəzdən idarə olunmasında əhəmiyyətli qurum kimi gözlənilirdi. Konqresdə Şimali və Cənubi Azərbaycanın problemlərinin bərabər səviyyədə götürülməsi nəzərdə tutulurdu. Lakin ilk konqres mövcud problemlərin zahirə çıxmasına sanki təkan verdi.
Vətəndaşlıq mənsubiyyəti məsələsində olan neqativ hallar Cənubdan və Şimaldan olan azərbaycanlılar arasında anlaşılmazlıqları üzə çıxartdı. Tədbirin hansı, İran yoxsa Azərbaycan bayrağı altında keçirilməsi məsələsində fikir ayrılıqları yaşanan ilk konqresin növbəti görüşlərində də belə hallara tez-tez təsadüf olunmağa başlandı. Dünyanın müxtəlif bölgələrinə səpələnən azərbaycanlıların müəyyən hissəsini ətrafında birləşdirən DAK-ın fəaliyyətində hazırda da ciddi problemlər var.
DAK-dan başqa onun özünün də daxil olduğu Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası (DAƏŞ) diaspor təşkilatlarını ətrafında birləşdirən II böyük qurum sayılır. Bu qurum 2001-ci ildə Bakı şəhərində keçirilən Dünya Azərbaycanlarının I Qurultayı zamanı yaradılıb. 102 nəfərdən ibarət DAƏŞ-in 23 nəfərlik idarə heyətində xaricdə yaşayan soydaşlarımızla birgə yerli dövlət qurumlarında çalışan vətəndaşlarımız da təmsil olunur. Qurumun səlahiyyətlərinə müəyyən sahədə diasporumuzla intensiv əlaqə yaratmaq da daxildir. Ancaq qurumun fəaliyyətinə nəzər salsaq burada üzvlər arasında olan fikir və baxış fərqlərinin olduğunu görə bilərik.
Şuranın fəaliyyətini təhlil etsək, görərik ki, onun geniş surətdə hər hansı bir prosesə təsir etmək iqtidarı yoxdur. İlk zaman yarandğı məqsəd və məram istiqamətində iş aparmayan qurumun ən böyük problemi idarə heyəti üzvlərinin daşıdığı vəzifəyə uyğun fəaliyyət göstərməməsidir. Bir iki görüşü çıxmaq şərti ilə qalan tədbirlərdə bəzi üzvlərin qatılması qurumdaxili problemlərin mövcudluğundan xəbər verir. Şura yaranan zaman onun mərkəzi ofisinin təşkili məsələsində yaranan çətinliklər, buranın idarəçiliyi məsələsində idarə heyəti üzvlərinin narazılıq nümayiş etdirməsi onun Əsanaməsində nəzərdə tutulan işlərin reallaşdırılmasını ikinci plana keçirdi.
Azərbaycan diaspor təşkilatlarını ətrafında birləşdirən III böyük qurum 2004-cü ilin aprel aynın 17-də Almaniyanın Berlin şəhərində təsis olunan Avropa Azərbaycanlıları Konqresidir (AAK). Təşkilatın yaranma zərurəti Avropada pərakəndə halında olan, DAK və DAƏŞ kimi qurumlarda təmsil olunan və olunmayan Azərbaycan təşkilatlarını birləşdirməkdən irəli gəlir. Diasporla İş Üzrə Dövlət Komitəsinin (DİK) təşəbbüsü ilə yaradılan AAK-ın Əsanaməsinə daxil olan məqsəd və vəzifələr aşağıdakılardır:
• Avropada yaşayan azərbaycanlıların milli-mədəni xüsusiyyətlərini qorumaq, onların sosial-siyasi və hüquqi maraqlarını təmin etmək;
• bu qitədə çoxtirajlı dövrü mətbuat və elektron kütləvi informasiya vasitələrində təbliğat işinin aparılması;
• müxtəlif mövzulara aid konrfans, seminar, diskussiya, mətbuat üçün brifinqlər, musiqili tədbirlər, sərgilər və başqa istiqamətli tədbirlər həyata keçirmək; Azərbaycan və türk dünyası ilə bağlı elmi işlər və kitabların dəstəklənməsi; lobbiçilik və s.
Bu qurumun yaranmasını Avropadakı diaspor təşkilatlarının fəaliyyətinin koordinasiya olunması ilə əsaslandıran AAK rəhbərliyi işləririni Avorpadan kənarda da aparacağını bildirir.
DAK və DAƏŞ kimi qurumlar olan yerdə AAK-ın yaranması məsələsinə diasporumuzun nümayəndələri arasında münasibətdə fərqlər hiss olunur. Onların bəziləri AAK-ın yaranmasını artıq bir addım kimi qəbul edrək DAK və DAƏŞ-in fəaliyyətinə daha çox dəstək veriləcəyi təqdirdə işlərin intensivləşəcəyinə inanırlar. Fikrimcə AAK-ın yaranmasını önəmli addım saymaq olar.
Sayına və fəaliyyətinə görə Azərbaycan diasporunun güclü olduğu dövlətlərdən biri Rusiyadır. Rusiyada Azərbaycan diaspor təşkilatları 89 obyektin hamısında var. Rusiyada azərbaycanlıları ətrafında birləşdirməyə çalışan 13 mərkəz fəaliyyət göstərsə də, bunlardan ikisi Ümumrusiya Azərbaycanlılar Konqresi və Rusiya Azərbaycanlılarının Federal Milli Mədəniyyət Avtonomiyası FNKA-Azerros ətrafında Azərbaycan cəmiyyətləri və təşkilatları toplaşıb və Rusiyanın bir çox bölgəsində filialları var.
Dünya azərbaycanlılarının ilk təşkilatlarından biri sayılan Amerika-Azərbaycan Cəmiyyəti (AAC) 1958-ci ildə Nyu-Cersi şəhərində təsis olunub. Təşkilatın əsasını 1942-ci ildə Türkiyədən ABŞ-a köçən soydaşlarımız tərəfindən qoyulmasına baxmayaraq, təşkilatı struktur kimi 1958-ci ildən fəaliyyətini genişləndirən AAC-ın əsas üzvləri Azərbaycan Demokratik Respublikasının banilərinin nəvə və nəticələridir.
Bu ölkədə qeydiyyatdan keçən təşkilatların sayı 20-30 arası olmasına baxmayaraq fəallıq nümayiş etdirən AAC və «Bakinetz» Mədəniyyət Mərkəzidir. 1996-cı ildən fəaliyyətə başlayan mərkəzin təsisçiləri Bakı yəhudiləridir. Nyu-York şəhəri Bruklin hissəsində yerləşən mərkəz aktiv fəaliyyət göstərən Azərbaycan təşkilatlarından biridir. Bu iki təşkilatın fəallığı sayəsində Amerikada lobbiçilik mexnazmini diaspor nümayəndələrindən təşkil edilməsi mümkün olub və ictimai fikirdə qismən Azərbaycan münasibət müsbət yöndə dəyişib. Azərbaycan diasporunun təşkilatı strukturunun güclü olduğu dövlətlər içərsində Ukraynanı xüsusi olaraq qeyd etmək olar. Hazırda Ukraynada çoxsaylı Azərbaycan diaspor təşkilatları və milli mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Onlardan ən böyüyü bir çox regional diaspor təşkilatları ətrafında birləşdirən Ukrayna Azərbaycanlıları Konqresidir ( UAK) .
1999-cu ilin 21 martında təsis edilən UAK-ın yaranmasında Ukraynadakı Azərbaycan səfirliyi və tanınmış azərbaycanlıların rolu böyükdür. UAK - 1990-cı ildə Kiyevdə yaradılan Azərbaycanlıların İctimai Mədəni Mərkəzinin (1994-cü ildə N. Gəncəvi adına Ümumukrayna Azərbaycan ictimai mədəni mərkəzinə çevrilib) sələfidir. İlk yarandığı zaman 15 vilayətdə filialı olan UAK zamanla bu filialların saynı artırmağa başladı. Ölkənin ictimai-siyasi, iqtisadi-mədəni həyatında mühüm rol oynayan UAK-ın 27 inzibati ərazi bölgüsünün demək olar ki, hamısında vilayət təşkilatları fəaliyyət göstərir.
Təşkilatı strukturuna görə diasporumuzun əvvələr fəal olduğu ölkələr içərisində Türkiyənin özünəməxsus yeri var. Qeyd edək ki, diaspor təşkilatlarının həmrəyliyinə nail olmaq cəhdi ilk dəfə olaraq burada atılmışdır. 1989-cu ildə Türk Dünyası Ümumdünya Azərbaycanlılar Konqresi, 1990-cı ildə Türk dünyası Araşdırmalar Vəqfinin təşəbbüsü ilə Kayseridə I millətlərarası Böyük Azərbaycan Konqresi və 1990-cı il noyabrın 30-dən 6-dək İstanbulda Azərbaycan Mədəniyyət Mərkəzlərinin Birinci Qurultayı bu istiqamətdə keçirilən tədbirlərdəndir.
Azərbaycan diaspor təşkilatlarını bir qədər aktiv olduğu ölkələrdən Almaniyanın adını qeyd etmək olar. Burada hələ II Dünya Müharibəsindən sonra təsis edilən təşkilatlaırn bu günkü sələfi olan qurumlar fəaliyyətinə görə çox geri qalırlar. Almaniyada son zamanlar təsis edilən qurumlar iqtidar və müxalifət yönümü ilə seçilirlər. Bitərəf qalan təşkilatlar isə hər iki tərəfin kölgəsində qalıblar. Məsəl üçün burada fəaliyyət göstərən Dünya Azərbaycanlıları Mərkəzinin üzvlərinin bir çoxunu siyasi mühacirlər təşkil edir, Nizami Gəncəvi adına Mədəniyyət İnstitutu isə bu ölkədə biznes maraqları güdən soydaşlarımızın əsas birləşdiyi təşkilatdır.
Diaspor təşkilatlarının fəal olduğu ölkələr içərisində İsveçin də adını çəkmək olar. Bu ölkədə ilk təşkilatlar 1985-ci ildən etibarən yaradılmağa başlanıb. Hazırda bu ölkədə fəallığına görə Azərbaycan-İsveç Komitəsi xüsusi olaraq fərqlənir. Azərbaycan və isveçlilərin birləşdiyi bu cəmiyyət İsveçdə fəal təşkilatlardan hesab olunur. Azərbaycan-İsveç münasibətlərini normallaşdırmaq üçün iş aparan Komitə eyni zamanda lobbiçilik və təbliğat işilə məşğul olur. Bu təşkilatdan başqa biz Azərbaycan-İsveç Federasiyası, Azər Cəmiyyəti və digərlərinin adını qeyd edə bilərik ki, onlar öz fəaliyyətləri tək İsveçi deyil digər Skandinaviya ölkələrini də əhatə edir.
Böyük Britaniyada fəaliyyət göstərən Vətən Cəmiyyyəti də Avropada tanınan qurumlardandır. 2000-ci ildə Londonda təhsil alan tələbələr tərəfindən təsis olunub. Ətrafında azərbaycanlılar, ingilislər və digər türkdilli xalqların nümayəndələrini toplayan təşkilat İngiltərə-Azərbaycan münasibətlərini normallaşdırmaq, təbliğat və mədəni işləri həyata keçirir.
Belçikada Azərbaycan Evi fəallıq nümayiş etdirən diaspor təşkilatlarındandır. Belçikada əvvəl fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin əsasında qurulan təşkilat 2000-ci ildən fəaliyyətə başlayıb. Əsasən lobbiçilik, təbliğat, mədəni tədbirlər ikitərəfli əlaqələrin yaxşılaşması istiqamətində iş aparır.
Avstraliyada öz fəaliyyətilə seçilən Azərbaycanlılar Cəmiyyəti 1992-ci ildən bəri mədəni, hüquqi, təbliğat, lobbiçilik işində xeyli uğurlar əldə edib. Bu təşkilatın hər il keçirdiyi milli bayramlarda Azərbaycan mədəniyyəti və mətbəxilə yerli sakinlər də yaxından tanış olurlar.
Fransada 1990-cı ildə təsis edilən Azərbaycan Mədəni Əlaqələr cəmiyyəti diaspor təşkilatları içərisində fəallığına görə seçilir. Strasburq şəhərində fəaliyyət göstərməsilə baxmayaraq, əlaqələrinə bütün şəhərlər daxil olan Cəmiyyətin üstünlüyü onun ətrafında köhnə və yerli nəslin nümayəndələrini birləşdirib siyasi, hüquqi, iqtisadi, elmi və mədəni sahələrdə xeyli uğurlar əldə edən cəmiyyət tələblərlə də fəal iş aparır.
Azərbaycanın xarici ölkələrdə fəaliyyətinə görə seçilən təşkilatlarından biri də diasporumuzun güclü olduğu Estoniyada 1988-ci ildə təsis edilən Ocaq Cəmiyyətidir. Cəmiyyət 1996-cı ildə Azərbaycan icması kimi Estoniya Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişdir. Estoniya-Azərbaycan əlaqələrinin inkişaf etməsi, kütləvi mədəni tədbirlər keçirmək, Azərbaycan kitablarının eston dilinə tərcümə edilməsi və s. işləri həyata keçirən «Ocaq» - Estoniya rəsmiləri və ictimaiyyəti tərəfindən müsbət qarşılanır. Cəmiyyət «Ocaq» adlı qəzet nəşr edir. Eyni adlı bazar günü məktəbinə hamilik edir. Eston televiziyasında ayrıca proqram hazırlamaq hüquqi alan Cəmiyyət Azərbaycan barədə Tallində ətraflı məlumat verir. Cəmiyyəti və Eston dil fondu tərəfindən birgə fəaliyyətin müsbət işlərindən biri Azəri-Eston lüğət-kitabçası nəşr olunmuşdur.
Zaur Əliyev,
“Diaspor və Lobbi” Strateji Araşdırmalar Mərkəzinin sədri