QHT-lərin iştirakı ilə bu mövzuda konfrans keçirilib
Mayın 10-da Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Milli Qeyri Hökumət Təşkilatları Forumunun təşkilatçılığı ilə
“Heydər Əliyev və vətəndaş cəmiyyəti” mövzusunda konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan ATXƏM sədri
İlham İsmayılov ümummilli liderin doğum gününün hər il rəhbərlik etdiyi təşkilat səviyyəsində qeyd edildiyini deyib və bildirib ki, ATXƏM bu il də ənənəsinə sadiq qalaraq
Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə konfrans təşkil edib. Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında göstərdyi xidmətlərdən danışan İlham İsmayılov istər 1969-1982-ci illər, istərsə də 1993-2003-cü illərdə hakimiyyətdə olduğu dövrlərdə Heydər Əliyevin daim xalq, millət üçün çalışdığını söyləyib.
Bildirib ki, Azərbaycan XX əsrin 90-cı illərində öz müstəqilliyini əldə etsə də, lakin onun müstəqilliyini istəməyən qüvvələr hələ də hərəkətdə idi və həmin qüvvələr vaxtaşırı bu müstəqilliyə son qoymaq istəyirdilər: “Xüsusilə, 1993-cü ildə ölkədə yaranmış xaos və anarxiya, vətəndaş müharibəsi təhlükəsi Azərbaycanı bir dövlət kimi yox olmaq təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu. Belə bir çətin şəraitdə xalqın təkidli tələbilə hakimiyyətə qayıdan Heydər Əliyev qısa müddət ərzində ölkədə anarxiyaya son qoydu. Daha dəqiq desək, Heydər Əliyev diplomatiyası Azərbaycanı xilas etdi”.
ATXƏM sədri deyib ki, Heydər Əliyev ikinci dəfə hakimiyyətdə olduğu illərdə bütün sahələrdə sürətli inkişaf baş verdi, ictimai-siyasi sahədə sabitlik bərqərar olundu, ölkəmizin iqtisadi potensialı artdı: “Ümummilli lider hər bir sahədə çalışan insanları diqqətdə saxlayır, onların problemləri ilə yaxından maraqlanırdı. Bu baxımdan ümummilli liderin 2001-ci ildə sahibkarlarla keçirdiyi görüş yada qalan sayıla bilər. Həmin görüşdə ulu öndər sahibkarların problemləri ilə maraqlandı, onları narahat edən məsələlərin həlli üçün konkret göstərişlər verdi. Hətta görüşü bir sıra məmurların iştirakı olmadan davam etdirdi ki, iş adamları məmurlardan çəkinib problemlərini, onlara törədilən əngəlləri dövlət başçısının diqqətinə çatdırmazlar. Həmin görüşdən sonra ölkə sahibkarları üçün yeni-yeni imkanlar açıldı, iş adamlarına yönəlik əngəllər aradan qalxdı”.
İlham İsmayılov deyib ki, Heydər Əliyev türk dünyasının birlik və bərabərliyi istiqamətində də əvəzolunmaz fəaliyyət göstərib: “Ümummilli lider çalışırdı ki, türkdilli respublikalar arasında birlik möhkəmlənsin, inkişaf etsin. Heydər Əliyev fəaliyyəti dövründə müəyyən mənada buna nail oldu. Bu gün isə bu siyasət hazırkı dövlət başçısı, cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.
ATXƏM sədri deyib ki, rəhbərlik etdiyi təşkilat da həmin siyasəti davam etdirir və türk dünyasının birlik və bərabərliyi işinə öz təhfəsini verməyə çalışır.
Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti
Rauf Zeyni Heydər Əliyevin hakimiyyəti illərində ölkədə vətəndaş cəmiyyətinin inkişafına yaradılan şəraitdən danışıb. Müstəqilliyin ilk illərində QHT-lərə dövlətçilik əleyhinə fəaliyyət göstərən bir qurum kimi baxıldığını deyən Rauf Zeyni qeyd edib ki, məhz ümummilli liderin ölkədə vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi istiqamətinə verdiyi töhfədən sonra bu mənfi tendensiyasnın aradan qalxdığını deyib: “2001-ci ildə Milli QHT Forumunun təmsilçisi Əhməd Qəşəmoğlu Ağsu rayonuna səfər zamanı icra başçısı onu dövlətçilik əleyhinə çıxan biri hesab edərək 24 saat ərzində rayonu tərk etmək göstərişi vermişdi. Rauz Zeyni çıxışında ölkədəki bəzi qüvvələr, eləcə də məmurların neqativ fəaliyyətindən də danışıb. Bildirib ki, bir sıra qüvvələr, eləcə də bəzi məmurlar Azərbaycanın inkişaf etməsini istəmirlər: “Təssüflər olsun ki, bu gün əlillərin, sadə vətəndaşların, gənclərin hüquqlarını tapdalayan məmurlar, eləcə də prezidentin sərəncamına məhəl etməyən məmurlar mövcuddur. Dövlət başçısı sahibkarlara qarşı əngəllərin aradan qaldırılması barədə sərəncam imzaladığı halda, bəzi məmurlar prezidentin sərəncamını saymır, ona əməl etmir. Hesab edirəm ki, bu cür neqativ insanlara qarşı mübarizə aparmalıyıq”.
Dünya Gənc Türk Yazarlar Birliyinin sədri
Əkbər Qoşalı, Beynəlxalq Diaspora Mərkəzinin Aparat rəhbəri
Samir Adıgözəlli, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri
Çingiz Bayramov Heydər Əliyevin gənclərə diqqət və qayğısından danışıb. Ümummilli liderin iştirakı ilə ilk dəfə ölkədə Gənclər Gününün qeyd edildiyini, həmin günün dövlət başçısının fərmanı ilə Gənclər Günü qeyd edildiyini diqqətə çatdıran natiqlər hazırda bu siyasətin cənab prezident İlham Əliyev tərəfindən davam etdirildiyini söyləyiblər.
ATXƏM-in təsisçilərindən olan
Akif Kərimov Heydər Əliyevin 1969-82-ci illərdə hakimiyyətdə olduğu dövrə nəzər salıb. Həmin illərdə ölkədə korrupsiya və rüşvətxorluğa qarşı kəskin mübarizə başladığını deyən Akif Kərimov məhz bunun nəticəsində ali təhsil ocaqlarına rüşvətlə qəbul olunmağın qarşısnın alındığını, savadlı, bacarıqlı gənclərin heç bir rüşvət vermədən ali təhsilç ocaqlarına qəbul olunduqlarını deyib. Bildirib ki, hazırda respublikanın bir sıra sahələrində ad çıxaran mütəxəssislər məhz həmin dövrdə ali məktəblərə daxil olan insanlardır.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri
Qafar Əliyev də Heydər Əliyevin Azərbaycan xalqı və milləti qarşısındakı xidmətlərindən danışıb. Məhz ümummilli liderin sayəsində ölkədə xaos və anarxiyaya son qoyulduğunu deyən Qafar Əliyev artıq ölkəmizin sürətlə inkişaf etdiyini, dünya dövlətləri arasında layiqli yer tutduğunu diqqətə çatdırıb.
ATXƏM-in Mətbuat Xidməti