Tağı Əhmədov: “Vətəni sevən adamın mütləq və mütləq qanında tərtəmiz türk qanı axmalıdır”>... Marşrut avtobuslarının birində işə tələsirdim. Bir türkiyəli adam dayanacaqda bu avtobusun “Koroğlu”dan keçib –keçmədiyini soruşdu. Sürücü də özlüyündə “Koroölu haradır” sualını verdi. Adam əsəbiləşərək “sən Koroğlunu tanımırsansa, mən sənin otobüsünə minməm!” dedi... Mən əmindim ki, o sürücü gedib “Koroğlu”nun hara olduğunu öyrənəcəkdi...
Bu gün Bakı metropolitenində “Koroğlu” var, “Azadlıq” var, “Qara Qarayev” var, “Nizami” var, “Nəsimi” var. “Qarabağ şikəstəsi” çalınır “28 May”dan keçən yolumuzda...
Niyə, bilirsizmi? O sürücü kimi bilməyənlərin də gedib öyrənməsi, bilənlərin unutmaması üçün!
Şərəfsiz 26 Bakı komissarının adlarını – qazıdıqları yaddaşımızdan silmək üçün! Müsahibim Bakı Metropolieninin rəisi Tağı Əhmədovdur. İlk mzəngimdə üstümə təpindi, ikinci zəngimdə “görmürsən məşğlam, bə bu yekəlikdə də olmaz, axı” dedi. Amma bir şənbə səhəri də telefon açıb “gəl, baxaq gğrək, hansımız dəliyik, diktofonunu da götür gəl” dedi. Gəldim. Artıq burdayam!
-Şair olmaq çətindir, məmur olmaq, yoxsa ümumiyyətlə insan olmaq, hansı daha çətindir?
Sualınızı metrodan başlamamağınız professoinal olmadığınızdan xəbər verir. (İlk zərbəni aldım).
Hər şeydən əvvəl mən Bakı metropiliteninin rəisiyəm, hər şeydən əvvəl də ancaq və ancaq metro işçisiyəm. Şairlik, yaxud da ki, hərdənbir yazmaq sadəcə hobbidir, yeri gələndə adam yazır. Özü də bu bir ilin deyil, iki deyil, uzun illərin yığıntısıdır, indi sözə tökürsən.Amma metropoliten işçisi olaraq artıq nə az, nə çox, düz qırx üç ildir metroda işləyirəm. Metropolitenlə nəfəs alıram və ilk növbədə mənim əsas işim metropolitendir. Şairlik isə bir az yekə məfhumdur, bunu heç cür mən qazana bilmərəm. Eyni zamanda istəmirəm də bu adı öz üstümə götürüm, adıma elə bir söz işlənsin. Bu, böyük məsuliyyətdir. Metropolitençi olar, metro işçisi olar, bunların hamısına hə, amma şairliyə yox.
-Axı, var....
-Varsa da bilirsiz, yenə deyirəm, biri var, kimsə nə iləsə maraqlanirsa bu o demək deyil ki, sırf o professiyaya gedir. Xeyr. Mənim bir nömrəli işim metropolitendir. Baxın, bu gün istirahət günüdür, hər kəsin dincəldiyi bir vaxtda mən metrodayamsa, deməli, işimi sevərəkdən gəlmişəm.
Başqaları kimi istirahətə də gedə bilərdim, işə gəlməyə də bilərdim, ancaq mənə sual olunanda ki, niyə sən istirahət günü də işləyirsən, çox təəccüb eləyirəm, məgər istirahət günü metro işləmir? Metro işləyirsə, Bakı şəhərindəyəmsə, deməli, mən işdə olmalıyam.
-Həyatımda ilk dəfədir ki, bir məmurla söhbət edirəm. Bu baxımdan düz deyirsiz, professional deyiləm. Mənim dünyam ədəbiyyatdır, mədəniyyətdir. Məni sizin yanınıza gətirən də elə bunlardır. Metroya düşəndə “Koroğlu” üvertürasını, “Qarabağ” şikəstəsini, Qarayevin simfoniyasını eşidəndə dikələn başımdır. Ən pis anımda belə bu bir anlıq musiqi məni özümə qaytarır....
-Akademiyada da “tələbəlik illəri” (gülümsəyir). Amma ona da irad tutanlar var ki, çox yaxşı iş görməmişəm, bu düz deyil. İnsanlar müxtəlifdir, dediyim kimi minlərlə adam keçir burdan. Bunların hamısının eyni dərəcə möhürünü düzmək mümkün deyil.
- O ideya kimindir?
-Özümün. Gələndən o ideya mənim olub. İdeyalarımız çoxdur. Düşünün ki, metroda telefon işlətməyə xaricdə qadağa qoyulmuşdu. Əgər sərnişin metroda yarım saat yol gedirsə, ona niyə zəng gəlməsin?. Ona görə də tətbiq elədik. Çox yazıb-pozdular, radiasiyadır, ziyandır, deyə. Bu böyük bir boşluqda bu deyilənlər boş şeydir. Mən eləyəndən sonra Moskva elədi, getdim ki, Londonda da, Fransada da var. 1999-cu ildə ilk dəfə bizdə olub. İlk əvvəl stansiyalarda, indi metronun istənilən yerində istifadə eləmək olar.
- Siz deyirsiz ki, millətçi olmaq üçün insanın damarlarında ən əvvəl türk qanı axmalıdır...
- O, mənim öz sözüm olmasa da, bu sözlərin hamısı deyilib. Deyim tərzi tamamilə başqadır. Mən həmişə birmənalı olaraq deyirəm ki, hər hansı yerdə işləyirsənsə, işlə, Vətəni sevən adamın qanında tərtəmiz türk qanı axmalıdır. Tərtəmiz TÜRK olmalıdır. Hansısa bir qarışığı varsa çox, çox təsadüfən ola bilər ki, o həqiqətən millətini, dövlətini sevsin. Amma qəlbilə, canıyla millətini sevən hər bir adamın qanında öz millətinin təmiz qanı axmalıdır.
Millətçiyə gəlincə, bu fərqli anlayışdır. Millətçilik ayrı şeydir, milləti sevmək ayrı şeydir. Mən millətçi deyiləm, bütün millətlərdən mənim dostum da var, yaxınım da. Ancaq Azərbaycan mənim üçün ən böyük idealdır. O mənada yox ki, mən azərbaycanlıyam, xeyr, o mənada ki, hər bir millətin ümumi say-seçməsinə baxanda, irəliləyişinə baxanda və analiz eləyəndə görürsən ki, bəli, Azərbaycan xalqında xeyirxahlıq da var, Azərbaycan xalqı həddindən artıq mülayim xalqdır, eşidən məsləhətə qulaq asan xalqdır. Bunların hamısını götürəndə ulu öndərin dediyi sözlər bir zirvə olaraq hamının qulağında qalır:” mən fəxr edirəm ki, mən azərbaycanlıyam!”.Ulu öndər bunu elə-belə demirdi. Uzun illər yaşamışdı, uzun illər təcrübələr aparmışdı, bu uzun illərdə də Azərbaycan xalqının mənəviyyatına yaxşı bələd idi. Eyni zamanda Azərbaycanla yanaşı digər millətlərin də mənəviyyatına bələdliyi vardı. Və çox gözəl görürdü ki: bəli, Azərbaycan xalqının mənəviyyatı, mənəvi dəyərləri çox yüksəkdir, ağsaqqalına hörmət, uşağına hörmət, hansı atributları götürürdüsə, götürsün, görürdü ki, Azərbaycan xalqı doğrudan da, yüksəkdə durur. Bu anlamda milləti sevmək başqadır, millətçi olmaq başqadır. Mən milləti sevirəm, birmənalı olaraq, hərtərəfli olaraq sevirəm! Yaxşısını da, pisini də. Pisini gərək müəyyən dərəcədə yolunu düzəldəsən, yaxşının isə daha çox yaxşı olmasına çalışasan. Aydın məsələdir, millətin içində yaxşısıdı olmalıdır, pisi də, əgər pis yoxdursa, yaxşı bilinməyəcək.
Ona görə də bütün bunların hamısını ələkdən-xəlbirdən keçirəndə görürsən ki, bəli, bütün millətlərlə müqayisədə dilimiz zəngindir, millətimiz bu dilə uyğundur, millətimiz xeyirxahdır,
millətimiz alicənabdır, millətimizin hərtərəfli bacarığı, biliyi, mənəviyyatı zəngindir. Necə sevməyə bilərsən bu milləti?! Ona görə də burda müəyyən dərəcədə o üstünlük məsələsi ki, var, üstünlüyü əlbəttə, bir fərd olaraq öz millətindən olan adamlara verməli, onları yüksəltməlisən. Yüksəyə qaldırmalısan, əgər bunlar yoxdursa, bu mümkün deyil. Məsələn, bizdə Yusif Məmmədəliyev olub, çox təəssüf ki, qəzetdə, yazılarda haqqında çox az-az material gedir. Amma, inanın, Yusif Məmmədəliyevdən Heydər Əliyevi müqayisə dərəcəsində bir yerə qoyanda Heydər Əliyev siyasətdən nə qədər zəngin idisə, nə qədər təcrübəli idisə, elmdə də Yusif Məmmədəliyev bir o qədər təcrübəli və zəngin idi. 1945-ci ildə SSRİ Elmlər Akademiyanın filialını burda yaradanda Moskvadan tökülüşüb gəlirlər ki, görək burda akademiklərdən kim var? İndiki kimi test imtahanı keçirilir. Yeganə Yusif Məmmədəliyevlə danışırlar və o danışıqdan sonra SSRİ Elmlər Akademiyasının prezidenti deyir ki, “əgər burda bircə nəfər akademik olmasa belə, təkcə Yusif Məmmədəliyevə görə akademiyanın filialını açmaq lazımdır.” Bax, bu fəxrdir, o mənada fəxrdir ki, bu sənin millətinin oğludur. Yusif Məmmədəliyevə Nobel mükafatı düşürdü, ixtiralarına görə, “Oktan benzini yaratdığına görə verməliydilər. Xudpəsənd erməni ömürboyu bizim üçün düşmən olub, düşmən olacaq. Erməni gəlib deyir ki, biz o Nobel mükafatını versək, gərək bu elmi kəşfi açıqlayaq, açıqlasaq isə uduzuruq. Aydın məsələ idi ki, o vaxt SSRİ başbilənləri, Stalin, Mikoyan, Georqadze, yığılır bir yerə, konkret olaraq deyirlər ki, yox, ona mükafat vermək olmaz. Bu gün ən acınacaqlı şey budur ki, Nobel qardaşlarının Bakı neftindən əldə etdiyi pullar kimlərəsə milyon-milyon paylanır, Azərbaycandan bir nəfər belə bu mükafata layiq görülməyib. Bu o demək deyil ki, o mükafata layiq kimsə yoxdur ölkəmizdə, xeyr, bu, o deməkdir ki, qoymurlar, imkan vermirlər. Bu o deməkdir ki, bəli, Azərbaycan xalqı çox zəngindir, çox yüksək səviyyəli xalqdır. Təəssüflər olsun ki, düşmənlərimiz də çoxdur. O, Allahın bizə verdiyi yeraltı, yerüstü sərvətlərin bolluğu, həm də bizim düşmənlərimizin gözünü çıxarmaq üçün yaranıb. İstər Şimaldan, istər cənubdan, hansı tərəfə baxirsan, Azərbaycan blokadadır. Bunların hamısını görəndə, fikirləşirsən ki, bəli, istər-istəməz millətini sevməlisən, millətinin yaxşısına ruh yüksəkliyi verməlisən, millətinin yaxşısını qabağa çəkməlisən. Bu deviz olmasa, yaşamaq mümkün deyil. Ona görə də biz ulu öndərdən ömür boyu öyrənmişik, bundan sonra da onun bütün yazdıqları ələlxüsus da “Müstəqilliyimiz əbədidir” kitabı hamımızın stolüstü kitabı olmalıdır. Hamımız o çixişlara dönə-dpnə baxmalıyıq. Heydər Əliyevin dediyi sözlər bu günün sözləri deyil, bir əsrdən bundan sonra da onun dediyi sözlər göyərəcək və tam məntiqlə yerinə oturacaq.
-Çox maraqlı bir təzad var. Siz Naxçıvanlısınız. Naxçıvan adamlarısa çərçivəyə sığmır, həddindən artıq dəli-dolu, həddindən artıq çılğın olurlar. Maraqlıdır, gəlmisiz Bakıya, bununla qalmamısız, Bakıda da yeraltı bir sənət seçmisiz. RUH necə, sıxılmır ki?
- Yox, qətiyyən. Metronun o vaxt mənə verdiyi ən yaxşı işlərdən biri bu idi ki, gecə çalışırdım, gecə də işləyirdim. Beləcə, iki universitet bitirmişəm gecələr işləyərək. Bunlar metronun mənə verdiyi sərbəstlik idi. Heç kəsə minnət eləmədən işləyib, çalışıb, oxumuşam. Dərsdən fəlirdim, əynimi dəyişib, on ikinin yarısından saat altıya qədər metroda işləyirdim, bu vəziyyət 18 il davam edib. İndi bir texnikum bitirən az qalır adamın başını yarsın, ali təhsilliyəm deyə, halbuki, institut bitirənlərimiz ha çoxdur. Mən iki institut bitirəndən belə heç kimə ağız açıb iş istəmirdim. Daha sonra adicə bir stansiya rəisi, xidmət rəisi işlədim. Daha sonra bu çaxnaşmalar başladı.Mənim bir aktivliyim ondadır ki, mertronun həmişə işləməsini istəmişəm. Niyə bilirsizmi? Çünki, metrodan beş qəpiyə möhtac olanlar istifadə edib. Yaxşı varı-karı olanlar yaxşı maşınlardan istifadə edə bilirdilər. Nümayışlər olurdu, Xalq cəbhəsi çıxıb iddia edirdi ki, metro da işləməsin. Adam hiss eləyir ki, istehsalatdan kənar adamlardırlar, heç nə bacarmırlar. 1989-cu ilin avqust ayının 15-də elan verildi ki, metro saat 10-dan işləməsin. Mən 3 nəfərlə metronun hərəkət qrafikini götürüb getdim Əbülfəz Elçibəyin yanına. Onda hələ prezİdent deyildi. “Azərbaycan” jurnalının redaksiyasında Yusif Səmədoğlunun otağında Əbülfəz Elçibəy idi, Nəcəf Nəcəfovuydu, Yusif Səmədoğlu idi, Araz Əlizadə, Zərdüşt Əlizadə, Nemət Pənahov hamısı ordaydılar. Mən qapıda görünəndə dedilər, “siz nə istəyirsiniz?” “Dedim bir sözüm var, qrafiki açdım, Etibar Məmmədovuydu eyni zamanda o sualı verən. Dedim siz deyirsiz ki, metro saat ondan işləsin, bu sizə avtobus parkı deyil, ki qapını açıb deyəsən ki, bir-bir çıx. Metroda baxın görün, qatarlar hansı saniyədə, hansı stansiyada olmalıdır. Sizin dediyiniz olarsa, qrafiki necə təşkil edək?” Rəhmətlik Əbülfəz Elçibəy dedi ki “Biz hələ çox şeyi bilmirik, çox şeyi öyrənməliyik.”
Beləcə, mənim israrımla qrafik dəyişmədi. Metro mənim ən özəl hesab etdiyim nəqliyyat növlərindən biridir və biz bu gün, Beynəlxalq İctimai Nəqliyyatlar İttifaqının üzvüyük. Dünyanın 165 şəhərində metro var, o cümlədən də bizdə. Ulu öndər 2002-ci ildə metropolitenin 35 illiyini keçirənədə dedi ki, “metro xalqın ən böyük sərvətidir. Və biz çox xoşbəxtik ki, metro kimi bir nəqliyyat növü bu gün bizdə işləyir. Bir gündə ən azı orta hesabla 155 – 600 min sərnişin gedir metrodan. Bu sərnuişinin hamısına biz məsuliyyət daşıyırıq. Birinin burnu qanasa cavabdeh bizik.
-Tağı müəllim deyəndə, insanların simasında ləzzətli bir gülümsəmə yaranır. Çünki, bizim rəsmilikdən, çərçivədən kənar, xalqa yaxın adamlarımızdansız...- Xalqla işləyirəm da mən, xalqın içindəyəm. Azərbaycan əhlinin 35% adamıyla bir gündə təmasda oluramsa, aydın məsələdir ki, xalqın içərisindəyəm. Necə görünürrsən, elə də olsan, daha yaxşıdır. Yoxsa, bir gün mən müsahibə vermək xatirinə, bəzəkli cümlələri seçim, danışım, yox, necə varsan, elə də görün.
- Tağı müəllimin günahları yoxdur?
-Çoox. Metroda günahım yoxdur, işçilərin arasında günahım yoxdur. Heç bir günahım ola
bilməz işçilər arasında. Mənim otağımın qarşısına yazılan qəbul günlərinə baxmayın, o boş şeydir, hər gün qəbul günüdür. Hər gün aşağıda da görüşürəm, hər gün depoya da gedirəm, vaqona minirəm, mənim işçim harda məni görürsə sözünü deyə bilər. Ən böyük günahım günahsızlığımdır. Günahsız adam yoxdur.
-Bütün titullardan kənarda hər kəsin içində başqa bir ÖZü var. Çəkilir öz dünyasına və təkcə başbaşa qalır. Tağı müəllimin dərdləşdiyi o adam kimdir?
- İnsan mənliyini tutduqca uca,
Özü o zirvədən ucaya qalxır,
İnsan var ucalıb, uca olunca,
Bilsən neçə kərə sönür, alçalır?!
Hərdən əsəbləşmək həyata qəsddir,
Acı dil, qəlb qırmaq, məncə, əbəsdir.
Yüz il qəm-kədərlə yaşamaqdansa,
Əlli il gülüşlə yaşamaq bəsdir.
Yaş yüzə çatanda zəka işləmir,
Yaranır beyində təlaş, səs-səmir.
İnsanın qaməti əyilir, sanki,
Torpaq maqnitdir, baş isə dəmir.
Çəkir özünə sarı torpaq, baş əydirir.
-Bəs bayaqdan bunu istəyirdim də sizdən. Metronu hamı bilir, mənim istədiyimsə sizin bu tərəfinizdir.
- (gülür) Sən istədin, məb də dedim də.
-Hüseyn Cavid...
-Mənim ən ümdə yerim qəlbimin yaralı yeri. Odur da bizim millət o günə qalıb. Məsələ ondadır ki, Hüseyn Cavid 59 yaşında rəhmətə gedib 1941-ci ildə. Əgər yaşasaydı, elə mən yaşda yaşasaydı, görün nələr yaradardı.
-Dünyada hər kəs qantökənləri dahi adlandırırdı,
bir tək Cavid
“Kəssə hər kim, tökülən qan izini,
Qurtaran dahi odur Yer üzünü”
demək cəsarətini göstərdi....
-Bəli, bir tək Cavbid dedi bunu. Allah bir daha rəhmət eləsin, onun elədiyinin yüzdə birini heç kəs heç kəsə eləmir. Ulu öndərin 1982-ci ildən Hüseyn Cavidin nəşinin Azərbaycana gətirməsindən böyük heç nə yoxdur, olmayıb, olmayacaq da. Özü də, düşünün ki, bu Cavidə olan vurğunluq idi. Heydər Əliyev o qədər əziyyətlə Cavidi Vətənə gətirdi. Burda da uzaqgörənlik elədi.Fəxri Xiyabanda minlərlə dahilərimiz yatır, Hüseyn Cavidi də orda dəfn edə bilərdi. Çox adama Cavidin Naxçıvanda dəfn olunmağının mahiyyəti çatmır. Naxçıvan Şərqin qapısıdır. Cənubi Azərbaycana, Türkiyəyə gedən-gələn Naxçıvandan keçərək Cavidə baş əyir. Cavid məqbərəsinə baş vurur. Ona görə də, Heydər Əliyev böyüklüyünə nisbi çatmaq belə mümkün deyil. Cavidi gətirəndən sonra demişdi ki, burda Cavidin məqbərəsi qoyulacaq. Bir nəfər də daşı daş üstə qoymadı. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndən sonra Cavidi əbədiləşdirdi. Getdi, özü açılış elədi Turan xanımla. Burda bir məqam da var. Cavidin başının ölçüsü 59. Cavid uyuyub 59-cu qəbirdə, Cavid ölüb 59 yaşında, Cavidi qəbul eləyib 1982-ci ildə 59 yaşlı Turan Cavid və Heydər Əliyev. Bəlkə bilmədiyimiz daha neçə belə məqamlar da var. Yəqin ki, hər hansı bir axıcılıq var, biz bilmirik. Müsgünaz bibim 1976-ci ildə rəhmətə getdi, onun qeydlərini mən çap elətdirmişəm. Beş əsər- Müşgünaz xanımın qeydləri, Turan xanımın qeydləri, Tahir Rəsizadənin əlyazmasının qeydləri, Ərtoğrulun Caviddən qalanlar-501 səhifə, Turan xanım yığmışdı, onları, bir də Turan xanım, Hüseyn Cavid İstanbul universitetində işlədiyi vaxt ordan türk atalar sözlərini gətirmişdi, onu Turan xanım azərbaycanlaşdırmışdı. Yeddi mindən çox idi. Heç vaxt istəmirəm ki, onların ürəyində bir şey qalsın. Turan xanım Cavid nəslinin sonuncusu idi. Hər yerdə demişəm, yenə də deyirəm, Cavid haqqında kim nə tapır, elə bilin ki, onun varisi kimi mən hazıram. Turan xanımın büstünü Eldar Ömərova düzəltdirib qoymuşam, muzeydədir, Afaq Məlikova xalçasını toxutdurmuşam, muzeydədir, Ərtoğrul Cavidin xalçasını toxutdurmuşam, o da eynilə. Heydər Əliyevlə Hüseyn Cavidin ipəkdən toxunma şəkillləri muzeydədir. Bu gün kimliyindəın asılı olmayaraq Hüseyn Cavid haqqında kimin bir tapıntısı varsa, mən hazıram onu çap etdirməyə. İrəvanda tamaşa olmuşdu, Hüseyn Cavidin “Knyaz” əsərini tamaşadan yazıb saxlamışdılar. Turan xanım bəlkə bir illik maaşını vermişdi ki, onu alıb saxlasın. Alıb gətirdikdən sonra da “Knyaz” əsəri çap elətdirdi. Mənə sual eləmişdilər ki, Turan xanımın sağlığında niyə Ərtoğrul Cavid haqqında əsər yazmırdı? Turan xanım həmişə gözləyirdi ki, harda Caviddən bir misra tapılacaq. Ərtoğrulla Üzeyir Hacıbəyovun, Tahir Rəsizadənin yazışması var, Fikrət Əmirovla bir yerdə oxuması, bunlar hamısı dəryadır.Ərtoğrulun yaxşı təcnisləri, yaxşı şerləri var. Romansı var, bu gün çalınır, o vaxt adsız müəllif deyə çaldırırdılar, bu gün artıq adı ilə çalınır. Bunlar hamısı böyük bir dəryadır. Hər hansı bir əsəri götürürsən götür. Ümumi götürəndə bəzən xaricidir deyə Şekspirə yaxşı baxırıq, amma Cavid Azərbaycanın Şekspiridir, ondan yüksəkdir.
-Sizin Hüseyn Cavidə elədiyiniz yaxşılıqlar elə metropolitendə Azərbaycan üçün gördüyünüz işlər qədərdir...
-Yaxşılıq deyil, borcdur.
-Əla məqama gəldik. Siz yazarların kitablarını çap elətdirirsiniz.....
-O da bir borcdur.
-Eyni zamanda bölgələrdə tanınmayan yazarların da....
-O da bir borcdur. Əgər bu onun ürəyindən gəlirsə, əgər onun bu gün ona ehtiyacı varsa, çox böyük işdir. Bir də ki, kimisə sevindirməkdən gözəl heç nə yoxdur.
Bizə son sözünüz....
-Sizə can sağlığı və uğurlar. “Kaspi” qəzetini həmişə oxuyurdum, bundan sonra sizin imzanızı axtaracam.
Nigar İsfəndiyarqızı
“Kaspi” qəzeti, 2-9 iyun, 2012