25 fevral 2013-cü ildə Beynəlxalq Mətbuat Mərkəzində Milli QHT Forumu
(MQF) və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin
(ATXƏM) birgə təşkilatçılığı ilə Azərbaycanda fəaliyyət göstərən 100-dən artıq Qeyri-Hökumət Təşkilatları 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində erməni millətçiləri tərəfindən dinc əhaliyə qarşı törədilmiş soyqırımın 21-ci ildönümündə bir araya gəldilər.mTədbiri giriş sözü ilə açan Milli QHT Forumunun prezidenti
Rauf Zeyni 1992-ci ilin fevralında ermənilərin Xocalıda tərətdikləri vəhşiliklərdən danışıb. Bildirib ki, ermənilər həmin gün ruslara məxsus 366-cı alayın köməyi ilə Xocalıya hücum edərək burada insanlığa sığmayan hərəkətlər, əsrin faciəsini törədiblər. Nəticədə 613 nəfərin həlak olduğu, minlərlə soydaşımızın xəsarət aldığını deyən Rauf Zeyni Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində görülən işlərdən də danışıb. Bildirib ki, Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində məqsədyönılü fəaliyyət göstərir. Milli QHT Forumunun prezidenti xüsusilə bu istiqamətdə Heydər Əliyev Fondu və onun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın göstərdiyi fəaliyyətin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Rauf Zeyninin sözlərinə görə, artıq bir neçə ildir ki, Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində bir sıra uğurlar əldə edilib. Rauf Zeyni buna misal olaraq bir neçə ölkə parlamentində Xocalı faciəsinin tanınmasını göstərib: “Ancaq təəssüflə qeyd etmək istərdim ki, hələ də bir sıra dövlətlər, beynəlxalq təşkilatlar ikili standartlardan çıxış edir, Xocalı faciəsini tanımaq istəmirlər. Ümid edirik ki, tezliklə haqq-ədalət öz yerini tapacaq və Xocalıda əsrin cinayətini törədən insanlar öz cəzasını alacaqlar. Eyni zamanda Xocalı hadisəsi tezliklə bütün dünyada soyqırım olaraq tanınacaq”.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri
llham İsmayılov rəhbərlik etdiyi qurumun Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, ATXƏM hər il Strasburqda Xocalı yürüşü keçirir. Keçən il “Strasburq Azərbaycan Evi”nin də dəstəyi ilə baş tutan aksiyada 1000 nəfərə yaxın insanın iştirak etdiyini deyən İlham İsmayılov bu il də Strasburqda Xocalı yürüşünün təşkil olunduğunu və ATXƏM-in də həmin aksiyaya dəstək veridiyini diqqətə çatdırıb. ATXƏM sədri deyib ki, qeyri-hökumət təşkilatları Xocalı soyqırımının dünyaya çatdırılması prosesində fəal iştirak etməlidirlər. İlham İsmayılovun sözlərinə görə, məqsədyönlü fəaliyyət olduğu halda nəticə də əldə etmək mümkündür: “Təxminən bir il əvvəl Fransa Senatında qondarma erməni soyqırımı məsələsi gündəmə gələndə biz QHT-lər olaraq Fransanın rəsmi dairələri, eləcə də Senata müraciət ünvanladıq. Həmin müraciətə əksər dairələr tərəfindən cavab verildi və bizə göndərilən cavab məktublarında qeyd olunurdu ki, həmin müraciətdən sonra bir çox insanlar yenidən tarixə nəzər salaraq 1915-ci ildə əslində nəyin baş verdiyini öyrəniblər. Nəticə etibarilə qondarma soyqırımla bağlı məsələ müzakirədən çıxarılıb. Mən demirəm ki, bu sırf bizim fəaliyyətimiz nəticəsində baş verib. Ancaq o da danılmaz bir faktdır ki, fəaliyyət, iş olan yerdə müəyyən nəticə də əldə etmək mümkündür”.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş bölməsinin müdiri
Qafar Əliyev də Xocalı soyqırımının dünya ölkələrində tanıdılması istiqamətində görülən işlərdən danışıb. Hər il faciənin ildönümü ərəfəsində dünyanın müxtəlif ölkələrində dəyirmi masalar, konfranslar və etiraz aksiyalarının keçrildiyini deyən Qafar Əliyev bu il də dünyanın 50-dən artıq ölkəsində anoloji tədbirlərin təşkil olunduğunu diqqətə çatdırıb. Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində müəyyən addımların atıldığını, hətta nəticələrin əldə edildiyini də vurğulayan Qafar Əliyev eyni zamanda onu da deyib ki, bu istiqamətdə çox işləməliyik: “Hələlik bir faciənin tam mahiyyətini dünyaya çatdıra bilməmişik. Hesab edirəm ki, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri də bu prosesdə fəal rol oynamalıdırlar”.
Tədbirdə iştirak edən Dağlıq Qarabağ Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, Xocalı soyqırımının canlı şahidi
Cavid Əliyev çıxış edərək, həmin gün baş vermiş qanlı hadisələr, erməni vəhşilərinin Xocalıya hücumu necə hazırlaması, dinc insanları necə mühasirəyə alaraq vəhşicəsinə qətlə yetirməsi haqqında şahidi olduğu hadisələri danışdı.
Geniş müzakirələrin getdiyi tədbirdə çıxış edən digər QHT rəhbərləri – Namiq Həsənov, Solmaz Əmirli, Rövşən Novruzoğlu, Təhmasib Novruzov, Elməddin Behbud, Əkrəm Bəydəmirli, Əsmət Məhsəti, Fizuli Rzaquliyev də öz çıxışlarında Xocalı faciəsinin XX əsrdə dünyanın ən dəhşətli soyqırımı olduğunu qeyd edərək, bu soyqırımın dünyada tanıdılması və qəbul olunması üçün səylərin daha da artırılmasını vacib saydılar. Qeyd olundu ki, Xocalı soyqırımı dərsliklərdə geniş əks olunmalı, beynəlxalq məhkəmələrdə bu soyqırıma hüquqi-siyasi qiymətin verilməsinə çalışılmalıdır.
Tədbirin sonunda Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, eyni zamanda, dünyada fəaliyyət göstərən insan hüquqları təşkilatlarına QHT-lər adından müraciət qəbul ediblər.
Azərbaycanda fəaliyyət göstərən 100-dən artıq QHT-lərin Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı
BƏYANATI
Biz, Azərbaycanda fəaliyyət göstərən Qeyri-Hökumət Təşkilatları 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində erməni millətçiləri tərəfindən dinc əhaliyə qarşı törədilmiş soyqırımın 21-ci ilində Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, İnsan Haqları üzrə Haaqa Məhkəməsinə, Beynəlxalq Hərbi Tribunala, eyni zamanda, dünyada fəaliyyət göstərən insan hüquqları üzrə tanınmış Freedom Hause, Human Right Wateh təşkilatlarına bir daha müraciət edir, bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş bu soyqırımı cinayətinə biganə qalmamağa, dünyada bu cür soyqırımların bir daha təkrar olunmaması üçün cinayətkarların cəzalandırılmasında qətiyyətli mövqe sərgiləməyə çağırırıq.
Tarixi faktlar təsdiq edir ki, erməni millətçiləri zaman-zaman azərbaycanlılara və türklərə qarşı amansız terror və soyqırımı siyasəti həyata keçirmiş, etnik təmizləmə aparmışlar. Təcavüzkar erməni millətçilərinin apardıqları bu etnik təmizləmə və soyqırımı siyasətinin ağır nəticələrini bütövlükdə iki milyondan artıq azərbaycanlı, türk və digər müsəlman xalqları müxtəlif vaxtlarda öz üzərində hiss etmişdir.
Ermənilərin, xüsusilə XX əsrdə azərbaycanlılara qarşı törətdikləri cinayətlərin cəzasız qalması onları daha da ruhlandırmış, zaman-zaman onlar bu cür faciələr törətməklə yanaşı, həm də bütün dünyada özlərini məzlum və soyqırıma məruz qalan bir xalq kimi təqdim etmişlər.
Lakin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda dinc əhaliyə, ahıllara və uşaqlara qarşı törədilmiş amansız qətliamlar bütövlükdə bəşəriyyətin mütərəqqi dəyərlərini kökündən sarsıtmaqla, bütün insanlığa və beynəlxalq hüquq normalarına qarşı yönəlmiş dəşhətli genosid aktı olmuşdur ki, 21 il əvvəl bu cür dəhşətli qətliamı törədənlərin cəzalandırılmaması insanlıq və bəşəri dəyərlər adına utanverici bir hal olaraq qalmaqdadır.
Düz 21 ildir ki, dünyada sülhü və ədaləti təmsil edən beynəlxalq qurumlar bu dəhşətli genosid aktına layiqli adekvat münasibət bildirməmişlər. Biz hesab edirik ki, Xocalı soyqırımının tanınması və günahkarların layiqincə cəzalandırılması bu soyqırımın canlı şahidləri olan yüzlərlə ailələrin təskinlik tapmasına, gələcəkdə regionda bu cür dəhşətli hadisələrin təkrarlanmamasına, sülhün bərqərar olunmasına və Dağlıq Qarabağ münaqişəsinin müsbət və ədalətli həll olunmasına səbəb olardı.
Biz Azərbaycanda fəaliyyət göstərən və dünyanın yalnız sülh və ədalətlə idarə olunmasının lehinə olan QHT-lər olaraq, həm də Ermənistanda insan hüquqları üzrə fəaliyyət göstərən sivil və adalətli QHT-lərə də səslənməklə, 1992-ci il fevralın 26-da Xocalıda baş verən qətliamlara onların açıq mövqe nümayiş etdirmələrini hələ də gözləməkdəyik.
Bir daha bildiririk ki, həmin gün azğınlaşmış erməni quldur birləşmələri keçmiş sovet imperiyasının 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə mühasirəyə aldıqları Xocalı şəhərinə qarşı əvvəlcədən hazırladıqları məkrli planı həyata keçirmişdilər: 613 nəfər dinc azərbaycanlını, o cümlədən 63 uşağı, 106 qadını, 70 qocanı amansızlıqla qətlə yetirən, 487 nəfəri ağır xəsarətlərə məruz qoyan, 1275 nəfəri girov götürən ermənilər qaniçənlikdə vaxtilə dünyanı dəhşətə gətirən faşizmi də geridə qoyduqlarını nümayiş etdirmişlər.
Xocalıda mülki əhalinin planlı şəkildə soyqırıma məruz qalmalarını sübut edən çoxsaylı faktlardan biri də məhz budur ki, həmin gün zorakılıqdan qaçıb canını qurtarmaq istəyən dinc əhali ərazidən n çıxış yollarında əvvəlcədən xüsusi hazırlanmış pusqularda güllələnmişlər. Şəhərdən çıxan əhalinin Naxçıvanik kəndi ərazisində pulemyot, avtomat və başqa atıcı silahlardan gülləbaran edilməsi faktı bunu bir daha təsdiqləyir. Bütün bunlar həm də ermənilərin 21 il öncə Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərin kökündə məhz soyqırımı niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır.
Biz bir daha bəyan edirik ki, bu hal BMT-də 9 dekabr 1948-ci ildə qəbul olunmuş və 12 yanvar 1951-ci ildə qüvvəyə minmiş "Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında" konvensiyada təsbit olunmuş müvafiq maddə ilə uyğunluq təşkil etməklə, beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi mvi məhv edilməsinə yönələn cinayətlərdən biri olub soyqırımı kimi qəbul olunmalıdır.
Biz Azərbaycanda fəaliyyət göstərən QHT nümayəndələri olaraq dünyada milli, etnik, dini, irqi ayrıseçkiliyə qarşı olduğumuzu bir daha bəyan etməklə, bu cür halları törədən şəxslərin və qrupların layiqli cəzalarını almaları üçün bütün beynəlxalq qurumları bir daha təkidlə mübarizəyə səsləyir, onlardan Ermənistan silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılmasını tələb etmələrini və Xocalı soyqırımına obyektiv hüquqi-siyasi qiymət vermələrini gözləyirik.
Bakı şəhəri.
25.02.2013
ATXƏM-in
Mətbuat Xidməti