İlham İsmayılov: “Azərbaycan Prezidenti cənab İlham Əliyev “Bir millət iki dövlət” deyimindən yola çıxaraq, “Bir millətin iki diasporu olmaz” fikri ilə Azərbaycan və Türkiyə diaspor təşkilatları arasında əlaqələr daha da canlandırdı”“Nəticədə hər iki ölkənin diaspor təşkilatları milli maraqlarımızın qorunması üçün vahid mexanizm kimi hərəkət etməyə başladılar”
Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin bu il 95 illiyi tamam olur. Hər il olduğu kimi bu il də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ənənəsinə sadiq qalaraq sözügedən tarixi geniş şəkildə qeyd etməyi düşünür. “OLAYLAR”-a verdiyi müsahibədə həmin tarixdə rəhbərlik etdiyi qurumun keçirəcəyi tədbirlər barədə danışan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov hazırda Türk dünyasının birlik və bərabərliyi, türkdilli dövlətlərin diaspor təşkilatları arasında mövcud olan əməkdaşlıq və bu əməkdaşlığın inkişaf perspektivləri barədə də söhbət açıb.
-İlham müəllim, bir müddət əvvəl Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına üzv dövlətlərin diaspor rəhbərlərinin toplantısı keçirildi və toplantının yekunu olaraq bir neçə sənəd imzalandı. Həmin sənədlərin icrası, eləcə də türkdilli ölkələrin diaspor təşkilatları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi olaraq nələri düşünürsünüz?
-Bildiyiniz kimi bu ilin iyun ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin (Azərbaycan, Türkiyə, Qazaxstan, Qırğızstan) diaspor təşkilatları rəhbərlərinin Bakıda I forumu keçirildi. Belə bir Forumun ilk dəfə Bakıda keçirilməsi ölkəmizin Türkdilli dövlətlərlə əməkdaşlığa nə qədər önəm verdiyini bir daha təsdiqləmiş oldu. Doğrudur, bu Forumda 500-ə yaxın nümayəndə iştirak edirdi və diaspora rəhbərlərinin bir-biri ilə tanış olmaları, ilkin əlaqələrin qurulması baxımından olduqca əhəmiyyətli idi. Ümid edirik ki, gələcəkdə diaspora sahəsində fəaliyyət göstərən fəal və real işlər görən təşkilatlar belə forumlarda daha geniş tərkibdə təmsil olunacaqlar. Bakıda keçirilən I Forum həm də öz əhəmiyyətinə görə onunla fərqləndi ki, bu günədək dağınıq halda fəaliyyət göstərən türkdilli ölkələrin diaspor təşkilatları forumdan ayrıldıqda əllərində vahid bir strateji plan və konkret fəaliyyət istiqamətləri olan bir sənəd oldu. Bu vahid strategiya əsasında türkdilli ölkələrin diaspor təşkilatları Türk dünyasının əleyhinə aparılan təbliğat kompaniyalarına qarşı birgə təbdirlər planı hazırlayacaq, xarici ölkələrdə türk xalqlarının güclü bir lobbisini yaratmağa təşviq olunacaq, eyni zamanda bu Türk dövlətlərinin müsbət imicinin formalaşdırılması və dünya ictimayyətinə təsirinin əhəmiyyətli dərəcədə artmasına nail olunacaqdır. Təbii ki, Türk diaspor təşkilatlarının bütün bu istiqamətlərdə olan birgə fəaliyyətləri ölkəmiz üçün də vacib olan əsas prioritet məsələlərdir. Çünki bu istiqamətlər Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ probleminin həllində, eləcədə Xocalıda ermənilər tərəfindən törədilmiş soyqırım aktının geniş dünya ictimayyətinə çatdırılmasında, ölkəmizin müsbət imicinin formalaşdırılmasında əsas görəcəyimiz işlərdəndir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin diaspor təşkilatlarının I Forumunda qəbul edilən sənədlər və strategiya yarandığı gündən ATXƏM-in fəaliyyətinin əsas istiqamətlərini təşkil etməkdədir. Mərkəzimiz artıq neçə illərdir ki, Strasburq “Azərbaycan Evi” ilə birlikdə sözügedən şəhərdə Xocalı soyqırımı ilə bağlı mitinqlər təşkil edir. Həmçinin Azərbaycan-Belçika Dostluq Cəmiyyəti ilə birgə Avropa Parlamentində Dağlıq Qarabağ problemi ilə bağlı beynəlxalq konfrans təşkil etmişdir. Bu tədbirlərin keçirilməsində biz türk xalqlarının diaspor təşkilatlarının dəstəyini hər zaman hiss etmişik və onlarla birgə fəaliyyətlə bağlı razılıqlar əldə etmişik. İnanıram ki, biz bundan sonra da həmin təşkilatlarla daha böyük layihələr reallaşdıra biləcəyik və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin aidiyyatı rəsmi qurumları tərəfindən də bu cür beynəlxalq tədbirlərin keçirilməsinə dəstək ala biləcəyik.
-Sizcə, bu gün türkdilli ölkələr, eləcə də onların diaspor təşkilatları arasında birlik və həmrəylik arzuedilən səviyyədədirmi?
-Yaxın bir neçə ilə qədər biz yalnız Azərbaycan diasporunun birlik və bərabərliyinin vacib olduğundan danışırdıq.Azərbaycan Prezidenti cənab İlham Əliyev “Bir millət iki dövlət” deyimindən yola çıxaraq, “Bir millətin iki diasporu olmaz” fikri ilə Azərbaycan və Türkiyə diaspor təşkilatları arasında əlaqələr daha da canlandırdı. Nəticədə hər iki ölkənin diaspor təşkilatları milli maraqlarımızın qorunması üçün vahid mexanizm kimi hərəkət etməyə başladılar. Hesab edirəm ki, biz Bakıda keçirilən I Forumdan sonra Qazaxstan və Qırğızstan diaspor təşkilatlarını da Azərbaycan-Türkiyə diaspor təşkilatlarının birliyində görə biləcəyik. Lakin bunlar əsla bizi qane edə bilməz. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən güclü tatar, uyğur, özbək və digər türk xalqlarının diaspor təşkilatlarının bu prosesə cəlb olunması bizim əsas prioritet məsələmiz olmalıdır. Əgər biz bu birliyə nail ola bilsək, dünyada söz sahibi tək diasporaya çevrilə bilərik.
-May ayında ATXƏM-in dəvəti ilə Türkiyədən geniş bir nümayəndə heyəti Azərbaycana səfər etdi və burada bir sıra görüşlər keçirildi. Anoloji səfərlərin digər türkdilli ölkələrdən də olması gözlənilirmi və ya ATXƏM-in daxil olduğu nümayəndə heyətinin Türkiyə və ya digər türkdilli ölkələrə səfəri mümkündürmü?
-Artıq beş ildən çoxdur ki, Türk dünyasından ölkəmizə gələn nümayəndə heyətləri mərkəzimizi də ziyarət edirlər. Gələn nümayəndə heyətlərinin bir çoxuna bilavasitə evsahibliyi etmişik və ya onlar bizim dəvətimiz üzərinə Azərbaycana səfər ediblər. May ayında ATXƏM-in hər il təşkil etdiyi “3 may – Türkçülük günü”nə Türkiyə ilə yanaşı, Fransa, Belçika, Ukraynadan olan diaspora rəhbərləri də dəvət olunmuş, onlar bu tədbirdə iştirak etmişlər. İyun ayında isə İstanbul-Türkiyə Azərbaycan Dərnəyinin rəhbəri Səfər Qaraqoyunlu başda olmaqla böyük bir nümayəndə heyəti dəvətimizi qəbul edib, Azərbaycana səfər etdilər. Onlar Gəncə, Ağdaş, Salyan, Quba rayonlarına səfər edərək, Azərbaycanın tarixi, mədəniyyəti, turizm potensialı və Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlarla yaxından tanış oldular. Iyul ayında isə bütün Türk dövlətlərini, eləcədə başqa dövlətlərin ərazilərində yaşayan Türk xalqlarının nümayəndələrindən ibarət olan gənc yazarlar Mərkəzimizin qonağı oldular və “Türk dünyasının inteqrasiyasında yazarların rolu” mövzusunda təşkil etdiyimiz konfransda iştirak etdilər. Türk dünyasının müxtəlif bölgələrində təşkil olunan tədbirlərə də vaxtaşırı dəvət alırıq və bir çox hallarda belə tədbirlərə geniş nümayəndə heyətilə qatılırıq. Məlumat üçün bildirim ki, sentyabrın 26-29-da Türkiyənin Osmaniyə şəhərində təşkil olunacaq 16-cı Beynəlxalq Qızıl Saz ödülü Qaracaoğlan saz festivalına təşkilatımız tərəfindən iki nəfər gənc aşıq ifaçılar göndəriləcəkdir.
-Yaxın aylar üçün ATXƏM-in tədbirlər planına nələr daxildir?
-Bilirsiniz ki, ATXƏM hər il sentyabrın 15-də Qafqaz İslam Ordusunun Azərbaycana gəlişini və Bakının erməni-bolşevik birləşmələrindən azad etməsi gününü böyük təntənə və bayram əhval-ruhiyyəsində qeyd etməkdədir. Bu il sentyabrın 15-də Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycanı gəlişinin 95 ili tamam olur. Mərkəzimiz bu təqvimin yubiley ili olduğunu nəzərə alaraq, hər il keçirdiyi bu bayram tədbirini daha möhtəşəm və daha geniş miqyasda keçirməyi planlaşdırıb. Biz bu il keçirəcəyimiz tədbiri Azərbaycan Mətbuat Şurası ilə birgə keçirməyi qərara almışıq. Eyni zamanda Azərbaycan Cumhuriyyətinin yaranmasında rolu olan şəxsiyyətlərin tanıdılması üçün yaxın günlərdə Mətbuat Şurası və təşkilatımızın təsisçisi olduğu “Birlik” jurnalı jurnalistlər arasında yazı müsabiqəsi elan edəcək. Müsabiqənin qalibləri sentyabrın 15-də Bakının işğaldan azad olunması ilə bağlı keçirəcəyimiz tədbirdə açıqlanacaq və qaliblər mükafatlandırılacaq..
-Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi olaraq türk dünyasının birlik və bərabərliyinin daha da sıx xarakter alması üçün nələri təklif edərdiniz?
-Türk birliyi ideyası artıq utopiya və xəyal deyil, reallaşmaq mərhələsindədir və hər ötən gün biz bu birliklə bağlı atılan addımların ciddiliyini hiss etməkdəyik. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətə başlaması və az bir zaman ərzində ciddi addımlar atması sübut etdi ki, Türk dövlətlərinin ölkə rəhbərləri bu birliyin qurulması üçün yetərincə siyasi iradə nümayiş etdirirlər. Siyasi iradə və iqtisadi dəstəyin olması əsas təməl bazalardır və yalnız bundan sonra səmərəli fəaliyyət göstərmək lazımdır. Son bir neçə il ərzində Türk birliyi ilə bağlı mühüm qərarlar qəbul edilib. Bu yaxınlarda Türk dövlətlərinin ortaq iqtisadi məkanının yaradılması məsələsi gündəmə gəldi. İnanıram ki, vahid iqtisadi məkanın yaranması Türk Birliyini reallaşdıran əsaslardan biri olacaqdır. Çünki bir çox Türk dövlətlərinin iqtisadi asılılığı onların Türk dünyasına inteqrasiyasına əngəl olan əsas amildir.