Axtarış: 
Salyanda Əli bəy Hüseynzadənin 150 illik yubileyi qeyd olundu
+  -  Çap 
Yerləşdirilib: 25.02.14 | Baxılıb: 2541
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Prezident İlham Əliyevin Əli bəy Hüseynzadənin 150 illik yubileyinin qeyd edilməsi ilə əlaqədar imzaladığı sərəncama uyğun olaraq 24 fevral 2014-cü ildə dahi mütəfəkkirin doğulduğu rayonda onun yubileyi qeyd edilib.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM), Salyan rayon İcra Hakimiyyəti və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə baş tutan yubiley tədbirində respublikanın sayılıb seçilən ziyalıları, alim və professorlar, Əli bəy Hüseynzadə irsinin tədqiqatçıları, kütləvi informasiya vasitələrinin rəhbərləri və rayon ziyalıları iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Salyan rayonunun mərkəzində ucaldılmış ümummilli lider Heydər Əliyevin, eləcə də Əli bəy Hüseynzadənin abidəsini ziyarət edib, dahi mütəfəkkirin ev muzeyi ilə tanış olublar. Yubiley tədbirini giriş sözü ilə açan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov Əli bəy Hüseynzadənin 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərancam imzaladığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib: “Əli bəy Hüseynzadə dedikdə çoxsahəli bir şəxsiyyət göz önünə gəlir. Əli bəy Hüseynzadə türklük, türkçülük məfkurəsini yaradanlardan biri kimi xarakterizə edilir”. İlham İsmayılov deyib ki, dahi mütəfəkkir həyatını, varlığını türk birliyinə sərf edib: “Əli bəy Hüseynzadə dedikdə türk dünyasında ictimai fikrə təsir edən bir şəxsiyyət göz önünə gəlir. Əgər biz zamanında Əli bəy Hüseynzadənin türk dünyasının birliyi istiqamətindəki çağırışlarını həyata keçirsəydik bəlkə də sonrakı dövrdə üzləşdiyimiz bəlalarla qarşılaşmayacaqdıq”. Eyni zamanda onun mətbuat aləmi ilə sıx bağlı olduğunu deyən İlham İsmayılov qeyd edib ki, Əli bəy Hüseynzadənin fəaliyyətinin böyük bir hissəsi məhz “Fyüzat” jurnali ilə bağlıdır: “Məhz həmin jurnalda Əli bəy Hüseynzadə belə bir tezislə çıxış etmişdi ki, bizə türk hissiyatlı, İslam etiqadlı, Avropa qiyafəli fədai lazımdır. Sonradan fyüzatçılar onu təkmilləşdirərək türkləşmək, müasirləşmək, islamlaşmaq kimi təqdim etdilər”.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dekanı Şamil Vəliyev Əli bəy Hüseynzadənin həyat və yaradıcılığından bəhs edən məruzə ilə çıxış edib. Şamil Vəliyev də Əli bəy Hüseynzadənin 150 illik yubileyinin geniş şəkildə qeyd edilməsinə görə prezident İlham Əliyev və rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimova minnətdarlığını bildirib. Əli bəy Hüseynzadənin yubileyinin təkcə Azərbaycanda deyil, eləcə də Türk dünyası və Avropa ölkələrində qeyd olunacağını deyən Şamil Vəliyev bu istiqamətdə ilk tədbirin məhz dahi mütəfəkkirin anadan olduğu Salyan rayonunda keçirilməsini təqdirəlayiq hal hesab edib. 1977-ci ildən etibarən Əli bəy Hüseynzadə haqqında araşdırma, tədqqiqat apardığını deyən Şamil Vəliyev bildirib ki, Əli bəy Hüseynzadə təkcə Azərbaycanın fikir, mütəfəkkir şəxsiyyəti yox, ümumilikdə Türk, ümumislam dünyasının tanınan şəxsiyyətidir: “Təbii ki, işi, əməli, ideyaları ilə. O ideyalar ki, Azərbaycan insanı, hürriyətə, azadlığa, vətənpərvərliyə, insan olmağa səsləyir. Bu gün bizim bayrağımızda simvollaşan 3 rəng məhz onun ideyasının məhsuludur. Əli bəy Hüseynzadə bizə türk hissiyatlı, İslam etiqadlı, müasir geyinən insan təlqin etdiyinə görə bu gün bizimlə bir yerdədir. Onun digər bir möhtəşəm xətt hərəkatı, fikir düsturu da var. Əli bəy Hüseynzadə deyirdi ki, biz türküz, islamız, qafqazlıyız, insanız. Əli bəy Hüseynzadə haqqında yazanlar sağlığında onu dahi adlandırıblar. O, Türkiyəyə gedəndə yazırdılar ki, Əli bəy Hüseynzadə korların gözü, karların qulağı, lalların dili idi. Çünki Əli bəy Hüseynzadə Azərbaycan insanının arzu və istəklərini irəli sürürdü”.

Şamil Vəliyev qeyd edib ki, Əlibəy Hüseynzadə Bakıda ilk ana dilli gündəlik qəzet nəşr edən şəxsiyyət olub: “Sonradan o, Fyüzat jurnalını nəşr etdi. Bu iki möhtəşəm mətbu orqanı nəşr etməklə Azərbaycanda bir fikir xətti hərəkatı yaratdı ki, ona da biz fyüzatçılıq deyirik”. Əli bəy Hüseynzadənin Azərbaycan Xalq Cümhurriyətinin ideoloji əsaslarını yaradan bir şəxsiyyət olduğunu deyən Şamil Vəliyev bildirib ki, o, həmçinin Azərbaycanda həm ictimai-siyasi fikir, həm də məişət və mədəniyyət həyatında islahatlar aparan islahatçı bir şəxsiyyət olub: “Əli bəy Hüseynzadə Azərbaycanda azad informasiyalı vətəndaş cəmiyyəti ideyasını irəli sürən bir şəxsiyyətdir. Həmin tezislər bu günümüz üçün də çox əhəmiyyətlidir. Əli bəy Hüseynzadə Azərbaycanda ilk olaraq monarxist rejimdən müasir, konistitusiyalı dövlət rejiminə keçid ideyasını irəli sürən və bu istiqamətdə silsilə məqalələr yazan bir şəxsiyyətdir. Çar Rusiyasının müstəmləkə rejimindən qurtulmaq və müasir, modern Azərbaycan qurmaq ideyası Əlibəy Hüseynzadə təfəkkürünün məhsuludur ki, sonradan “Açıq Söz” qəzeti və açıq sözçülər Fyüzatçılıq Hərəkatını yeni siyasi model səviyyəsinə gətirdilər. Türkləşmək, müasirləşmək, islamlaşmaq ideyası bu gün də bizim bayrağımızda əksini tapır. Bir xalq olaraq hər birimiz həmin bayrağa ehtiram və rəğbətlə yanaşırıq. Prezidentdən tutmuş sıravi insanımız, şagirdimizə qədər ona ehtiram göstəririk. Əli bəy Hüseynzadə bir fikir adamı kimi həmişə Azərbaycanın müstəqilliyi, bütövlüyü, birliyi uğurunda mübarizə aparan, fikir söyləyən bir şəxsiyyət idi. Ona görə də Əli bəy Hüseynzadənin fikirləri bu gün özümüzü tanımaq, özümüzü idarə etmək və başqalarına tanıtmaq baxımından düstur misalındadır. Əli bəy Hüseynzadənin avropalaşmaq ideyası bu mənada bizə dünyaya pəncərə misalındadır. Eyni zamanda Əli bəy Hüseynzadə bütün bunlarla bərabər çoxşaxəli şəxsiyyəti ilə nümunədir. Yəni gözəl rəssam, naşir, şair, filosof, həkim, ictimai xadim, redaktor, publisist idi. Eyni zamanda Əli bəy Hüseynzadə Azərbaycanda siyasət mədəniyyətini formalaşdıran bir şəxsiyyətdir. O respublikaçılıq ideyasını irəli sürən və hər zaman demokratizmi müdafiə edən insan idi. Azərbaycan və Azərbaycançılıq ideyası onun əsərində çox yüksək qabarıq şəkildə və elmi əsaslarla şərh olunur”.

Şamil Vəliyev çıxışının sonunda bildirib ki, Əli bəy Hüseynzadə başda olmaqla Azərbaycanda insanlığa, cəmiyyət, dövlət quruculuğuna xidmət edən hər kəsə yüksəkliklər arzulayıb.
Əli bəy Hüseynzadə irsinin tədqiqatçısı, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı çıxışında Əli bəy Hüseynzadənin qəzetçilik fəaliyyəti ilə bağlı çıxış edib. O, deyib ki, Əli bəy Hüseynzadə böyük bir fikir insanı idi: “Əli bəy Hüseynzadə qəzetçi, Azərbaycanın ilk hərbi həkimi, Rusiya müsəlmanlarının və Türk dünyasının birliyinə çalışan, ortaq türk dili ideyasını ortaya atan böyük bir düha idi. Onun fəaliyyəti, bizə qoyub getdiyi miras, irslə bağlı saatlarla danışmaq, cild-cild kitablar yazmaq olar. Əli bəy Hüseynzadə təkcə Azərbaycan deyil, eləcə də Türkiyədə qəzetçiliklə məşğul oldu. O, elə bir dildə yazırdı ki, həmin dil ortaq türkcə idi. Əli bəy Hüseynzadənin ümumtürk ortaq dil konsepsiyası onun yaşadığı zamanda da birmənalı qarşılanmırdı. Ona müxtəlif cür münasibət göstərirdilər. Ancaq Əli bəy Hüseynzadənin böyüklüyü onda idi ki, “Həyat” qəzetində məhz onun fikrinin əleyhinə olan insanlara da yer verilirdi. Əli bəy Hüseynzadə təkcə Azərbaycan Cümhuriyyətinin deyil, ümumilikdə Türk Dünyasının böyük lideridir. O, eyni zamanda müasir, modern Türkiyənin fikir babasıdır. Mustafa Kamal Atatürk deyirdi ki, mənim cismimin, sümüyümün sahibi Əlirza əfəndidirsə, fikrimin babası Ziya Göyalpdır. Ziya Göyalp isə bildirir ki, mənim fikrimin babası Əlibəy Hüseynzadədir. Əli bəy Hüseynzadənin Atatürklə də sıx münasibətləri yaranmışdı”. Akif Aşırlı qeyd edib ki, Əli bəy Hüseynzadə hər zaman Azərbaycan, Azərbaycançılıq üçün çalışıb. Onun sözlərinə görə, Əli bəy Hüseynzadə Azərbaycanı türkçülüyün mərkəzi hesab edirdi.

Azərbaycan Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də deyib ki, Əli bəy Hüseynzadənin gördüyü işlər çoxşaxəlidir: “Əli bəy Hüseynzadə ilk növbədə milli kimlik məsələsini gündəmə gətirdi”. Yadigar Məmmədli onu da vurğulayıb ki, Əli bəy Hüseynzadəni hələ yaxşı öyrənməmişik və cəmiyyətə təqdim etməmişik: “Baxmayaraq ki, aradan düz 150 il keçib. Hesab edirəm ki, Əli bəy Hüseynzadə adına mərkəzin yaradılmasına da ehtiyac var”.

Salyan rayon Ziyalılar Birliyinin sədri Qulam Sadiq türkçülüyün bayrağının hər zaman salyanlıların əlində olduğunu söyləyib. Bildirib ki, bu gün də salyanlılar türkçülüyün, bu ideologiyanın önündədirlər. Qulam Sadiqin sözlərinə görə, Əli bəy Hüseynzadə, Xəlil Rza Ulutürkün türkçülük uğrunda apardığı mübarizəni bu gün ATXƏM sədri İlham İsmayılov davam etdirir. Salyandakı Əli bəy Hüseynzadənin abidəsinin müəllifi, heykəltaraş Nəriman Qəhrəmanoğlu dahi mütəfəkkirin heykəlini sevə-sevə hazırladığını və bundan zövq aldığını söyləyib. Salyan Müəllimlər İnstitutunun müəllimi Sahib Həsənov, şair Oqtay Rza Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı prezident İlham Əliyevin imzaladığı sərəncamı yüksək qiymətləndirib və dövlət başçısına minnətdarlığını bildiriblər. Qeyd ediblər ki, Əli bəy Hüseynzadə Turançılıq ideyasını irəli sürən ilk insan olub. Ona Türk dünyasının peyğəmbəri, böyük fədaisi adları verilib.

Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov çıxışında qeyd edib ki, Əli bəy Hüseynzadə dahi şəxsiyyət, gözəl rəssam, həkim və publisist olub: “Ən əsası axund Əhməd Səlyaninin övladıdır”. Tahir Kərimov bildirib ki, Əli bəy Hüseynzadə erkən yaşlarında atasını itirib və Salyandan Tbilisiyə köçərək orada Axund Əhməd Səlyaninin tərbiyyəsini alır: “1875-ci ildə gimnaziyaya daxil olur və 1885-ci ildə gimnaziyanı bitirir. Əli bəy Hüseynzadə rus, fars, ərəb dillərinə yiyələnərək Peterburqa oxumağa gedir”. İcra hakimiyyətinin başçısı deyib ki, Əli bəy Hüseynzadə türkçülük, Azərbaycançılıq ideyaları ilə yaşamış, bu istiqamətdə çalışmışdır: “Əli bəy Hüseynzadə öz elmi əsərlərində də “Avropa qiyafəsində dünyaya inteqrasiya etməliyik” fikrini təlqin edirdi”.

Tahir Kərimov Əli bəy Hüseynzadənin publisist fəaliyyəti ilə insanları maarifləndirməyə çalışdığını da vurğulayıb: “O, sonralar milyonçu Hacı Zeynaləbdin Tağıyevin himayəsi ilə “Həyat” qəzetini nəşr edirlər. Məqsəd də insanları maarifləndirmək, xalqa öz fikirlərini çatdırmaq idi. Əli bəy Hüseynzadənin həyat yolu heç də asan olmayıb və bir çox təzyiqlərə məruz qalıb. Ancaq bütün bunlara baxmayaraq bu insanlar xalq yolunda çalışmaqdan yorulmurdular. Bu gün Turançılıq, istiqbal deyəndə biz Əli bəy Hüseynzadəni başa düşürük. Belə bir insanın məhz salyanlı olması siz salyanlıların fəxridir. Əsrin əvvəlində Əli bəy Hüseynzadə, əsrin sonlarında isə Xəlil Rza Ulutürk. Budur bizim şərəfimiz, vüqarımız”.

Tahir Kərimov Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsinin əlamətdar bi hadisə olduğunu.diqqətə çatdırıb və bayram günü kimi xarakterizə edib: “Bu günü bizə bəxş edən cənab prezidentə Salyan ictimaiyyyəti adından minnətdarlığımı bildirirəm”. Yubiley tədbirinə yekun vuran ATXƏM sədri İlham İsmayılov deyib ki, orta məktəblərdə Əlibəy Hüseynzadənin tədrisinə çox böyük ehtiyac var: “Təklif edirəm ki, bu ili Salyanda Əli bəy Hüseynzadə ili elan edək və ali məktəblərə yüksək bal toplayaraq daxil olan tələbələrə ATXƏM, QHT-lər adından mükafatlar təqdim edək. Düzdür, hər il icra hakimiyyətinin başçısı öz adından həmin tələbələrə mükafatlar verir. Ancaq belə bir mükafatın təsis edilməsi də yaxşı olar. Çünki gənclərin mütləq Əli bəy Hüseynzadə irsini dərindən öyrənməsinə, ona yiyələnməsinə, bu ideologiyaya sahib olmalarına böyük ehtiyac var. Biz də bu parlaq ideyaların davamçısı olmağımızla özümüzdə qürur duyuruq”.

VIDEO
 
 
 
 
İctimai nəzarət saatında ATXƏM İB sədri İlham İsmayılov və Ləman Ələşrəfqızı LAFTV-də ilə müzakirə
 
Haaqada
 
Azərbaycan nümayəndə heyəti Haaqada Xocalı abidəsini ziyarət etdi  - 21.10.2023
 
“Qondarma rejimin rəhbər şəxslərinin həbs olunub Bakıya gətirilməsi böyük məna daşıyır” - 29 sentyabr 2023
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Mar.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Axşam: +9.. +11aydn yağmursuz
Gecə: +9.. +11dəyişkən buludlu yağmursuz
Səhər: +13.. +15buludlu yağmursuz
Gündüz: +14.. +16dəyişkən buludlu yağmursuz
Atm. təziyi: 762
Rütübət: 64 %


free counters

2024 www.atxem.az
Powered by Danneo