Türkiyədən gəlmiş həkimlər Qarabağ bölgəsində "Beynəlxalq Qarabağ Universiteti"nin yaradılmasını təklif etdilər Azərbaycanlıların və digər Türk Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Türkiyə Gastreonteroloji Vakfının birgə təşkilatçılığı, Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə oktyabr ayının 24-25-də Qarabağ bölgəsində - Xocavənd qəsəbəsində "IV Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransı" keçirildi. Konfransda Bakıdan və Türkiyədən gəlmiş alim və həkimlərlə yanaşı, Bərdə, Beyləqan, Xocavənd, Füzuli, Ağdam, Tərtər, Goranboy, Naftalan və Xocalıdan olan həkimlər də iştirak edirdilər. Qeyd edək ki, ATXƏM-lə TGV daha öncə 2008-ci ildə Gəncə və Bakı şəhərlərində, 2010-cu ildə isə Naxçıvanda eyniadlı Azərbaycan-Türkiyə Akademik Tibb və Tarix mövzusunda beynəlxalq konfrans həyata keçirmişdir.
"IV Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransı"nın Qarabağda, cəbhə bölgəsində keçirilməsi elmi əhəmiyyətlə yanaşı, mühüm siyasi məna da kəsb etmişdir. Konfrans Qarabağ bölgəsinin həkimlərinin gastreonteloji, ağciyər, böyrək xəstəlikləri və s. məsələlərlə bağlı Türkiyənin Ankara, İstanbul, İzmir və s. şəhərlərindən gəlmiş alim-uzman həkimlərlə təcrübə mübadiləsi aparmaları üçün şans yaratmaqla bərabər, gələn nüfuzlu qonaqların Respublikamızın inkişafı, bölgələrdə aparılan abadlıq-quruculuq işləri, Qarabağ bölgəsinin tarixi və adət-ənələrini öyrənmək baxımından da əhəmiyyətli olmuşdur.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə tər çiçəklər düzərək, xatirəsini ehtiramla yad etmişlər.
Konfransın açılışında çıxış edən
Xocavənd rayon icra hakimiyyəti başçısının müavini Rəfael Mustafayev belə bir tədbirin xocavəndli məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə keçirilməsinə görə ATXƏM-ə və Türkiyə Gastroenteroloji Dərnəyinə minnətdarlığını bildirmişdir.
ATXƏM-in sədri İlham İsmayılov konfransın keçirilməsində əsas məqsədin Qarabağ bölgəsinin həkimlərinin qastroentoloji, ağciyər, böyrək xəstəlikləri və səhiyyənin digər aktual məsələləri ilə bağlı Türkiyədən gəlmiş mütəxəssislərlə təcrübə mübadiləsi aparmasından ibarət olduğunu qeyd edib. Türkiyə və Azərbaycan həkimləri arasında əlaqələrin genişlənməsində, tibbi biliklərin təkmilləşdirilməsində tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.
ATXƏM-in sədri qeyd edib ki, son dövrlər Azərbaycanda tibb işçilərinin ixtisaslarının artırılmasına əhəmiyyətli dərəcədə fikir verilir. "Bununla belə, həkimlərin geniş kontingentinin, xüsusən də bölgələrdə çalışan həkimlərin beynəlxalq səviyyəli iş təcrübəsi Bakı ilə müqayisədə bir qədər aşağıdır. Fərdi qaydada bölgələrdən beynəlxalq elmi-praktiki konfranslarda iştirak edənlərin sayı da çox azdır və hətta yox dərəcəsindədir. Bütün bunları nəzərə alaraq, ATXƏM Azərbaycanın bölgələrində, xüsusən Qarabağ bölgəsində çalışan tibb işçilərinin beynəlxalq təcrübə ilə tanış etmək üçün Konfransın bu ərazidə keçirilməsini məqsədə uyğun hesab etmişdir. Türkiyə Qastroentoloji Vakfının rəhbəri prof.dr. Ali Özden başda olmaqla beynəlxalq iş təcrübəsinə malik alim-həkimlər bu tədbirə qatılmışlar. Bu toplantıların tarixi əhəmiyyətinə gəldikdə qeyd edə bilərəm ki, Türkiyə qastroenteroloqlarının zəngin bilik təcrübələrinin Azərbaycanlı həkimlərlə paylaşmalarının çox böyük önəmi var. İnanıram ki, bu tədbirlərdən sonra da iki ölkə həkimləri arasında zəngin təcrübə mübadiləsi davam etdiriləcəkdir".
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərindən danışaraq, tədbirin Qarabağda, cəbhə bölgəsində keçirilməsinin siyasi əhəmiyyət kəsb etdiyini bildirib və konfransın işinə uğurlar arzulayıb. Qafar Əliyev qeyd edib ki, Türkiyə Qastreonteroloji Vakfı zamanın çağrışına səs verərək, Türk Dünyasının birliyinə nail olmaq kimi böyük ideala öz töhfəsini səhiyyə sahəsində qazanılmış qabaqcıl təcrübənin bütün Türkdilli dövlətlərə yaymaq kimi nəcib təşəbbüs göstərmiş, bu istiqamətdə artıq bir neçə mötəbər elmi konfrans və seminarlar keçirmişdir. "İndi isə Türkiyə Qastreonteroloji Vakfı ilə ATXƏM yeni bir nəcib təşəbbüs göstərərək, bu konfransı Qarabağ bölgəsində təşkil etmişlər. Bu toplantıda əsas məqsəd Türk dünyasının ortaq problemi olan qədim Qarabağ torpağının sosial-iqtisadi həyatında elm, təhsil, mədəniyyət, tibb və digər sahələrdə əldə etdiyi nəaliyyətlərlə tanış olmaq və həmçinin də Qarabağ bölgəsində qastreonteroloji sahədə çalışan həkimlərə faydalı məsləhətlər vermək, onlarla fikir mübadiləsi aparmaqdır".
Türk Qastroenteroloji Dərnəyinin sədri professor Ali Özden vurğulayıb ki, mütəmadi keçirilən konfranslar Azərbaycan və Türkiyə həkimləri arasında təcrübə mübadiləsi, tibb sahəsində əməkdaşlıq üçün gözəl imkanlar yaradır. Ali Özden qeyd edib ki, elmdə irəliləməyin yolu elimdə irəli getmiş ölkələrin yol xəritəsini izləməkdən keçir. Bu gün bilik və texnolojidə öndə olan ölkələrdə orqan və xəstəlik bazında uzmanlaşma gündəmə gəlmişdir. "Biz Tibbin Cümhuriyyətlərimizin və elmin simgəsi olduğunu anlamalıyız. Ağıl və elm yolunda aydınlanma sürəcini hər nə pahasına olursa-olsun davam etdirməliyiz”.
Sonra Türkiyədən və Azərbaycandan olan mütəxəssis həkimlərin məruzələri dinlənilib. Məruzəçilərdən prof.dr.
Tanqut İlter, prof.dr.
Yılmaz Çakaloğlu, prof.dr.
Ahmet Musaoğlu, prof.dr.
Ömer Özütümiz, prof.dr.
Nuru Bayramov, doç.dr
Zeyqəm Süleymanov tibb sahəsindəki yeniliklərlə bağlı məlumat verərək, öz bilik və təcrübələrini bölüşüblər.
Tədbirdən sonra Türkiyədən gəlmiş həkimlər Xocavənd rayon xəstəxanasında seanslar təşkil etmiş, bölgədən olan xəstələri müayinə etmişlər.
***
Azərbaycanlıların və digər Türk Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Türkiyə Gastroenteroloji Birliyinin təşkilatçılığı, Azərbaycan Mətbuat Şurasının dəstəyi ilə Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Xocavənd qəsəbəsində keçirilən IV Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransının ikinci günü “Qarabağ: tarixi, bu günü və problemləri” mövzusuna həsr olunmuşdu.
Mətbuat Şurasının sədri Əflatun Amaşovun moderatorluğu ilə keçirilən tədbirdə əvvəlcə “Ya Qarabağ, ya ölüm” və Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə bağlı hazırlanmış “Həqiqətin böyüyü” filmləri nümayiş olundu.
Tədbirdə çıxış edən ATXƏM-in sədri
İlham İsmayılov bildirdi ki, konfransın Qarabağda, xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları qəsəbədə keçirilməsinin əhəmiyyəti böyükdür. Qarabağ təkcə buradan köçkün düşmüş insanların deyil, bütün türk dünyasının nisgilidir.
Türk Gastroenteroloji Dərnəyinin sədri professor Ali Özden bildirdi ki, türk dövlətlərinin problemlərinin həlli üçün ilk növbədə dildə, fikirdə, işdə birlik olmalı, təhsilə xüsusi fikir verilməlidir.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri
Qafar Əliyev, “İki sahil” qəzetinin baş redaktoru
Vüqar Rəhimzadə, “Xocavənd” qəzetinin redaktoru
Gültəkin Ağayeva konfransda çıxış edərək, qədim Azərbaycan torpağı olan Qarabağın zəngin tarixindən danışdılar. Çıxışlarda, həmçinin Qarabağ xanlığının yaranmasından, XIX əsrin birinci yarısından başlayaraq çar Rusiyası tərəfindən bu bölgədə məskunlaşdırılan ermənilərin XX əsrdə baş qaldıran ərazi iddialarından, Ermənistanın hərbi təcavüzü nəticəsində Qarabağın dağlıq hissəsinin və ətraf rayonların işğal edilməsindən söhbət açıldı. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın işğaldan tezliklə azad ediləcəyinə əminlik ifadə olundu.
Tədbirdə Türkiyədən gəlmiş alim və həkimlər bölgədə Beynəlxalq Qarabağ Universitetinin yaradılması təşəbbüsü ilə çıxış etdilər. Daha sonra qonaqlara xatirə hədiyyələri təqdim edildi.
ATXƏM-in Mətbuat xidməti