İlham İsmayılov: “Beynəlxalq Qarabağ Universitetinin təsis edilməsi həm regionun inkişafı, həm də Qarabağa xüsusi diqqət ayrılması baxımından önəmli bir təklifdir”Bu günlərdə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təsis olunmasının 7 ili tamam olur. Ötən 7 ildə bir sıra iri layihələrə imza atan ATXƏM bu illər ərzində türkdilli xalqlar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində də uğurlu fəaliyyət göstərib. ATXƏM-in ötən illər ərzində gördüyü işlər, həyata keçirdiyi layihələrlə bağlı təşkilatın sədri İlham İsmayılovla söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə ATXƏM sədri qarşıda duran vəzifələr, növbəti illərdə həyata keçiriləcək tədbirlər barədə də danışıb.
-İlham müəllim, bu günlərdə rəhbərlik etdiyiniz Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin yaranmasının 7 ili tamam olur. ATXƏM-in 7 illik fəaliyyətini necə dəyərləndirirsiniz və bu illər ərzində ən yadda qalan uğurlu layihələriniz nədən ibarət olub?
-ATXƏM ötən 7 ildə öz nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərib. Təşkilatın nizamnaməsində Türk xalqları və diasporları ilə əməkdaşlıq, ortaq layihələrin həyata keçirilməsi əksini tapıb ki, bu istiqamətdə hər il olduğu kimi cari ildə də bir neçə uğurlu layihələr həyata keçirmişik. Başa vurmaqda olduğumuz 2014-cü ildə Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı ölkə prezidenti cənab İlham Əliyev tərəfindən sərəncam imzalandı. Həmin sərəncama uyğun olaraq ATXƏM Əli bəy Hüseynzadənin anadan olduğu Salyan şəhərində Rayon İcra Hakimiyyəti ilə birlikdə böyük bir tədbir keçirdi. Həmçinin Azərbaycan Mətbuat Şurası ilə birgə Əli bəy Hüseynzadənin Türk dünyasındakı xidmətlərinə həsr olunmuş yazı müsabiqəsi elan etdik. Təxminən 100-ə yaxın jurnalist həmin müsabiqəyə qatıldı. Müsabiqənin keçirilməsində əsas məqsəd Əli bəy Hüseynzadə irsinin öyrənilməsi, onun KİV-lər vasitəsilə cəmiyyətə daha yaxından tanıdılması, eləcə də türkçülük, türk düşüncə tərzinin ölkə mediasında gündəmə gətirilməsi idi. Məlumat üçün qeyd edim ki, təşkilatımızın təsis etdiyi “Birlik” dərgisində də müntəzəm olaraq Əli bəy Hüseynzadə irsinin tanıdılması istiqamətində məqalələr dərc edilir. Təşkilat olaraq keçirdiyimiz ən böyük layihələrdən biri də Macarıstandakı Turan Fondu ilə bağlıdır. Belə ki, fondun rəhbərliyi Azərbaycanda səfərdə olarkən ATXƏM-in qonağı oldu və avqust ayında Macarıstanda keçirilən Türk-Hun qurultayına hazırlıq məsələləri müzakirə edildi. Nəticə etibarilə bir neçə millət vəkili, Azərbaycan Mətbuat Şurasının rəhbərliyi də daxil olmaqla 15 nəfərlik heyətlə həmin qurultayda iştirak etdik. ATXƏM-in həyata keçirdiyi böyük layihələrdən biri də sayca üçüncü dəfə keçirilən Azərbaycan-Türkiyə Akademik Tibb və Tarix konfransıdır. Bu konfransların birincisi 2008-ci ildə Gəncədə və Bakıda, ikincisi, 2010-cu ildə Naxçıvanda, nəhayət üçüncüsü bu il Xocavənd rayonunda keçirilib. Burada əsas məqsədlərdən biri işğal altındakı rayonlarımız da daxil olmaqla Qarabağ bölgəsində çalışan 10 rayonun həkimlərini dünya tibb təcrübəsində baş verən yeniliklərlə tanış etməkdir. Həmin toplantıların ikinci günü tarix konfransı olur və həmin konfransda Türk dünyasından olan həkimlərə ortaq türk tariximizi anladırıq. ATXƏM-in 7 illik fəaliyyətində ən önəm verdiyi məsələlərdən biri də Orta Asiyada yaşayan türklərlə əlaqələrin qurulması olub. Düşünürük ki, Orta Asiya ilə Türkiyə türkləri arasındakı əlaqələrdə Azərbaycan xüsusi bir rol oynamalıdır. Çünki həm coğrafi baxımdan ortaq bir nöqtədəyik, həm də düşüncə və yaxınlaşma baxımından Azərbaycan mühüm bir rol oynaya bilər. Bu məqsədlə təşkilat olaraq Qazaxıstanda keçirilən bir neçə tədbirə qatılmışıq. Ən böyük layihələrimizdən biri də Qazaxıstanda fəaliyyət göstərən Əhməd Yasəvi adına Qazaxıstan-Türkiyə Universiteti ilə ATXƏM arasında əməkdaşlıq müqaviləsinin bağlanmasıdır. Həmin müqaviləyə əsasən bu il 17 nəfər tələbəni Qazaxıstan və Türkiyə dövlətinin hesabına sözügedən universitetə təhsil almağa göndərmişik. Məlumat üçün qeyd edim ki, həmin universitetə göndərilən tələbələrin böyük əksəriyyətini Qarabağ və işğal altında olan rayonların gəncləri təşkil edir.
ATXƏM hər il Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin ildönümünü də qeyd edir və bu il də həmin tədbiri keçirdik. Tədbirimizə İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin 20 nəfərlik nümayəndə heyəti də qatıldı.
-Qeyd etdiyiniz kimi ATXƏM-in əsas istiqamətlərindən biri də Orta Asiya, ümumilikdə Türk dünyası ilə əlaqələri inkişaf etdirməkdir. Bu mənada hazırda Türk dünyası arasında mövcud olan əlaqələri qənaətbəxş saymaq olarmı?
-2010-cu ildən etibarən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası yaradılıb. Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan daxil olmaqla bu ölkələr tərəfindən Türk Birliyi ilə bağlı siyasi iradə ortaya qoyulub. Xüsusilə ölkə başçıları tərəfindən bu məsələ yüksək səviyyədə dəstəklənir. Şura daxilində Türk Akademiyası, TürkPA kimi qurumlar fəaliyyət göstərir. Azərbaycan prezidenti cənab İlham Əliyevin Türk irsinin yaradılması məqsədilə xüsusi bir fondun yaradılması ilə bağlı təklifi də bu prosesə çox böyük dəstək verəcək. Bir məqama diqqət çəkim ki, dövlət başçılarınin siyasi iradəsi ortaya qoyulduğu halda bizim kimi təşkilatlar da prosesdə aktiv olmalı, lazımı addımlar atmalıyıq. Biz ATXƏM olaraq bu əməkdaşlıqdan ruhlanaraq türkdilli dövlətlər arasında bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə çalışırıq. Cari il ərzində bir sıra tükdilli respublikalarda keçirilən tədbirlərə qatılaraq əməkdaşlığın inkişaf etdirilməsində aktiv rol oynamağa çalışmışıq.
-Akademik Tibb və Tarix Konfransı zamanı bölgədə Qarabağ Universitetinin yaradılması təklif edildi və bununla bağlı prezident İlham Əliyevə məktub ünvanlandı. Sizcə belə bir universitetin yaradılması hansı müsbət dividentlər gətirə bilər?
- Məlumat üçün deyim ki, Türkiyə Qastroenteroloji Dərnəyinin sədri, professor Ali Özden başda olmaqla böyük bir nümayəndə heyəti həmin konfransda iştirak etdi. Sözügedən təklif də məhz onlardan gəldi. Dünya ölkələri, eləcə də Türkiyənin bu günkü təcrübəsi onu göstərir ki, ölkənin ən böyük universitetlərini məhz regionlara köçürülür. Bununla həm bölgənin inkişafına nail olunur, həm də həmin bölgə xüsusi diqqət mərkəzinə çevrilir. Ali Özdenin rəhbərlik etdiyi qrup da konfrans zamanı təklif etdi ki, bölgədə Beynəlxalq Qarabağ Universiteti təsis edilsin. Hətta onlar heç bir maddi mənfəət güdmədən həmin universitetdə dərs deyə biləcəklərini açıqladılar. Bu həm regionun inkişafı, həm də Qarabağa xüsusi diqqət ayrılması baxımından önəmli bir təklifdir. Eyni zamanda Qarabağın Türk dünyası üçün vazkeçilməz bir nöqtə olduğunu təsdiqləyir və bütün dünyaya göstərir. Türkiyədən gələn nümayəndə heyəti yalnız konfransda təklif səsləndirməklə kifayətlənmədi. Həmçinin Qarabağ Universitetinin təsis olunması ilə bağlı cənab prezidentə də müraciət edildi. Bu təhsil ocağı Azərbaycanla Türkiyənin müştərək universiteti ola bilər. Hansı ki, Qazaxıstanda Əhməd Yasəvi adına belə bir təhsil ocağı fəaliyyət göstərir. Əgər bu baş verməsə belə paytaxtda fəaliyyət göstərən universitetlərin əyalətlərə köçürülməsi prosesi zamanı onlardan birinin həmin regiona, Xocavəndə köçürülməsi məqsəduyğun olardı.
-Bəs ATXƏM-in növbəti illər üçün nəzərdə tutduğu layihələr, tədbirlər nədən ibarətdir?
-ATXƏM –in ənənəvi və hər zaman başlıca diqqət mərkəzində saxladığı tədbirlər var ki, bunlardan biri də Xocalı soyqırımının türkdilli ölkələr, həmçinin Avropadakı türk diasporları vasitəsilə dünyaya çatdırılmasıdır. Bir neçə ildir ki, Strasburqda “Strasburq Azərbaycan Evi” ilə birlikdə Xocalı soyqırımının dünyada tanıdılması məqsədilə aksiyalar, mitinqlər keçiririk. Eyni zamanda Brüsseldə Azərbaycan-Belçika Dostluq Cəmiyyəti ilə birlikdə müəyyən tədbirlər təşkil edirik. Hazırda da bu istiqamətdə müəyyən işlərin görülməsi, tədbirlərin keçirilməsi istiqamətində işlər aparılır. Düşünürəm ki, Xocalı soyqırımının növbəti ildönümü ərəfəsində bu soyqırımının dünyada tanıdılması məqsədilə ya Strasburq, ya da Brüsseldə tədbir təşkil edəcəyik.
Süleyman İsmayılbəyli
"Olaylar"