Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Xocalı faciəsinin 23-cü ildönümü ilə bağlı 2015-cu ilin fevral ayının 21-26-da Avropanın siyasi mərkəzindən biri hesab olunan Brüssel şəhərində silsilə tədbirlər həyata keçirib.
Tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının sektor mudiri
Qafar Əliyev, ATXƏM-in sədri
İlham İsmayilov, Mətbuat Şurasının sədri
Əflatun Amaşov, Milli QHT Forumunun prezidenti
Rauf Zeyni, Dağlıq Qarabağ Azərbaycan İcması İH-nin üzvü
Cavid Əliyev və "Birlik" jurnalının baş redaktoru
İlqar İlkin iştirak ediblər.
Fevralın 22-də Belçikada səfərdə olan Azərbaycan nümayəndə heyəti Brüsseldə Türk və Azərbaycan diaspor təmsilçiləri ilə görüşüblər. Görüşdə "Türk dünyası diasporalarının ortaq hədəfləri" mövzusunda işgüzar nahar ətrafında müzakirələr keçirilib. Müzakirələrdə Azərbaycanın ümummilli məsələlərinin həll olunması və Azərbaycan həqiqətlərinin daha mütəşəkkil təbliğ olunması üçün birgə əməkdaşlıq səylərini gücləndirməyin vacib olduğu qərara alınıb. Xocalı soyqırımının dünyaya çatdırılması və bu istiqamətdə Avropada fəaliyyət göstərən Azərbaycan və Türk diaspora təşkilatlarının birgə iş qurmaları vacibliyi qeyd olunub.
Daha sonra Azərbaycan nümayəndə heyəti Belçikada fəaliyyət göstərən media qurumlarının təmsilçiləri ilə görüşdülər. Görüşdə Azərbaycan nümayəndə heyəti mətbuata Xocalıda baş verən qətliamlarla, eləcə də Dağlıq Qarabağ probleminin tarixi və bu günkü durumu ilə bağlı geniş məlumat verdilər.
Qeyd edək ki, Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Brüsseldə keçirilən silsilə tədbirlərə qatılan Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizin Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı
Fuad İsgəndərovla da görüşüblər. Görüşdə Belçikadakı Səfirliyimizin Xocalı soyqırımının Avropa ictimaiyyətinə çatdırılması istiqamətindəki fəaliyyətindən söz açılıb, ətraflı fikir mübadiləsi aparılıb.
Brüsseldə səfərdə olan nümayəndə heyəti QHT-lərə Dövlət Dəstəyi Şuranın Brüssel şəhərində Kral Konservatoriyasında təşkil etdiyi “In Memory of Khodjaly Victims” əsərinin dünya premyerasında da iştirak ediblər.Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş konser proqramında Fransalı bəsətəkar
Roman Zante qeyd edib ki, keçmişdə baş verən faciələri heç vaxt unutmasaq bu bizim gələcəyimizi müdafiə edəcək: “Xocalı soyqırımı daima günahsız insanların öldüyü bir faciə kimi yaddaşımıza həkk olunacaq”. Qeyd edək ki, Xocalıya həsr olunmuş konser proqramı böyük anşlaqla keçirilib.
Fevralın 25-də isə Azərbaycan nümayəndə heyəti Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Brüsseldə - Avropa Parlamenti önündə ATXƏM və Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkil etdiyi mitinqə qatılıblar. Mitinqdə Azərbaycan və Türk diaspor təşkilatları nümayəndələri, tələbələr və yerli sakinlər də iştirak ediblər. 300 nəfərdən çox nümayəndənin qatıldığı mitinqin sonunda dünya ictimaiyyətinə müraciət qəbul olunub.
Mitinqi Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri
Ayhan Dəmirçi və ATXƏM-in sədri, MŞ İdarə Heyətinin üzvü
İlham İsmayılov açaraq ermənilərin zaman-zaman türk toplumuna qarşı həyata keçirdiyi etnik təmizləmə siyasətindən bəhs ediblər. Bu mənfur siyasətin XX əsrdəki ən böyük təzahür formasının Xocalı soyqırımının olduğunu vurğulayan İ.İsmayılov bildirib ki, faciənin miqyasının dünyaya çatdırılması eyni zamanda Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin təbliği baxımından son dərəcə vacibdir.
Azərbaycan Mətbuat Şurasının sədri
Əflatun Amaşov Xocalı faciəsinin dünya mediasının gündəminə çatdırılması sahəsindəki işlərin daha da intensivləşdirilməsinin vacibliyini önə çəkib. O, eyni zamanda qondarma “erməni soyqırımı” iddiasının 100 illiyi ilə bağlı erməni lobbi və diaspor təşkilatlarının fəaliyyətinə qarşı əks təbliğatın aparılmasının zəruriliyindən söz açıb. Avropadakı türk və azərbaycanlı diaspor təşkilatlarının bu prosesdə tənzimləyici rol oynamasının ümumi işin xeyrinə olduğunu əsaslandırıb.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının sektor müdiri
Qafar Əliyev, Milli QHT Forumunun rəhbəri
Rauf Zeyni, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü
Cavid Əliyev, fəal diasporaçı
Cavad Direxti, ATXƏM-in icra katibi, «Birlik» jurnalının baş redaktoru
İlqar İlkin və başqaları Xocalı soyqırımının dünyaya tanıdılmasını yönələn tədbirlərin mütəşəkkiliyinin faydalı cəhətlərinə diqqət çəkiblər. Onlar həmçinin Xocalı dəhşətlərinə siyasi qiymətin verilməsinin zəruriliyindən danışaraq beynəlxalq ictimaiyyəti ümumən Dağlıq Qarabağ münaqişəsində ədalətli mövqe göstərməyə çağırıblar.
Mitinqin sonunda aksiya iştirakçıları tərəfindən bəyanat qəbul edilib. Avropa Birliyinə üzv ölkələrin Brüsseldəki nümayəndəliklərinə təqdim olunan bəyanatda bildirilib ki, Xocalıda dinc əhaliyə, ahıllara və uşaqlara qarşı törədilmiş amansız qətliamlar müasir dünya düzəninin dinc və birgəyaşam qaydalarına kökündən vurulmuş zərbədir. Bu cür dəhşətli faciəni həyata keçirənlərin hələ də məsuliyyətə cəlb olunmamaları insanlıq adına utanverici haldır: «Bu faciə beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhvinə yönələn cinayətlərdən biridir və bütün dünyada soyqırımı kimi qəbul olunmalıdır. Azərbaycan xalqının dünya birliyindən gözlədiyi məhz budur. Xocalıya ədalət tələb edirik!»
Onu da deyək ki, ATXƏM və Belçika-Azərbaycan Dostluq Cəmiyyəti Xocalı şəhidlərinin xatirəsinə ehsan süfrəsi də təşkil ediblər.
ATXƏM-in Mətbuat xidməti