Fevralın 19-26-da Azərbaycandan bir qrup QHT rəhbərləri Xocalı soyqırımının 24-cü ildönümünü qeyd etmək üçün Türkiyədə rəsmi səfərdə olublar. Səfər çərçivəsində İzmir şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın qeyri-hökumət təşkilatlarının iştirakı ilə yaradılan İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumunun ikinci toplantısı da keçirilib.
Tədbirdə çıxış edən ASİMDER başqanı Göksel Gülbəy bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli və erməni iddialarına qarşı mübarizə türklərin əsas vəzifələrindəndir və bu istiqamətdə çalışan insanların sayı artmalıdır: "Çünki qarşımızda çox güclü erməni lobbisi var. Ona görə də biz səsimizi dünyaya çatdırmaq, erməni yalanlarını ifşa etmək üçün bu forumu yaratdıq. Bu iş həm türk dünyasına, həm də Dağlıq Qarabağ probleminin həllinə yardım edəcək. Ancaq birlikdə hərəkət etsək, bu işə ciddi bir şəkildə yanaşsaq, uğur əldə edə bilərik. Eyni zamanda milli məsələlərdə aramızda olan çəkişmələri də bir kənara qoymalıyıq".
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov qeyd edib ki, forumun Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyəti var: "Təklif edirəm ki, forumun daimi nümayəndəliyi Bakıda olsun, ancaq təşkilata üzv dövlətlərdə isə nümayəndəliklər açılsın. Hesab edirəm ki, gələcəkdə Qarabağ probleminin həlli istiqamətində fəaliyyət göstərən təşkilatlarla birgə iş mexanizminin hazırlanmasına da ehtiyac var".
Sonra foruma İran, Bolqarıstan və Rusiyadan yeni üzvlər seçilib, forumun baş katibliyinin daimi ofisinin Bakıda olması qərara alınıb, forum adından qətnamə qəbul edilib.
Daha sonra Türkiyənin İzmir şəhərində İsmət İnönü adına Mədəniyyət Mərkəzində Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib. Yerli rəsmiləri və şəhər sakinlərinin də qatıldığı tədbirdə çıxış edən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Dağlıq Qarabağ münaqişəsində danışaraq bildirib ki, Rusiya bu münaqişədən Azərbaycana və Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edir: "Ona görə də Türkiyə bu gün belə bir mövqe ortaya qoymalıdır ki, Rusiya Ermənistana necə dəstək verəcəksə, Türkiyə də Azərbaycana o formada kömək göstərəcək. Rusiya bilsə ki, Türkiyə Azərbaycanın arxasındadır, onda savaşa da başlamaz. Bu gün eyni zamanda Rusiya-Türkiyə münasibətləri gərginləşir və mən əminəm ki, Türkiyə bu durumdan qalib çıxacaq. Türkiyə öz mövqeyini ortaya qoysa, bütün dünya bununla hesablaşacaq".
Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev qeyd edib ki, Azərbaycanla Gürcüstanın problemi ortaqdır, belə ki, hər iki dövlətin ərazisi işğala məruz qalıb. Onun sözlərinə görə, hazırda dünyada türklərə qarşı ikili siyasət həyata keçirilir: "Onların hüquqları tapdanır, əsassız iddialara məruz qalırlar. Bu baxımdan biz türk dünyası olaraq gücümüzü birləşdirməliyik".
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov isə çıxışında beynəlxalq aləmin Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşdığını vurğulayıb. O qeyd edib ki, Azərbaycan Türkiyə ilə birlikdə işğal olunmuş Dağlıq Qarabağı azad etmək istiqamətində səy göstərməlidir.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının İdarə Heyətinin üzvü, Xocalı sakini Cavid Əliyev Xocalıda soydaşlarımızın başına gətirilən erməni vəhşiliklərindən danışıb.
***
Daha sonra İzmirin "Qarabağlar" rayonunun bələdiyyə başqanı Mühiddin Selvitopu ilə görüş keçirilib. M. Selvitopu iki ölkə arasında münasibətlərdən, Dağlıq Qarabağ münaqişəsindən danışıb. O, Azərbaycanın bütün problemlərinin qardaş ölkə olaraq Türkiyənin də problemi olduğunu diqqətə çatdırıb. Bələdiyyə başqanı İzmirdə 300 minə yaxın azərbaycanlının yaşadığını qeyd edib. O, Xocalı soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirmək məqsədilə 5 aydan sonra "Xocalı” parkının açılacağını deyib: "Parkda həm də Xocalı abidəsi qoyulacaq, burada zamanla müxtəlif sərgilərin keçirilməsi də nəzərdə tutulur". Sonda forum iştirakçıları “Xocalı” parkının yerləşəcəyi ərazi ilə tanış olub, Mustafa Kamal Atatürkün abidəsini ziyarət ediblər.
***
Azərbaycan QHT təmsilçiləri İzmir şəhərində görüşlərini başa vurandan sonra paytaxt Ankarada bir sıra görüşlər keçiriblər. QHT rəhbərləri 17 fevralda Ankaranın mərkəzində törədilmiş terror qurbanlarını yad etmək üçün dəhşətli hadisənin baş verdiyi ünvanı da ziyarət ediblər. Forumun iştirakçıları səfər çərçivəsində Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) başqan yardımçısı Öztürk Yılmaz və CHP-nin başkanı Kamal Kılıçdaroğlu ilə də görüşüblər. Görüşdə Ö. Yılmaz Azərbaycan-Türkiyə münasibətləri, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, Türkiyənin bu məsələyə həmişə həssas yanaşdığını və Azərbaycanın yanında olduğunu vurğulayıb. O, CHP-nin Türkiyənin Ermənistanla sərhədlərinin açılmasına qarşı olduğunu və Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər bu mövqedə qaldıqlarını bəyan edib: "Biz həmişə bu məsələdə ən kəskin mövqe tutan partiya olmuşuq".
Daha sonra Forumun təmsilçiləri Türkiyə Böyük Millət Məclisinin binasında CHP lideri, millət vəkili Kamal Kılıçdaroğlu ilə görüşüblər. CHP lideri K. Kılıçdaroğlu görüşdə Azərbaycanı doğma və qardaş ölkə hesab etdiyini və CHP-nin Qarabağ məsələsindəki mövqeyinin Azərbaycanın mövqeyi ilə eyni olduğunu deyib: “Əslində bu, yalnız CHP-nin deyil, digər partiyaların da mövqeyidir. Türkiyədə bütün siyasi partiyalar Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyindən çıxış edir. Türkiyə dövlətinin siyasəti də bundan ibarətdir. Fikrimizcə, burada ortaq milli mövqe var və belə də olmalıdır. Bu bir həqiqətdir ki, hazırda dünyada Qarabağ məsələsinə meydan verilmir, Türkiyə mediası da bu mövzudan geniş bəhs etmir. Ona görə də hesab edirəm ki, Türkiyənin media orqanları ilə əlaqələrinizi gücləndirməlisiniz”.
***
Daha sonra Azərbaycan QHT təmsilçiləri Sakarya Universitetinə gələrək, Sakarya Universiteti tərəfindən düzənlənən Xocakı soyqırımını anma proqramına qatılıblar. Anım tədbirində çıxış edən Azərbaycan İqtisad Universitetinin müəllimi Pərviz Səmədov Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bildirib ki, hazırda ermənilərin törətdikləri vəhşiliklərin böyük əksəriyyəti dünyanın bir çox ölkələrində bilinmir: "Çünki ermənilər dünyaya 1915-ci il hadisələrini qondarma erməni soyqırımı kimi təqdim edirlər. Hazırda Türkiyədə 100 minlərlə erməni Türkiyə vətəndaşı kimi sərbəst yaşayır. Ancaq Ermənistanda yaşayan türklərə qarşı bu edilmədi. Tarixə də nəzər salsaq, görərik ki, ermənilər Cənubi Qafqaza yerləşdirildikdən sonra onların dünyaya tanıdılması istiqamətində Rusiya İmperiyası rəhbərləri tərəfindən böyük işlər görülüb. Tarixən Azərbaycan və türk torpaqlarından ermənilər Cənubi Qafqaza köçürülüb və köçürüldükləri yerlərdə isə türkləri amansızlıqla qətlə yetiriblər. Ermənilər kosmopolit siyasəti yeridən millətdir, türklərə qarşı bütün siyasətləri soyqırım və qətldən ibarətdir. Bu gün Xocalıda əsir düşən 100-lərlə insandan xəbər yoxdur, onların orqanları satılır. Buna görə də bütün dünya türkləri birləşməli və türkün yurdunu türkə geri qaytarmalıdır".
Sonra Türkmənistan, Qazaxıstan, Əfqanıstandan olan türk tələbələr çıxış ediblər. Daha sonra çıxış edən professor Halık Selvi ermənilərin Xocalıda törətdiyi dəhşətin tarixi faktlarla dünyaya təqdim ediləcəyini və bununla bağlı araşdırmalar aparıldığını deyib.
Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova qeyd edib ki, erməniləri vəhşilikləri təkcə Xocalı soyqırımı deyil, əsrin əvvəllərində də baş verib: "24 ildir ki, Xocalı dərdi bizim qəlbimizdədir və biz bu faciəni heç vaxt unutmayacağıq. Xocalıdan olan məcburi köçkünlər bu gün Azərbaycanın 50-dən çox şəhərində yaşayırlar, onların maddi və sosial problemləri ölkə başçısı tərəfindən həll olunur. Ancaq mən əminəm ki, gec ya tez bütün dünya Azərbaycanın haqlı mübarizəsini dəstəkləyəcək və biz işğal altındakı torpaqlarımızı geri qaytaracağıq".
Professor Fikrəddin Yavuz da çıxışında erməni yalanlarını digər dövlətlərin arxiv sənədləri əsasında ifşa edən faktları tədbir iştirakçılarına nümayiş etdirib.
Millət vəkili Qənirə Paşayeva isə çıxışında gənclərə çağırış edərək, onları millətin tarixini öyrənməyə və bu istiqamətdə konkret fəaliyyətə səsləyib: "Gənclərimiz tarixi yaxşı öyrənməlidirlər, çünki tarix millətin gücüdür, varlığıdır, yaşamıdır. Türk millətinin yaşadığı xəritəyə diqqət yetirdikdə, görürük ki, bu millət tarix boyu işğala, işgəncəyə məruz qalıb". Q. Paşayevə deyib ki, bu gün dünyada ədalət də, beynəlxalq hüquq normaları da yoxdur: "Buna görə də dünyada haqlı olduğumuzu sübut etmək üçün güclü olmağımız lazımdır, fikir, həmrəylik nümayiş etdirməyimiz lazımdır. Gənclər qarşılarına konkret məqsəd qoymalı, dövlətin və millətin gələcəyi üçün çalışmalıdır".
***
Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Türkiyənin İzmit şəhərində də anım tədbiri keçirilib. "Xocalı Şəhidləri Anıtı" abidəsinin yerləşdiyi parkda keçirilən görüşdə çıxış edən Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının rəhbəri Bilal Dündar iki ölkə arasında münasibətlərinə toxunaraq bildirib ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı, qardaş ölkə yoxdur və bu qardaşlığa əsaslanaraq ən çətin günlərdə belə bir-birinə dəstək verirlər. Dağlıq Qarabağın işğalı, Xocalıda ermənilərin törətdiyi soyqırımına toxunan B. Dündar bu faciəyə ədalətli qiymət veriləcəyini deyib: "Tarixə diqqət yetirsək görərik ki, əsrin əvvəllərində türklərin başına çox zülmətlər gətirilib. Ermənilər dəfələrlə azərbaycanlılara qarşı soyqırımı həyata keçirib. Xocalıda 613 insan bir gecədə işgəncə ilə qətlə yetirilib. Biz bu tarixi unutmamalıyıq və hər zaman düşmənimizi tanımalıyıq".
Millət vəkili Qənirə Paşayeva çıxışında Xocalının yer üzündən silinən bir türk yurdu olduğunu vurğulayıb. Onun sözlərinə görə, insanlıq faciəsi olan Xocalı soyqırımının günahkarları ədalət qarşısında cavab verməyib, Ermənistanda rahat-rahat gəzirlər: "Onlar eyni zamanda soyqırımı PKK, PYD kimi terror təşkilatlarına dəstək verərək, onları türklərə qarşı istifadə edirlər. Buna görə də gənclərimiz düşmənimizi tanımalı və onunla mübarizə aparmaq üçün çalışmalı, birləşməlidirlər. Bütün türk dünyası bu işdə birləşməlidir. Arzu edirəm ki, bu soyqırımın növbəti ildönümü Xocalısız olmasın".
İzmit bələdiyyəsi başqanının yardımçısı İbrahim Bulud Azərbaycan xalqına başsağlığı verərək, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb. İbrahim Bulud çətin günlərdə Azərbaycanın Türkiyəyə dəstək olduğunu məmnunluqla söyləyib: “Bilsinlər ki, Türkiyə Azərbaycandır, Azərbaycan da Türkiyədir. Hər kəs bilsin ki, bütün zalımlara qarşı birgə mübarizə aparacağıq!”
Fevralın 26-da Türkiyədə səfərdə olan Azərbaycan nümayəndə heyəti İstanbul Türkiyə Azərbaycan Dərnəyinin Xocalı soyqırımı ilə bağlı anım tədbirində də iştirak edib. Anım tədbirində Xocalı soyqırımı ilə bağlı fotosərgi düzənlənib. Nümayəndə heyətinin üzvləri Türkiyə mediasına Xocalı soyqırımı və onun beynəlxalq aləmdə soyqırımı kimi tanınması haqqında görülən işlərdən danışılıb.