Oktyabrın 21-də Niderland Krallığının Haaqa şəhərində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM), Belinüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri” adlı beynəlxalq konfrans keçirilib.
Tədbirdə Niderlanddakı holland, Azərbaycan və Türk icmasının üzvləri ilə yanaşı, Latviya, Litva, Pakistan, Polşa, Ukrayna, yəhudi icmasının üzvləri, eləcə də yerli ictimayyətin nümayəndələri iştirak ediblər.
Niderland Parlamentinin (Tweede Kamerin) "Nieuwspoort" Mətbuat Mərkəzində keçiriləcən konfransda Azərbaycandan gələn nümayəndə heyətinin tərkibində
ATXƏM-in sədri, layihənin koordinatoru İlham İsmayılov, Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli, Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili Hikmət Məmmədov, "Vətəndaşların Sosial Rifahı Naminə" İB sədri İradə Rzazadə, ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin və Demokrat.az saytının rəhbəri Vasif Həsənli də iştirak ediblər.
Tədbir Azərbaycan və Niderland Krallığının dövlət himnləri ilə açılıb və Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olanlar bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Zəngəzur” sənədli filmi təqdim olunub.
Film nümayişindən sonra tədbiri giriş sözü ilə açan Belinüks Azərbaycanlıları Konqresinin rəhbəri Elsevər Məmmədov qonaqları salamlayaraq, bildirib ki, tədbirdə yüzdən çox qonaq iştirak edir: “Azərbaycan Qarabağda zəfər çalıb, öz torpaqlarını azad etdikdən sonra Avropada daha çox diqqət mərkəzindədir. Bir vaxtlar erməniləri müdafiə edən insanların, dövlətlərin çoxu indi fakt qarşısında qalıb susublar. Çünki onlar yaxşı bilrdilər ki, əslində Qarabağ Azərbaycanın tarixi əraziləridir və ermənilər bu torpaqları işğal ediblər. Bu gün də bu ölkələr bilirlər ki, əslində Ermənistan ərazisi olan Qərbi Azərbaycan tam olaraq Azərbaycanın tarixi torpaqlarıdır. Bu gün tədbirdə iştirak edən insanların çoxu Qərbi Azərbaycan ərazisindən deportasiya olunmuş insanlardı. Biz Ermənistanın deportasiya etdiyi insanların öz yurdlarına dönməsini təmin etməyi tələb edirik və istəyirik ki, Ermənistan sülhün yanında olsun və bu insanların öz evlərinə dönmələrinə yardımçı olsun”.
Konfransda çıxış edən Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov bildirib ki, Azərbaycan regionda apardığı siyasəti, nüfuzu və ədalətin yanında olmağı özünə borc bilən bir çox ölkələrin dəstəyilə Qarabağda öz ərazi bütünlüyünü təmin edib,bundan sonra isə yüz il əvvəl İrəvanın və Qərbi Azərbaycan ərazilərinin ermənilərə güzəştə gedilməsi ilə bağlı tarixi səhvimizi düzəltməyə cəhd etməliyik: “Bunun üçün beynəlxalq hüququn bizə verə biləcəyi üstünlükləri ciddi şəkildə araşdırmalı, bu tarixi faktları gündəmdə tutmaqla Ermənistanın qondarma bir dövlət olduğunu, Azərbaycan torpaqlarını işğal nəticəsində yaranıb, bu işğalı hələ də davam etdirdiyini təbliğ etməliyik. Bunun üçün ilk olaraq tarixi Azərbaycan torpaqları olan İrəvan, Göyçə, Zəngəzur, Dərələyəz mahalının və ətraf ərazilərin ermənilərə güzəştə gedilməsi ilə bağlı olan tarixi qərarların etibarsız sayılmasına çalışılmalı, bununla bağlı hüquqi prosedurlar başladılmalıdır. Eyni zamanda Qərbi Azərbaycana qayıdış məsələsi strateji olaraq, işğalçı Ermənistana əsas təsir vasitələrindən biri olan fakt kimi daima istifadə olunmalıdır”.
İlham İsmayılov qey edib ki, Qərbi Azərbaycana Qayıdışla bağlı dövlət komissiyası yaratmaqla, beynəlxalq təkilatlarla əlaqəli işlənməlidir: “Qərbi Azərbaycana Qayıdışla bağlı mütamadi olaraq, dünya dövlətlərinə müraciətlər göndərilməli, qayıdacaq əhalinin təhlükəsizlik məsələlərinə dair Ermənistandan təminat alınmalıdır.Qərbi Azərbaycana qayıdacaq əhalinin ata-babadan qalan mülkiyyətlərilə bağlı beynəlxalq məhkəmələrdə prosedurlar başladılmalıdır. Yüz il ərzində Qərbi Azərbaycandan mühacir olan, deportasiyaya məruz qalan əhalinin say tərkibini, yerləşmə coğrafiyasını müəyyən etmək üçün bir komissiya yaradılmalıdır”.
ATXƏM sədri bildirib ki, Ermənistan Qərbi Azərbaycana qayıdacaq azərbaycanlılar üçün Avropa Şurası qarşısında milli azlıqlarla bağlı götürdüyü öhdəliklərə tam əməl etməlidi: “Azərbaycanlıların öz ana dillərində ləyaqətli bir şəkildə təhsil almasına şərait yaratmalıdır. Ermənistan eyni zamanda dini etiqad azadlıqları ilə bağlı öhdəliklərinə sadiq qalaraq, Qərbi Azərbaycan ərazilərində dağıdılmış dini abidələrin və məbədlərin bərpasını öz üzərinə götürməli, dini məkanlara qarşı törədilmiş vəhşiliklərə görə üzr istəməlidi. Hesab edirəm ki, məhz Ermənistan bu öhdəliklərə əməl etdikdən sonra Cənubi Qafqazda əsl sülhdən və əmin-amanlıqdan danışa bilərik”.
Konfransda çıxış edən Qərbi Azərbaycan İcmasının rəhbəri, millət vəkili Əziz Ələkbərli Qərbi Azərbaycandan deportasiyalar haqqında məlumat verib, İcmanın yaranması və fəaliyyəti haqqında danışıb: “Qərbi Azərbaycanda soydaşlarımıza qarşı fərdi və kollektiv cinayətləri 200 il əvvəldən başlasa da, son 100 il ərzindəki cinayətləri bütün hüdudları aşıb və bu cinayətlərlə bağlı saysız-hesabsız faktlar, sənədlər, sübutlar mövcuddur. Xüsusilə, 1918-ci il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti tərəfindən yaradılmış və 1919-cu il noyabrın 1-ə qədər fəaliyyət göstərmiş Fövqəladə Təhqiqat Komissiyasının 36 cilddən (3500 vərəqdən) ibarət istintaq materialları mövcuddur.1948-1953-cü illər deportasiyasına isə hələ də hüquqi qiymət verilməyib. Ulu Öndər Heydər Əliyev 1997-ci il dekabrın 18-də imzaladığı azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında tarixi fərmanında bu deportasiyaya ilk dəfə tarixi qiymət verilmiş və hüquqi-siyasi qiymət verilməsi zəruri hesab edilmişdir”.
Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan İcması qısa müddətdə Qərbi Azərbaycandan qovulmuş əhalinin adlı siyahısını tərtib edib və fəaliyyətini iki istiqamət üzrə aparır: tmiş “Birinci istiqamət ölkə daxilində Qərbi Azərbaycan tarixinin, mədəniyyətinin, folklorunun, bir sözlə xalqımızın öz doğma torpaqlarında yaratmış olduğu, bu gün də yaşatdığı zəngin irsin öyrənilməsi və təbliğindən ibarətdir. İkinci və ən önəmli istiqamət ölkəmizin hüdudlarından kənarda, eləcə də beynəlxalq təşkilatlarla iş aparılmasıdır. Artıq hər iki istiqamət üzrə xeyli işlər görülmüşdür və bütün bu işlər uğurla davam etdirilir”.
img7}Qərbi Azərbaycan İcmasının sədr müavini, millət vəkili Hikmət Məmmədov bildirib ki, Azərbaycan xalqı ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımılarından böyük əziyyət çəkmişdir: “Azərbaycanlıların vaxtilə mütləq əksəriyyət təşkil etdiyi indiki Ermənistan ərazisindən tamamilə qovulması 1991-ci ildə başa çatmışdır. Aparılmış etnik təmizləmə nəticəsində indi həmin ərazidə müstəsna olaraq ermənilər yaşayır. Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmə əksər hallarda dövlət orqanlarının sistemli fəaliyyəti ilə zorakılıq, soyqırımı, kütləvi qətliam və insanlıq əleyhinə digər cinayətlər və insan hüquqlarının kobud pozulması yolu ilə həyata keçirilib. Bu proses 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xüsusilə şiddətli və amansız olub”.
Hikmət Məmmədov bildirib ki, Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün artıq ümumi çərçivəni müəyyən edilib: “Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. İndiki Ermənistan ərazisindən azərbaycanlıların qovulması məsələsini presedentsiz ədalətsizlik kimi beynəlxalq ictimaiyyətin gündəliyinə gətirmək, bu vəziyyətin davam etməsinin beynəlxalq sülh və təhlükəsizliyə təhdid kimi qəbul etdirməyə nail olmaq və davamlı sülh və ədalətin bərqərar olması üçün azərbaycanlıların geriyə qayıtma hüququnu təmin edən, hüquqi baxımdan məcburi olan, müvafiq verfikasiya və zəmanət mexanizmini ehtiva edən qərar və razılaşmaların əldə edilməsi ilk vəzifədir. Bu məqsədlə, İcma Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz vətənlərinə qayıtmasına şərait yaratmağın Ermənistanın öhdəliyi kimi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsində də təsbit olunmasına çalışacaq.Qayıdış konsepsiyası Qərbi Azərbaycanlıların Ermənistana qayıtmasını , onların Ermənistan konstitusiyasına əlçtanlığının təmin edilməsini , azərbaycanlıların Ermənistan cəmiyyətinə reinteqrasiya edilməsini , onların milli ləyaqətinin və Ermənistan qanunları əsasında hüquq və təhlükəsizliklərinin təmin edilməsini ehtiva edir” .
Konfransda çıxış edən İrəvan xanının nəslinin davamçısı Amir Ali Serdari İravani Qərbi Azərbaycanlılar icmasını formalaşdıra biləcək məsələlərə toxunub: “Qərbi Azərbaycanın tarixi-mədəni fonu və onun azərbaycanlı kimliyinə təsiri, Nə üçün biz ata-babalarımızın tarixini bilməliyik və Müasir dünyada birliyin və vahid siyasətə əməl etməyin əhəmiyyəti nələrdir? Keçmişdə Qərbi Azərbaycanda müxtəlif etnik qrupların tərkibi müxtəlif hadisələr və siyasətlərlə formalaşmışdır. Biz bilirik ki, bu regionun mürəkkəb demoqrafik dəyişikliklər tarixi mövcuddur. Doğrudur, demoqrafik tərkibin formalaşmasında hökmdarlar və onların siyasəti böyük rol oynamışdır. İrəvan hökmdarlarının hətta erməni mənbələrinə əsaslanan siyahısına nəzər salsaq görərik ki, bu hökmdarların hamısı Azərbaycan müsəlman əsilli idi. Qərbi Azərbaycan hökmdarları həmişə etnik azərbaycanlılardan ibarət olub. XIX əsrdə Rusiya hakimiyyət orqanlarının təqdim etdiyi rəsmi statistik məlumatlara əsasən sübut olunur ki, yerli əhalinin əksəriyyəti Azərbaycan mənşəlidir”.
{img10}Amir Ali Serdari İravani qeyd edib ki, Cənubi Qafqazdakı xanlıqlar, o cümlədən İrəvan xanlığı bölgənin tarixinin, siyasətinin və demoqrafik quruluşunun formalaşmasında həlledici rol oynamışdır. Bununla belə, qeyd etmək vacibdir ki, bu xanlıqlar mövcud olduqları müddətdə sərhədləri və dəyişkən bağlılıqları ilə mürəkkəb geosiyasi mənzərənin bir hissəsi idi. Zaman keçdikcə bölgə müxtəlif ilhaqlarla üzləşdi ki, bu da ərazinin tarixi mürəkkəbliyinə öz töhfəsini verdi. I Dünya Müharibəsindən sonra 1918-ci ilin iyununda imzalanan Batum müqaviləsi Azərbaycan Demokratik Respublikasının yaranmasına töhfə verdi və onun müstəqilliyini tanıdı. Lakin müqavilə həm də İrəvanın Ermənistan Respublikasına verilməsi ilə nəticələndi. Bu, həssas və mübahisəli məsələ idi, çünki şəhərin əhalisi azərbaycanlılar idi. İrəvanın verilməsinə siyasi kompromis kimi baxılırdı və buna Azərbaycanın bərqərar olması və regionda sülh münasibətləri naminə qurban kimi də baxmaq olar”.
"Vətəndaşların Sosial Rifahı Naminə" İB sədri İradə Rzazadə bildirib ki, İrəvanda doğulub, təhsil alıb yaşasa da, 1988-ci ildə öz torpağından didərgin salınıb: “Azərbaycanlıların İrəvandan, Ermənistandan deportasiya olunması tarixini artıq hər kəs bilir. Bizim oradan çıxarılmamızdan sonra tarixi abidələrimizi, tarixi izlərimizi də yox ediblər, toponimlərimizi dəyişib erməniləşdiriblər. İrəvan Qərbi Azərbaycanın siyasi, iqtisadi və mədəni mərkəzi olub. Bu şəhərin məhəllələrinin, məscidlərinin, karvansaralarının, hamamlarının Azərbaycanlılara aid olduğu xarici səyyahlar, rəssamlar, tarixçilər öz əsərlərində geniş şəkildə veriblər. Bu abidələr, məscidlər yox edilib ki, İravanda heç bir izimiz qalmasın. Bu cinayət deyilmi? Əhalisi əsasən azərbaycanlılar olan Qərbi Azərbaycanda, İrəvanda bu gün bir azərbaycanlı yoxdur. Bu cinayətləri biz dünya ictimaiyyətinə çatdırmalıyıq və çatdırırq. Buna sübutumuz yetərincə var”.
İradə Rizazadə bildirib ki, 2003-cü ildə İrəvanın Azadlıq meydanında qazıntılar aparanda torpağın altından biz azərbaycanlılara məxsus olan Zalxan hamamının divar qalıqları üzə çıxdı, lakin tez bu faktın üstünü örtməyə başladılar: “İrəvanda qazıntılar aparılsa, o torpağın əsl kimə məxsus olması gün üzünə çıxar. Bu həm də bütün indiki Ermənistan olan tarixi torpaqlarımızın hər bir yerinə aiddir. Lakin inanırıq ki, biz azərbaycanlıların öz tarixi torpaqlarına dönməsi üçün, öz milli varlığımıza qovuşmağımız üçün beynəlxalq ictimayyətdən də dəstək ala bilərik”.
BAK-ın sədr müavini, Sima Babayeva bildirib ki, Qərbi Azərbaycan məsələsi həmişə Benelüks Azərbaycanlıları Konqresinin diqqət mərkəzində olub: “2019-cu ildən bəri bu məsələ dərindən araşdırılır, müxtəlif materiallar əldə olunur,İrəvan xanlığının xəritəsi, xanlığın bayrağı, o dövrün içtimai siyasi hadisələrini əks etdirən ədəbiyyatlar əldə olunur. Hesab edirəm ki, BAK-ın nəzdində işçi qruplar yaradılmalı, birfə fəaliyyət göstərilməlidi”.
BAK mətbuat xidmətinin rəhbəri Gülnarə Əliyeva bildirib ki, Qarabağda baş verən son olaylar, ermənilərin öz arzuları ilə dinc yolla Qarabağı tərk etmələri Qərbi Azərbaycandan xüsusi qəddarlıqla deportasiya edilən soydaşlarımızdan çox fərqlənir: “Təəsüflər olsun ki 1988-ci il deportasiyası zamanı Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın başına gətirilən müsibətlərdən dünya ictimaiyyətinin xəbəri yoxdur.
İlk növbədə biz, bir zamanlar Qərbi Azərbaycanda azərbaycanlıların yaşadığını və ordan deportasiya olunma faktlarını sübut etməliyik”.
Gülnarə Əliyeva qeyd edib ki, bunun üçün deportasiya olmuş insanların iştirakı ilə videoçarxlar çəkilib müxtəlif dillərdə dünya sosial mediya platformasında yayımlanmalıdır: “Dünya ictimaiyyətinin və mötəbər təşkilatların nəzərini bu problemə yönəldilməli, bu işdə Azərbaycan hökümətinə yardım etməyə nail olmalıyıq. İşğal olmuş torpaqlardan və Qərbi Azərbaycandan deportasiya olunan insanlara məxsus qədim əşyaların dünya muzeylərində “erməni mədəniyyəti” altında sərgilənməsini ifşa etmək lazımdır.Burada, Avropada bizim üstumüzə düşən əsas vəzifə yerli ictimaiyyətlə görüşlər keçirib Qərbi Azərbaycana Qayıdış Konsepsiyasınını və Azərbaycan həqiqətlərini onlara anlatmaqdır”.
Tədbirin sonunda plaketlər təqdim olunub.